Qartal
vüqarlı xeyirxah kişi (Elegiya)
Təvəkgül
Məmmədov: “Sumqayıt təkcə keçmişin, bu
günün yox, həm də gələcəyin şəhəridir”
Həyatda elə insanlar olur ki, özlərindən
sonra xeyirxah əməlləri, gördüyü böyük
işlərlə, yaratdığı tarixi hadisələrlə
təkrarolunmaz izlər qoyub gedirlər. Bu insanlar elə öz
sağlıqlarında da tarixə çevrilir və hamı tərəfindən
hörmətlə qarşılanırlar. Hətta onlar
tutduqları vəzifələrdən uzaqlaşsalar da, vəzifədə
olduqları hörməti qoruyub saxlayır və sevilirlər.
Mən onlarca belə insanlar tanıyıram. Hansılar
ki, yüksək rütbəli vəzifələrdə işləyiblər,
sonralar kiçik vəzifələrə dəyişdirilsələr
də və hətta təqaüdə çıxsalar belə
özlərinin əvvəlki şöhrətlərini,
nüfuzlarını, insanların onlara olan inamını, məhəbbətini,
hörmətini qoruyub saxlayıblar. Bu insanlardan biri də,
artıq ömünün 79 yaşında dünyasını
dəyişən Təvəkgül Yaqub oğlu Məmmədov
idi. O, uca boylu, enlikürək, qartal baxışlı, sifətində
həmişə təbəssüm olan, qaltanlı səsilə
ləngərlə danışan, danışdığı hər
bir sözə fikir verən əsl xeyirxah ağsaqqal idi. Onun
bu sifət cizgiləri, xasiyyətində olan mərdlik, mərhəmət,
sözü üzə deməsi, heç kimdən
qorxmaması mənə həmişə qədim Oğuz igidlərinin
hərəkətini xatırladırdı.
...Sumqayıt şəhərindəki
Nəriman Nərimanov adına Mədəniyyət Evinin səhnəsində
onun cənazəsi qoyulan və ətrafını
gül-çiçəklər bəzəyən,
tamaşaçı zalındakı oturacaqlar insanlarla dolu
olduğundan və yüzdən çox insan isə ayaq
üstə dayanıb, onunla son vida anını
yaşadığı bir vaxtda, hətta zalda yer
olmadığından 1000-dən çox adam Mədəniyyət
Evinin həyətində dayanıb Təvəkgül müəllimə
son borclarını verməyə, onunla son dəfə
vidalaşmağa gəlmişdilər. Hələ
Sumqayıtdakı insanların çoxu bilmirdi ki, Təvəkgül
müəllim dünyasını dəyişib. Əgər
bilsəydilər, inanıram ki, ora toplaşan insanların
sayı minlərlə olardı.
... Mən də arxa cərgədə
dayanmışdım. Təvəkgül müəllimlə
yaxından tanış olduğum 37 illik bir tarix gəlib
gözlərim qarşısından keçirdi. Belə ki,
1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında aktyor
işlədiyim vaxtı, qanuni mənə düşən iki
otaqlı mənzili teatrın direktoru mənimlə arasında
olan konfliktə görə, başqa aktyora vermişdi. Mən
də bundan qeyzlənərək, həmin vaxtı Sumqayıt
şəhər İcraiyyə Komitəsinin sədri Təvəkgül
Məmmədova şikayət etmişdim. Təvəkgül
müəllim də əsl həqiqəti biləndən sonra əmr
vermişdi ki, sənədləri dəyişsinlər və
özünün əmrilə həmin iki otaqlı mənzili
mənə vermişdi. Haqq öz yerini tapmışdı. Həmin
vaxtdan mənim bu insana, bu ağsaqqala hörmətim, sevgim, istəyim
daha çox artmışdı. İllər keçəndən
sonra biz onunla dostlaşmışdıq. Bu
dostluq da ömrürün sonuna kimi davam elədi. İndi zalda
dayandığm vaxt, oradkı bəzi insanların sifətindəki
kədəri və bəzi insanların göz
yaşını gördükcə başa
düşürdüm ki, Təvəkgül Yaqub oğlu Məmmədov
deməli, hamıya doğma, əziz olub. Bəli. Bu
xeyirxah insanı Sumqayıt şəhərində hamı
sevir və ona böyük hörmət edirdi. O, bu hörməti,
özünə istəyi illərlə şəhər
üçün çəkdiyi təmənnasız zəhməti,
insanlara diqqəti, qayğısı sayəsində
qazanmışdı.
Həyatın bütün keşməkeşlərini,
ağrı-acılarını görən Təvəkgül
Yaquboğlu 1940-ci ilin dekabr ayının 30-da Naxçıvan
rayonunun ( indiki Babək rayonu) Yarımca kəndində
dünyaya gəlmişdi. Elə uşaq yaşlarından
keşməkeşli, əzablı həyat yolu keçən
yeniyetmə Təvəkgül, 1956-cı ildə orta məktəbi
əla qiymətlərlə bitirmişdi. Amma ailə vəziyyətləri
ağır olduğuna görə həmin il ali məktəbə
sənədlərini verməyib, ailələrinə kömək
etmək məqsədilə Naxçıvanda qalıb işləmişdi.
