Zaman xəbərsizmi
ötdü?
Azərbaycan
xalqının bir xoşbəxtliyi də ondadır ki, bu millətin
qadın övladı bütün məqamlarda zərifliyini,
kövrəkliyini, ailəyə, övlada sədaqətini
qoruyub saxlayır.
Bəlkə də bu yerdə "qoruyub saxlayır"
ifadəsi doğru deyil, çünki bu qadın
sadaladığımız o keyfiyyətləri qəlbən
yaşayır və yəqin ki, o keyfiyyətlər
olmasaydı, bu qadın Azərbaycan qadını olmazdı. Mən bu
fikirlər ətrafında düşünəndə ilk
növbədə yaradıcılığına, millətə
sədaqətinə, vətəndaşlıq ləyaqətinə
xeyli dərəcədə bələd olduğum Sona
xanımı -Sona Vəliyevanı xatırlayıram.
Əlbəttə, Sona xanım Vəliyeva elmi-ictimai fikrin
çoxdan qəbul etdiyi istedadlı alimdir, poetik
yaradıcılığı, bədii sözü, orijinal
istedadı olan sənətkardır, zamanın aktual problemlərini
özünə tematika seçən publisistdir, evindən, ailəsindən
başlayıb milli qadın modeli səviyyəsinə yüksəlmiş
bir anadır, lakin həm də bütün bunların fonunda
Azərbaycan deyilən bir Vətən sevgisi ilə yaşayan
ləyaqətli vətəndaşdır. Yəqin
ki, "ləyaqətli vətəndaş"
anlayışı yuxarıdakı bütün epitetləri
özündə əks etdirir. Çünki
hər şey vətəndaşlıq ləyaqətindən
başlayır.
Sona xanım alim və tədqiqatçı kimi
Ümummilli liderimiz Heydər Əliyevin qürur hissilə
xalqa elan etdiyi milli ideologiyamızı-azərbaycançılıq
ideologiyasını özünə müqəddəs elmi
araşdırma sahəsi seçmişdir. Bu mövzu, bu
tədqiqat sferası Sona xanımda elə-belə
yaranmayıb. Sona xanım Vəliyeva Azərbaycan klassik
irsini mənimsəmiş və bu irsin ali
daşıyıcıları olan Mirzə Cəlili, Hüseyn
Cavidi, Məhəmməd ağa Şahtaxtlını, Məmməd
Əmin Rəsulzadəni, Üzeyir Hacıbəylini və digər
onlarca maarifçi ziyalımızı öyrənib də
nicat yolunun Heydər Əliyev tərəfindən bir daha bəyan
edilən azərbaycançılığın tam gerçəkləşməsində
görüb. Akademik Nizami Cəfərovun belə bir fikri dəqiq
elmi həqiqətdir ki, "azərbaycançılıq
ideologiyası nə qədər dərin köklərə
malik olsa da onun əsaslarını müasir Azərbaycan
dövlətçiliyinin banisi, dünya azərbaycanlılarının
lideri Heydər Əliyev məhz milli dövlət quruculuğu
prosesində yaratmışdır... Heydər
Əliyev Azərbaycanın, Azərbaycan xalqının, onun
milli dəyərlərinin qorunub inkişaf etdirilməsinin
tarixi qarantını (müstəqil Azərbaycan dövlətini!)
qurur, həmin dövlətin ideologiyalarını
formalaşdırır". Görkəmli
alim N. Cəfərov Sona xanım Vəliyevanı bu
ideologiyanın tarixi köklərini və çağdaş
dövrümüzdəki amallarını yüksək səviyyədə
araşdıran bir tədqiqatçı kimi qiymətləndirir.
Yaradıcılığının bütün istiqamətlərindən
aydın göründüyü kimi, Sona xanım hər anda, hər
məqamda azərbaycançıdır. Onun
üçün Azərbaycan müqəddəs bir
semantikadır və bu müqəddəslik doğulub
böyüdüyü Naxçıvanın ucqar bir kəndindən
başlayıb Təbrizdən, Qarabağdan, Arazbarı
mahalından ötüb Şuşaya, Laçına
qovuşur. Və bu azərbaycançılıq
onun həm elmi, həm də poeziya
yaradıcılığında torpaqlarının bir hissəsi
itirilmiş Vətənin Qarabağ ağrısına
çevrilir. Belə anlarda Qarabağ onun
şeirlərində baş mövzu kimi görünür.
