O, çox elmli və cəsarətli müəllim idi!!!

 

 (Müdrik müəllimim Şirməmməd (Müdrik müəllimim Şirməmməd Hüseynovun əziz xatirəsinə)

 

 

Hüseynovun əziz xatirəsinə) $c R. RəhimliHələ sovetlər ölkəsinin qan-qan dediyi bir vaxtlarda Şirməmməd müəllim auditoriyada cəsarətli çıxışları ilə bizi heyrətə salırdı. Bizim nəzərimizdə o, qorxmaz bir qəhrəman idi. Biz III kursda təhsil alarkən partiya sovet mətbuatı fənnini tədris edirdi. Buna baxmayaraq, elə sovetlər birliyinin partiya-sovet mətbuatının daxilindəki bir sıra ədalətsizliyi, xoşagəlməz nüansları, mərkəzin (o zaman paytaxt Moskva şəhəri idi) əyalətlərdəki qəzetlərə çox ciddi siyasi tələblərini, lakin bunun müqabilində az maliyyə vəsaiti ayrılmasını da qeyd edirdi. Şirməmməd müəllimin belə bir cəsarəti bizi heyrətə salırdı.

Mənim müəllimim bütün düşüncəsi, ağlı və fəaliyyəti ilə demokratik ruhlu, demokratik düşüncəli idi. Az qala, Xalq Cümhuriyyəti ilə həmyaşıd olan müəllimim bir azadlıq mücadiləsi aparırdı. Deyim ki, bu gün bizim müasir qüdrətli ölkə rəhbərlərimizin misilsiz xidmətləri nəticəsində müstəqil, azad düşüncə ilə yaşayırıqsa, bu çətin və mürəkkəb yolda dəstək verənlərdən, mücadilə edənlərin cərgəsindəki ilk sırada mənim əziz müəllimim Şirməmməd Hüseynov dayanırdı və onun böyük xidmətləri vardır!

Mənim müəllimim tələbələrinin Azərbaycan jurnalistikası korifeylərinin həyat və yaradıcılığını mənimsəməsindən ötrü çox ciddi və tarixi araşdırmalar aparmış və bu irsin mənimsənilməsi üçün bütün istedad və bacarığını sərf etmişdir. Həsən bəy Zərdabi, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli kimi Azərbaycan klassik jurnalistikasının tarixində özlərinə layiq yer tutmuş şəxsiyyətlərin publisistik və bədii-publisistik janrlarda yazdıqları əsərlərinin, onlkarın bədii-estetik dəyərinin, eyni zamanda ideya istiqamətinin öyrənilməsində misilsiz xidmət göstərmişdir və bu sahədə çox sayda elmi məqalələr və elmi-nəzəri təhlillər əsasında kitablar yazmışdır. Şirməmməd müəllimin xoşuma gələn ən gözəl insani və təvazəkar xüsusiyyətlərindən biri də bu idi, o, heç vaxt tələbələrinə “kitablarımı, məqalələrimi” oxuyun demirdi.

 

Şirməmməd müəllimin mənim həyatımda rolu

 

Mən hələ ali təhsil almadan redaksiyaya işə dəvət olunmuş, yeddi il korrektor kimi fəaliyyət göstərmiş, qəzet işinin incəliklərinə bələd olduqdan sonra tələbə adını qazanmışdım.

II kursu bitirdikdən sonra yay tətilində hələ yeniyetmə çağlarından ara-sıra yazdığım, bəzilərini isə çap etdirdiyim mənsur şeir nəzəriyyəsi üzərində işləməyə başladım. III kursun ilk dərs günlərində hələ ali təhsil almadan çalışdığım redaksiyada tanış olduğum professor Nurəddin Babayevə verdim ki, fikrini söyləsin. Bir neçə gündən sonra Nurəddin müəllim bildirdi ki: “Sənin elmi işini Şirməmməd müəllimə təqdim etmişəm. Müdafiə məsələlərini o, daha yaxşı bilir, səni lazımi qaydada istiqamətləndirər.” Ciddiliyində və qətiyyətindən çəkindiyim Şirməmməd müəllim məni çağırıb, heç gözləmədiyim səmimiyyətlə dedi:

-Sən tələbə kimi böyük inqilab eləmisən. Onu da bilməlisən ki, bizdə tələbəyə namizədlik dərəcəsi almaq üçün elmi müdafiəyə icazə verilmir. Ümumiyyətlə, bizim müdafiə işlərimiz filologiya fakültəsində həll olunur. Buna baxmayaraq, sən tələbəlik illərində bu tarixi və nəzəri təhlillərini daha da təkmilləşdirə bilərsən. Bu maraqlı işi ölkəmizdə bu sahədə xüsusi uğurları olan Gülhüseyn Hüseynoğluna verdim. Haqqında fikrimi dedim. Get onunla görüş.

Gülhüseyn müəllim, eləcə də filologiya fakültəsinin dekanlığında olan digər pedaqoqlar məni çox hörmətlə qarşıladılar. Əlbəttə, bu Şirməmməd müəllimin hörmətinə görə idi. Hamı bilirdi ki, Şirməmməd müəllim hər tələbəni tapşırmaz, ümumiyyətlə, “tapşırıq” məsələlərindən zəhləsi gedirdi. Gülhüseyn müəllim bildirdi ki, sən dövlət imtahanından sonra gələrsən, nə edəcəyimizi danışarıq. Çox maraqlı bir iş yazmısan, biz o işi lazımi qaydada püxtələşdirərik.

Artıq universiteti bitirərkən dövlət imtahanından sonra dəhlizdə dayanmışdım. Laborantlardan biri mənə yaxınlaşdı. Bildirdi ki, Gülhüseyn müəllim filologiya fakültəsində məni gözləyir. Həmin vaxt Şirməmməd müəllimi də kənardan məni müşahidə etdiyini görmüşdüm. Bu qədər dəqiqlik, qarğıkeşlik hər müəllimə xas deyildi. Gülhüseyn Hüseynoğlu ilə yenidən görüşdük...

Bu əhvalatları geniş şəkildə yazmaq istəmirəm. Bir müəllimin tapşırıqsız, heç bir qohumluq əlaqəsi olmayan lənkəranlı balasına bu cür qayğısı qəlbimi riqqətə gətirdi. Gəlib ona təşəkkürümü bildirdim. Müdafiədən imtina etməyimin səbəbini açıqlayanda dedi: “Çox təəssüf! Gərək belə olmayaydı!..

 

Müəllimim məni sınadı...

 

Jurnalistika fakülltəsində bizə ixtisas fənni tədris olunurdu. Bu fənni dosent Yalçın Əlizadə tədris edirdi. IV kursda – 11 yanvar 1988-ci il tarixdə bu fəndən imtahan salınmışdı. Dəhlizdə müəllimi gözləyirdik. Bir də gördük ki, Şirməmməd müəllim gəldi. Bu vaxta qədər də Şirməmməd müəllim haqqında qəribə fikirlər eşitmişdik: “O, heç kəsi eşitmir... Kəsdiyi tələbənin daydayı ÇK-da olsa da, ondan qiymət ala bilməz” və s. Dəhlizdə dayanan digər qrupların uşaqları da Şirməmməd müəllimi görüb qorxu mənasında bizə qaş-göz etdilər. Düzü, mən çaşdım: “Axı, bu müəllim – o cür elm sahibi, elə cəsarətli çıxışları olan bir şəxsiyyət yəni tələbənin qiymətini kəsər?”