Bir il sonra isə ordu sıralarına
çağrılmışdı. 3 il ordu sıralarında
qulluq etdikdən sonra Vətənə dönən Təvəkgül,
sənədlərini arzusunda olduğu Azərbaycan Dövlət
Neft-Kimya İnstitutunun ( indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti) texnologiya fakültəsinə
vermişdi. İmtahanlardan əla qiymətlər alıb və
gündüz şöbəsinə qəbul olmuşdu. Amma ailə
vəziyyətləri ağır olduğuna görə təhsilini
axşam şöbəsində davam etdirməli olmuşdu. Gündüz isə Bakı Neftayırma zavodunda
operator, sonra Gəmi Təmiri zavodunda rəngsaz və digər
sahələrdə çalışmışdı. Atası
Yaqub kişi dünyasını tez dəyişdiyinə və
Təvəkgül müəllim, evin böyük
övladı olduğu üçün ailənin bütün
çətinliklərini öz üzərinə
götürmüşdü. Belə ki, aldığı əməkhaqqı
ilə qardaş və bacılarının gündəlik təlabatını
ödəyib və həm də heç bir qohumu, arxası,
dayağı olmadan Bakı kimi şəhərdə
özünü dolandırmışdı. Ali məktəbdə
dərslərini yaxşı oxuyan və institut rəhbərliyinin
böyük hörmətini qazanan Təvəkgül Məmmədovu
axırıncı kursda oxuyanda, yəni 1966-cı ildə
Sumqayıt Texnologiya Texnikumuna müəllim işləməyə
göndərmişdilər. O vaxtlar sintetik-kauçuk
texnologiyası ilə bağlı Azərbaycan dilində dərslik
olmadığına görə gənc Təvəkgül
müəllim, rus dilində yazılan kitabları tərcümə
edərək, tələbələrə mühazirələr
oxuyurdu. Yüksək qaltanlı səsinin
olması, hər bir fikri aydın tələffüz və ifadə
etməsi, keçdiyi dərsi böyük həvəslə tədris
etməsi tələbələr tərəfindən çox
maraqla qarşılanırdı. Amma müəllimlik sahəsində
özündə böyük perspektivlər görməyən
gənc Təvəkgül istehsalatda işləməyi daha
üstün tutdu. Çünki o vaxtlar istehsalat sahəsində
çalışan cavan mütəxəssislərə maraq
daha böyük idi. Bu sahədə təbliğat da çox
güclü gedirdi. Qəzetlərdə, radioda belə cavanlar
çox təbliğ olunurdu.
Beləliklə, Təvəkgül Məmmədov
da Texnologiya texnikumunda bir il işlədikdən sonra 1967-ci ildən
taleyini Sumqayıtda tikintisi yenicə başa çatan Polimer
Tikinti Materialları Kombinatı ilə bağladı...
O, 53 il idi ki, bu şəhərdə
yaşayır və işləyirdi. Sumqayıt
minlərlə insanlar kimi, Təvəkgül müəllimin də
tale şəhəri idi və həm də bütün
uğurlarını, dostlarını bu şəhərdə
qazanmışdı. Bu şəhərdə ailə həyatı
qurmuşdu. Üç övladı da bu şəhərdə
dünyaya gəliblər. Təvəkgül
müəllim özü də adi işçidən pilə-pillə
yüksələrək, ömrünün çox
böyük hissəsini yüksək vəzifələrdə
işləmişdi. İlk rəhbərlik vəzifəsinə
də elə Polimer Tikinti Materialları Kombinatında yüksəlmişdi.
Burada şöbə rəisi, baş mühəndis və
direktor işləmişdi. O, direktor işlədiyi vaxt bu
Kobinatın uğurları çox artmışdı. Yüksək
keyfiyyətlə istehsal etdikləri məhsullara maraq çox
böyük idi. Belə böyük
uğurlarına görə Azərbaycandan ilk dəfə
yalnız bu Kombinatın adı SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin şərəf lövhəsinə
yazılmışdı. Bakıda, Hökumət evinin qarşısındakı
Şərəf lövhəsində də bu Kombinatın
adı düz 15 il ən yüksək zirvədə olub.
10 il Təvəkgül Məmmədovun bu müəssisəyə
rəhbərlik etdiyi vaxtda və 5 il də ondan sonrakı
dövrdə birinciliyi qoruyub saxlamışdı bu Kombinat. Məhz o, bu Kombinatın adını, uğurlarını
respublikada və keçmiş Sovetlər İttifaqında
tanıtmışdı. Bu müəssisə Cənubi Qafqazda
yeganə Polimer Tikinti Materialları Kombinatı idi ki,
bütövlükdə Qafqazı linoleum və başqa
inşaat materialları ilə təmin edirdi. Hətta Bakı Məişət Kondinsioneriləri zavodunun
istehsal etdiyi kondinsionerləri qablaşdırma
formatlarını da Sumqayıt Polimer Materialları
Kombinatı hazırlayırdı. Bu işi yüksək səviyyədə
gördüklərinə görə, Məişət
Kondinsionerləri zavodunun rəhbərliyi ona Bakıda 4
otaqlı mənzil də vermişdi. Hətta Təvəkgül
müəllim həyat yoldaşı Maral xanımla gedib həmin
evə də baxmışdılar. Amma Təvəkgül Məmmədov
Sumqayıta çox bağlı olduğuna görə bu təklifi
qəbul etməyib və Bakıya köçməyib.
Kombinatdakı işlərinin uğurlarını,
bacarıqlı və təşkilatçı insan
olduğunu görüb, respublika rəhbərliyi onu 1981-ci ildə
Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə
Komitəsinin sədr müavini vəzifəsinə
seçmişdilər. Bir il sonra isə o, İcraiyyə Komitəsinin
sədri seçilib. 9 il bu vəzifədə
çalışan Təvəkgül Yaquboğlu şəhərin
inkişafı, insanların firavan yaşaması
üçün əlindən gələni edib. Bu müddətdə
Sumqayıt daha da gözəlləşib. Çoxlu
yaşayış binaları tikilib. Məktəblər, xəstəxanalar,
mədəniyyət, idman müəssisələri
açılıb. Zavodlar tikilib və yeni sexlər
yaradılıb. Həmin illərdə şəhərdə
biri-birindən maraqlı bayram tədbirləri keçirilirdi.
Bu teatrlaşdırılmış bayram tədbirlərinin
ssenari müəllifi və quruluşçu recissoru kimi mən,
həmişə Təvəkgül müəllmin
qayğısını, diqqətini görmüşəm. Yuxarıda yazdığım kimi hətta 1982-ci ildə
mənə veriləcək mənzilin qanunsuz başqasına
verildiyini bilən Təvəkgül Məmmədov əmr verərək
o mənzili məhz mənə verdirməklə, mənim kimi
cavan mütəxəssislər üçün öz
yaxşılıqlarının, xeyirxahlığının
pik nöqtəsini bir daha təsdiq etdi. Cavan mütəxəssislər
həmişə onun qayğılarından
yararlanırdılar.