Bəzən əlacı hər yerdən
üzülən şair üzünü Allaha, Tanrıya tutub
Qarabağ həsrətini çözməyə
çağırır. Bəlkə elə
buna görədir ki, Allah, Tanrı, Yaradan kəlmələri
bu poeziyanın əsas rəngini təşkil edir.
"Bir az möhlət ver, Allah" sərlövhəli bir
şerində bu dünyadan, ömürdən gileylərin
hamısı Qarabağ dərdində birləşir:
Əl
uzatdım qılınca, əlim qoldan kəsildi,
Yol başladım Şuşaya, yolum yoldan kəsildi.
Hanı ağ atlı oğlan, səbrim kəsik-kəsikdi,
Möhlət
ver bizə, Allah, bu torpağı almağa
Bir az möhlət ver, Allah, dünyanı
tanımağa.
Sona xanımı biz televiziyada, müxtəlif tədbirlərdəki
çıxışlarında görürük. Elə bir məqam,
elə bir zaman yoxdur ki, Qarabağ sözü onun
ağrıyan yarası kimi
yaradıcılığının hər sahəsində
özünü biruzə verməsin. Vətən
uğrunda həlak olmuş şəhid atasının qəbrinə
sarılıb ağlayan şəhid balasına özü də
göz yaşları içərisində təsəlli verən
şair, sanki şəhid balasından artıq özü
yanır, alovlanır:
Ağlama,
içim göynədi,
Çəkə bilmərəm bu yası.
Tanrı
da taxtında təkdi,
Ağlama
şəhid balası...
Ağlama,
sən tək deyilsən,
Bu dərdi
ellər çəkəcək,
Torpaq bir
şəhid qanından,
Min-min oğul böyüdəcək.
Hələ
neçə il bundan əvvəl
yazılan bu sətirlərin həqiqət məzmunu indi real
bir fakt kimi özünü göstərməkdədir: bir
şəhid qanından göyərmiş min-min oğul indi
düşməndən azad edilmiş Lələtəpələr
üzərində dalğalanan bayrağımızı
qorumaqdadır. Sona xanımın yüksək poetik
ustalığını, bu poeziyanın tematikasını və
sənətkarlıq xüsusiyyətlərini təhlilə
çəkən akademik Muxtar Kazımoğlu göstərir
ki, Sona xanımın vətəndaşlıq
yanğısı ilə yazılan xeyli şeiri var. "Həmin
şeirlərdə müəllif ən çox nədən
narahatdır? Vətənin taleyinə biganə
qalmaqdan!" Ədəbiyyatşünas
alim M.Kazımoğlu bu mənada Sona xanımın bir neçə
şeiri üzərində dayanır və xüsusilə
"Özgə havalara oynayan gözəl" adlı əsərin
mahiyyətini qiymətləndirir.
İstedadlı
jurnalistimiz Flora Xəlilzadə Sona xanımın
"Yollar" adlı şeirini emosional bir təhlil anında
yazır: "Müəllifin "Yollar" adlı şeiri də
bu günümüzün ağrı-acılarından
yoğrulmuş, eləcə də Vətən haqqında
şeirlərdən biridir. Bu şeirdəki ruh
insanı ayıqlığa, sayıqlığa
çağırır". Flora xanımın hiss etdiyi
bu "çağırışın" özü də
şeirin maarifçilik ruhunun ifadəsidir.
Haqqında bəhs olunan bu əsərlər Sona
xanımın hələ 2011-ci ildə oxuculara təqdim etdiyi
"Arazbarı" şeirlər kitabındandır. Bundan dörd il
sonra onun rus dilində "Mir, qde povstreçalis"
kitabı işıq üzü gördü. Mənim
üçün Sona xanım poeziyasını rus dilində
görmək çox maraqlı idi və mən bu kitabdakı
dini-fəlsəfi, vətənpərvərlik, sevgi, nostalji,
ithaf, təbiətin rəngləri kimi tematik bölgüləri
oxuduqca onların rus dilində necə maraqlı olduğunu
duydum.
