Lotoreya bileti

 

(Hekayə)

 

Taleyimiz doğulduğumuz andan alnımıza yazılır. Böyüdükcə, yaşa dolduqca da həmin alın yazısını yaşayırıq. Baş verən hər bir şeyə də alın yazımız deyib, təsəlli tapırıq. Hərdən də Allahdan alnımıza ürəkdən keçən istəklərimizin yazılmasını arzulayırıq. Bəzən bu arzu o qədər sərt olur ki...

Bizim ailəmiz dörd nəfərdən ibarət idi, atam, anam, məndən on yaş böyük bacım və mən. Oğlan uşağı olduğumdan evdə mənə qarşı hələ uşaqlıqdan xüsusi rəğbətin, qayğının olunduğunu hiss eləyirdim. Müəyyən yaşa qədər ürəyim nə istəyirdisə onu edir, bacımdan fərqli olaraq nə arzulayırdımsa onu mənə alırdılar. Bir sözlə evdə hamı mənim ərköyünlüyümə dözür, nazımla oynayırdı. Atam orta məktəbdə müəllim, anam isə evdar qadın idi. Evin bütün yükü atamın çiyninə düşürdü. Pis də dolanmırdıq. Yaşadığımız məhllədə hamı atamın xətrini çox istəyirdi. Qonşuluğumuzda yaşayan bəzi kişilərin maşını olduğu halda, atamın maşını yox idi. Bu da uşaq olmağıma baxmayaraq məni qıcıqlandırırdı. Ağlım kəsəndən atamla bu barədə tez-tez mübahisəmiz düşürdü. Atam da həmişə mənim başımı sığallayaraq deyirdi, - ağlama, maşını sən məktəbi qurtaranda alacam ki, sən bizi gəzdirəsən. Mən də ürəyimdə elə arzulayırdım ki, ay Allah, sənə qurban olum, elə elə ki, tez böyüyüm, məktəbi tez qurtarım, atam da mənə maşın alsın.

Amma, onu da deyim ki, nə qədər nadinc və ərköyün uşaq olsam da, dərslərimi əla oxuyurdum. Valideyinlərim, hətta bacım da belə təkcə dərslərimi oxumağımda mənə güzəşt eləmirdilər. Dərsdən gələn kimi yeməyimi yeyər, yarım saat dincələndən sonra dərslərimi hazırlamağa başlardım. Oxuduğum dərsləri bacıma danışandan, dəftərlərim yoxlanılandan sonra məni həyətdə futbol oynamağa buraxardılar. Futbol oyununa yaman həvəsim vardı deyə, atam ara bir mərkəzi stadionda keçirilən yarışlara bilet alıb, məni də özü ilə stadiona aparardı. Beşinci sinifdə oxumağıma baxmayaraq oyunçuların hamısını tanıyırdım. Kimin hansı nömrə ilə oynadığını əzbər bilirdim, bu da stadionda hansı nömrənin kim olduğunu atam soruşanda ona deməyim çox xoşuna gəlirdi.

Bu günkü kimi yadımdadır. Sentyabr ayının ortaları idi, yay tətilindən sonra məktəbdə dərslər təzə başlanmışdı. Artıq altıncı sinifdə oxuyurdum. Dərslərimiz xeyli çətinləşmişdi. Buna baxmayaraq mən həyətdə uşaqlarla futbol oynamağımdan qalmırdım. Universitetin sonuncu kursunda oxuyan bacımın köməkliyi ilə dərslərimi hazırlayan kimi həyətə düşüb, futbol oynayan uşaqlara qoşulurdum. Bir gün yenə həyətə düşüb uşaqlarla təzəcə futbol oynamağa başlamışdım ki, baçımın eyvandan məni səsləməsi qanımı qaraltdı:

-Elman, evə gəl, ata səni çağırır.

Mən narazı səslə dilləndim:

-Dərslərimi oxumuşam da, niyə çağırır?

Bacım eyvandan əli ilə mənə yuxarı qalxmaq işarəsi verərək dedi:

-Ata səni futbola aparır, gedirsən?

