Dünya azərbaycanlılarının
birliyi əsas hədəfimizdir
Komitə
sədri: «Ukraynada yaşayan soydaşlarımız dünya
ölkələri üçün bir nümunədir, burada
güclü diaspor mövcuddur»
«Dünya azərbaycanlılarının
birliyi bizim əsas hədəfimizdir.
Cənab Prezidentimiz etimad göstərib məni Dövlət Komitəsinin rəhbəri
təyin edərkən,
çox ciddi tapşırıqları oldu.
Bunlardan biri soydaşlarımızın birliyinin
təmin edilməsi məsələsi idi». Bu sözləri Ukrayna Azərbaycanlıları
Radasının təsis
qurultayında çıxışı
zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov söyləyib.
O bildirib ki,
Ukraynada yaşayan soydaşlarımız dünya
ölkələri üçün
bir nümunədir, burada güclü diaspor mövcuddur: "Ukrayna hər zaman Azərbaycanın yanında olub. Ölkə hər zaman dünya xalqlarına qucaq açıb, Azərbaycanı
sülhpərvər ölkə
kimi tanıyıb. Bu istiqamətdə Ukraynada yaşayan soydaşlarımızın əməyi
az olmayıb. İnanıram ki, bütün soydaşlarımız
siyasi və sosial mövqeyindən asılı olmayaraq Ukrayna Azərbaycanlıları
Radasını öz evi kimi qəbul
edəcək".
Komitə sədri qeyd
edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına
uyğun olaraq, xaricdə yaşayan soydaşlarımızın birliyi,
onların yaşadıqları
cəmiyyətə daha
yaxından inteqrasiya etməsi, Azərbaycanla əlaqələrinin gücləndirilməsi
və digər istiqamətlərdə bütün
mümkün olanlar
edilir və gələcəkdə də
davam etdiriləcək:
"Burada bizim çox dəyərli, bacarıqlı, istər Azərbaycanda, istərsə
də Ukrayna cəmiyyətində nüfuz
sahibi olan soydaşlarımız yaşayır.
Bu qurultayın əhəmiyyəti ondadır
ki, belə soydaşlarımız birgə
fəaliyyət göstərəcək
və bu fəaliyyət daha səmərəli, daha uğurlu olacaq. Təbii ki, məqsəd yalnız bir ölkədə olan həmvətənlərimizin
birliyi deyil, dünyada yaşayan soydaşlarımızın birliyinə
nail olmaqdır".
Diaspor təşkilatlarının
birliyindən söz açan F.Muradov bildirib ki, ümumilikdə,
bir çox ölkələrdə, sözügedən
birliyə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü
ilə Almaniya, Fransa, İsveçrə,
Finlandiya, Hollandiya, Belçika və ABŞ-da həmvətnlərimiz koordinasiya şuralarında
birləşiblər: "Bu
ölkələrdə yaşayan
soydaşlarımız birgə
fəaliyyət göstərirlər,
birgə layihələr
həyata keçirirlər.
Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu.
O, Ukrayna Azərbaycanlıları
Radasının da bir çox uğurlara imza atacağına əminliyini
ifadə edib".
Dövlət Komitəsinin sədri əlavə edib ki, Ukraynada Azərbaycan
dili məktəblərinin
sayı artırılmalıdır:
"Azərbaycan dili məktəblərində hansı
dərsliklər çatmırsa,
siyahı tutulsun, Komitə tərəfindən
yardım ediləcək".
Ukrayna - Azərbaycan əlaqələrindən
danışan Ukrayna -
Azərbaycan parlamentlərarası
əlaqələr şurasının
üzvü Borislav Bereza isə bildirib ki, indiyədək
dağınıq şəkildə
fəaliyyət göstərən
Ukrayna azərbaycanlılarının
diaspor təşkilatları
daha əvvəl vahid bur qurumda
birləşsəydi, öz
maraqlarının
qorunması və mədəniyyətin inkişafı
baxımından mühüm
işlər görmüş
olardı.