Yuxarıda Sona xanımın klassikaya sevgisini
xatırlatdım. Bu sevgi
bucağında Mirzə Cəlil, Üzeyir bəy, Hüseyn
Cavid kimi Vətən mücahidləri ilk sırada durur. Klassikadan gələn Vətən sevgisi bu alimi,
şairi, nasiri, publisisti onların yaradıcılıq istiqamətlərinə
yönəldir. Və birdən ağlıma gələn
bir suala elə bu andaca qəti bir cavab tapıram: Sona
xanımın ədəbi yaradıcılığın
çeşidli növlərinə müraciəti nə ilə
şərtlənir? Və cavab: Mirzə Cəlilin, Üzeyir bəyin
bu xalqa maarifçilik ideyalarını, estetik
ideallarını çatdırmaq üçün ədəbi
növlərin, ədəbi formatların cəmindən ustalıqla
istifadəsi və bununla bağlı yaratdıqları
möhtəşəm məktəb Sona xanım
yaradıcılığına bu istiqaməti verdi.
Klassikaya bu diqqət, klassik məktəblərə
sevgi hissləri Sona xanımın vətəndaşlıq ləyaqətini
formalaşdıran əsas faktorların önündə gedir.
Klassik jurnalistikamızın möhtəşəm
abidələrini yenidən dirçəltmək, milli mətbuatımızın
banisi, Azərbaycan maarifçiliyinin dayaq nöqtəsi olan Həsən
bəy Zərdabinin ömür yolunu elmi-tədqiqatlarından
tutmuş möhtəşəm bir roman formatında ortaya
qoymaq bu məhəbbətdən doğulur.
Sona
xanım Vəliyevanın Azərbaycan maarifçilərinə
bəslədiyi hörmət və məhəbbət onun
genişmiqyaslı fəaliyyətində ayrıca yer tutan
"Kaspi" qəzetinin yenidən nəşrinə nail
olması ilə nəticələndi.
XIX əsrin sonlarında Azərbaycanın inkişaf etməkdə
və artıq bütöv bir sistem halına düşməkdə
olan mətbuatı sırasında rus dilində nəşr
olunan "Kaspi" qəzetinə qayıdış və onun
yenidən nəşrini meydana qoymaq ədəbi ictimaiyyətdə,
jurnalistika dairəsində Sona xanımın tarixi xidməti
kimi qiymətləndirildi. Klassik mətbuatımıza Sona
xanımın belə bir cəsarətlə
qayıdışı Ümummilli liderimiz Heydər Əliyevin
bu qəzetə verdiyi aşağıdakı qiymətlə
şərtləndi: "Kaspi" qəzetini Zeynalabdin
Tağıyevin təşəbbüsü ilə onun puluna
çıxarırlar, ancaq rus dilində. Bu,
bizim tariximizdir. Həsən bəy Zərdabinin
qoyduğu təməl daşı yaşayıb və
inkişaf edibdir. Demək, bu demokratik
ideyalar, dünyəvi dəyərləri bizim
xalqımızın içərisindən çıxan dahi
insanlar o vaxt yaradır, xalqımızı oyadır, onda milli
oyanış, milli dirçəliş, milliçilik hissləri
yaradırdılar". Ulu öndərimizin
bu sözləri Azərbaycanın maarifçi
ziyalılarının əsl qiyməti kimi dəyərləndirilir
və "Kaspi" qəzetinə yeni qayıdış bu dəyərlərdən
qaynaqlanır. Və bugünkü "Kaspi" qəzetini
- həm də doğma dilimizdə nəşr olunan bu qəzeti
nəzərdən keçirmək kifayətdir ki, onun təsisçisinin
və yaradıcı kollektivinin klassik ənənələrə
necə sədaqətlə yanaşdığının
şahidi olasan
...Və
daha bir az keçdi, "Kaspi" adı
yeni bir layihəni ortaya qoydu. Doğrusu, bu layihə
o qədər də asan başa gələnə
oxşamırdı. Hüseyn Cavid irsini kütləviləşdirmək,
Cavid irsinin müasirlərimiz üçün nə qədər
vacib olduğunu gündəmə gətirmək, sabahın
gündəminə aparmaq üçün "Hüseyn Cavid:
Vətənə qayıdış" layihəsi meydana
çıxdı. Əvvəlcə Hüseyn
Cavidin əsərləri doğma dilində nəşr olundu.
