Nəsimi yurdunda anıldı.
İsa
Həbibbəyli: Nəsimi
laməkanlıq səviyyəsinə bu məkandan yüksəlib
İyunun
22-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu və Şamaxı Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə
görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Sessiyada iştirak
etmək üçün
akademik İsa Həbibbəylinin rəhbərliyi
ilə Ədəbiyyat
İnstitutunun əməkdaşları
və İnstitutun qonaqları olan Pakistan Muslim İnstitutunun direktoru və Londondakı nümayəndəsi Şamaxı
şəhərinə yola
düşüblər. Bu
barədə AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunun ictimaiyyətlə
əlaqələr şöbəsindən
bildirilib.
Öncə ümummilli
lider Heydər Əliyevin abidəsi ziyarət edilib və gül dəstələri qoyulub.
Sonra Nəsiminin büstü, qardaşı
Şahxəndanın türbəsi
və Mirzə Ələkbər Sabirin qəbrinə baş çəkilib.
Elmi sessiya
Şamaxı şəhər
İncəsənət Təhsili
Mərkəzində keçirilib.
Sessiyanı Şamaxı
Rayon İcra Hakimiyyətinin başçısı
Tahir Məmmədov açaraq iştirakçıları
salamlayıb. İcra başçısı çıxışında
bildirib ki, Ədəbiyyat İnstitutunun
təşəbbüsu ilə
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti tədbirdə toplaşmışıq.
Bildiyimiz kimi, Nəsiminin 650 illik yubileyi münasibəti ilə ölkəmizin rəhbəri cənab Prezident İlham Əliyev bu ili “Nəsimi ili” elan edib.
Biz bu gün
Nəsiminin doğulub
böyüdüyü, yaşayıb-yaratdığı
bir məkandayıq. Bu toplantıda Elmlər Akademiyası ilə əməkdaşlıq
edən pakistanlı dostlarımız da iştirak edirlər. Nəsimi özünü laməkan adlandırırdı
və bu gün onun yaradıcılığının
coğrafiyası göstərir
ki, həqiqətən
də, Nəsimi dediyi kimi də
var. Nəsiminin əsərlərinin həyat
fəlsəfəsi istənilən
situasiyada həmişə
cəmiyyəti, insanları
düşünməyə sövq edir. Bu gün dövlətimizdə
elə bir münbit mühit mövcuddur ki, biz dünyanın müxtəlif xalqlarının
nümayəndələri ilə
birgə öz yazarlarımızı təhlil
edirik. Minimalizm hələ XV əsrdə
Nəsimi fəlsəfəsinin
və onun keçdiyi məktəbin
özəyini təşkil
edirdi. Bu gün dünya bunu araşdırır, yəni minimuma qane olmaq fəlsəfəsini.
Nəsimi insanın yaradılanların arasında
ən ali varlıq olduğunu daim vurğulayırdı və onları sülhə səsləyirdi.
İnsanları allahı,
insanlığı, təbiəti,
sənəti-sözü sevməyə
səsləyirdi. Nəsiminin
dahiliyi ondadır ki, onun əsərləri
və yaradıcılığı
bütün dövrlər
üçün aktualdır.
Bu gün ən ucqar Qərb
ölkələri, Cənubi
Amerika ölkələri
daxil olmaqla Asiya ölkələrinin hər birində onun fəlsəfəsi araşdırılır, öyrənilir. Mən Nəsimi torpağında bir daha bütün
qonaqlarımıza xoş
gəldiniz deyirəm.
Nəsimi yaradıcılığını
araşdıranların hər
birinə təşəkkür
edib, onlara müvəffəqiyyətlər arzulayıram.
Sonra AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli çıxış edib.
Böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin
vətənində Ədəbiyyat
İnstitutunun əməkdaşlarını
və pakistanlı qonaqları əsl Azərbaycan qonaqpərvərliyi
ilə qarşıladığı
üçün içra
başçısına və
bütün Şamaxı
sakinlərinə kollektiv
adından təşəkkürünü
bildirib.
Akademik geniş
və əhatəli çıxış edərək
xatırladıb ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu il bütövlükdə “Nəsimi
ili” elan edilib. Həmçinin bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası həm ölkə daxilində, həm də beynəlxalq miqyasda 6-7 ölkədə tədbirlərdə
iştirak edib. Bizim bugünki bura səfərimiz də Nəsiminin vətənində, Şamaxı
ictimaiyyəti ilə bir yerdə Nəsimiyə olan mənəvi borcumuzu yerinə yetirməkdən
ibarətdir. Nəsimi
laməkanlıq səviyyəsinə
bu məkandan yüksəlib.
Biz bu gün Ədəbiyyat İnstitutunun kollektivi ilə Nəsiminin heykəlini, Sabirin məzarını ziyarət
etdik. İmadəddin Nəsimi də, Mirzə Ələkbər
Sabir də ədəbi məktəb yaratmış sənətkarlardır.
Nəsiminin bir böyük
xidməti də dövrün bir çox ehkamlarını qıraraq, sənətin bir çox sədlərini aşaraq Azərbaycan ədəbiyyatı
tarixində insanı müqəddəs varlıq
səviyyəsində tərənnüm
etməsindən ibarətdir.
Ulu Nəsiminin mənsub olduğu hürufizm cərəyanının
hüdudlarının genişlənməsi
iki böyük şəxsiyyətin adı
ilə bağlıdır.
Bunlardan biri hürufizmin nəzəriyyəsini
yaradan Fəzlullah Nəimi, digəri isə sənətdə və ədəbiyyatda hürufizmi ən yüksək səviyyəyə
qaldıran Nəsimidir.
