Əfsanəvi qəhrəman
Azərbaycan ta qədimdən bu günə qədər
mərd, qorxmaz, vətənpərvər oğulları ilə
fəxr edib və bu gün də belə oğullarımız
günü-gündən çoxalır. Yeniyetmə gənclərimiz
atalarının, babalarının yolunu şərəflə
davam etdirirlər.
Oğul var evdən gedir, oğul var eldən
gedir. Haqqında söhbət açmaq istədiyim qeyrətli
oğullardan biri də Azərbaycanın
Milli Qəhrəmanı, şəhid Allahverdi Teymur oğlu
Bağırovdur.
Hündür boylu enlikürək,
yaraşıqli mərd bir oğul haqda oxucuları bir daha məlumatlandırmaq,
ölməz qəhrəmanımızın keçdiyi
qısa, lakin şərəfli ömür yoluna səyahət
etmək istərdim.
Yazını çapa hazırlayarkən qələm
dostlarım deyirdi: Bu kişi əsl qeyrət rəmzimizdir. Belə
qəhrəmandan cildlərlə əsərlər yazılsa
da azdır.
Beynəlxalq Əlillər Cəmiyyətinin sədri,
birinci qrup əlil Tahir Xudiyevin sözləri yadıma
düşur: “Xalqımızın qeyrətli oğulları
çoxdur. Qəhrəman adı
almaq olar. Mənim gözümdə bir neçə Milli
Qəhrəmanımız var və
onları idealım sayıram.
Belə qeyrətli oğullardan
biri də Allahverdi Bağırovdur.
Allahverdi Bağırovla dostluq münasibətim
olmasa da, qardaşım, batalyon komandiri Xudu Xudiyevlə
yaxın münasibətləri olub. Türk
dünyasındakı əsl qəhrəmanlara hörmətlə
yanaşıram. Mən özüm də öz daxilimdə əsl
qəhrəmanlar 3-4 qəhrəman qəbul etmişlərdənəm.
Onlardan biri də Allahverdi Bağırov əsl xalq qəhrəmanı
və qeyrət şəcərəsidir.
Mən belə insanın ruhu
qarşısında baş əyirəm. Türk
dünyasındakı haqq-ədalət yolunda, milli qeyrət
uğrunda şəhid olanlarımıza Allahdan rəhmət
diləyirəm”.
Allahverdi Teymur oğlu Bağırov 1946-cı
il aprel ayının 22-də Ağdam şəhərində zəhmətkeş
bir ailədə anadan olmuşdur.
O, gənc yaşlarından çox cəsarətli,
qorxmaz, sözübütöv və haqsızlığa
dözməyən adam idi. Hətta müəllim də bir
şagirdin haqqını tapdalayırdısa, ona etirazını
bildirirdi. Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi
Qənirə Məmmədova da onunla qürrələnir və
hər yerdə fəxrlə deyirdi ki, “Mən Allahverdinin
oxuduğu sinfin rəhbəriyəm”.
Allahverdi Bağırov orta təhsilini Ağdam
şəhər 1 saylı orta məktəbdə alıb. Onda
gənc yaşlarından böyük təşkilatçılıq
istedadı vardı. Hamını ətrafına
yığmağı bacarırdı.
Kiçik yaşlarından idmana, xüsusən
də futbola, yüngül atletika və voleybola böyük həvəsi
olub. Məktəb illərində və sonrakı vaxtlarda
idmanın müxtəlif növlərindən keçirilən
idman oyunlarında, xüsusən futbol yarışlarında fərqlənirdi.
Ağdamın qələbə qazanmasında böyük rolu
olmuşdur. O, həm də Ağdamın “Qarabağ” futbol
klubunun şərəfini qorumuşdur. 1970-ci ildə
Füzulidə “Qızıl sünbül” kubokunda Ağdam-Cəbrayıl
oyununda kapitan olmuşdur.
Allahverdi Bağırov (5 nömrəli
hücumçu) qardaşı Eldar Bağırovla (müdafiəçi)
birlikdə Ağdamın futbol komandasını şərəflə
təmsil etmişlər.
O, 1976-cı ildə “Qarabağ” futbol klubun
baş məşqçisi təyin olmuş və həmin ildə
keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın
dördüncü yer tutmasında böyük zəhməti
olmuşdur. Keçmiş futbolçu Müşfiq
Hüseynov Allahverdi Bağırov haqqında demişdir:
“İlk məşqçim rəhmətlik Milli
Qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim
futboldan öncə bizə dürüst olmağı öyrətmişdi.
