Belçika jurnalı Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş məqalə dərc edib
Brüsseldə nəşr olunan
və geniş beynəlxalq oxucu auditoriyasına malik “Diplomatic World” jurnalında Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş “Müasir Azərbaycan tarixinin böyük qadını” (bax:
http://diplomatic-world.com/?p=3204) sərlövhəli
məqalə dərc edilib. Məqalənin
müəllifi “EurAsiaAz”
beynəlxalq ekspert klubunun direktoru, Vzglyad.az xəbər agentliyinin baş redaktoru Seymur Məmmədovdur.
AZƏRTAC-a istinadən məqalənin tərcüməsini
təqdim edirik.
2019-cu il fevralın 21-də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət
Fondunun rəhbəri,
Azərbaycan Gimnastika Federasiyasının prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın
ölkənin Birinci vitse-prezident vəzifəsinə
təyin edilməsinin
ikinci ildönümü
tamam olub. Ölkədə keçirilmiş çoxsaylı
mühüm tədbirlərin,
həmçinin beynəlxalq
idman tədbirlərinin
təşkili, vətəndaşların
həyat tərzinin yaxşılaşdırılması istiqamətində atılmış
bir sıra inqilabi addımlar məhz onun adı ilə bağlıdır.
Mehriban Əliyeva
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli
Sərəncamı ilə
Birinci vitse-prezident təyin edilib. Həmin dövrdən ölkə tarixində yeni səhifə açılıb. Mehriban
Əliyevanın bu vəzifəyə təyin
edilməsi ilə Azərbaycanın sosial-siyasi
həyatında ciddi dəyişikliklər başlayıb.
Bu gün dövlət başçısı
İlham Əliyevlə
birgə, Birinci vitse-prezident Mehriban Əliyeva da ölkənin tərəqqisi
üçün çalışır,
ciddi səylər göstərir. Həyata keçirilən əsaslı
islahatlar nəticəsində
əhalinin rifahı yüksəlir, əməkhaqları,
pensiyalar, sosial müavinətlər artırılır.
Daxili islahatlarla
yanaşı, xaricdə
Azərbaycanın nüfuzunun
artması üçün
də ciddi addımlar atılır. Bu, dövlətin xarici siyasətində prioritetdir. Konkret olaraq, Azərbaycan tarixinin, mədəniyyətinin,
musiqisinin və incəsənətinin xaricdə
tanıdılmasında ən
böyük rol məhz Mehriban Əliyevaya məxsusdur. Son illər beynəlxalq arenada Azərbaycanın mədəniyyət
sahəsində nüfuzu
həqiqətən də
çox artıb. Məhz Birinci vitse-prezidentin təşəbbüsü ilə
Azərbaycanın zəngin
tarixi və mədəniyyətinin Rusiya,
İtaliya, Fransa, Çin daxil olmaqla, müxtəlif ölkələrdə tanıdılması
üçün uğurlu
siyasət aparılır.
Ötən ilin dekabrında Pekində təşkil olunmuş Azərbaycan-Çin dostluq
konserti buna bariz nümunə sayıla bilər. Belə tədbirlərin təşkilinin
təməlində Heydər
Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq
üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış
dostluq memorandumu dayanır.
Azərbaycanın Birinci vitse-prezidenti ötən il Fransa və İtaliyada səfərdə
olub, orada rəsmi görüşlər
keçirib. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində
bu gün İtaliya və Fransa ictimaiyyəti Azərbaycan mədəniyyətinin
zəngin tarixi haqqında daha geniş məlumata malikdir. Onun İtaliyaya 2018-ci ilin sentyabrında etdiyi səfər zamanı Romada “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illiyi və Azərbaycan Respublikası
ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq
münasibətləri” adlı
konfrans da təşkil olunmuşdu. Ötən ilin mayında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans keçirilib.
Mehriban Əliyeva
Azərbaycan tarixi və mədəniyyətinin
xaricdə tanıdılması
istiqamətində göstərdiyi
səylərlə yanaşı,
Avropa ölkələrinin
və digər dövlətlərin tarixi
və mədəni irsinin qorunması işinə də diqqət ayırır. Məsələn, Heydər
Əliyev Fondu indiyədək müxtəlif
ölkələrdə abidələrin,
tarixi binaların və muzeylərin bərpasına yardım göstərib. Fond Strasburqda Kafedral Kilsəsinin, Versaldakı bəzi obyektlərin, həmçinin Müqəddəs
Marçellinio və Pietro katakombalarının,
Romadakı Kapitolini Muzeyinin “Filosoflar zalı”nın və digər tarixi abidələrin bərpasını
maliyyələşdirib. Onun bu təşəbbüsləri beynəlxalq
ictimaiyyət tərəfindən
təkcə müsəlman
qadınının deyil,
həm də müsəlman dünyasının
xristianlığın müqəddəs
abidələrinin qorunub
saxlanmasına töhfəsi
kimi qəbul edilir.
Mehriban Əliyeva
təkcə müsəlman
və xristian aləminə aid tarixi-mədəni abidələrin
müdafiəçisi deyil.
