İnsanlar öz Dahi aliminə qarşı biganə deyil.

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir qrup Azərbaycanın Xalq rəssamı və heykəltəraş Ömər Eldarovun hazırladığı abidəni mükəmməl adlandırdığı halda, digər qrup əsərin Lütfi Zadəni əks etdirmədiyini və bəyənmədiklərini ifadə edib.

Publika.az sözügedən müzakirələrlə bağlı tanınmış sənət adamları və ziyalıların fikirlərini öyrənib.

Tanınmış teletənqidçi, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əlibəyli hesab edir ki, heykəl və kompleks çox ustalıqla hazırlanıb:

“Lütfi Zadənin qəbirüstü abidəsi böyük heykəltəraş Ömər Eldarov tərəfindən çox maraqlı işlənib. Birincisi, kompozisiya həlli – heykəl və bütövlükdə abidə mükəmməl alınıb. Burada qapıların açılışı bir sistemdən digər sistemə keçidi ifadə edir, zahirən balaca görünən adamın üsyankarlığı və bu üsyanı qələbəyə çevirmə əzmi görünür. Bu mənada istər onun üz cizgiləri, istərsə də, əlinin sərt açılışla daşlara toxunması məhz bütövlükdə alimin xarakterini və iç dünyasını əks etdirir. Hər gün, hər il və yaxud hər 100 ildən bir Azərbaycanda belə bir elmi ixtira edən alim yoxdur. Təbii ki, qəbirüstü abidəsi də onun nəhəngliyini göstərməli idi. Hesab edirəm ki, Ömər Eldarov bu işin öhdəsindən gəlib.

Diqqətlə fikir versəniz, abidənin sol tərəfində onun məşhur düsturunu görə bilərsiniz. Bu düstur əslində keçmiş və zaman amilinin göstəricisidir. Alimin bir ölçü vahidindən digərinə, bir zaman panelindən digərinə çıxması bu mənada gözəl həll olunub. Digər tərəfdən rəng çaları xüsusilə diqqətəlayiqdir. Heykəltəraş elə xammaldan istifadə edib ki, yaşımtıl rəng çaları əldə olunub. Bu, əslində nanotexnologiya və matriçanın rəngidir. Bildiyimiz kimi, nanotexnologiyadan danışanda adətən o rəng istifadə olunur. Rəng həlli çox maraq doğurur, sanki müəllif yenilənən elmin rəmzi kimi bu çaları seçib. Alim obrazını oturmuş halda əlində kitabla və digər vəziyyətlərdə təqdim etmək olardı, lakin onun xidmətlərini və elmə nələr bəxş etdiyini nəzərə almaq vacibdir".

 

E.Əlibəylinin qənaətinə görə, Ö.Eldarov bu günün zövqünü və tələblərini duya bilən insandır:

 

"Abidə ictimaiyyət üçündür və hər kəs öz rəyini bildirə bilər, buna görə kimisə qınamaq doğru deyil. Sosial şəbəkələrdə Lütfi Zadənin qəbirüstü abidəsi Nikola Teslanın Bakıdakı heykəli ilə müqayisə edilib. Onun elmə gətirdiyi yenilik çox böyük ixtira idi. Amma N.Tesla klassik dövrün alimi hesab olunur. Odur ki, Nikola Teslanın heykəli o cür yerinə yetirilə bilər.

 

Lütfi Zadənin kəşfi isə artıq 21 əsrin kəşfidir. Bu səbəbdən də 21-ci əsrin kəşfi kimi ona qoyulan heykəl də məhz 21-ci əsrin tələblərinə, stilistikasına və üslubuna uyğun gəlməlidir. Biz çox sevinməliyik ki, 91 yaşlı heykəltəraş Ömər Eldarov bu qədər yenilikçi və novator ola bilib. Ömər Eldarov bu günün zövqünü və tələblərini duya bilən insandır. Bu baxımdan abidəni çox bəyəndim və onun işini çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, Lütfi Zadənin qəbirüstü abidəsi Ömər Eldarovun çox yaxşı işlərindən biridir.