Bacımın bu sözündən sonra, oyunu yarımçıq qoyub sevincək evə qaçdım. Evdə anam atamın köynəyini ütüləyir, bacım isə atama yemək süfrəsi açmaqla məşqul idi. Atam məni görcək mehribancasına üzümdən öpüb dedi:

-Hə, oğul bala, əl-üzünü yu, gəl otur tez çörəyimizi yeyək, gedək stadiona. Bir azdan oyun başlayacaq.

Anam narazı halda dilləndi:

-Özün getməyin bəs deyil, hələ bir uşağıda özünlə aparırsan.

Atam cibindən nəsə kağız çıxardıb anama göstərdi:

-Bax, bu kağızları görürsən, bunların hərəsinə üç manat pul vermişəm, deyirsən getməyim, batsın, bəlkə elə bəxtimiz gətirdi.

Anam ütüləyib qurtardığı köynəyi stulun söykənəcəyinə keçirib, atamın masanın üzərinə qoyduğu rəngli kağızları əlinə alıb maraqla oxumağa başladı. Heç nə başa düşməyib kağızları masanın üzərinə ataraq dilləndi:

-Nədir ki, bu? Adi biletdir dəə. Bəxtin bura nə dəxli var?

Atam yeməyini yeyib qurtaran kimi üzünü mənə tutub dedi:

-Elman, oğlum bir qələm gətir görüm.

Mən cəld yazı stolumun üzərində olan qələmi gətirib atama uzatdım. Atam qələmi əlinə alıb biletlərin birinin üzərinə mənim, o birinin üzərinə isə öz adını yazdı və ayağa qalxıb üzünü anama tutaraq təntənəli şəkildə dnışmağa başladı:

-Ay Tamam xanım, bu adi bilet deyiley, həm də lotoreyadır. Bu günki oyundan sonra stadionda lotoreya oyunu keçiriləcək, uduşda maşın olacaq ey, maşın, başa düşdün? Mən də biletin birinin üstünə oğlumuzun, birinin də üstünə öz adımı yazdım, görək kimin bəxti gətirəcək.

-Səninki yüz faiz gətirməyəcək. Bəxtin olsaydı, gərək indi sənin bir oğlun yox, dörd oğlun olaydı, hardadır səndə o bəxt, -deyərək, dodağının altında mızıldandı.

Atam şəstlə əlini çiynimə qoyaraq anama cavab verdi:

-Allaha qurban olum, Allah buna dəyməsin! Buna da şükür, naşükür olma arvad...

