Filmlərdə yaşayan musiqi
Bu gün görkəmli
bəstəkar Rauf Hacıyevin anadan olmasından 97 il
ötür
Azərbaycan və dünya musiqi mədəniyyətinə
böyük töhfələr vermiş Rauf Hacıyev
yaradıcılığı ilə gələcəyə
yeni yollar açan novator sənətkar olub. Adını
mədəniyyət tariximizə böyük hərflərlə
yazdırmış fitri istedad sahibinin əsərləri hələ
çox yüzilliklər insanların mənəvi
dünyasının zənginləşməsinə,
zövqünün formalaşmasına xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan
musiqili komediyasının inkişafında mühüm xidmətləri
olmuş Xalq artisti, bəstəkar Rauf Hacıyevin doğum
günüdür.
Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı
şəhərində anadan olub. Üç yaşınadək
gözləri görməyib, sonradan görmə qabiliyyəti
bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı
Qəribsoltan xanım Məlikova dörd yaşından
götürüb saxlayıb.
Raufun musiqi istedadı erkən yaşlarından
özünü büruzə verib. Qəribsoltan Məlikovanın
himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq
sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin
mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano
üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi”
dinlədikdən sonra dahi bəstəkar onun fitri
istedadını yüksək qiymətləndirib və
ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə
mahnı bəstələyib. Onların arasında, xüsusilə
“Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona
şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən
sonra mahnı janrı R.Hacıyevin
yaradıcılığında aparıcı əhəmiyyət
kəsb edir. Xüsusilə, bəstəkarın
həm ifaçılar, həm də musiqisevərlər
arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik
mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı
haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və
sair mahnıları daha çox populyarlıq qazanır.
O, 15-ə qədər filmə musiqi yazıb və
hər bir filmdə olduqca çox musiqi parçaları
mövcuddur. Bunlardan “Əhməd haradadır”, “Mən rəqs
edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr
sürünür”, “Qara daşlar” və s. göstərə
bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü,
səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi
ilə fərqlənir.
Bəstəkar yeddi operetta yazıb və
onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının
səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar
keçmiş SSRİ-nin mərkəz şəhərlərində
uğurla öz səhnə təcəssümünü
tapıb.
Sözün əsl mənasında, Rauf
Hacıyevin istedadı daha çox operetta janrında
parlayıb. Bəstəkarın operettaları respublikamızda
bu janrın yeni səhifəsini açıb. Onun
operettalarında vokal-simfonik, balet və estrada sənəti
bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi
dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən
ibarət olduğunu söyləmək lazımdır.
Operettalarının mövzularını isə ən
çox insanların gündəlik həyatı təşkil
edir.
R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk
operettası “Romeo mənim qonşumdur” olub. O da diqqətəlayiqdir
ki, operetta keçmiş SSRİ respublikaları bəstəkarlarının
əsərlərinə baxışda üçüncü
mükafata layiq görülüb və 23 teatr səhnəsində
tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası
1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda
ekranlaşdırıb.
Bəstəkarın maraqlı operettalarından
biri “Mənim məhəbbətim – Kuba”dır. Əsər
Moskva Operetta Teatrının sifarişi ilə yazılıb.
R.Hacıyev özü Kubada heç bir zaman olmayıb, lakin
onun qarşısında çətin bir vəzifə – bu
ölkənin xalqının milli xarakterini, musiqi sənətinin
xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu.
Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb.
Əsərdə musiqinin dramaturgiyasının əsasını
üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət,
vətənpərvərlik andı və Raul ilə
Deliyanın məhəbbət hisslərini təcəssüm
etdirən melodiyalardır. Bəstəkar Paçanqa
bayramının rəqs səhnələrini də maraqlı
musiqi boyaları ilə yaradıb. O, maqnitofonda
yazılmış əsl Kuba melodiyalarını
tamaşanın musiqi ahənginə böyük peşəkarlıqla
daxil edə bilib.
Rauf Hacıyevin rəğbətlə
qarşılanan səhnə əsərlərindən
“Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən
evlənirəm”, “Yolayrıcında” operettalarıdır.
“Dördüncü fəqərə” Finlandiyanın satirik
yazıçısı Marti Larninin eyniadlı romanı əsasında
yazılıb. Əsər əvvəlki operettalardan fərqli
olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar
kəskin siyasi–ictimai qayəli operetta yaratmağa nail olub.
Təqdirəlayiqdir ki, “Qafqaz əsiri”
operettasının Moskva Operetta Teatrında tamaşa təcəssümündə
iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan
ibarətdir.
