Dünyanın ən məşhur qadın
yazıçısı necə yoxa çıxıb?
“Meri çox istedadlı qızdır”, - Aqata
Kristi onun haqqında deyirdi - “Öz dünyası var və
özünü ancaq yazılarıyla ifadə edir”.
Bəs cəmiyyətə görünmək
istəməyən müəmmalı Meri Uestmakott kim idi?
Oxucular deyirdi ki, Aqata Kristi bu yazıçını himayə
etməkdə yanılmayıb; o, həqiqətən
də yaxşı yazırdı. Aqata Kristi onu tərifləməkdən
usanmır və bir sözü dönə-dönə təkrar
edirdi: “Çox şükür, o, detektiv yazmır”. Əlbəttə
Aqata bunu rəqabətdən qorxduğu üçün
demirdi, çox şükür ki, detektiv ədəbiyyatının
kraliçası öz “krallığında” indiyə qədər
rəqib tanımırdı.
…Aqata Kristi (qızlıq soyadı Miller) 15
sentyabr 1890-cı ildə İngiltərədə, imkanlı ailədə
doğulmuşdu. Onun ata-anası Amerikadan köç
etmişdi. Üçuşaqlı ailənin sonbeşiyiydi.
Atası çox erkən dünyasını dəyişmişdi,
uşaqların tərbiyəsi ilə ana özü məşğul
olurdu. Aqata təhsilini evdə almışdı.
1906-cı ildə onu musiqi təhsili almaq
üçün Fransaya göndərirlər. “Parisdə
keçirdiyim iki il mənim həyatımın ən xoşbəxt
illəri idi”, - sonralar o deyəcəkdi - “Babamın
amerikalı dostlarından birinin qızı operada “Faust”u
oxuyurdu, biz onu dinləməyə gedirdik”.
Aqata özü də pianoda əla ifa edir və
oxuyurdu. Yaxşı musiqi duyumu vardı. Amma çox utancaq
idi, bu da onun səhnədəki çıxışına
mane olurdu. Əgər səhnə xofu olmasaydı, bəlkə
də yazıçı deyil, musiqiçi olacaqdı.
1912-ci ildə ziyafətlərin birində Hava
yolları korpusunun təyyarəçisi Arçibald Kristi ilə
tanış olur. İki gənc arasında romantik duyğular
baş qaldırır. Amma ailə qurmaq üçün maddi
vəsaitləri yox idi. Həm də Arçi yay kursları
üçün Sol-Pleynə yola düşməliydi. Miller
ailəsinin maddi vəziyyəti yenidən
ağırlaşmışdı. Bir tərəfdən də
Birinci Dünya müharibəsi yaxınlaşırdı...
Aqata hospitalda tibb bacısı kimi işləyir,
axşamlar isə əzcaçılıq fakültəsində
oxuyurdu. Eyni zamanda, fasilələrdə detektiv yazırdı.
24 dekabr, 1914-cü ildə, Aqata Arçiyə ərə
gedir. Toy mərasimindən dərhal sonra Arçi Fransaya getməli
olur, Aqata isə hospitala qayıdır, onu əzcaçı
işinə keçirirlər.
İndi Aqatanın roman yazmaq üçün
daha çox vaxtı vardı. Tibbi biliklər ona yeni ideya
verir, yaxınlıqda yaşayan Belçika
qaçqınlarının həyatı isə obraz yaratmaq
üçün onun köməyinə gəlir. Beləliklə,
“Staylıza sirli səyahət” adlı yeni roman dünyaya gəlir.
1915-ci ildə yazılan roman 5 il nəşriyyatlarda
“sürünür”.
İlk romanın işığı
1920-ci ildə, nəhayət, nəşriyyatlardan
biri onun romanını qəbul edir. Kitabın nəşri
üçün ona 25 funt təklif edirdilər. Aqata kişi təxəllüsüylə
çap olunmaq istəyir, belə ki, düşünür ki,
detektiv janrında yazan qadını oxucu ciddi qəbul etməz.
Amma naşir onu sakitləşdirir və əmin edir ki, belə
nadir təxəllüsü olan müəllifi oxucu
asanlıqla yadda saxlayacaq.
İlk romanın uğuru Aqata üçün stimul
olur. O, bu
işə daha ciddi yanaşmağa başlayır. Bəs romanlar necə ərsəyə gəlirdi?
Aqatanın sözlərinə görə, o, nə
isə toxuyanda, qonaqlarla söhbət edəndə, hətta
qab yuyanda belə yazacağı roman haqqında
düşünürdü. Bəzən hər
hansı bir ideya gələndə unutmamaq üçün
bloknota qeydlər edir, sonra əsərində istifadə edirdi.
Romanı başlayanda artıq süjetlər
onun beynində hazır olurdu.