1970-80-ci illərdər doğrudan da Sumqayıt
nəhəng addımlarla irəliləyirdi. Burada
yaşayan insanların güzəranı çox yaxşı
idi. Şəhərin bu uğurlarını gözü
götürməyən bədnam qonşularımız olan ermənilər,
o vaxtkı SSRİ rəhbərlərinin əlləri ilə,
başda Mixaıl Qorbaçov olmaqla 1988-cu ilin fevral
ayının 28 və 29-da məlum hadisələri
törətdilər. Həmin vaxtlar Təvəkgül
Məmmədov Sumqayıt İcraiyyə Komitəsinin sədri
vəzifəsində işləyirdi. Öz
günahlarını şəhərin rəhbərliyi
üstünə atan o vaxtkı Azərbaycan və Sovetlər
Birliyinin başçıları İcraiyyə Komitəsinin
sədri Təvəkgül Məmmədovu və şəhərin
birinci katibi Cahangir Müslümzadəni vəzifədən
çıxartdılar. Təvəkgül müəllim,
yaxşı mütəxəssis, təşkilatçı rəhbər
olduğuna görə məcbur olub onu başqa işlə təmin
etdilər. O, öz işini Sumqayıt Evtikmə
Kombinatının baş direktoru kimi, davam etdirdi. Artıq bu
sahədə də sumqayıtlılar üçün əlindən
gələni etdi.
Artıq həmin vaxtlar, yəni
1989-cu ilin yanvar ayından mən də Əbdürrəhim bəy
Haqverdiyev adına Ağdam Dövlət Darm Teatrının rəhbərliyindən,
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət
Musiqili-Dram Teatrının bədii rəhbəri və
direktoru vəzifələrinə dəyişdirildiyim
üçün onunla tez-tez təmasda olurduq. O, bu Kombinatda da
çox böyük təşkilatçılıqla işləyir
və şəhərdə böyük xaosa, hərc-mərcliyə
baxmayaraq, onlar qısa vaxtda yaraşıqlı evlər tikirdilər.
O vaxtlar rayonlarda kolxoz və sovxozlar yaxşı
işləmədiyinə, kənd təsərrüfatı məhsullarında,
maldarlıqda, quşçuluqda böyük problemlər
olduğuna görə Sumqayıtdakı böyük zavodlar
özlərinin kənd təsərrüfatı və
maldarlıq üzrə sahələrini yaradırdılar.
Təvəkgül müəllimin rəhbərliyi
ilə Evtikmə Kombinatının nəzdində yaradılan
kənd təsərrüfatı, maldarlıq, quşçuluq
sahələrində də çoxlu uğurlu işlər
görülürdü. Evtikmə Kombinatı təkcə öz
işçilərinə yox, şəhər əhalisinə
də ət, süd, kənd təsərrüfatı məhsullarını
çox ucuz qiymətə satırdılar. Vəziyyəti
çətin olan müəssisələrə və şəxsi
insanlara isə onlar sponsorluq edirdilər. Sumqayıt Dövlət
Musiqili-Dram Teatrını da Evtikmə Kombinatı həmin
vaxtlar himayə edirdi. Teatr işçilərinə də
Evtikmə Kombinatı tərəfindən pulsuz və ya ucuz
qiymətə ət, süd, yumurta, kənd təsərrüfatı
məhsulları verilirdi.
1992-ci ildə “Azərikimya” Dövlət
Şirkəti yaradılanda Təvəkgül Məmmədovu
bu şirkətin vitse- prezidenti təyitn etdilər. O, yeni
yaradılan şirkətdə də bütün
bacarığını, savadını, təşkilatçılığını
sərf etdi ki, Azərbaycandakı kimya müəssisələri
dayanmasın və inkişaf etsin. Keçmiş
Sovetlər İttifaqındakı respublikalar arasında
qırılan əlaqələrin bərpa olunmasında, Azərbaycandakı
kimya müəssisələrinə həmin yerlərdən
xammalın gətirilməsində, zavodların işləməsində,
işçilərin əmək haqqının
vaxtlı-vaxtında verilməsində, müəssisələrin
Sumqayıt əhalisinə də lazım olan kimi köməklik
etməsində öz əmyini əsirgəmədi Təvəkgül
Yaqub oğlu Məmmədov.
Sumqayıtdakı zavodların bəzi
qara qüvvələr, qara gurruhçular tərəfindən
düşməncəsinə sökülərək, əsas
detallarının İrana, Türkiyəyə çox ucuz
qiymətə satılmasının qarşısını da
var qüvvəsilə aldı Təvəkgül Yaquboğlu.
Burada işlədiyi dövürdə onun təşkilatçılığının
yeni-yeni çalarları üzə çıxdı.
Artıq “Azərikimya” Dövlət Şirkətinin vitse-
prezidenti vəzifəsi onun təşkilatçılığını
elə bil ki, məhdudlaşdırırdı. Çünki
onun potensial gücü, təşkilatçılığı
daha böyük idi. Buna görə də
Prezident Heydər Əliyev Təvəkgül Məmmədovun
2000-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin
başçısı vəzifəsinə təyin edilməsi
barədə sərəncamı imzaladı. Bu vəzifədə
işlədiyi üç il müddətində o, artıq
şəhərin birinci rəhbəri kimi
Sumqayıtın inkişafı üçün əlindən
gələni etdi. Yeni iş yerlərinin
açılmasında, müəssisələrin stabil işləməsində,
sosial obyektlərin tikilməsində, əhaliyə torpaq sahələri
verilməsində, sahibkarlığın inkişaf etdirilməsində
çox işlər gördü. Şəhər artıq
özünün 1980-ci illərdəki böyük
uğurlarına qayıdırdı. Şəhər
daxilində çoxlu quruculuq işləri gedirdi. Artıq zavod və fabriklərin də çoxu
işə düşmüşdü. İşsizlik də
getdikcə azalırdı… Amma şəhərdə işlərin
belə yaxşı, uğurlu getdiyini gözü
götürməyən bəzi bədxahlar da tapıldı…
Onlar Təvəkgül Məmmədovu gözdən salmaq,
öz səlahiyyətlərindən sui
istifadə etməkdə günahlandıraraq, özlərinin
çirkin əməllərilə yuxarılara danoslar, yalan məlumatlar
göndərirdilər... Özü də bu çirkin işi
görənlərə Təvəkgül müəllimin həmişə
köməyi dəymiş, yaxşılığı
keçmişdi. Onların respublikada tanınmasına
çox çalışmışdı...