Bizim həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin
böyük əməyi olub. Həqiqətən də o,
futbolçulara gözəl bir örnək idi”.
Hamının Alı deyə
müraciət etdiyi Allahverdi Bağırov 1991-ci ildə
“Qarabağ” və “Neftçi” veteranları arasında
keçirilən oyunda iştirak etmişdir. 1:1 hesabı ilə
başa çatan qarşılaşmada Ağdam klubunun qoluna
imza atan 5 nömrəli oyuncu məhz Allahverdi Bağırov
olmuşdur.
Qarabağ müharibəsi başlayanda onun xidmətləri,
mərdliyi, qoçaqlığı, vətənpərvərliyi
xüsusilə qabarıq şəkildə görsəndi.
O, Ağdam əhalisi tərəfindən
göstərilən maddi yardım və öz şəxsi vəsaiti
ilə Qarabağ kəndlərində yaradılmış
kiçik özünümüdafiə dəstələrinə
yaxından köməklik etmişdir. Ağdam rayonu ərazisində
gedən bütün döyüşlərdə mərdliklə
vuruşub və həmişə də öndə
döyüşə atılıb, qorxmazlığı ilə
silahdaşlarını ruhlandırıb. Müharibə
qızışan zaman qardaşı, millət vəkili Eldar
Bağırov Ağdam rayon Xalq Cəbhəsinin sədri
seçilmişdir.
Allahverdi və Eldar Bağırov
qardaşlarının 1988-ci ildə Ağdamda ilk müdafiə
dəstələrinin formalaşmasında böyük rolu
olmuşdur. Həmin ildə dövlətin xəbəri
olmadan Əsgəranla Ağdam arasında keşikçi
postularını könüllü olaraq ilk dəfə
Allahverdi və Eldar Bağırov qardaşları
yaratmış, sonradan ermənilərlə həmsərhəd
olan bütün kəndlərdə postlar qurulmuşdur.
Müstəqil Azərbaycanın
bayrağını ilk dəfə Ağdama Allahverdi
Bağırov gətirib sancmışdı.
1991-ci ilin oktyabr ayının 1-də
Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi
hissələri onun və qardaşı Eldar Bağırovun
komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik
etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi
Özünümüdafiə taboru idi. 760 nəfərlik olan
batalyon “Vətən oğulları”
adlanırdı. Həmin ildə onun qardaşı Müstəqillik
aktına imza atan millət vəkili Eldar Bağırov,
Bakıda Ali Sovetin iclasından qayıdarkən, 4-cü
mikrorayonda bacısının yaşadığı evinin
qarşısında müəmmalı şəkildə qətlə
yetirilmişdir. Qardaşı Eldarın
ölümündən sonra Allahverdi Bağırov batalyona rəhbərlik
etmiş və uğurlu döyüşlərə komandirlik
etmişdir.
1992-ci ilin yanvarında Allahverdi
Bağırovun komandirlik etdiyi taborun igid
döyüşçüləri ilə birlikdə
Naxçıvanik kəndində
işğalçıların bütün canlı qüvvəsi
və texnikası darmadağın edilmiş, 150
döyüşçü ilə birlikdə Allahverdi
Bağırov Əsgəran qalasına qədər irəliləmiş,
Pircamal kəndindəki bütün yüksəkliklər
tutulmuş, Kətük kəndi ilə üzbəüz
mövqe qurulmuşdu. Bu əməliyyatın başa
çatması və erməni bayraqlarını Azərbaycan
bayraqları ilə əvəz etmək üçün
Allahverdi Bağırovun döyüşçülərinə
cəmi iki saat lazım olmuşdur. Arxadan kömək gəlmədiyinə
görə igid oğullar döyüşərək
mühasirədən çıxmışlar. Bu əməliyyata
görə Allahverdi Bağırov “General Məhəmməd
Əsədov” adına mükafata layiq
görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi
Bakir Behbudovun verdiyi müsahibədən:
Allahverdi Bağırov yeganə komandir idi ki,
döyüş vaxtı qabaqda gedirdi. O, çox ciddi, tələbkar
adam idi. Bir dəfə kəndi erməni yaraqlılarından
geri alanda dedi ki, “birdən kimsə kənddə əhalini qarət
edə, doğma oğlum da olsa, güllələyəcəm.
