Görkəmli sənətkar,
böyük arzularla
yaşayan şəxsiyyət
Aprelin
21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
görkəmli kinorejissor, ssenarist, Xalq artisti, professor Tofiq
İsmayılovun 80 illik yubiley gecəsi keçirildi. Tədbirdə Mədəniyyət
Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, rəsmi qonaqlar, mədəniyyət,
elm xadimləri, ictimaiyyət nümayəndələri
iştirak edirdi.
Tədbiri akademik,
millət vəkili Rafael Hüseynov açaraq Tofiq İsmayılovla bağlı
xatirələrini danışdı.
Bildirdi ki, görkəmli sənətkar
həyata çox bağlı və arzularla yaşayan bir şəxsiyyət idi. O, Türkiyənin İstanbul şəhərində
işlədiyi, Memar Sinan Universitetində çalışdığı vaxtlarda Türkiyə və Azərbaycan mədəniyyətini tanıdan,
təbliğ edən mühüm layihələr,
tədbirlər həyata
keçirib.
Rafael Hüseynov
daha sonra görkəmli rejissorun
1971-ci ildə çəkdiyi
“Oxuyur Müslüm Maqomayev” filmindən bəhs etdi. Qeyd etdi ki,
T.İsmayılov kino vasitəsilə zamanı tutub saxlamağı bacaran sənətkar idi: “Onunla ilk
işbirliyimiz Cəlaləddin
Rumi haqqında çəkdiyimiz “Gəl”
filmində oldu. Daha sonra uzun
illər əməkdaşlıq
etdik. Çox arzularımız, planlarımız
vardı. Nağıl
qəhrəmanlarının obrazlaşdırıldığı uşaq filmləri çəkmək istəyirdik.
Lakin ömür vəfa etmədi. Tofiq İsmayılov mədəniyyət tariximizdə
silinməz iz qoyub. İllər ötəcək, nə qədər Azərbaycan mənəviyyatında gözəlliyə,
sənətə sevgi
var Tofiq İsmayılov yaşayacaq”.
Filologiya elmləri
doktoru, professor Aqşin Babayev çıxış edərək
görkəmli kinorejissorla
gənclik illərindən
dostluq etdiyini dedi: “Onunla ilk
dəfə dram dərnəyində tanış
olmuşuq. Hər ikimiz ora gedirdik.
O, mənə həmişə
deyirdi ki, elə bilirdim aktyor olacaqsan. Rəssamlıq, musiqi dərnəklərinə də
gedirdik. Bu sənət sahələrində
özümüzü axtarırdıq.
Onuncu sinifdə oxuyanda, artıq biz Gənc Tamaşaçılar
Teatrının aktyoru
idik...”
Daha sonra
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar çıxış
etdi: “Tofiq İsmayılovla gənclik
illərindən tanış
idik. Ailəvi dost idik. Onun haqqında
fikirləşəndə onu
düşünürəm ki, insan bu
dünyada nə etməli idisə, bir Azərbaycan ziyalısı bu dünyada nə etməli idisə, bir sənətkar nə etməli idisə və bir ailə başçısı
nə etməli idisə, Tofiq İsmayılov hamısını
edib. Yəni bir insan kimi
yaşadı, sənətkar
kimi gözəl filmlər çəkdi. Bir yazıçı kimi həyati kitablar yazdı. Müəllim kimi neçə-neçə tələbələrini
yetişdirdi. Gözəl
ailə qurdu və dünyaya üç gözəl qız balasını gətirdi. Nəhayət, nəvəsinin toyunu gördü...”
Xalq yazıçısı
kinorejissorun Türkiyə
həyatı ilə bağlı da danışdı. Qeyd etdi ki, görkəmli
sənətkar Türkiyənin
Azərbaycanla mədəni
yaxınlaşmasında çox
böyük xidmətlər
göstərib. O, çalışırdı
ki, Türkiyədə
Azərbaycanın sənətini,
musiqisini kinosunu və ədəbiyyatını
daha yaxından tanısınlar. Ona görə də o, Türkiyədə Azərbaycanda
sevildiyi qədər, bəlkə də bir az çox
tanınır və sevilir...”
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət
və tanıtım müşaviri İrfan Çiftçi çıxışında
T.İsmayılovu dəyərli
insan, peşəkar rejissor kimi xarakterizə
etdi, onun Türkiyə sənətsevərlərinin
yaddaşında unudulmaz
sənətkar kimi qaldığını dedi.
Bildirdi ki, Tofiq İsmayılovun
həyata, insana çox maraqlı və fərqli baxışları vardı.
Sənətə, kinoya,
ədəbiyyata böyük
məhəbbət bəslədiyi
kimi, öz xalqına, türk dünyasına, xüsusən
gənc nəslə də bir o qədər
sevgi ilə yanaşardı.
Tədbirdə daha sonra Bakı Xoreoqrafiya Akademiyasının rektoru,
professor Timuçin Əfəndiyev, kinorejissor,
Əməkdar incəsənət
xadimi Cəmil Quliyev, Əməkdar artist Ötkəm İsgəndərov və
başqaları çıxış
edərək sənətkarla
bağlı xatirələrini
bölüşdülər. Çıxışçılar Tofiq İsmayılovun Azərbaycan sənətində xüsusi yerindən bəhs edərək vurğuladılar ki, o, yüksək peşəkarlığa
malik kino xadimi idi…Onun
“Oxuyur Müslüm Maqomayev” filmi tarixdə əbədi qalacaq. Çünki o, filmlərini böyük həvəs və maraqla çəkib.
Mərhum sənətkarın
ailəsi adından qızı Sevinc İsmayılova çıxış
edərək tədbirin
təşkilatçılarına və iştirakçılara
minnətdarlığını bildirdi.
Çıxışlar arası kinorejissorun lentə aldığı filmlərdən fraqmentlər
və həyatı ilə bağlı video-slayd göstərildi.
Əməkdar artist İlqar Muradov və estrada müğənnisi Sərxan
Sərxanın ifasında
mahnılar ifa olund.
Seyidzadə Hacı Tofiq
Azad Azərbaycan.-
2019.- 23 aprel.- S.7.