...2003-cü ilin may ayından Təvəkgül
müəllimi Sumqayıt şəhər İcra Hakimiyyəti
başçısı vəzifəsindən
çıxarıb, Sumqayıt şəhər Mənzil
Kommunal İstehsalat İstismar Birliyinə baş direktor təyin
etdilər. 12 il Təvəkgül Yaqubolğu çox cavabdeh
sahə olan bu Birliyə uğurla, böyük təşkilatçılıqla
rəhbərlik etdi. Biz də bu illərdə onların
çətin, ağır əməyini, uğurlarını
Respublika səviyyəsində mətbuatda tez-tez
işıqlandırdıq. Uğurlu işlərini lazım
olan səviyyədə layiqincə təbliğ etdik.
Bütün bu uğurlarına görə Təvəkgül
Məmmədov ölkə başçısı tərəfindən
“Şöhrət” ordeninə layiq görüldü.
Öz işlərini çox
yüksək səviyyədə quran, Sumqayıtın
inkişafına bacardığı kimi köməklik edən
Təvəkgül Məmmədovu yaş senzilə əlaqədar
olaraq, 2015-ci ilin noyabr ayında öz ərizəsilə
işdən azad etdilər. Elə həmin ildən o,
heç yerdə işləməsə də, fəxri fəqaüddə
olsa da, bütün sumqayıtlıların xeyirində, şərində
yaxından iştirak eləyirdi. Biz çox vaxt
görmüşük ki, yüksək rütbəli adamlar vəzifədən
çıxandan sonra onlara hörmət eləyənlərin
sayı qat-qat azalır. Amma Təvəkgül
müəllim işdən çıxandan sonra elə bil
sumqayıtlılar arasında onun hörməti vəzifədə
olduğu vaxtdan daha çox idi. Çünki Təvəkgül
müəllim xeyir-şər evlərinə girəndə
yaşından asılı olmayaraq hamı hörmət əlaməti
olaraq, ayağa durur və ona böyük etiramla salam
verirdilər. Məclisin başında əyləşməsini
xahiş eləyirdilər. Zaldan çıxanda isə orada əyləşən
adamların çoxu ayağa durub, onu yola salırdı. Təvəkgül
müəllim də hamı ilə mehriban
görüşüb, xudafisləşir və
maşınına minib gedirdi.
Təvəkgül Məmmədov Sumqayıtda
işlədiyi üzün illər onun əməyi dəfələrlə
yüksək qiymətləndirilib. Sovetlərin vaxtında dəfələrlə
orden, medallarla təlfif olunub. O, 2009-cu ildə Sumqayıt şəhərinin
60 illik yubileyində onun da əməyinə dövlət
başçısı tərəfindən verilən yüksək
qiyməti isə həmişə fərəflə deyirdi. Belə ki, həmin vaxtı Təvəkgül Yaqub
oğlu Məmmədov prezident İlham Əliyevin sərəncamı
ilə ölkənin ən ali mükafatlarından birinə,
“Şöhrət” ordeninə layiq
görülmüşdü. Həyatını şam kimi bu
şəhər üçün yandıran Təvəkgül
Yaquboğlunun əməyinə verilən bu qiymət həmin vaxtı bütün sumqayıtlıların
ürəyincə olmuşdu. Ölkənin belə
böyük ali mükafatını alması münasibəti
ilə çoxlu təbrik zəngləri, teleqramlar və məktublar
gəlmişdi həmin vaxtı Təvəkgül müəllimə.
Həmin məktubların, teleqarmların da demək olar
ki, çoxunu mən oxumuşdum. Çünki 2003-cü ildən
başlayaraq mən Təvəkgül Məmmədovla
bağlı 10-dan çox məqalə, portret yazısı,
müsahibələr yazmışdım. Bütün bu
yazılarla bağlı onunla tez-tez təmasda olmuşdum. Bu insanın böyüklüyü onda idi ki, ona
pislik edən, haqqında qərəzli fikirlər
danışan, onu var qüvvələrilə çirkaba
batırmağa çalışan, həmin fikirləri hətta
mətbuata çıxaran qəlbiqara, paxıl adamlar
haqqında Təvəkgül müəllim heç bir pis
söz deməmişdi. Bu, əsl kişi, əsl
ağsaqqal hərəkətinə görə Təvəkgül
Yaquboğlu mənim gözümdə çox
böyümüşdü. Ucalmışdı. Ona dövlət
rəhbəri tərəfindən “Şöhrət” ordeninin
verilməsi isə həmin adamlara elə bil ki, zərblə dəyən
bir şillə oldu. Təvəkgül Məmmədova
çirkab atam həmin adamlar isə uzun illər Sumqayıtda
heç bir xeyir-şər məclisinə də gedə
bilmirdilər. Çünki sumqayıtlılar onlara nifrətlə
baxırdılar. İndinin özündə də həmin
adamların Sumqayıtda heç bir hörməti yoxdur...
Təvəkgül Məmmədovun 45 ildən
artıq rəhbər vəzifələrdə işlədiyi
vaxtlarda yalnız bir amalı, bir istəyi olub. Həmişə
söz düşəndə də o, amalını və istəyini
bu sözlərlə ifadə edirdi: “ Hər bir insan öz
gücü və imkanı çərçivəsində
doğma şəhərinə, elinə, obasına,
qohum-qardaşına, ailəsinə köməklik edir. Bu
köməklikləri etməklə də o, mütləq
öz xalqına köməklik etmiş olur. Yəni hər bir
insan xalqın nümayəndəsidir. Amma rəhbər
işçinin isə cavabdehliyi daha böyükdür. Rəhbər
işçi ilk növbədə fikirləşməlidir ki,
mən xalqıma köməklik edirəm. Deməli, həmin rəhbər
təkcə ailəsinə, qohum-qardaşına,
dost-tanışına yox, ən əsası xalqına köməklik
etməlidir. Əgər rəhbər işçi xalqına
köməklik etmirsə, onun rəhbərliyi də müvəqqətidi.
