“Koroğlu”nu, “Cavad xan”ı yenidən dünyaya qaytardı və
sonra... onlara qoşulub, getdi
Görkəmli
teatr və kino fədaisi Rövşən Almuradlının
unudulmaz xatirəsinə
Rövşən müəllimlə
35 ildən çox
tanışlığımız-dostluğumuz vardı. Son
zamanlar bu azman görkəmli rejissorla görüşərkən
(adətən teatr məbədlərimizdə - Sumqayıt
Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında,
müxtəlif teatr, kino, mədəni-kütləvi, poeziya tədbirlərində) "salam!"dan əvvəl sənətkar
kimi böyüklüyünə işarə edərək,
hökmən dahi M.Ə.Sabirin "Bənzərəm bir
qocaman dağa ki, dəryada durar!" misrasını ucadan
söyləyərdim. Məmnunluqla dinləyib, gülümsəyər
və yalnız bundan sonra əl tutub,
qucaqlaşıb-görüşərdik.
..Rövşən Almuradlı kimi görkəmli
bir rejissoru, istedadlı bir sənət adamını itirmək
respublikamızn bütün teatr-kino aləmi, ictimaiyyətimiz
üçün çox ağırdır. O, istedadlı
aktyor, teatr və kino xadimi olmaqla yanaşı həm də
olduqca səmimi, mehriban, gözəl bir insan, sədaqətli
dost, müdrik məsləhətçi olmaqla
çoxlarının hörmət-ehtiramını
qazanmışdı.
Onu tanıyanlar və onun tanıdıqları
olduqca çox idi. Onların içərisində
sənət adamları ilə yanaşı
vaxtaşırı müraciət etdiyi həkimlər, müəllimlər,
dostluğu ilə qürur duyan jurnalistlər, elm adamları,
tarixçilər, mühəndislər, xoş salamına,
gülər üzünə doğmalar qədər sevinən
qonum-qonşu, adi adamlar da çox idi.
Tanışları içərisində çox az gözə
dəyən yalnız məmurlar, vəzifə sahibləri idi.
Onun sözü-söhbəti onlarla heç tutmurdu,
üz-üzə gəlmək belə istəmirdi. Xarakteri belə
idi. Yəqin elə ona görədir ki, 40 ildən
çox teatr və kino sənətinə, xalqa ləyaqətlə,
vicdanla xidmət etsə də, bu gün-sabah 65 yaşı
olacaqdısa da (heyf, bu ayın - aprelin 19-da olacaq yubileyini birgə
qeyd etmək ona və dost-tanışlarımıza qismət
deyilmiş), onu çoxillik və məhsuldar
aktyor və rejissor fəaliyyətinə görə təltif
etmək, mükafatlandırmaq, fəxri ad vermək heç kəsin,
o cümlədən Mədəniyyət Nazirliyinin və
üzvü olduğu Teatr Xadimləri İttifaqının, eləcə
də Kinematoqrafiya Komitəsinin rəhbərlərinin fikrinə
də gəlmədi, heç kəsi
düşündürmədi. Əslində o, mükafat və
təltiflər üçün
çalışmırdı, bu barədə bəlkə
heç düşünmürdü də. Ancaq heç olmasa
min bir əziyyətlə, gecə-gündüz, yorulmadan
çalışaraq sənət dostları ilə birgə
canı-qanı bahasına ərsəyə gətirdiyi
"Koroğlu" və "Cavad xan" filmlərinə
görə ona çoxdan layiq olduğu "Xalq artisti"
adının verilməsi yaxşı olmazdımı,
çoxillik əməyinin bəhrəsi kimi onu sevindirməzdimi?
Bəlkə də daha çox yaşamasına səbəb
olardı...
O, hələ nə təqaüdə
çıxa bilmişdi (təqaüd yaşını qəsdən,
xalqa qərəzçiliklə artıran o deputatın cəzasını
qoy Allah özü versin!), nə də əlavə bir gəlir
yeri vardı. Buna baxmayaraq, maddi çətinlikləri olsa da
belə, həmişə özünü tox tutar, heç
vaxt qürurunu sındırmazdı. Dik və vüqarla,
nikbin görkəmlə yeriyərdi...