 

Məşhur "Novodeviçya" qəbristanlığında Rusiyanın görkəmli şəxsiyyətlərinin müxtəlif qəbirüstü abidləri yerləşir. Orada son dövrlərdə qoyulan abidələrin tendensiyaları insanı heyrətə salır. Bu baxımdan Ömər Eldarov onlarla ayaqlaşa bilib, hətta bir çox hallarda onları qabaqlaya bilib. Odur ki, azərbaycanlı heykəltəraş tərəfindən Lütfi Zadəyə belə bir abidənin hazırlaması olduqca qürurvericidir. Qısa zaman içində belə bir işi yerinə yetirmək hər heykəltəraşın işi deyil. Uzatmaq istəməzdim, yekun rəyim - bu abidənin uğurlu hesab edirəm".

 

Tənqidçi abidənin sosial şəbəkədə müzakirəyə çıxarılmasını müsbət hadisə kimi qiymətləndirib:

 

“Birincisi, bu, onu göstərir ki, insanlar öz aliminə qarşı biganə deyil. İkincisi, çox sevindirici haldır ki, Bakıda qoyulmuş hər hansı incəsənət nümunəsinə - heykələ insanlar laqeyd münasibət göstərmirlər, əksinə haqqında fikir bildirirlər. Sənətə və elmə diqqət ayıran vətəndaşların olduğunu görmək məni çox sevindirir. Fərqi yoxdur ki, tərifləyirlər, ya pisləyirlər. Məsələyə müəyyən münasibətin olması özlüyündə müsbət hadisədir. İstənilən sənət əsərinin müsbət mənfi tərəfləri hər zaman müzakirə olunub. Vətəndaş heykələ öz mövqeyini, öz yanaşmasını bildirməlidir. Və o, bunda haqlıdır. Biz heç bir halda vətəndaşı qınaya bilmərik. Çünki heykəl sadəcə sənət adamları üçün qoyulmayıb. Həmişə qeyd etmişəm ki, yaradılan əsər sənət üçündür. Onu da nəzərə almalıyıq ki, bu heykəl qəbirüstü abidədir və insanlar onu ziyarət edəcək. Demək bu, artıq sadəcə sənət üçün deyil, həm də kütlə üçündür.

 

Bəzi hallarda əsəri lağ mənbəyinə çevirirlər. Bu, artıq heç bir halda yolverilməzdir. Çünki böyük bir heykəltəraşın işini lağ obyektinə çevirmək olmaz. Əgər kiminsə bəyənmədiyi məqamlar varsa, bunu ağılla müzakirəyə çıxardıb, öz səbəblərini əsaslandırmalıdır".

 

Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas İradə Musayeva hesab edir ki, Lütfi Zadənin heykəlinə qəbir daşı, baş daşı və ya qəbiristanlıq atributu kimi yanaşmaq doğru deyil:

 

КаÑÑинки по запÑосу Ä°radÉ Musayeva

 

“Burada iki dahinin yaradıcılığı əks olunub. Daş kimi ölü heykəl arzulayanlar bilsin ki, modern sənət estetikası incəsənətin bütün sahələrinə, eləcə də heykəltəraşlığa nüfuz edib. Lütfi Zadənin heykəli də müasir dünya heykəltəraşlığı, modern sənət estetikası kontekstində öz həllini tapıb. Heykəl canlıdır, hərəkətlidir, ölü deyil, daşda hiss-həyəcan emosionallığı var. Heykəl sözlə doludur, elə bil adamın düşüncəsinə hücum edir, insan bu gücün qarşısında özünü zəif hiss edir. Bəlkə də ona görə bəyənmirlər. Məsələ ondadır ki, adamlar bu qəbrin üstündə öz təxəyyülündəki obrazı axtarır. Biri məzlum kişi, o birisi inqilabçı lider, digəri müəllim obrazı və sair. Əvvəla, Ömər Eldarovun sənətinə bizim nəsə deməyimiz absurd bir davranışdır. İkincisi, modern sənət estetikası bütün incəsənət sahələrinə tətbiq edildiyi bir zamanda heykəltəraşlıq abidəsinə niyə belə kustarcasına yanaşırıq, bilmirəm. Bu, qəbir daşı deyil, sənət əsəridir, burada bir romanlıq fikir var!..