Mən də bütün bunları rəhbərlik etdiyim 45
ildən çox müddətdə özümün ali məqsədim,
amalım bilmişəm. Heç bir işçini, heç
bir insanı öz ailə üzvlərimdən
ayırmamışam. Əslində onlara ailə üzvlərimdən
daha çox köməklik etmişəm. Qayğı göstərmişəm.
İndi də həmin amala xidmət edirəm. Mənim xəmirim
belə yoğrulub. Nə qədər ki,
canımda can varsa, belə də davam edəcək”.
Bu amal həqiqətən də Təvəkgül müəllimin
ömrünün son günüə qədər belə də
davam elədi.
O, əsl xeyirxah kişi ömrü
yaşadı. Xeyirxah iş, xeyirxah söz,
xeyirxah əməl sahibi olmaqla insanların qəlbində
özünə əbədilik heykəl qoydu.
Mən fikirləşirdim ki, elegiyamı elə belə də
bitirim. Amma yadıma saldım Təvəkgül müəllimlə
3-4 ay bundan əvvəl olan son görüşümüzü
və son söhbətmizi. Belə ki, mən
istəyirdim Sumqayıt şəhərinin 70 illik yubileyilə
bağlı onunla fikir mübadiləsi aparım. O
vaxtı biz onunla həmsöhbət olduq. Həmin
müsahibəni də 70 illik ərəfəsində oxuculara
təqdim etmək istəyirdim. Fikirləşirdim
ki, bu elə Təvəkgül müəllim üçün
də bir sürpriz olar. Amma sən
saydığını say, gör fələk
nə sayır...
İndi
tamaşaçı zalında dayanıb, onunla olan son
görüşümüzü xatırlayıram... Bir daha təsdiqləyirəm ki, Təvəkgül
müəllim həqiqətən müdrik və uzaqgörən
şəxsiyyət idi. Həmin müsahibədə
o, Sumqayıt və sumqayıtlılarla bağlı necə
maraqlı fikirlər demişdi.
Təvəkgül müəllimi son mənzilə yola
salandan sonra, yol boyu evə gəldikcə fikirləşdim ki,
bu elegiyanı elə onunla olan axırıncı müsahibəmlə
tamamlayım.
Və evə gəlib, kompüterin
qarşısına keçdim. O, verdiyim suallara
ağsaqqal müdrikliyi və dərin siyasətlə belə
cavablar vermişdi. Yuxarıdakı fikirlərimi
yazandan sonra həmin müsahibəni də bura əlavə elədim.
Son
görüşümüz, son müsahibəmiz
- Təvəkgül
müəllim, işsizlik sizi yormur ki?
-Uzun illər
işləyən, istirahət nə olduğunu bilməyən,
həyatını insanların güzəranının
yaxşılamşasına sərf eləyən insanın indi
evdə oturması əlbəttə, çətindir. Amma mən demək olar ki, tək olmuram. Tez-tez yanıma keçmiş işçilər,
dostlar gəlir və məni darıxmağa qoymurlar. Bir az da bu xəstəlik mənə qarşı
“soyuq” münasibət göstərir. Nə isə
mənimlə “yola getmir”. ( Özünə
məxsus gülüşlə gülümsünür. Başa düşürəm ki, xəstəliyə
təslim olmaq istəmir.)
-Siz iradəsi
çox möhkəm olan kişisiniz. İnanmıram
ki, xəstəliyə təslim olasınız.
-Əlbəttə, xəstəliyə təslim
olsaydım, indi çoxdan dünyamı dəyişmişdim. Hələ
ki, mən ona güc gəlirəm. Gör neçə dəfə
əməliyyat olmuşam... Ölüb-ölümdən
qayıtmışam. Allahıma çox
şükür olsun ki, indi yaxşıyam. Ümumiyyətlə
mən heç vaxt Böyük Tanrıya asi
olmamışam. Çünki valideyinlərim
namaz qılan, İslam dininə sitayiş eləyən olublar.
Özüm də hələ Sovetlərin
vaxtından dinə inanan, onun qanunlarına tabe olan olmuşam.
Böyük Yaradan da ən çətin,
ağır məqamlarımda belə mənə köməklik
eləyib, yol göstərib. Ulu Tanrını həmişə
yanımda hiss eləmişəm. Ondan güc,
qüvvət almışam.
- Siz 45
ildən artıq bir müddətdə çoxlu yüksək
rütbəli insanlarla təmasda olubsunuz. Onların
yaxşı və pis cəhətlərini
görübsünüz. Bu günkü Azərbaycanın
dövlət quruculuğuna münasibətiniz necədir?
- Mən
qətiyyətlə deyə bilərəm ki, bu gün ölkədə
gedən daxili və xarici siyasət yüksək səviyyədədir.
Buna görə böyük iftixar hissi
keçirirəm və belə deyirəm. Qoy
Böyük Yaradan prezidentmizə həmişə kömək
olsun. Bu köməyin sayəsində də
ölkədə və ondan kənarda baş verən problemlərin
öhdəsindən yüksək səviyyədə gələ
bilsin. Çünki biz, müharibə
şəraitində yaşayırıq. Hətta
qonşularımız olan bəzi respublikalarda bizim bu
uğurlarımıza sevinməyənlər, var qüvvələri
ilə buna mane olmaq istəyənlər də çoxdur.
Mən mübaliğəsiz deyə bilərəm
ki, bu vaxta qədər gördüyüm ölkə rəhbərləri
içərisində Ulu Öndərdən sonra, yalnız
İlham Əliyev prezident kimi xalqın böyük hörmətini,
etimadını qazanıb. Xalqın belə
yüksək məhəbbətini, etimadını qazanmaq isə
hər rəhbərə nəsib olmur.
- Sumqayıt
bütün bu illərdə Sizin
gözünüzün qarşısında tikilib və
günü-gündən gözəlləşib. Sumqayıtın 70 illik yubileyi ərəfəsində
bu şəhər və onun qurucuları haqqıda nə deyə
bilərsiniz?