Təbii ki, bugünkü bəzi
naqis nazirlər, "pensiya" deputatı (təqaüdçülərin
12 ildən çox təqaüd alacaqlarından "təşvişə"
düşərək, bərk "narahatlıq" keçirən
o kəs inanmıram ki, Rövşən müəllimin
"yaşı çatmadığına" görə
dövlətdən bir manat da olsa təqaüd
ala bilməməsinə təəssüflənmiş,
peşmançılıq hissi keçirmiş olsun) və təkəbbürlü,
"yığımcıl" məmurlar da nə vaxtsa
dünyadan köçəcəklər. Köçəcək
və unudulacaqlar (yox, hərdən bütün əsilbə-nəsillərinə,
gorlarına söyməklə "xatırlayanlar" da az
olmayacaq), ancaq xalqın Rövşən Almuradlı kimi
ziyalı oğulları, böyük sənət fədailəri
heç zaman unudulmayacaqlar. Onlar ən azı özlərindən
sonra xalqa yadigar qoyduqları sənətləri ilə
yaşayacaqlar. Rövşən müəllim
özünün maraqlı səhnə obrazları ilə
yanaşı yaratdığı 30-a qədər sənədli
və bədii filmlərdə də daim yaşayacaq. Onun son
filmi olan "Əsgərlər unudulanda ölürlər"
filminin qəhrəmanları - igid, mərd Azərbaycan
oğulları kimi!
O, özünün nüfuzlu soyadını
qürurla daşıyan layiqli oğlu Kamal Almuradlının
davam etdirdiyi yaradıcılıq işlərində, sənətini
sevənlərin xoş arzu-diləklərində yaşayacaq!
...Allah
Sənə min rəhmət eləsin, ey böyük sənətkar,
əziz, sədaqətli, unudulmaz dost!
Heyf, çox heyf Sənin kimi böyük ustaddan!.
***
Bakıda - Akademik Milli Dram
Teatrında Rövşən müəllimin quruluşunda
baxdığım son tamaşa İsveçrə
yazıçısı Fridrix Dürrenmattın “Yaşlı
xanımın gəlişi”, Sumqayıt Teatrında fransız
yazıçısı Marsel Berkye-Marinyenin
"Oğru"su, son sənədli filmi isə
tanınmış, istedadlı tədqiqatçı-jurnalist
Arif Əliyevin ssenarisi əsasında çəkdiyi
"Əsgərlər unudulanda ölürlər" adlı
tarixi-sənədli filmi olmuşdu.
Onun Sumqayıt Teatrında son dəfə
quruluş verdiyi tamaşa haqqında yazdığım rəy
də, təəssüf ki, sonuncu oldu. Yeni
tamaşalarını gözləyirdik, ancaq ömür vəfa
etmədi. Rövşən müəllimin böyük
uğurla nümayiş etdirilmiş həmin tamaşası
haqqında yazını bu gün bir daha oxuculara təqdim etməklə
unudulmaz dostumuzun ruhunu sevindirmək istərdim.
“KOROĞLU” və “CAVAD XAN”la Oğuz ellərində“at
oynadan” Rövşən Almuradlı yenidən Sumqayıta qayıtdı
Görkəmli Azərbaycan
rejissoru Rövşən Almuradlı teatr və kino ilə uzun
"ayrılıq"dan sonra vaxtilə ilk sənət
addımlarını atdığıSumqayıt Dövlət
Dram Teatrının səhnəsində fransız
yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsərini
teatrsevərlərə təqdim etməklə pərəstişkarlarını
və sənət dostlarını yenidən sevindirmişdi.
Ailə-məişət
mövzusuna toxunulan, 50 ildən artıqdır ki dünya
teatrlarında uğurla nümayiş etdirilən bu səhnə
əsəri komediya janrında olsa da, rejissorun quruluşunda
hadisələr dramatikliyi ilə diqqəti cəlb edir, ər
və arvadın fransız xarakterindən və məişət
tərzindən irəli gələn mənəvi
düşkünlüyü özünü bütün
çılpaqlığı ilə büruzə verir. Ailə münasibətlərində
xəyanəti, mənəviyyatsızlığı pisləyən,
qeyrət və namusun, düzlüyün, sədaqətin, paklığın
mühüm insan meyarları olduğunu
tamaşaçılara daha qabarıq şəkildə
çatdırmağa çalışan R.Almuradlı
özünün novator priyomu ilə tamaşanın “çərçivə”sindən çıxaraq, bəzən aktyorların
vasitəsilə birbaşa tamaşa zalı ilə təmasa
girməklə tamaşaçı-aktyor ünsiyyəti
yaradaraq, insan xarakteri və mənəviyyatı
üçün nələrin daha dəyərli olduğunu
diqqətə yetirməklə kasıb bir fransız ailəsində
baş verən hadisələrə öz insani və
rejissor münasibətini bildirməyi də vacib hesab
etmişdir ki, bununla da tamaşanın sadəcə bir əyləncə-maskarad
olmadığını, tərbiyəvi rolunu və əhəmiyyətini
ön plana çəkə bilmişdir.