Biz oğurluğa getmirik, torpağımızı geri
almağa gedirik”.
1992-ci il mayın 3-də Allahverdi
Bağırova məlumat vermişdilər ki, ayın 8-də
Şuşa işğal olunacaq. O da həmin məlumatı
bizim bütün dövlət qurumlarına
çatdırmışdır. Həmin ay Allahverdi
Bağırov qərargaha beş əsgəri
çağırtdırıb birlikdə plan hazırlamağa
başladılar.
Əfsanəvi komandirin
başçılığı ilə Aranzəmin kəndi
uğrunda gedən döyüşlərdə
torpağımıza basqın edən 100 yaraqlı,
işğalçı erməni qulduru məhv edilmiş və
10 düşmən əsir götürülmüşdür.
O, Xocalı soyqırımı
zamanı həlak olanların meyidlərinin döyüş
meydanından çıxarılmasında və azərbaycanlı
əsirlərin erməni işğalçılarının
meyidləri və əsirləri ilə dəyişdirilərək
azad edilməsində böyük xidmət göstərmişdir.
Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu
300 nəfər şəhid vermişdi. Bağırov erməni
polkovniki Vitali Balasyan vasitəsilə üç gün ərzində
1003 nəfərdən çox Xocalı əsirini ermənilərin
əlindən xilas etmişdir. Ağdamın Qarağacı qəbiristanlığında
azərbaycanlı əsirləri təhvil alır, erməni
işğalında olan işgəncələrə məruz
qalan əsirlərimizi avtobusla gətirib, sahiblərinə təhvil
verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə
tutdurub torpağa tapşırırdı. Hətta
özünün saxladığ mal-heyvanını kəsdirərək
şəhidlərimizə ehsan verirdi, imkansıza kömək
edirdi.
Səkkiz günlük erməni əsirliyində
işgəncələrə məruz qalan Hüseynağa
Aydın oğlu Quliyev: “Məni əsirlikdən qurtarmaq
üçün Allahverdi Bağırov çox
çalışdı. İgid Qəhrəman Allahverdi
Bağırova ermənilər pul təklif etmişdilər ki,
azərbaycanlılar tərəfindən əsir
götürülmüş muzdlu Suriya ermənisini
qaytarsın. Allahverdi qəti etiraz edərək ermənini
söymüşdü. Rəhmətlik Allahverdi kişilik
göstərib ermənini pula deyil, mənə dəyişdi.
Anamı da buraxdırmışdı rəhmətlik. Yeri
behişt olsun”.
Məhz Allahverdi Bağırovun Vitali Balasyanla
apardığı danışıqlar nəticəsində, hərbi
operator Seyidağa Mövsümlü və Çingiz
Mustafayevin Xocalı hadisələrinin görüntülərini
lentə alması mümkün olmuşdu.
Allahverdi Bağırov Xocalı faciəsindən
həddindən artıq sarsılmışdı. Xocalı
qadınlarını və qızlarını dəhşətli
vəziyyətdə görəndən sonra özünə gələ
bilmirdi. Xüsusən də 9 yaşlı qız
uşağının ermənilər tərəfindən vəhşicəsinə
öldürülməsi ona pis təsir etmişdi.
2015-ci ildə
telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
“Onun üzündəki solmuş təbəssümünü,
yorğun sifətini unuda bilmirəm. Mənə elə gəlirdi
ki, bu güclü, cüssəli oğlan gözlərimin
qarşısında bu dəqiqə səndərləyib
yıxılacaq. Heç kim bilmirdi
ki, o, nə zaman yatır. Ümumiyyətlə,
yatırmı? Mən çəkiliş
qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət
Əzizovla çəkilişləri səhər o başdan
başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa
insanların köməyinə çatır, üzərinə
düşən hansısa əməliyyatı yerinə
yetirir. Gah ermənilərlə
danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da
ağlayıb-sızlayan ana-bacıların ətrafında
onlara ürək-dirək verirdi. Qəfildən
gedib postları yoxlayırdı, Ağdamı qoruyan
uşaqların ayıq-sayıq olmaları üçün
tapşırıqlar verirdi. Bir də
görürdün ki, əlinə bir dəfə də tüfəng
götürməyən müdafiəçilərə silahla
davranmağı öyrədirdi. Allahverdi
Əsgərana - döyüşlərin ən
qızğın mərkəzinə gedib, oradan ermənilərdən
ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı quldurları ilə
qarşılaşmanın hər dəqiqəsində
ölüm var idi”.