-
Sumqayıtın inkişafı və onun quruculuğu, burada
işləyən, mənim gözlərim qarşısında
ucalan insanlarla bağlı bir neçə cild kimtabın
yazısı qədər danışa bilərəm. Özü də bu fikirlərin çoxu hələ
heç yerdə yazılmayıb. Yəni
deyəcəklərim bir müsahibənin mövzusuna
sığışmaz. Gərək siz
yazarlar bunları çoxdan yazaydınız. Əgər
70 ildə elə Sumqayıtda olan əsas hadisələr, tikilən
zavodlar, fabriklər, sosial obyektlər, salınan yollar, parklar və
orada çalışan insanlar haqqında lazım olanlar
yazılsaydı, bu şəhər və onun insanları
haqqında ən azından 100 cild kitab yazılardı. Əfsus ki, bunlar yazılmayıb. Mən Sumqayıta gəldiyim ilk günlərdən
başlayaraq, müəssisə rəhbəri və şəhər
rəhbərlərindən biri kimi, burada gedən bütün
işlərin aparıcı iştirakçılarından
biri olmaqla, həm də mərkəzində olmuşam. Belə ki, mən Sumqayıta 1966-cı ildə gələndə
o vaxtlar bu şəhərin heç yarısı tikilməmişdi.
Elə həmin vaxtlardan da bu şəhər mənim
gözlərim qarşısında, iştirakımla, rəhbərliyimlə
tikilib. Küçələr, parklar,
meydançalar salınıb. Mən bura gələn
vaxt Sumqayıt artıq qaynar bir şəhər idi və
getdikcə bu qaynarlıq artırdı. Yeni
müəssisələr, sexlər tikilirdi. Ölkə rəhbərləri tez-tez Sumqayıta gəlirdi.
Xüsusi ilə də ulu öndər Heydər
Əliyev. Onun bu şəhərə 19 dəfə
gəlişinin ən yaxın şahidi,
iştirakçısı və bu görüşlərin təşkilatçılarından
biri olmuşam. Sumqayıtın inkişafı
Sovetlər Birliyi dağılana qədər
ölçüsü olmayan, iri addımlarla gedən bir
inkişaf idi. 1991 və 1993-cü illər
isə Sumqayıt üçün durğunluq illəri oldu.
Bəzi adamlar kimya və sənaye müəssisələrinə
bilərəkdən böyük ziyan vurub, onları
dağıtdılar. Belə nakəslərin
ucbatından xalqa, dövlətə milyardlarla ziyan dəydi.
Həmin vaxtı vətəndaş müharibəsi
ərəfəsibdəydik. Yaxşı
ki, 1993-cü ildə Ulu Öndər xalqın istəyi və
təkidi ilə ölkə prezidenti seçiləndən
sonra məmləkətimizdə yenidən dirçəliş
başladı. Dahi rəhbər, ona inanan
xalqın köməkliyi ilə ölkəni
düşdüyü ağır vəziyyətdən
çox çətinliklə də olsa yavaş-yavaş
çıxarmağa başladı. O vaxtlar dahi rəhbərimizlə
bağlı çoxlu şüarlar yaranmışdı. Özü də bu şüarlar ziyalılar, rəhbərlər
tərəfindən yox, sadə, zəhmətkeş,
torpağını, millətini sevən insanlar tərəfindən
yaranırdı. Ona görə də mən
həmişə deyirəm. Heydər
Əliyevi ölkəyə gətirən, yenidən ölkə
başçısı vəzifəsinə qaldıran Azərbaycan
xalqı olub. Ulu öndər də ikinci dəfə
hakimiyyətə gəlişilə xalqın bütün
ümidlərini doğrultdu. Vətəndaş
müharibəsinin, qardaş qırğının, ölkənin
bir neçə yerə parçalanmasının
qarşısını aldı. Artıq
2000- ci ildən başlayaraq, Azərbaycan MDB məkanında ən
qüdrətli dövlətlərdən biri oldu. Bu gün də həmin uğurlar mətin
addımlarla irəliyə doğru gedir. Azərbaycanın
iqtisadiyyatı, kənd təsərrüfatı, sənayesi
sürətlə inkişaf edir.
Qaldı Sumqayıtla bağlı onu vurğulayım ki,
Allahımdan çox razıyam vaxtı ilə Sumqayıta
yaşamağa, işləməyə gəlmişəm və
həyatımın ən xoş, maraqlı, ağır,
keşməkeşli günləri, illəri məhz bu şəhərdə
keçib. Minlərlə insanlar kimi bu şəhər mənim
də tale şəhərim olub.
-
Ömrünün müdriklik zirvəsinin ikinci pilləsinə
qədəm qoyan, artıq 79 yaşı dekabr ayının
30-da tamam olacaq Təvəkgül Məmmədov
keçmiş illəri yada saldıqda əsasən nələri
düşünür?
- İlk öncə Sumqayıta gəldiyim vaxtlardan təmasda
olduğum insanları, rəhbər vəzifədə
çalışanları daha çox xatırlayıram. Birinci də Zəmin
Hüseynovu. Mən həmişə deyirəm
ki, o, mənim istehsalatda ilk müəllimim olub. Sonra Nurəddin
Babayevi, Nərçə Ağayevi, Əliş Mustafayevi, Fərhad
Zeynalovu, İzzət Sadıxovu, Ucal Qazımzadəni, Adil Məmmədovu,
Vahid Bayramovu, Baloğlan Bayramovu, Zeynal Hüseynovu,
Cümşüd Kərimovu və onlarca dünyasını dəyişən
rəhbər vəzifədə çalışan
insanları tez-tez xatırlayıram. Bu insanlar
Sumqayıt kimya sənayesi üçün böyük
işlər görüblər. Bu gün
sağ olan və Sumqayıt üçün əvəzsiz
işlər görən insanlar da çoxdur.
-Bəs
onlardan kimlərin adını çəkə bilərsiniz?