Nəsimi insanı ənəlhəqq səviyyəsinə
qaldırdı. Hesab edirəm ki, Nəsiminin yaradıcılığı
insan haqqında bəşəri bir himn, insanlıq haqqında bir manifestdir. Nəsiminin obrazı öz əsərlərində çox
aydın şəkildə
görsənir. Onun “Sığmazam” qəzəli,
məncə, hər şeydən qabaq Nəsiminin proobrazıdır.
Biz fəxr edirik ki, bu,
cahana və zamana sığmayan şair Azərbaycan şairidir. Onun məğrur sözü həmişə insanlığın
və mənsub olduğu xalqın xidmətindədir. Nəsiminin
kamil insan konsepsiyası ümumşərq
ədəbiyyatının konsepsiyasına
çevrilə bilib.
Akademik həmçinin
əlavə edib ki, Ümummilli lider Heydər Əliyev sovet rejiminin ən çətin zamanlarında
Nəsimini bir daha Azərbaycan xalqına qaytarmaq məqsədi ilə 1973-cü
ildə onun 600 illik yubileyini YUNESKO səviyyəsində keçirməyə
müvəffəq olub.
Bakıda Nəsimiyə heykəl
ucaltmaqla, Nəsimi rayonu yaratmaqla, Nəsimi metro stansiyası açmaqla, “Nəsimi” filmi çəkdirməklə “Nəsimi”
poeması yazdırmaqla,
“Nəsimi” küçəsi
saldırmaqla onun Azərbaycan xalqına mənsub olduğunu heç bir mübahisəyə yol qoymadan isbat etdi. Nəsiminin əsərlərini ingilis, rus və
digər dünya dillərinə tərcümə
etdirib dünyaya yaydı. Bu gün cənab Prezident İlham Əliyevin 2019-cu ili bütövlükdə Nəsimiyə
həsr edən Sərəncam imzalaması
müstəqillik dövründə
yenidən dünyada baş verən bu hadisələrin fonunda bu cür meyllərin
qarşısını kəsmək,
Nəsiminin azərbaycanlı
olduğunu bütöv
bəşəriyyətə çatdırmaq missiyasını
həyata keçirməyə
şərait yaradır.
Prezidentimizin dəstəyi və
Leyla xanım Əliyevanın təşəbbüsü
ilə sentyabr ayında keçirilən
Nəsimi festivalında
əllidən çox
dünya xalqının
nümayəndəsinin iştirak
etməsi dövlət
tərəfindən seçilmiş
yolun nə qədər doğru olduğunu bir daha sübut etdi. “Nəsimi ili” başa çatmamış Moskvada
Nəsiminin büstünün
ucaldılması Azərbaycan
diplomatiyasının, İlham
Əliyev siyasətinin
böyük uğurudur.
Nəsimi öz həyatındakı faciəvi
sonluğu ilə əslində şəhidlik
zirvəsinə yüksəlmiş
ilk və müqayisəsiz Azərbaycan
sənətkarıdır. Mən
bunu böyük Azərbaycan şairinin təkrarsız qəhrəmanlığı
hesab edirəm.
Çıxışının
sonunda akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutundan
Şamaxı rayonundakı
kitabxanalara hədiyyə
etmək üçün
xeyli kitab gətirildiyini qeyd edib. Həmçinin İnstitutun nəşr etdiyi iki sanballı
kitabı icra başçısı Tahir
Məmmədova hədiyyə
verib. Sonra Ədəbiyyat İnstitutunun
alimləri Nəsimi haqqında məruzələri
ilə çıxış
ediblər.
Professor Qəzənfər
Paşayev “Ədəbiyyat
və incəsənətdə
Nəsiminin bədii obrazı” adlı məruzə ilə çıxış edib.
O, çıxışında Nəsiminin ölümündən
on il sonra
Hələb məhkəməsinin
ona bəraət verdiyini diqqətə çatdırıb. Həmçinin
qeyd edib ki, bu gün
dünyanın əllidən
artıq kitabxanasında
Nəsiminin əlyazmaları
var. Nəsiminin ədəbiyyatımıza gətirdiyi ilklərdən
biri qıfılbənd
janrı və tərs əlifba və ya əlif-lamdır.
İlk dəfə
1926-cı ildən Nəsiminin
tədqiqinə başlanılıb
və Salman Mümtaz onun əsərlərini çap
etdirib. 1943-cü ildə
rus şairi Serqey İvanov “İmadəddin Nəsimi” adlı poema yazıb, həmin əsər Səməd Vurğunun ön sözü ilə nəşr edilib. Sonralar 1968-ci ildə Rəsul Rza “Son gecə”,
İsa Hüseynov “Məhşər”, Qabil “Nəsimi” əsərlərini
və Fikrət Əmirov “Nəsimi dastanı” baletini ölməz sənətkarımıza
ithaf edib.
Orta əsrlər
Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri,
filologiya elmləri doktoru Fəridə Əzizova “İmadəddin
Nəsiminin soykökü
və şəcərəsi”
adlı məruzə ilə çıxış
edib. Bundan başqa filologiya
elmləri doktoru Rəhim Əliyev “Nəsimi yaradıcılığında
hürufilik və islam”, filologiya üzrə fəlsəfə
doktorları Zəkulla
Bayramlı “Azərbaycan
ədəbiyyatında Nəsimi
ənənələri” və
Qədim Qubadov “Nəsimi və folklor” mövzusunda məruzələrlə çıxış
ediblər.
Sonda pakistanlı
qonaq professor Sahibzadə Sultan Ahmed Ali öz
təəssüratlarını bölüşüb və
Nəsimi torpağında
olmaqdan məmnun qaldığını bildirib.
Azad Azərbaycan.-
2019.- 25 iyun.- S.7