Ötən əsrin 70-ci illərin
sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm”
Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir
zamanda özünə geniş rəğbət qazanır.
Çünki həmişə olduğu kimi bəstəkar təzə
operettasında yenə də aktual məsələlər
qaldırır. Bunlar gənc nəslin tərbiyəsi,
onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
Rauf Hacıyevin bütün operettaları kimi
bu operettasında da musiqi aparıcı amildir. Əsərin
kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi
operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənib.
Bu cəhət səhnə əsərinə bütövlükdə
ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə
aşılayır. Bu baxımdan əsərin partiturası
çox zəngin alınıb. 1982-ci ildə Moskva Operetta
Teatrında “Yolayrıcında” operettası öz səhnə
təcəssümünü tapıb.
Bəstəkarın axırıncı
operettası Üzeyir Hacıbəylinin anadan olmasının
100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir.
Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə
tutulmuş həmin operetta müəllifin musiqili səhnə
formalarını mavi ekrana keçirmək işində
maraqlı təcrübə olub.
Operetta janrında
çalışmaqla yanaşı R.Hacıyev musiqili
teatrın başqa janrlarında da öz qələmini
sınayıb. Ötən əsrin 60-cı illərində o,
opera və baletlə də maraqlanırdı. Belə ki,
60-cı illərin sonunda balet janrında daha intensiv
çalışmağa başlayır. Bunun nəticəsində
R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – “Ləzgihəngi”
və “Yallı”nı bəstələyir. Hər iki əsər
ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir.
Xalq rəqs ənənələri əsasında
qurulmuş bu əsərlərdə müəllif istər
melodik, istərsə də ritmik məziyyətləri
qabarıqlıqla açıb göstərə bilib. 1969-cu
ildə “Ləzgihəngi” Parisdə və Fransanın bir
çox şəhərlərində, eləcə də
Lüksemburq və Monakoda göstərilib və
tamaşaçıların rəğbətini qazanıb.
1971-ci ildə R.Hacıyev xaricə işləməyə
gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə
Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik
edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə,
milli musiqiçi kadrlarının hazırlanmasına kömək
göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və
onun həmkarları istər Əlcəzair Milli
Konservatoriyasında, istərsə də Buduau şəhərində
yeni açılmış musiqi məktəbində müəllim
kimi çalışırlar.
Əlcəzairdə işləyərkən
R.Hacıyev, eyni zamanda, bu ölkənin mədəniyyət
tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini
toplayıb nota köçürür, onların məqam,
melodik və ritmik xüsusiyyətlərini mənimsəyir.
O, topladığı lirik havalar əsasında öz tələbələri
üçün tədris repertuarı kimi bir sıra orijinal
instrumental əsərlər bəstələyir. Onu da deyək
ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan
sonra orada Milli Musiqi Teatrı da fəaliyyət göstərirdi.
Həmin teatrın nəzdində balet truppası və milli
xalq rəqsləri ansamblı da var idi. Bu milli
teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev
özü yazıb. “Üç inqilab” adlanan bu balet Əlcəzair
Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib.
Əsərdə əsarətdən azad olmuş Əlcəzair
xalqlının yeni həyat quruculuğuna qədəm qoymasından
söz açılır. İlk baletin
uğurlarından ruhlanan Hacıyev daha sonra “Alov” və
“Hürriyyət” adlı baletlərini də inqilab mövzusuna
həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik
uğrunda mübarizəsindən söz açılır. Bu
əsər Əlcəzair inqilabının tarixinə həsr
olunub. Müəllif baletdə xalq və inqilabi mahnılardan,
milli himndən sitat şəklində istifadə edib.
R.Hacıyev ötən əsrin 60-cı illərindən
başlayaraq ictimai işlərdə də fəal
çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə
isə Azərbaycanın mədəniyyət naziri təyin
olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü
ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı
Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə
də dünyada birinci Xalçaçılıq muzeyi
açılır. Azərbaycan Bəstəkarlar
İttifaqının V qurultayında idarə heyətinin
birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi
seçilib.
Görkəmli bəstəkarımız
Rauf Hacıyev dünyasını dəyişsə də, onun
musiqisi daim yaşayır və xalqımızın estetik
baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin
musiqi zövqünün inkişafında mühüm rol
oynayır. Biz inanırıq ki, Azərbaycan nə qədər
varsa Rauf Hacıyevin musiqisi, səhnə əsərləri
daim yaşayacaq. Çünki, onun
yaradıcılığı ölməzdir.
Azad Azərbaycan.-
2019.- 16 may.- S.7