-Onlardan
Fikrət Sadıxov, Maqsud Maqsudov, Hüseyn Muxtarov, Əlqəmə
Orucov, Şakir Abuşov, Zakir Fərəcov, Təbrik Quliyev,
Eldar İsmayılov, Qadir Süleymanov, Qüdrət Kərimov,
Əbülfəz Babayev, Akif Zeynalov, Akif Həsənoğlu (
Zeynalov), Şakir Həsənov, İslam İslamov, Mehman
Ömərov, Aftandil Nuriyev, Seyfulla Əsadullayev, Fəxrəddin
Rəhimov və onlarca başqaları tez-tez yadıma
düşür. Eləcə də elm, təhsil,
səhiyyə, mədəniyyət, idman sahəsində
çalışıb böyük uğurlar əldə
etmiş, Sumqayıt üçün əvəzsiz xidmətləri
olan yüzlərlə insanların adını çəkə
bilərəm. Ümumiyyətlə o
vaxtlar rəhbər vəzifədə işləyənlərin
hamısı haqqında yalnız xoş sözlər deyə
bilərəm. Onlar öz işlərinin
fanatiki olublar. İndi də yadıma
düşəndə gülürəm ki, o vaxtlar təsadüfən
axşam saat 10-da evə gələndə uşaqlar təəccüb
edirdilər ki, nə əcəb belə tez gəlmişəm.
Çünki biz, həyatımızın
çox hissəsini işdə, istehsalatda keçirirdik.
Ona görə də şəhər və onun
sənayesi inkişaf edirdi. Zavodlar, fabriklər,
müəssisələr var gücü ilə işləyirdi.
Şəhərdə çoxlu
yaşayış evləri tikilirdi. O vaxtın rəhbərləri
təkcə təşkilatçı direktor yox, həm də
yaxşı mühəndis və mütəxəssis idilər.
Dövlət əmlakını göz bəbəyi
kimi qoruyurdular. Dövlətin bir
manatının da itkisinə yol vermirdilər. Onlar təkcə öz işləri ilə yox, həm
də işçilərinin ailə vəziyyəti,
onların güzəranı ilə çox
maraqlanırdılar. Onların güzəranının
yaxşı olmasına çalışırdılar. Mən Sumqayıtdakı Polimer Tikinti Materialları
Kombinatında rəhbər kimi əmək fəaliyyətinə
başlayanda bu şəhərə Sabit Abbasəliyev rəhbərlik
edirdi. Məni ilk dəfə şəhər
partiya komitəsinə o dəvət etmişdi. Öyrəndim ki, o da Neft-Kimya İnstitutunu
qırmızı diplomla bitirib. Mənə çoxlu
suallar verdi. Cavablarımdan
razı qaldı. Ondan sonra bu şəhərə
Kamran Bağırov, Şənlik Əliyev, Cahangir
Müslümzadə, Zülfü Hacıyev, Eldar
İsmayılov, Şakir Abuşov rəhbərlik ediblər.
Onlarla bir yerdə işləmişəm. Şəhər partiya komitəsinə rəhbərlik
edən bu insanlar həm nəzəri, həm də praktiki cəhədən
savadlı idilər. Çünki o vaxtlar
bu şəhərdə kimya, metallurgiya,
maşınqayırma, yeyinti sənayesi, yüngül sənaye
çox inkişaf etmişdi. Bütün
bu müəssisələrin rəhbərlərinə tutarlı
söz demək üçün gərək hökmən bu
sahələri onlardan yaxşı bilməli idin. Təkcə sizə bir faktı deyim. Birinci il yəni 1982-ci ildə mən İcraiyyə
Komitəsinin sədri olanda 160 min kvadrat metr mənzil
binalarının tikilməsinə rəhbərlik edirdim.
Sumqayıtda keçən əsrin 80-ci illərində hər
il ən azı iki bağça, iki məktəb,
bir xəstəxana tikib istifadəyə verirdik.
- Bəs
siz Sumqayıta gələndə bu şəhərdə vəziyyət
necə idi?
-Mən
1966-cı ildə Sumqayıta işləməyə gələndə
9-cu mikrorayon təzəcə tikilməyə
başlayırdı. Həmin vaxtdan gör şəhərdə
neçə mikrorayon və məhəllələr tikilib.
1981-ci ildə İcraiyyə Komimtəsinə
müavin təyin olunanda şəhərdə ilk 14 mərtəbəli
binanın artıq birinci mərətəbəsi tikilmişdi.
Biz qısa vaxtda bu binanı tikib təhvil verdik.
Demək istəyirəm ki, həmin vaxtlar
Sumqayıtda inkişaf çox sürətlə gedirdi. Ölkə rəhbərliyi də, şəhər rəhbərləri
də Sumqayıtın inkişafına ciddi fikir verirdilər.
- Bir
vaxtlar deyirdilər ki, Sumqayıt Bakı şəhərini
kadr potensialı ilə təmin edir.
- Bu fikir
tasmamilə düzdür. Çünki
Sumqayıt yarandığı ilk illərdən başlayaraq,
Respublika rəhbərliyinə çoxlu aparıcı kadrlar
verib. Mən onlarla belə insanların
adını çıkı bilərəm. Bu insanlar təkcə prezident adminstrasiyasında yox,
həm də ayrı-ayrı nazirliklərin aparıcı
işçiləridirlər. Bu gün Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini, Əli Həsənov
Sumqayıt üçün çox böyük işlər
görmüş bir insandır. O, elə cavanlıq illərindən
cavabdehli, təşkilatçı insan olmaqla özünü
yaxşı rəhbər kimi sübut edib. Ona
verilən tapşırıqları yerinə yetirməyincə
rahat yata bilməzdi. Onda olan həmin xasiyyət
bu gün də davam edir. O, Qaçqınlar Komitəsinə
rəhbərlik etdiyi vaxtlarda, qaçqınlar
üçün tikilən şəhərciklərdə, qəsəbələrdə
onun da zəhməti çoxdur. Bütün
bunlar da şüar yox, mənim gözlərimin
qarşısında baş verən,
iştirakçısı olduğum əsl işlər, hadisələrdir.
-Sumqayıt
bir vaxtlar keçmiş Sovetlər Birliyində ən
internasional şəhərlərdən biri
sayılırdı.
-Bəli.
Yadımdadır ki, SSRİ-nin tərkibində
olan 15 respublikanın hər birindən şəhərimizə
çoxlu insanlar dəvət olunurdu. Və
onların hamısının iştirakı ilə
Sumqayıtda geniş miqyaslı tədbirlər keçirirdik.