Ukraynalı deputat
nəhayət belə
bir nümunənin gerçəkləşdirilməsindən məmnun qaldığını
gizlətməyib. O, Ukrayna azərbaycanlılarının ümumi
maraqlar naminə bir-birinə güzəştə
gedərək, aralarındakı
ziddiyyətləri və
şəxsi ambisiyaları
kənara qoyub birləşmə istiqamətində
atdıqları addımı
mühüm qərar kimi dəyərləndirib:
"Bu nümunədən
bizim hamımız öyrənməliyik. Və ümid
edirəm ki, azərbaycanlıların ümumi
məqsədlərə nail
olmaq üçün
vahid qurumda birləşməsi, nümayiş
etdirdikləri birlik yaxın vaxtlarda məhz Ukrayna cəmiyyəti üçün
trend olacaq. Çünki birləşməsək,
bizim Ukraynada maksimum müsbət nəticəyə nail olmağımız mümkün
deyil".
B.Berezanın sözlərinə görə,
o, Ukraynanı ikinci vətənləri sayan bu ölkədəki azərbaycanlıların birləşmə
prosesini yaxından izləməyə çox
şad olub. Deputat bir daha bu
birliyin Ukrayna cəmiyyəti üçün
yaxşı nümunə
olduğunu qeyd edib: "Çünki müasir dünyada yalnız gücümüzü birləşdirməklə
səmərəli fəaliyyət
göstərə və
maksimum tez nəticə əldə edə bilərik! Ümid edirəm ki, cəmiyyətimizdə
birləşmək istəyi
həyata keçiriləcək".
B.Bereza Azərbaycan
Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsinin
fəaliyyətini də
müsbət qiymətləndirib:
"Yeri gəlmişkən,
Azərbaycanda fəaliyyət
göstərən Diasporla
İş üzrə
Dövlət Komitəsi
kimi və ya ona oxşar
nazirliyin Ukraynada da yaradılması çox faydalı olardı. Bu qurum bütün dünyadakı Azərbaycan
diaspor təşkilatlarının
təkcə qarşılıqlı
əlaqəsinin qurulması
ilə məşğul
deyil, həm də xalqın mədəni kökünü
qoruya bilir, birləşməyi təmin
edir. Eyni zamanda faktiki olaraq bütün dünyaya yayılmış
diasporların əsasında
Azərbaycan üçün
qlobal dəstəyi yaradır. Ukraynaya da buna bənzər
bir təsir rıçaqı lazımdır.
Ukraynalıların da
dünyaya səpələndiyi
əslində heç
kimə sirr deyil. Ona görə
də belə bir rəsmi strukturun Ukraynada da fəaliyyətə başlamasını gözləmək
qalır".
Qeyd edək
ki, Azərbaycan diasporunun formalaşmağa
başlaması respublikamızın
öz dövlət müstəqilliyini bərpa
etməsindən sonrakı
illərə - 1993-cü ildən
sonraya təsadüf edir. Məhz bu dövrdən
etibarən Azərbaycan
prezidentinin xarici ölkələrə səfərləri
zamanı həmin ölkələrdəki Azərbaycan
icmaları nümayəndələri
ilə keçirdiyi görüşlərdə diasporlarımızın
formalaşması və
təşkilatlanması zərurəti
bir vəzifə kimi qarşıya qoyuldu. Artıq bu gün Azərbaycan
diasporunun artan nüfuzu, dünyanın əksər ölkələrində
nümayiş etdirdiyi
real güc artıq lobbi fəaliyyətinə keçməyin
zamanının yetişdiyini
deməyə əsas verir.
Bu sahə ilə
yaxından məşğul
olan müvafiq dövlət qurumları, həmçinin dünyanın
müxtəlif ölkələrində
fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatlarının rəhbərləri
də açıq şəkildə qeyd edirlər ki, Azərbaycan diasporu lobbi fəaliyyətinə
keçməlidir.
Bunun nəticəsidir
ki, zaman-zaman Azərbaycan diasporunun lobbi fəaliyyətinə
keçməsinin zamanının
yetişdiyi bildirilir və bu istiqamətdə
əməli addımların
atılmasının zəruriliyi
qeyd olunur.
Cavanşir QƏDİMOV
Azad Azərbaycan.- 2019.- 18 aprel.- S.5