Biz auditiyaya daxil olduq. Həmişə olduğu kimi, yenə də mən birinci bilet çəkib oturdum. Şirməmməd müəllim ara-sıra dərədən-dağdan danışsa da, əslində bilet çəkib oturanları nəzarətdə saxlayırdı ki, görsün nə ilə məşğuldurlar. Səsinə də bir mərhəmlik qatmışdı. Həmişə ciddi görünən, ona yaxınlaşmağa belə qorxduğumuz bu müəllimin üzündə təbəssüm vardı. Cəmi üç-dörd dəqiqədən sonra mən hazır olduğumu bildirdim. Bu, qrup üzrə ilk tələbə demək idi. “Yox, dedi- sən bir az da hazırlaş. Şirməmməd müəllimə cavab verməyi bir elə də asan bilmə.” Hardasa imtahan başlayandan təqribən on dəqiqə sonra icazə verdi ki, suallara cavab verim.

Mən imtahan biletində olan iki suala cavab verdikcə onun üzündə az sezilən təbəssüm vardı. Cavabımdan razı qaldığını imtahanın sonunda bildim, bu barədə sonra.

Üçüncü sual reportaj janrı haqqında idi. Mən təcrübədə - rayon qəzetində və radioada öyrəndiklərimlə yanaşı, verilən bütün ədəbiyyatdakı janra dair elmi şərhləri oxumuşdum. Nə bilirdimsə, danışdım. Şirməmməd müəllim məni çox diqqətlə dinləyirdi. Axırda bu janra aid elə fikirlər söyləməyə başladı ki, mən təəccüb qaldım. Axı, janr üçün həm Azərbaycan, həm də rus mətbuatından verilən elmi mənbələrdə belə bir məlumat yox idi. Soruşdu:

-Bəs, bunları niyə oxumamısan?

-Verilən heç bir ədəbiyyatda sizin dediklərinizə rast gəlməmişəm.

- O da Şirməmməd müəllimin kəşfidir,-deyib gülümsədi.

Üstümdən sanki bir yük qalxdı. Mən də gülümsəyib dedim:

-Siz də bu janr barədə kitabınızı çap elətdirərsiniz, onu da oxuyub cavab verərəm.

Şirməmməd müəllim üzünü tutdu auditoriyaya:

-Baxın, uşaqlar, Rafiq başqa tələbələrdən fərqli olaraq, demədi ki, elə bir kitab görmüşəm, oxumuşam, amma həyəcandan unutmuşam. Çünki o, verilən bütün ədəbiyyatla tanış olub, yaxşı da cavab verdi. Mən bu əhvali-ruhiyyəmizi pozmaq istəmirəm. Kim Rafiq kimi cavab verəcəksə, gəlsin, əks-təqdirdə hamınıza “yaxşı” yazacağam.

O, qiymət kitabçamda “əla” yazdı. Məndən sonra heç kəsdən soruşmadı. Beləliklə, imtahan on-on beş dəqiqə ərzində bitdi. Biz dəhlizə çıxanda hamı təəccüb qaldı. “Hamınızı kəsdi?”-deyə soruşdular.

Bu zaman mənim daxilimdə fərəhimlə yanaşı bir qənaətim də vardı: “Heç bir vicdanlı müəllim bilikli tələbəsini kəsməz (hərçənd ki, belə pis hadisə iki başqa müəllimin simasında mənim başıma gəlmişdi), əksinə ona dayaq olar.”

Bir daha əmin oldum ki, mənim ən yaxın dostum elmdir. Həqiqi elmli insanlar istedadlı tələbələrini övladları kimi sevirlər. Şirməmməd müəllim hələ bura qədər elmi işimlə əlaqədar heç kəsi olmayan bir tələbənin qəlbində sənətinə, alicənablığına böyük məhəbbət hissi oyatmışdı. Bu hərəkəti ilə onu bir ata kimi sevdim. Tələbəlik illərində ölkənin bütün mətbuat orqanlarında çıxış edir, radioda verilişlər aparır, ara-sıra televizorda görünürdüm. Dekanlıqdan eşidirdim ki, Şirməmməd müəllim də haqqımda yaxşı fikirdədir, mənim çıxışlarımla maraqlanır. Bu da mənə çox ciddi məsuliyyət, özünə inam hissi aşılayırdı.

