Fəxrəddin Səfərlinin 70 illik yubileyi qeyd olunub
AMEA
Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü, Əməkdar elm xadimi Fəxrəddin Səfərlinin
70 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın
Naxçıvan bürosu
xəbər verir ki, bu münasibətlə
AMEA Naxçıvan Bölməsində
keçirilən tədbirdə
bölmənin sədri,
akademik İsmayıl Hacıyev çıxış
edərək alimin həyat yolu və fəaliyyətindən
söhbət açıb.
Bildirib ki, Fəxrəddin Səfərli
1949-cu il sentyabrın
29-da Babək rayonunun Cəhri kəndində anadan olub və
ilk təhsilini də elə burada alıb. O, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının
Tarix fakültəsini
bitirdikdən sonra Cəhri kənd tam orta məktəbində
müəllim kimi fəaliyyətə başlayıb.
Qeyd olunub ki,
2007-ci ildə AMEA Naxçıvan
Bölməsində fəaliyyətə
başlayan alimin gərgin əməyi nəticəsində muxtar
respublika ərazisindəki
epiqrafik abidələr
ilk dəfə olaraq sistemli şəkildə tədqiq
olunub. 600-dən artıq
epiqrafik abidə qeydə alınıb, onların estampları, fotosu, ölçüsü
götürülüb,
mətnləri oxunaraq
Azərbaycan dilinə
tərcümə edilib.
Kitabələrin əksəriyyəti
ilk dəfə olaraq elmi dövriyyəyə
daxil edilib.
“Alimin apardığı tədqiqatlar
nəticəsində orta
əsrlər zamanı
Naxçıvanda yaşamış
bir sıra görkəmli şəxsiyyətlərin,
o cümlədən dövlət
xadimlərinin, sənətkarların,
alimlərin adları,
məzarüstü abidələri
müəyyənləşdirilib. Həmçinin muxtar respublika
ərazisində günümüzədək
gəlib çatan müxtəlif türk-islam
mədəniyyəti abidələri,
o cümlədən məscidlər,
mədrəsələr, türbələr,
imamzadələr, hamamlar
və buzxanaların da tədqiq olunması məhz alimin adı ilə bağlıdır”, – deyən
İsmayıl Hacıyev
diqqətə çatdırıb
ki, onun tədqiqat əsərləri
Rusiya, Bolqarıstan, Türkiyə, İran, Ukrayna və başqa xarici ölkələrdə nəşr
olunub.
Fəxrəddin Səfərlinin əməyi
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib.
O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
“Əməkdar elm xadimi” fəxri adına, AMEA Rəyasət
Heyətinin fəxri fərmanına layiq görülüb. Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə
buraxılan “Xatirə”
qızıl medalı
ilə təltif edilib.
Sonra İsmayıl
Hacıyev çoxillik
və səmərəli
fəaliyyətinə görə
Fəxrəddin Səfərliyə
bölmənin fəxri
fərmanını təqdim
edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri
və ictimai təşkilatlarla iş şöbəsinin müdiri
Surə Seyid, Naxçıvan Müəllimlər
İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev alimi 70 illik yubileyi münasibətilə
təbrik edib, ona gələcək fəaliyyətində uğurlar
arzulayıblar.
Sonra yubilyar
əməyinə verilən
yüksək qiymətə
görə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını
bildirib.
Tofiq Hacı
Azad Azərbaycan .- 2019.- 1 oktyabr.- S.7