Amma Cavidə qayıdış təşəbbüsünün
əsas amalı sonra məlum oldu. Məlum
oldu ki, əsas məqsədlərdən biri Hüseyn Cavidin
müasir Türkiyə oxucusuna təqdim olunmasıdır.
Sonra jurnalistlər arasında müsabiqədən ərsəyə
gələn eyniadlı kitab "Hüseyn Cavid. Vətənə
qayıdış" meydana çıxdı. Əlbəttə,
Hüseyn Cavidin həyatı və
yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığının
Mir Cəlal, Abbas Zamanov, Məsud Əlioğlu, Yaşar
Qarayev, Teymur Kərimli, İsa Həbibbəyli və bir
çox digər filoloq alimlərimizin maraqlı tədqiqatları
mövcuddur. Bu böyük filosof şairin
yaradıcılığına böyük filosof Səlahəddin
Xəlilov da çox maraqlı bir kitab həsr etmişdir.
Lakin bütün bunlarla belə klassikaya
qayıdışı milli mənlik, milli kimlik səviyyəsində
qəbul edən "Kaspi"çilər Hüseyn Cavid
yaradıcılığına daha geniş və bir az da publisistik istiqamətdən baxmaq məqsədilə
təşkil etdikləri müsabiqənin nəticəsini
oxucu cəmiyyətinə çatdırmaq məqsədi
güdüblər. Sona xanım Vəliyevanın
bu kitaba da ön söz kimi daxil edilən yazısında Cavid
yaradıcılığına yeni qayıdışın,
ümumiyyətlə dahilərə zaman-zaman
qayıdışın motivasiyaları geniş qoyulur.
Sona Vəliyeva lap bu yaxınlarda çap olunan
"Kaspi"-maarifçilik meydanı" kitabının
ideya rəhbəri və ön sözün müəllifi kimi
də ədəbi ictimaiyyət tərəfindən yüksək
qiymətləndirildi. Həmin ön sözdə Sona xanım klassik
maarifçilərimizi belə dəyərləndirir:
"Maarifçi şəxsiyyətlərin yetişməsi
tarixin müxtəlif inkişaf prosesində zərurət kimi
meydana çıxır və onlar xalqın taleyində önəmli
rol oynayırlar". Tədqiqatçı və ədib Sona
xanımı bu məktəbin davamçısı kimi fəaliyyət
göstərməyə çağırış
maarifçilər haqqında onun özünün
aşağıdakı sözlərindən doğur:
"Böyük şəxsiyyətlər xalqa, millətə
özlərinə yanaşdıqları kimi yanaşır,
düzü düz, əyrini əyri deyir, bir sözlə, hər
şeyi öz adı ilə çağırırdılar. Bu düzlüyün mahiyyətində isə millətə,
Vətənə və onun gələcəyinə
böyük inam və sevgi, xalqı maarifləndirmək,
işıqlı sabaha doğru yönləndirmək istəyi
dayanırdı". Sona xanım Ulu Öndərimiz Heydər
Əliyevin böyük maarifçilərə verdiyi qiymətin
məhz bu keyfiyyətdən irəli gəldiyini qeyd edərək
onun Üzeyir Hacıbəylinin, Həsən bəy Zərdabinin,
Əlimərdan bəy Topçubaşovun, Əli bəy
Hüseynzadənin, Ceyhun Hacıbəylinin yubileylərini
ümumxalq tərəfindən yüksək səviyyədə
keçirilməsi barədə imzaladığı tarixi sərəncamlarını
xatırladır və bununla da ünlü maarifçilərimizə
müstəqil Azərbaycan dövlətinin yüksək
qayğısını yada salır.