Bax, o inamın və məsuliyyət hissinin nəticəsidir ki, bütün janrları daha həssaslıqla, daha səylə öyrəndim. Şirməmməd müəllim kimi müəllimlərimin alicənablığının nəticəsidir ki, iyirmi ildir teatrda ədəbi-dram hissə rəhbəri (ədəbi hissə müdiri) vəzifəsində çalışıram. Bu, o deməkdir ki, mən bütün janrları yaxşı bilməli, təqdim olunan dramaturji materiallarda onun dəqiqliyinə dəyər verməyi bacarmalıyam. Hələ indiyə qədər kimsə deyə bilməyib ki, mən istedadsızam, bu vəzifəyə yaramıram!

***

64 yaşım var. Müəllimlərimi xatırlayanda hələ də canımdan gizilti keçir. Bu böyük elm fədailəri təkcə elm tarixində deyil, həm də öz tələbələrinin taleyində silinməz dərin izlər qoyublar.

Elmlə məşğul olanlar və elm öyrədənlər Uca Dərhagda xüsusi mərtəbə və hörmət sahibidirlər. Əminəm ki, əziz müəllimim, ORADA da yeriniz hörmət və mərhəmət qatındadır. Fəthiniz mübarək! Vətəninə sədaqət, xalqına hörmət, yetirmələrinə tələbkar və humanist olan bir şəxsiyyətin mükafatı məhz belə olmalıdır! Əvvəlcə müəllimimi yerdə müdrik dövlət rəhbərlərimiz tərəfindən, sonra da Öz Ucalıq Zirvəsində dəyərləndirdi. Bir müəllimin vida mərasimində ölkənin ən hörmətli, mötəbər xanımının – Birinci xanımın, Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı Sizə İlahi Mükafat deyilmi? Halal olsun!

Solmaz xatirəniz həmişə qəlbimdə yaşayacaq, mənim bəyaz saçlı, müdrik baxışlı müəllimim!

***

Əziz müəllimim! Siz mənə mənsur şeir elmi-nəzəri yaradıcılığımda dəstək oldunuz. Mən də bu mənsur şeiri Sizə həsr edir, Uca Allahdan Rəhmət diləyirəm, əziz müəllimim!

Gözəl nemət

(Mənsur şeir)

Könül evimdə bir bağ var. Oradakı təravətli çiçək kimi ətrinizi duyuram. Sizin ətrinizi, müəllimim!

O bağçanın bülbülünə çevrilərəm. Elə bir nəğmə oxuyaram ki, ana laylası tək pak olar. Bu paklığı siz öyrətmisiniz mənə.

Yollarıma nur çiləmisiniz ziyanızdan. O nura doğru yol gedirəm, müəllimim.Onu qorumuşam həmişə. Sizə hörmətimi qoruduğum kimi!

Yer üzünə bol nemətlər gətirən yağış tək yağarsınız üstümüzə - ziyanızı üstümüzə səpmək üçün.

Günəşə qoşulub nurunuzdan pay səpərsiniz üstümüzə - nurumuz bol olsun deyə.

Qərar tutduğunuz səmadan xeyir-dua səpərsiniz üstümüzə - elminizi, elimizi yaşatmaq üçün.

Könül evimizdə yaşarsınız bir xoş xatirə kimi!

Uca Dərgahdadır yeri elmlilərin, elm öyrədənlərin. Elmimiz üçün Yaratmışdı sizi. Bizim üçün yaratmışdı sizi! Onun yaratdıqlarında qüsur varmı? Onun verdiklərindən gözəl nemət varmı? Nəzəri həmişə üstünüzdə Olsun! Məzarınız nurla dolsun!

Rafiq RƏHİMLİ,

Əməkdar mədəniyyət işçisi,

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının

ədəbi-dram hissə rəhbəri

 

Azad azərbaycan.- 2019.- 23 iyul.- S.4