Onun detektivləri heç kiminkinə bənzəmirdi. Oxucular bu əsərləri
nəfəs çəkmədən oxuyurdular. Hadisələrin kələfi isə yalnız son dəqiqədə
çözülürdü. Bu onun əsərlərinin
məziyyətlərindən biri idi. Son dəqiqəyə
qədər hər şey gizli qalır və oxucu sonda
böyük sürprizlə qarşılaşırdı.
Əsərin təəssüratı illər
keçsə də oxucunu tərk etmir, təkrar-təkrar o
süjetlərə qayıtmağa vadar edirdi.
Onun əsərlərinin sirrini çözməyə
çalışanlardan biri belə bir versiya irəli
sürmüşdü; Aqata Kristi əsərini adi qaydada
yazır, lap axırda qatili müəyyən edib başa
qayıdır və əsərə bir qədər düzəliş
edir. Bu fikrin özü belə onun əsərlərinin
bütün dövrlərdə maraqlı və aktual
olduğunu təsdiq edirdi.
Bir çox istedadlı insan kimi Aqata Kristi disqrafiyadan əziyyət
çəkirdi. Özü müstəqil mətn yaza
bilmirdi, onun bütün əsərləri diktə edilərək
yazıya alınıb.
Ən ağır
sınaq
1926-cı
il Aqata Kristinin həyatında ən
çətin illərdən biri olur. Sevimli
anası dünyasını dəyişir, qardaşı isə
narkotikaya qurşanır. Bundan başqa, nəşriyyatlarla
Aqata Kristi arasında münasibətlər soyuyur. Məsələ
burasındadır ki, onun yenicə çapdan
çıxmış “Rodcer Ekroydun qətli“
kitabında hadisələr qatilin öz dilindən
verilirdi. Bu isə, bir çox tənqidçilərin
fikrincə, detektiv janrının ənənələrini
pozmaq demək idi.
Bütün
başına gələnlər az imiş
kimi, həyat yoldaşı Arçi də başqa qadına
aşiq olduğunu bildirərək Aqatanı tərk edir.
1926-cı
il dekabrın 3-dən 4-ə keçən
gecə Aqata Kristi yoxa çıxır. 10
gün ərzində məşhur yazıçını
axtaran polis yalnız onun boş avtomobilini tapır.
14-cü gün yazıçının pərəstişkarları
rahat nəfəs alır: Aqata Kristi evinə qayıdır. Bu vaxt ərzində o dincəlmiş, ona əzab verən
düşüncələrdən xilas olmuşdu. Təravətlənmiş üzündə təbəssüm
oynayırdı.
Yorkşir qraflığındakı sanatoriyanın
administratoru qəzet müxbirlərinə sübut etməyə
çalışırdı ki, bu vaxt ərzində Aqata Kristi
“Tereza Nils” adı ilə onlarda qalıb. Aqata Kristi
özü isə suallardan yayınırdı. Müxbirlər suallarıyla onu lap təngə gətirəndə
isə deyirdi ki, onda stressdən müvəqqəti amneziya
yaranıb və heç nə xatırlamır.
Həmin ərəfədə ədəbi aləmdə
Meri Uestmakott adlı qadın peyda olur. Onu Aqata Kristi himayə
edirdi. Bu sarışın cazibədar
qadın Aqatanın gəncliyinə çox bənzəyirdi.
Aqata onun haqqında deyirdi: “Meri yaxşı ailədən
çıxıb, heykəltəraş Riçard Uestmakottun
uzaq qohumudur. Çox gözəl tərbiyə
alıb, yaxşı da yazır, çox şükür ki,
bircə detektiv yazmır”.
Missis
Uestmakottu heç kim görməmişdi,
bu faktın özü də onun şəxsiyyəinə maraq
oyadırdı...
Ən
yaxşı təsəlli
1930-cu ildə Aqata Kristi yaşadığı mənəvi
sarsıntılardan sonra ovuna bilmək üçün səyahətə
çıxır. Bu səyahətlərin birində Aqata Maks Mallouenlə tanış olur. Maks arxeoloq idi və
yazıçını qədim şəhərlərə
ekskursiyalarda müşayiət edir, abidələrlə tanış edirdi. Arxeoloji
qazıntıların “mövsümü” başa
çatdıqda isə o, Aqatayla bərabər İngiltərəyə
yola düşür.
“Mən
onda düşündüm ki”, - Aqata Kristi sonralar deyəcəkdi”
- o necə də gözəl insandır. Sakit, başa
düşən, anlayışlı... Təsəlli
verməyə çalışmır, canfəşanlıq eləmir.
Amma lazımi məqamda elə bir söz deyir, elə bir jest
edir ki, bu, ən yaxşı təsəlliyə
çevrilir...”
Londona qayıdanda Maks ona evlilik təklifi edir. Aqata bir az
tərəddüd edir. İlk evliliyinin
uğursuzluğu və aralarındakı yaş fərqi (Maks
ondan 14 yaş kiçik idi) onu düşünməyə
vadar edir. Amma Maks təkid edir və 1930-cu
ildə (təbii ki, qızı Rozalindanın da
razılığı ilə) onlar evlənirlər.