İradə Musayeva qeyd edib ki, Ömər Eldarov Lütfi Zadəni fotolardakı kimi məzlum və sakit görünüşdə təsvir etsəydi, özüm də bəyənməzdim: “Bu əsərdə alimin daxili təlatümləri, həyəcanları, zəngin və gərgin dünyası əks olunub. Adam heykəlin təcəssümündə onun nəzəriyyəsini belə anlamağa çalışır. Dəyərli sənətkarımız Ömər Eldarov var olsun, bu abidənin üzərində altı ay işləyib, maraqlı kompazisiya da yaradıb. Qapı fəlsəfəsi də əladır”.

Tənqidçi sözlərinə onu da əlavə edib ki, bizim xalqın dahilərə yanaşma tendensiyası qəribədir:

“Lütfi Zadənin vəsiyyətinə əsasən nəşi Bakıya gətiriləndə də belə paradoksal yanaşmalarla qarşılaşmışdıq. Hətta ziyalılar arasında elələri vardı ki, onun fəxri xiyabanda dəfn olunmasına etiraz edirdi ki, bizim xalq üçün nə edib ki? Təsəvvür edirsiniz? Dünya elminə yenilik gətirən bir alimin məzarının burada olmasını (özü də onun öz istəyinə əsasən) qəbul etməyən ziyalılar arasında yaşayırıq. Daha sonra qəbirüstü abidə hazır olana qədər söz-söhbət yaydılar ki, dünya şöhrətli alimin məzarının üstü açıq qalıb. İndi də böyük sənətkarımız dövlətin tapşırığı ilə layiqincə bir əsər-qəbirüstü abidə qoyub ortaya, bu dəfə də heykəlin və ümumiyyətlə, kompazisiyanın ideyasını tənqid edirlər. “Qəribə”, öyrəşmədikləri sənət estetikasında hazırlandığı üçün heykəltaraşı bağışlaya bilmirlər... Onlar yəqin ki, ənənəvi, məsələn, sovet dövrü xalq yazıçılarına qoyulan bir abidəyə bənzər heykəl arzulayırmışlar... Təbii ki, Lütfi Zadəyə sıradan bir heykəl qoymaq onu tanımamağa bərabər bir davranış olardı. Biz fotolarda belə, dünyadakı dahi heykəllərinin hansına diqqətlə baxsaq, maraqlı, düşündürücü, fərqli estetikalarla rastlaşacağıq...”

Milli Məclisin deputatı Fazil Mustafa ideyası Xalq rəssamı, heykəltəraş Ömər Eldarova aid olan abidəni bəyəndiyini ifadə edib:

“Qəbirüstü abidə çox gözəl yerinə yetirilib. İrad bildirmək üçün hər hansı əsas görmürəm. Heykəltəraş Lütfi Zadənin sadə alim obrazını yaradıb. Nəticədə gözəl sənət əsəri alınıb. Onu masa arxasında təsvir etmək bəlkə də daha uyğunsuz olardı. İradların təhqiramiz formada bildirilməsini doğru hesab etmirəm. Ümumiyyətlə, rəssamın fantaziyasına və sənətə baxışına hörmətlə yanaşaq lazımdır.

Əlbəttə ki, istənilən əsər hər kəsi qane edə bilməz. Bu normaldır. Lakin etirazların bu formada olması da anlaşılan deyil. Məsələni çirkin müzakirəyə çevirmək olmaz".

Qeyd edək ki, Xalq rəssamı, heykəltəraş Ömər Eldarov büstün ideyasının özünə məxsus olduğunu bildirib:

“Abidənin arxasında qranitdən qapı kimi bir şey var. O rəmzdir, elmdir, elmin sahəsidir. Oradan elmə qapı açılır. Həmçinin, riyazi formula da təsvir olunub. Dünyada bu, böyük açılışdır. Bu qapı çox ağırdır, amma Lütfi Zadə onu açır. O, çox sadə adam idi, şəkli necədirsə, abidəsi də elədir. Qohumu Cənnət Səlimovayla da məsələhətləşim. O da deyirdi ki, Lütfi Zadə həmişə o cür gəzib”.

 

Aytən

Azad Azərbaycan.- 2018.-4 sentyabr.-S.7.