Biz stadiona gələndə tamaşaçıların çoxu öz yerlərini çoxdan tutmuşdular. Mən ilk dəfə idi ki, stadionun belə ağzına qədər dolu olduğunu görürdüm. İndiyə qədər atamla oyuna baxmağa gəldiyimizdən fərqli olaraq bu günkü kimi tamaşaçıların bu qədər çox olduğunu görməmişdim. Nədənsə ətrafımızda oturan insanların hamısından lotoreya sözünü tez-tez işlətmələrini eşidirdim. Mənə maraqlı gələn bu idi ki, oyun başlanan kimi nədənsə hamı həyacanla oyunun bitməsini gözləyirdi. Komandamız iki- bir hesabı ilə uduzurdu. Oyunun sonuna on beş dəqiqə qalmış qonaqlar bizim qapımızdan bir top da keçirtdilər. Əvvəlki oyunlardan fərqli olaraq heç kim yerindən tərpənmirdi, bu da məni sevindirirdi. Axı futbolçularımızın ruhdan düşməməsi üçün tamaşaçıların stadionu vaxtından tez tərk etməməsi çox vacib idi. Amma nə olsun, sona bir dəqiqə qalmış qonaqlar yenidən bizim qapıdan bir top da keçirtməyə nail oldular. Beləliklə, oyun dörd- bir hesabı ilə qonaqların xeyrinə başa çatdı. Mən dilxor halda getmək üçün ayağa qalxanda atam mənim qolumdan tutub yerimdə əyləşdirdi. Oyunun qurtarmasına baxmayaraq tamaşaçıların stadionu tərk etməmələri mənə maraqlı gəlirdi. Bir az sonra hər tərəfi qırmızı lentlərlə bəzənmiş ağ rəngli “Jiquli” markalı maşın meydançanın ortasına sürüləndə tamaşaçılardan qulaq batırıcı bir uğultu qopdu. Kimi qışqırır, kimi fit çalır, kimi isə maşını daha da yaxından izləmək üçün yerini dəyişərək qabaq sıralara keçib ayaq üstə dururdu. Sonra mərkəzə bir yeşik gətirdilər, bir neçə nəfər yeşiyin ətrafında dayanıb, növbə ilə mikrafonla nəsə danışmağa başladılar. Çox keçmədi ki, yeşiyin yanına bir qız yaxınlaşdı və yeşiyi fırlatmağa başladı. Mən adamların necə həyacanla əllərində tutduqları biletlərə tamaşa etdiklərini görüb maraqla atama baxdım. Atamın yerindən qalxıb ayaq üstə duraraq həyacanla biletinə baxması mənə qəribə gəlirdi. Mənə elə gəldi ki, mənim orda olmağımı atam tamamilə unutmuşdu. Qəfildən atamın əllərini yuxarı qaldıraraq sevincək pillələrlə aşağı düşdüyünü görüb mən də onun dalınca qaçdım. Atam əllərini yelləyərək meydançanın mərkəzinə doğru qaçır və hamı da ona yol verirdi. Yeşiyin yanında dayanan kişilər atamın əlində olan kağızı yoxlayıb, mikrafonla maşının atam tərəfindən udulmasını elan edəndə, sanki stadionda tufan qopdu. Səs-küydən qulaq batırdı. Atam sevincindən gah məni öpür, gah da arabir əllərini yuxarı qaldırıb tez-tez Allahın adını çəkərək nəsə deyirdi. Mən atamın dalınca qaçanda öz biletimi itirdiyimi atama desəm də nədənsə o, buna heç əhəmiyyət vermədi...

Artıq iki il idi ki, atam udduğu həmin ağ rəngli maşını sürürdü. Maşını udduğumuz vaxtdan az sonra bacım da ailə quraraq bizdən köçmüşdü. Onların evləri bizdən xeyli aralı olduğundan, istirahət günlərində atam bizi maşınla onlara aparırdı. Mən həmişə maşının qabaq oturacağında, anam isə arxa oturacaqda əyləşərdi. Hər dəfə mən atamdan maşını sürməyi mənə də öyrətməsini xahiş edəndə ondan “yox” cavabını alırdım. Belə hallarda anam da məni ovundurmaq üçün arxa oturacaqdan üzünü mənə tutub söyləyərdi:

-Elman, darıxma bala, böyüyəndə sürərsən. Onsuz da bu ev-eşik, maşın hamısı bizdən sonra sənindir də.

Atam da gülümsünərək deyərdi:

-Ay oğul, bu maşını öləndə göruma aparmayacağam ki, o qədər sürəcəksən ki...

Mən də uşaq ağlımla bu qənaətə gəlirdim ki, atam ölməyincə mənim maşın sürməyib mümkün deyil. Bir gün bunu düşünərək ürəyimdə, - Ay Allah, nə olardı atam tez ölərdi, maşın mənə qalardı, maşını mən sürərdim! – dedim. Heç altı ay çəkmədi ki, atam xərçəng xəstəliyindən dünyasını dəyişdi. Atamın ölümündən sonra anam maşını satdırdı, iki il sonra da anam qəfildən dünyasını dəyişdi...

İndi mən özüm ailə başçısıyam, sədaqətli həyat yoldaşım, bir-birindən gözəl beş qızım, hətta son model maşınım da var. Hərdən ağsaqqalar mənə ürək-dirək verərək deyirlər ki, heç narahat olma, beş qız böyüdən kişinin yeri cənnətdir. Bütün bunlara baxmayaraq mən özümü Allahın çox xoşbəxt bəndəsi sayıram... Çünki, mənim... Mənim ölümümü arzulayan oğlum yoxdur

 

Arif ƏRŞAD

 

Azəd Azərbaycan.- 2019.- 6 iyul.- S.7.