Aqata Kristi ərini bütün başlanğıclarda dəstəkləyir,
qədim dilləri öyrənir və arxeoloji
qazıntılarda iştirak edirdi. Aqatanın dəstəyi
sayəsində Maks Melloun dünya şöhrətli alimə
çevrilmişdi. İraqdakı arxeoloji
qazıntılarda aşkar etdiyi fil sümüyündən
olan nadir kolleksiyaya görə Britaniya muzeyi ona 1,2
milyon funt sterlinq ödəmişdi... Aqata
Kristinin kitablarını isə o, boş yerə vaxt itirmək
hesab edir və onları oxumağa vaxt sərf etmirdi.
1939-cu ildə ikinci dünya müharibəsi başlayan
illərdə Aqata Kristinin məşhur “On zənci balası”
romanı çapdan çıxır. Maksla Aqata Qrinver –
Hausdakı malikanədə yerləşirlər.
Əslində, İkinci Dünya müharibəsi
yazıçı üçün birincidən heç nə
ilə fərqlənmirdi. O yenə tək idi (Maks tərcüməçi
kimi Əlcəzairə göndərilmişdi), yenə
hospitalda işləyir, ərzaq kartları ilə mağazada
növbəyə durur, gecələr mərmi səsləri
eşidəndə isə heç nə olmamış kimi o
biri böyrü üstə çevrilirdi.
1943-cü ildə nəvəsi Metyu dünyaya gəlir. “Onun qeyri-adi məziyyəti
var”, - Aqata deyirdi- “o, mənə özümü xoşbəxt
hiss etdirir”!
Meri Uestmakott kimdir?
1945-ci ildə Aqata Kristi ilə Maksın məktubları
əsasında yazılan “Danış mənə
görüm, necə yaşayırsan” adlı kitabı
işıq üzü görür. Kitabın müəllifi Meri
Uestmakott ilk dəfə olaraq özünü cəmiyyətə
təqdim edir: Aqata Kristi etiraf edir ki, Meri Uestmakott o
özüdür! Amma yazıçı onu niyə
və necə uydurdurmuşdu? Aqata susur və
bu barədə açıqlama verməyə tələsmirdi.
1955-ci ildə Aqata Kristinin “İttihamın şahidi”
pyesi Edqar Po mükafatına layiq görülür. Amerika Detektiv
Yazıçıları Birliyi öz tarixində ilk dəfə
“Detektiv ədəbiyyatın ustadı” mükafatını təqdim
edir. Bu mötəbər mükafata Aqata
Kristi layiq görülür. Elə həmin il Aqata və Maks öz gümüş
toylarını qeyd edirlər.
1957-ci ildə Aqata ən yüksək
mükafatını alır - Britaniya İmperiyasının
Ordeni ilə təltif edilir.
60-cı illərdə Aqata Kristi ən çox çap
olunan ingilisdilli yazıçı kimi şöhrət
qazanır. 1965-ci ildə “Aqata Kristinin avtobioqrafiyası” əsərini
yazıb bitirir. Əsər bu sözlərlə
qurtarırdı: “Allahım, mənə bəxş etdiyin
gözəl həyata və bu böyük sevgiyə görə
sənə minnətdaram”.
1971-ci ildə yazıçının səhhəti
xeyli pisləşir. Buna baxmayaraq, 80 yaşlı
yazıçı təslim olmur və yazıb- yaratmağa
davam edirdi.
1975-ci ildə
o ən uğurlu əsəri - “Siçan tələsi”nin müəllif hüquqlarını nəvəsi
Metyu Priçarda verir. Bundan başqa, Metyu Aqata
Kristi Fondunun rəhbəri idi.
İngiltərənin simvoluna çevrilmiş
böyük yazıçı 1976-cı ildə
dünyasını dəyişir. Maks, Rozalinda və Metyu bu itkiylə
barışa bilmirdlər, amma Aqata Kristinin bir vaxtlar dediyi
sözlər onlar üçün təsəlli idi:
“Ölüm insan oğlunun başına gələ biləcək
ən böyük macəradır”.
O, son
günlərinə qədər yumor hissini qoruyub
saxlamışdı və hər yeni günə uşaq kimi
sevinə bilirdi:
“Mən həyatı sevirəm və əminəm ki, hətta
ən ağır sınaq belə insana nəsə xoş bir
sürpriz gətirir”.
Aqata
Kristi yanılmırdı; axı illər öncə o tərk
edildiyi ağır günlərdə, 10 gün ərzində
polisin hər yeri ələk-vələk edib onu
aradığı vaxt, həmin o məşhur, gənc və
nikbin Meri Uestmakott doğulmuşdu...
Günel
Azad Azərbaycan.-
2019.- 19 noyabr.- S.6