O, ümumiyyətlə xeyirxahlığa
xüsusi önəm verir. Mehriban Əliyevanı insanların,
xüsusilə köməyə
və qayğıya ehtiyacı olan uşaqların yanında tez-tez görmək mümkündür. Heydər
Əliyev Fondu Yeni il, Novruz,
Qurban, Ramazan bayramlarında, həmçinin
digər mühüm günlərdə uşaqlar
üçün müxtəlif
tədbirlər təşkil
edir. Azərbaycanın
Birinci vitse-prezidenti bəzən hətta öz ad gününü
uşaq evində keçirir. Ciddi xəstəliklərdən (onkoloji xəstəliklər,
talassemiya və s.) əziyyət çəkən
uşaqlar, çoxuşaqlı
ailələr, aztəminatlı
insanlar, Ermənistanın
təcavüzü nəticəsində
doğma evlərindən
qovulmuş məcburi köçkünlər Mehriban
Əliyevanın qayğısını
hər zaman hiss edirlər. Bir sözlə,
birinci xanım öz səlahiyyətlərindən
Azərbaycan vətəndaşlarına,
köməyə ehtiyacı
olan şəxslərə
yardım göstərmək
üçün istifadə
edir. Bu ilin yanvar-fevral aylarında Mehriban Əliyeva Qarabağ müharibəsi zamanı əlil olmuş şəxslərə və
digər qrup insanlara da yardım
əlini uzadıb. Məsələn, Birinci vitse-prezidentin bu ilin fevralında verdiyi tapşırığa
əsasən, yaralanmış
hərbçilərin yüksək
texnologiyalı protezlərlə
təmin olunması proqramı çərçivəsində
daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb
edilib. Bundan əlavə, o, Azərbaycan
Hərbi Hava Qüvvələrinin əfsanəvi
pilotu olmuş Aleksey Şvarevin ailəsinə yardım göstərib. A.Şvarev
1995-ci ildə Azərbaycan
Silahlı Qüvvələrinin
sıralarından təqaüdə
çıxıb və
bu gün Ukraynada yaşayır. Onun qızı Yuliya Şvareva onurğa beynində ependioma xəstəliyindən
əziyyət çəkir.
Bu xəstəliyin müalicəsi
bahalı olduğundan,
ailənin klinikaya böyük məbləğdə
borcu yaranmışdı.
Hətta borcun ödənilməsi üçün
ailə evini satmaq haqqında düşünürdü. Mehriban
Əliyeva bundan xəbər tutan kimi, döyüşçü
zabitin ailəsinə maddi yardım göstərilməsi barədə
tapşırıq
verib.
Bu da son deyil. Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ilin fevralında Ucar rayonunun Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində
yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov
üçün fərdi
ev tikilməsi tapşırığını da verib. Bundan başqa,
Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə
yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət
çəkən Nazilə
Musayevanın əməliyyat
olunması və gələcək müalicəsi
ilə bağlı bütün xərclər
Heydər Əliyev Fondu tərəfindən
təmin ediləcək.
Bir sözlə,
Azərbaycanın birinci
xanımı xeyirxahlığı
və humanizmi ilə ölkənin adını bütün dünyada ucaldır. O, öz nümunəsi ilə müasir Azərbaycan qadınının
gözəlliyini, köməyə
və qayğıya ehtiyacı olan şəxslərə sonsuz
məhəbbətini, tolerantlığını,
humanistliyini nümayiş
etdirir. Bu gün Azərbaycan qadını Mehriban Əliyevanın nüfuzu ilə, həmçinin qayğıya və köməyə ehtiyacı
olan insanlara sevgisi ilə qürur duyur, ondan nümunə götürür.
Heydər Əliyev
Fondunun maliyyə dəstəyi ilə ölkədə yüzlərlə
bağça, uşaq
evi, park, məktəb, idman kompleksi, dini abidə tikilib və ya bərpa
olunub. Fond təhsil, ətraf
mühit, səhiyyə,
informasiya və kommunikasiya texnologiyaları,
idman sahələrində
də fəaldır, həmçinin “Tolerantlığın
ünvanı - Azərbaycan”
layihəsi çərçivəsində
musiqi festivalları təşkil edir, tarixi əhəmiyyətə
malik dini-mədəni
abidələrin bərpasını
həyata keçirir.
Sonda bir
məqamı xatırlatmaq
yerinə düşərdi:
1918-ci il mayın 28-də
yaradılmış Azərbaycan
Xalq Cümhuriyyəti
Şərqdə qadınlara
seçki hüququ vermiş ilk ölkə olub. Azərbaycan bu mənada ABŞ və Avropanın bir çox ölkəsini belə qabaqlayır.
Bu gün
Azərbaycan qadınları
ölkənin inkişafında,
çiçəklənməsində fəal iştirak edirlər. Onlar ölkənin bütün
sahələrində, bütün
səviyyələrdə ciddi
rol oynayırlar. Bu məsələdə Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın xidmətləri
danılmazdır. Bu gün güclü ictimai-siyasi xadimi olan Mehriban Əliyeva
nümunə götürüləcək
şəxsdir. Qərb
KİV-ləri xüsusilə
postsovet məkanında
birinci xanım institutunun əhəmiyyəti
və rolunun Mehriban Əliyevanın sayəsində artdığını
yazır ki, bu da təsadüf
deyil.
Azad Azərbaycan.-
2019.- : aprel.- S.3