Həmin respublikaların şəhərimizdə
keçirilən günlərində isə axtarıb
Sumqayıtdan internasional ailələr tapırdıq. Elə ailələr vardı ki, orada dörd-beş
millətin nümayəndəsi vardı. Onları
səhnəyə dəvət edib, ürək sözlərini
dinləyirdik. Təkliflərinə qulaq
asırdıq. Yəni Sumqayıt həmin
vaxtdan internasional şəhər idi və bu gün də
çoxmillətli şəhər olaraq qalır. Burada heç bir millətə fərq qoyulmur. Bütün millətlər bir-biri ilə mehriban
yaşayırlar. Bu millətlərin də
çoxu Sumqayıt şəhəri tikilməyə
başlayanda bura gələn insanlardır. Onlar şəhəri tikəndə çox
böyük çətinliklər çəkiblər. Çünki qumsal, səhra olan, ağac bitməyən
bir yerdə şəhər salmaq sizə elə də asan gəlməsin.
Buradakı ağacları, gülləri,
yaşıllıqları biz çox çətinliklə
göyərtmişik, böyütmüşük. Hər bir ağacın ərsəyə gəlməsində
böyük zəhmətlər çəkmişik. Bu şəhərdəki canlı ensiklapediya olan
yaşlı insanlardan siz şəhərin tarixi ilə
bağlı çox şeyləri öyrənib, yazıya
köçürə bilərsiz ki, gələcək nəsillər
oxuyub, Sumqayıtın tarixini yaxşı öyrənsinlər.
Bizim yaratdıqlarımızı göz bəbiyi
kimi qoruya bilsinlər. Sumqayıt təkcə
keçmişin, bu günün yox, həm də gələcəyin
şəhəridir. Özü də gələcəyin
ən gözəl, ən müasir şəhərlərindən
biri olacaq Sumqayıt. Çünki bu şəhərin
quruculuğu bu gün də möhkəm əllərdədir.
Zakir Fərəcovun 4 ildə Sumqayıt
üçün gördüyü işləri danmaq olmaz.
O, bu son illərdə Sumqayıtda möcüzələr
yaradıb. Şəhər həqiqətən
günü-gündən gözəlləşir. Zakir Fərəcov hələ bir vaxtlar Sumqayıt Mənzil
Təsərrrüfatına rəhbərlik etdiyi vaxtlarda da
çox işlər görmüşdü. Biz onunla birlikdə bir vaxtlar Sumqayıta rəhbərlik
etmişik. Mən şərər İcra
Hakimiyyətinin başçısı və o, Sumqayıt Bələdiyyəsinin
sədri kimi. O vaxtlar da biz, Sumqayıt üçün
çox işlər görmüşük. Onu
da vurğulayım ki, Sumqayıt daim dövlət
qayğısı ilə əhatə olunmaqla, bu gün də
möhtərəm prezidentimiz İlham Əliyevin nəzarətindədir.
Şəhərin rəhbərliyi də ölkə
başçısının onlara olan bu etimadını inamla
doğruldurlar. İnanıram ki, biz tezliklə
Sumqayıtın ikinci intibah dövrünü görəcəyik.
Artıq həmin intifab dövrü
başlayıb. Mən ona da inanıram ki,
Sumqayıt şəhərinin 70 illik yubileyi təkcə
Sumqayıtda yox, Respublikada ən böyük və möhtəşəm
bir bayram kimi keçiriləcək. Təki sağlıq
olsun və biz hamımız bu bayramı görək... Mənim həmin yubileydə deyəcəyim
çoxlu sözlər, fikirlər var.
P.S. Bəli. Təvəkgül müəllim çox
istəyirdi ki, bu bayramı görsün. Mən
onunla görüşəndə gümrah idi. Yaşamağa da həvəsi, istəyi çox idi.
Mənim üçün bir nisgil qaldı ki, Təvəkgül
müəllim həmin yubileydə hansı maraqlı fikirləri
deyəcəkdi... Həmin deyəcəyi fikiri də
o vaxt ondan soruşmadım. Əfsus ki,
bizim ağsaqqalımıza da ömür vəfa eləmədi
ki, həmin yubileydə iştirak eləsin. Allah Sizə rəhmət eləsin, bizim əziz,
sevimli, müdrik ağsaqqalımız Təvəkgül
Yaquboğlu. Qəbrtiniz nurla dolsun.
Yadımdadır ki, siz Sumqayıt
ziyalılarını da çox sevirdiniz. Onlarla tez-tez
görüşürdünüz. Onların bütün
problemlərini yerindəcə həll eləyirdiniz. Bu haqda həmişə
belə deyirdiniz: “Ziyalı millətin bel sütunudur”. Ədəbiyyat
və incəsənət sahəsində
çalışanlar arasında sizin dostlarınız da
çox idi. Elə mən bunun şahidiyəm ki, siz, dünya
şöhrətli bəstəkar Arif Məikovla çox
yaxın dost idiniz. Onunla olan söhbətlərinizin mən bir
neçə dəfə şahidi olmuşdum. Sizin
dostlarınızdan biri, Azərbaycan ədəbiyyatının
inkişafında əvəzsiz xidmətləri olan,
cavanlıq illərindən taleyini Sumqayıtla bağlayan,
Əməkdar mədəniyyət işçisi Əşrəf
Veysəlli idi. Əşrəf müəllim də həmişə
sizin xeyirxah əməllərinizin Sumqayıtda ən böyük
təbliğatçılarından biridir. Siz ona hörmət
əlaməti olaraq “Şair” deyə müraciət edirdiniz.
Siz, Əşrəf Veysəlliyə də ən çətin
məqamlarında lazım olan kimi köməklik edibsiniz. Onun
övladlarının işlə təmin olunmasında da sizin
xidmətiniz çox olub. Ona görə də mən bu
elegiyanı onun sizə həsr etdyi bu şeirlə tamamlamaq
istəyirəm.
Elə ki, dərdlərim başımdan
aşar,
Bahar da gözümə qış görünərdi.
Yaxış ki, dünyada yaxşılar
yaşar,
Yoxsa bütün dünya boş görünərdi.
Ağalar
İDRİSOĞLU,
Yazıçı,
rejissor, jurnalist,
Əməkdar incəsənət xadimi
İdris Ağalaroğlu
Azad azərbaycan.-
2019.- 9 iyul.- S.7