Rejissorun Əməkdar incəsənət
xadimi, tanınmış bəstəkar, tamaşanın
janrına və ruhuna uyğun musiqi bəstələmiş Sərdar
Fərəcovla, maraqlı səhnə tərtibatı
vermiş rəssam Osman Salmanovla uğurlu yaradıcılıq
işi də əsərin ideyasının
açılmasında mühüm rol oynamış,
tamaşanın palitrasını gücləndirərək,
onun təsir effektini daha da artırmışdır. Dekorasiyalardan bacarıqla istifadə, başı macəralı
ailənin yaşadığı mənzilin “divarlarının”
tez-tez “çat” verməsi, bütünlükdə evin
tamaşa boyu dəfələrlə daxildən
“dağılıb- parçalanması”, qadının ərinə xəyanəti,
başqa birisilə yataq macəraları fonunda ər və
arvadın divardan asılmış şəkillərinin
də bölünərək, bir-birindən aralanması
tamaşanın ideya xəttinin açılmasına yönəldilmişdir.
Tamaşada respublikanın Əməkdar artisti
İzaməddin Bağırovla yanaşı istedadlı gənc
aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Vəfa
Qurbanova, Füzuli Qərənizadə və İlahə Səfərova
öz “qəhrəmanlarının” maraqlı
obrazlarını yarada bilmişlər. Onların temperamentli, həm
də təbiilyi, peşəkarlığı ilə diqqət
çəkən oyunları premyeranın uğurlu
alınmasına, tamaşaçı alqışlarına səbəb
olmuşdur.
Onu da qeyd etmək lazımdır
ki, Rövşən Almuradlının bu yeni tamaşasında
rejissor işini fərqləndirən mühüm cəhətlərdən
biri də onun teatrlarda adətən əsərin əhatə
etdiyi dövrə və ölkəyə uyğun olaraq təqdim
edilmə “ənənə”sindən imtina edərək,
personajları səhnəyə “yad” fransız milli geimlərində
yox, Azərbaycan tamaşaçısının bu gün
gördüyü, vərdiş etdiyi, diqqətini
yayındırmadığı adi geyimlərdə
çıxarmasıdır. Bu, əlbəttə, teatr aləmi
və düşüncəsi üçün "sadə"
bir yenilik olsa da, çox yaxşı təəssürat
doğurur. Personajların birbaşa tamaşa zalına -
tamaşaçılara üz tutaraq, insanlıq, mərdlik,
düzlük, saf sevgi və sədaqətlə bağlı
fikirlər səsləndirmələri də rejissorun
tamaşaya şəxsi əlavəsi kimi xüsusilə diqqətəlayiqdir.
Sumqayıt
tamaşaçıları ilə yanaşı
paytaxtımızdan gəlmiş qonaqların -
tanınmış aktyor və rejissorların,
yazıçı və dramaturqların, mətbuat nümayəndələrinin
də iştirak etdiyi və yüksək dəyərləndirdikləri
tamaşanın uğurlu alınması, əlbəttə ki,
təsadüfi deyil. Belə ki, Rövşən
Almuradlı Azərbaycanın teatr “korpusunun” sıravi “əsgər”liyindən
başlayaraq, “general rejissor”luğunadək böyük sənət
yolu keçmişdir. O, özünün həm
istedadlı aktyor oyunu, həm də müxtəlif əsərlərə
verdiyi orijinal səhnə quruluşları,
yaratdığı onlarla tarixi, bədii və sənədli
filmlərlə artıq çoxdan
tamaşaçıların böyük rəğbətini
qazanmış teatr-kino sənətkarlarındandır.
Vaxtilə M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun "dram və
kino aktyorluğu" fakültəsini, sonralar isə Moskvada
SSRİ Mədəniyyət Nazirliyinin Təkmilləşdirmə
İnstitutunda ali rejissorluq kursunu bitirmiş Rövşən
Almuradlı bir müddət Moskva Dövlət Akademik Satira
Teatrında təcrübə keçmiş, daha sonralar
Şəkinin, Mingəçevirin və Sumqayıtın
Dövlət Dram Teatrlarında
çaılışmış, bir-birindən maraqlı
obrazlar qalereyası yaratmışdır. Cəfər
Cabbarlının "Aydın"ında Dövlət bəy,
Anarın "Adamın adamı"nda İbiş
İbşli, Şekspirin "Kral Lir"ində Kral Lir və digər tamaşalarda
oynadığlı xarakterik rollarlla yüksək aktyor məharəti,
əsl peşəkarlkıq nümayiş etdirmiş,
yaratdığı obrazların psixologiyasını və mənəviyyatını
tamaşaçılara dolğunluğu ilə çatdıra
bilmişdir. Lakin hansısa bir tamaşada ancaq müəyyən
bir rolla tamaşaçıya demək istədiklərini tam
çatdırmağın mümkünsüz olduğunu
görən Rövşən Almuradlı çox keçmədən
teatr və kino rejissorluğuna üz tutur.