1992-ci il iyunun 12-də Allahverdi Bağırovun rəhbərliyi
ilə Naxçıvanik, Aranzəmin, Kətik, Ağbulaq,
Pircamal yüksəklikləri erməni quldurlarından təmizləndi.
Postlar quruldu. Növbəti
postu yoxlayarkən xidməti avtomobili minaya toxundu.
Maşında olan digər üç nəfər
sağ qalsa da, Allahverdi Bağırov və
sürücüsü Əmir şəhid oldular.
Qarabağın sanki bel sütunu qırıldı.
Ölkə Prezidentinin sərəncamı ilə
Allahverdi Bağırova ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adı verilmişdir.
Vətən
uğrunda canından keçən Allahverdi Bağırova
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunmaq
üçün yer ayrılsa da, qardaşı polkovnik
Əmir Bağırovun təklifi ilə o,
yaşadığı doğma Ağdamın Şəhidlər
Xiyabanında dəfn olunmuşdur.
“Allahverdini
Bakıda dəfn etsək, bəs onda burdakı şəhidlərimizi,
Eldarı hara aparaq”, - deyə hönkürtü ilə
Əmir Bağırovun dediyi sözləri bu gün də
xatırlayıram.
Allah rəhmət eləsin.
Hər il Allahverdi və Eldar Bağırov
qardaşlarının xatirəsinə həsr olunmuş futbol
yarışları keçirilir.
Qeyrət rəmzi olan Bağırov qardaşlarının
mərdliyi, qorxmazlığı, xeyirxahlığı
haqqında çoxlu məqalələr yazılıb. Televiziyalarımızda
filmlər çəkilib.
Tanınmış
qələm sahibləri İlyas Allahverdiyev, Aqil Abbas, Elbrus
Şahmar, Surxay Əlibəyli, Sarvan Şamil oğlu,
Seyidağa Mövsümlü, Asif Mərzili, Rauf
İlyasoğlu, Əyyub Şırlanlı, Zakir
Ağdamlı və neçə-neçə
ziyalılarımız Allahverdi və Eldar Bağırov
qardaşlarının şərəfli döyüş
yolundan, qısa, lakin mənalı həyatı barədə əsərlər,
poemalar, məqalələr, şeirlər yazmışlar.
Allahverdi
Bağırov həyətində saxladığı mal
heyvanını, var-dövlətini də şəhidlərimizin
dəfninə sərf etmiş və demişdir: “Erməni mənim
meyidimin üzərindən adlayıb Ağdama girə bilər”.
Belə bir qeyrətli oğulu unutmaq olarmı?
Bu gün də Ağdamın mərkəzi sayılan
Quzanlı qəsəbəsinə daxil olarkən hər kəs
ayaq saxlayır və şəhidlərimizin xatirəsinə
ucaldılmış abidəni ziyarət edir, Allahdan cəmi
şəhidlərimizə rəhmət oxuyuruq. Peşəkar jurnalist,
şair-publisist, mərhum İlyas Allahverdiyevin (Qəmgin) Milli
Qəhrəmanımız Allahverdi Bağırovun əziz xatirəsinə
ürək ağrısı ilə həsr etdiyi poemadan bir
bayatını qeyd etmək yerinə düşər:
Allahverdi
Ağdama,
Arxa idi Ağdama.
Siz Allah,
bəd xəbəri
Yetirməyin
Ağdama.
* * *
Kaş
Eldarın batalyonu
Ağdamını alaydı.
Erməninin
canına
Bir vəlvələ salaydı.
Bu gün ordumuz günü-gündən güclənir.
Ölkə Prezidentinin çevik siyasəti nəticəsində
bütün dünya xalqları Azərbaycanın haqq səsini
eşidir.
Ermənilərin işğalçılıq siyasəti,
yalan, böhtan dolu məkrli siması ifşa olunur.
Əminəm ki, Ali Baş Komandanımızın və Ordumuzun
gücüylə işğal altında qalan
torpaqlarımızı erməni quldurlarının
tapdağından tezliklə azad edəcəyik. Onda şəhidlərimizin
də ruhu şad olacaqdır. Amin.
Rauf İlyasoğlu (Allahverdiyev)
Azad Azərbaycan.-
2019.- 18 aprel.- S.7.