Yunus Oğuzun "Ovçu" romanı özbək dilinə tərcümə olunub

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən aprel döyüşlərinə dair layihə həyata keçirilir.

Trend-in məlumatına görə, tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun aprel döyüşlərinə həsr etdiyi "Ovçu" romanı Daşkənddə özbək dilinə tərcümə olunub. Kitabın yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulub. "Ovçu" romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib.

 

Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bildirib ki, bu döyüşlər bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Prezident İlham Əliyev vurğulamışdır ki, bu hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Yazıçı romanda tarixə nəzər salıb, ermənilərin yüz illərlə Azərbaycan xalqına qarşı apardığı işğalçılıq siyasəti, Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyinə səbəb olan, xalqımızın qəhrəmanlıq və zəfər tarixinin şanlı səhifələrindən olan aprel döyüşləri və ya "dördgünlük müharibə"ni öz əsərində əks etdirib.

 

Bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid əsgərlərin əziz xatirəsinə bir elegiyadır. Qeyd edək ki, romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.

 

Qeyd edək ki, "Ovçu" romanı qəhrəmanlığın təbliğində, zəfər tariximizin gənc nəslə təlqin edilməsində mühüm rol oynayır.

 

Bilman

Azad Azərbaycan.- 2019.- 20 aprel.- S.5.