Sona xanım Vəliyevanın klassikaya sevgisinin bir
sıra məhsulları var. Bu məhsullar sırasında onun
azərbaycançılığa bağlı olan tarixi
ziyalılarımıza, onların
yaradıcılığına elmi diqqət hamımıza
yaxşı məlumdur. Amma yuxarıda da qeyd etdiyim kimi, Sona
xanım həmin maarifçi, azərbaycançı, müstəqilliyimiz
uğrunda mübarizlərin xalqa, millətə
tanıdılması işində çox müxtəlif
yaradıcılıq üsullarından bəhrələnməkdədir.
Belə bir fəaliyyət ideyası Sona
xanımı elmdən, tədqiqatçılıqdan,
poeziyadan əlavə maraqlı bir nəsr dünyasına gətirdi.
Həsən bəy Zərdabinin ömür
yoluna, mən cəsarətlə deyərdim ki, bu qadın
ziyalımızın pərəstiş etdiyi millət fədaisinə
"İşığa gedən yol" adlı bir möhtəşəm
roman həsr etdi. Tarixi faktları, Həsən
bəyin ləyaqətli ömür yolunun dolaylarını
zaman, mühit, siyasi fəaliyyətlər kontekstində birləşdirən,
bədii sözün sənətkarlıq məqamlarına
söykənən bu roman çap olunan andan ədəbi tənqidin,
ictimaiyyətin diqqətini cəlb etdi. Və
biz də bir oxucu kimi Sona xanımı bir daha yeni bir ampulada -
istedadlı nasir səviyyəsində kəşf etdik.
Ümumiyyətlə, Sona Vəliyeva bir yaradıcı
şəxsiyyət kimi, bədii söz sahibi, publisist kimi, elm
və maarifçi ziyalı kimi ədəbi tənqidin həmişə
diqqət mərkəzindədir. Onun yaradıcılıq faktları
Nizami Cəfərov, Muxtar Kazımoğlu, Fikrət
Sadıq, Vaqif Yusifli, Flora Xəlilzadə,
Qərənfil Dünyaminqızı, Muxtar Kazımoğlu,
Əflatun Amaşov kimi söz adamlarının təhlil
süzgəcindədir. Bu təhlillərin
hamısını birləşdirən əsas ideya Sona
xanımın vətəndaşlıq ləyaqətidir.
Onun bütün yaradıcılığı bu
həqiqətin yüksək göstəriciləri kimi
ictimaiyyətin diqqət mərkəzindədir.
Sona
xanım Vəliyevanın yaradıcılığı, bu ləyaqətli
ömür yolunun bir kəsimi onun haqqında hələ beş il bundan əvvəl nəşr
olunmuş "Zaman xəbərsiz ötdü..." adlı
bir kitabda yazıya alınmışdır. Sona
xanımın poetik düşüncəsinin lirik-psixoloji
tutumunu çox gözəl ifadə edən "Zaman xəbərsiz
ötdü..." sərlövhəsi elə o zaman
oxucuları əməlli-başlı təsirləndirmişdi.
Amma daha beş il keçdi və bu
ziyalı xanımın yaradıcılığını diqqətlə
izləyən ədəbi ictimaiyyətdə belə bir sual
doğdu: Doğrudanmı zaman xəbərsiz ötdü? Sona
xanımın yaradıcılıq dünyasına,
maarifçilik fəaliyyətinə xeyli bələd olan bir
adam kimi mənim bu suala qəti bir cavabım var: Sona Vəliyeva
kimi dünyanı dərk edən, xalqa, millətə, Vətənə
sonsuz sevgi ilə yoğrulmuş bir yaradıcılıq
ömrü yaşayan, klassikamızın hər an yenidən
bizə qaytarılmasında xidmətləri olan və nəhayət,
Ulu Öndərimiz Heydər Əliyevin
formalaşdırdığı azərbaycançılıq
ideologiyasının yorulmaz təbliğatçısı Sona
xanım üçün zaman heç vaxt xəbərsiz
ötə bilməz!
Məmmədəli
Cahangir
Azad Azərbaycan.- 2019.- 15 iyun.- S.7