26 yaşında - 1980-ci ildən
rejissorluq fəaliyyətinə başlayaraq, qısa bir
müddətdə N.Hikmətin "Bayramın birinci
günü", M.Salimoviçin "Dərviş və
ölüm", M.Süleymanlının "Dəyirman" əsərlərinə
və digər pyeslərə səhnə quruluşu verir.1988-1992-ci
illərdə o, Y.Səmədoğlunun
"Qətl günü", V.Sergeyevin "Bağlı
qapı arxasında iki nəfər", M.Suleymanlının
"Zirzəmi", M.Dostoyevskinin "Şıltaq
qız", M.Qoqolun "Dəlinin qeydləri", Anarın
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"
əsərlərini səhnələşdirir.
1989-cu ildə "Azərbaycanfilm"
kinostudiyasının "Debüt" studiyasında
qısametrajlı "Hücum" bədii filmi ilə
“hücuma keçməklə” öz rejissorluq
debütünü başlayan Rövşən Almuradlı bir
il sonra Azərbaycanın inqilabi-azadlıq hərəkatının
təsiri ilə "Azadlığa gedən yollar" filminin
rejissor işində də fəal iştirak edir. Və
artıq 1991-ci ildə Azərbaycan Teatr Xadimləri
İttifaqının nəzdində açılan müstəqil
"İstiqlal" Teatrının bədii rəhbərliyi
ona etibar edilir.
1993-1995-illərdə onun rejissorluğu ilə
çəkilən "Yük" və "Ümud" bədii
filmləri onu bir rejissor kimi tamaşaçılara daha
yaxından tanıdır. Azərbaycan Dövlət
Televiziyasının “Sabah" Yaradıcılıq Birliyində
dahi yazıçı Cəlil Məmmədquluzadənin
"Anamın kitabı",
Nahid Hacızadənin "Qayalarda qalan səs", Orxan
Fikrətoğlunun "Şəkilçi", Vilyam
Şekspirin "Kleopatra" film-tamaşalarına quruluş
verən Rövşən Almuradlı sonralar "Telefilm"
Yaradıcılıq Brliyində çalışarkən
"Yaz yuxusunun işığı", "Bəsdir,
aglama" bədii televiziya filmlərinin quruluşçu
rejissoru olur. Daha sonra o,
tamaşaçıların böyük maraq və diqqətini
özünə çəkmiş 7 seriyalı "Abbas və
Gülgəz" filmini yaradır.Rövşən
Almuradlının çəkdiyi 10-a qədər sənədli
film - "Etnoqrafik etüdlər", "Qobustan",
"Qax abidələri", "Padarçöl",
"Qudyalçay", "Şıx ocağının işığı",
"Molla Cümə", "Göyçə
gözəlləməsi", "Yurd" və s. filmlər
ölkəmizin tarixi keçmişinin, xalqımızın
milli adət və ənənələrinin, görkəmli
adamlarının hər bir tamaşaçı tərəfindən
daha yaxşı tanınması və təbliği işində
mühüm vasitə kimi hər zaman
böyük əhəmiyyətə və dəyərə
malikdir.Rövşən Almuradlıya bir rejissor kimi daha
çox şöhrət qazandıran isə
onun 2003-cü ildə çəkdiyi monumental “Koroğlu” filmi
və 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin
sifarişi ilə üzərində çox gərgin
çalışaraq, yüksək istedadı sayəsində
və böyük, gərgin zəhməti bahasına çəkib,
başa çatdırdığı “Cavad xan” filmi
olmuşdur.
Bir müddət Akademik Milli Dram
Teatrında quruluşçu rejissor vəzifəsində
çalışmış rerjissorun "Ölüləri qəbiristanlıqda
basdırın" (İsmayıl Şıxlı) əsəri
əsasında hazırladığı tamaşa, Bakı Bələdiyyə
Teatrında səhnələşdirdiyi “Bəylik dərsi”
(Mövlud Süleymanlı), “Qaravəlli” (Anar), “Müraviyyə
vəkilləri əhvalatı” (Mirzə Fətəli Axundzadə)
əsərləri tamaşaçılar tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır.
Özünə və sənətinə
daim yüksək tələbkarlıq və məsuliyyətlə,
yaradıcılıqla, həm də pərəstişkarlarına
hörmətlə yanaşmağa üstünlük verən,
30-a qədər sənədli, tarixi və bədii filmin
quruluşçu rejissoru olan
görkəmli sənətkar
Rövşən Almuradlının 2012-ci ildə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirdiyi
“Yaşlı xanımın gəlişi” tamaşası bu
gün də ölkəmizin baş teatrının
repertuarındadır və hər zaman maraqla baxılır.
Rəhman ORXAN
Azad Azərbaycan.-
2019.- 9 aprel.- S.7.