Tarı heç vaxt kökdən düşməyən əsl
sənətkar
Məmmədli Əkrəm-75
Beynəlxalq
Muğam Mərkəzində ustad tarzən, Naxçıvan
Muxtar Respublikasının Əməkdar mədəniyyət
işçisi Əkrəm Məmmədlinin 75 illik yubiley və
yaradıcılıq gecəsi keçirildi.
Yaradıcılıq
gecəsi videorolik şəklində Naxçıvan mahnı
və rəqs ansamblının ifasında Əkrəm Məmmədlinin
“Naxçıvan süitası”, Cahangir Cahangirov və Tofiq
Quliyevin “İlk bahar” musiqilərinin nümayişi ilə
başladı. Tədbiri giriş sözü ilə açan
Milli Məclisin Mədəniyyət komitəsinin sədri,
akademik Rəfael Hüseynov qeyd etdi ki, Əkrəm Məmmədli
50 ilə yaxındır ki, tar ifaçılığı və
onun tədrisi ilə məşğul olur. Onun “Tar
üçün qamma və oppedçiolar”, “Tar
üçün etüdlər” və “Azərbaycan
muğamları” kimi kitabları tar ifaçılıq sənətini
öyrənənlər üçün dəyərli tədris
vasitələridir.
“Naxçıvan-Şərur
el yallıları” kitabının ərsəyə gəlməsində,
muğamlarımızın və yallılarımızın
nota köçürülməsində Əkrəm Məmmədlinin
xidmətləri böyükdür.
Milli Məclisin deputatı Fazil Mustafa ustad tarzənin yaradıcılığı haqqında məlumat verdi: “Mən çox şadam ki, bu axşam Əkrəm Məmmədlinin yubiley gecəsinə yüzlərlə insan yığışıb. Əkrəm Məmmədlinin zəngin yaradıcılığını bir neçə sözlə ifadə etmək qeyri- mümkündür. O, gənc tarzənlərin yetişdirilməsi üçün müəllimliklə yanaşı, tədris vəsaitlərinin yazılmasında da fəal iştirak edir. Əkrəm Məmmədlinin özünün dediyi kimi bu kitabların yazılmasında əsas məqsəd tar musiqi alətində ifa edənlərin texniki imkanlarının cilalanmasına, kamilləşməsinə kömək etməkdir. Söz yox ki, bu kitablar orta və ali musiqi məktəblərində təhsil alan tələbələr üçün dəyərli və gərəkli vəsait kimi əhəmiyyət kəsb edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Güllü İsmayılova və Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açdılar.
Daha sonra Xalq artisti Samir Cəfərov, əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi Cəfərov, Nuriyyə Hüseynova, Muğam Müsabiqəsinin laureatı Sərxan Bünyadzadə və gənc xanəndə Rəvanə Qurbanova tərəfindən musiqi ifaları təqdim olundu.
Xalq artisti Şəfiqə Eyvazova möhtəşəm kamança ifası ilə tədbir iştirakçılarının zövqünü oxşadı.
Sonda Əkrəm Məmmədli çıxış edərək əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Məmmədhəsən Məmmədov
Azad Azərbaycan.- 2019.- 19 noyabr.- S. 7.