Azərbaycan tarixçiləri
Bolqarıstanda
Akademik Yaqub Mahmudovun rəhbərlik
etdiyi nümayəndə heyəti
beynəlxalq konfransda
iştirak edib
Azərbaycan
Milli ElmlərAkademiyasının (AMEA) Tarix İnstitutunun
direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə
heyəti Bolqarıstanın Yambol şəhərində
keçirilən “Son Antik dövrdə Cənub-Şərqi
Avropada xristianlıq” mövzusunda beynəlxalq konfransda
iştirak edib.
Tarix İnstitutundan
Mektebgushesi.az-a bildirilib ki,
nümayəndə heyətinin
tərkibinə elmi müəssisənin əməkdaşları
– “Azərbaycanın qədim
tarixi” şöbəsinin
müdiri Allahverdi Əlimirzəyev və böyük elmi işçi Ramin Əlizadə daxil olublar.
Tarixçi alimlərimizin
bu konfransda iştirakı erməni millətçilərinin və
Qriqoriyan kilsəsinin nümayəndələrinin fəallaşması
ilə əlaqədardır.
Onlar iddia edirlər ki, guya Bakı da onların şəhəri olub və “Albanopol” adlanıb. Bununla əlaqədar olaraq,
Azərbaycanın Bolqarıstandakı
səfiri Nərgiz Qurbanova AMEA-nın prezidenti, akademik Akif Əlizadədən ölkəmizdən olan nümayəndələrin bu
konfransa göndərilməsini
və Azərbaycan-Alban
kilsəsinin tarixi barədə ilk mənbələrlə konfrans
iştirakçılarının məlumatlandırılmasını
xahiş edib. Akif Əlizadə Yaqub Mahmudovun bu sahənin mütəxəssisləri ilə
bərabər Yambol şəhərinə ezam
olunmaları barədə
sərəncam verib.
Aqatapolis yepiskopu
Yeroteyin xeyir-duası ilə öz işinə başlayan konfransda Bolqarıstan alimləri ilə yanaşı, Böyük
Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Serbiya, Rumıniya, Xorvatiya, Ukrayna və digər ölkələrdən
olan tədqiqatçılar
da iştirak ediblər.
Konfransın açılışında Yambol
şəhərinin meri
və bələdiyyə
başçısının çıxışlarından sonra söz Yaqub Mahmudova verilib. O, konfrans iştirakçılarını xarici qonaqlar adından salamlayaraq bildirib ki, Azərbaycanda
multikultural dəyərlərə
böyük önəm
verilir: “Azərbaycan-Alban
kilsəsi bütün
Qafqazın ilk xristian kilsəsidir. Hazırda Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst
şəkildə ibadət
edir və onların hüquqları Konstitusiya ilə qorunur”.
Yaqub Mahmudov
çıxışında qeyd edib ki,
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir çox ölkələrin ali dini orden və
medalları ilə təltif olunublar. Akademikin çıxışı
konfrans iştirakçıları
tərəfindən böyük
maraqla qarşılanıb
və yepiskop Yerotey ona minnətdarlıq
edib.
Tədbirdə Yaqub Mahmudov “Qədim Alban kilsəsi və onun faciəli tarixi” mövzusunda geniş məruzə ilə də çıxış edib.
O bildirib ki, Alban kilsəsinin faciəli tarixi onun 1836-cı ildə çar Rusiyası tərəfindən ləğv
edilməsi və erməni-qriqoriyan kilsəsinin
təcavüzkar fəaliyyəti
ilə bağlı olub: “Erməni-qriqoriyan kilsəsi Alban kilsəsinin tarixini saxtalaşdırmış, kitabxanalarını
məhv etmiş, diofizit albanların qriqoriyanlaşdırılması və erməniləşdirilməsi
siyasətini yeritmişdir.
Daha sonra qədim albanların yaşadıqları bütün
torpaqlarla bağlı
Azərbaycana qarşı
əsassız ərazi
iddiaları irəli sürülüb. Və bununla əslində müasir dövrdə Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün
ciddi təhlükə
olan Dağlıq Qarabağ münaqişəsinin
əsası qoyulub”.
Akademikin məruzəsi zamanı
konfrans iştirakçılarına
tarixi sənədlər,
ermənilər tərəfindən
dağıdılmış dini abidələrimizi, məscidlərimizin tövləyə
çevrilməsini, qədim
Azərbaycan şəhəri
olan İrəvanda erməni vandalları tərəfindən dağıdılmış
məscidləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda onun
məruzəsi, Allahverdi
Əlimirzəyev və
Ramin Əlizadənin ilk mənbələr əsasında hazırladıqları
“Azərbaycanda xristianlığın
erkən tarixi (I-VII əsrlər)” adlı məqalə çoxaldılaraq
konfrans iştirakçılarına
paylanılıb. Tarix
İnstitutunun Alban kilsəsinin tarixini və Azərbaycanın dini abidələrinə qarşı erməni vandallarının törətdiyi
vəhşilikləri özündə
əks etdirən nəşrləri də tədbirdəki alimlərə
təqdim olunub.
Beynəlxalq konfransda Azərbaycan nümayəndə heyətinin
uğurlu iştirakının
təmin olunması üçün ölkəmizin
Bolqarıstandakı səfiri
Nərgiz Qurbanova lazımi dəstək göstərib.
Tofiq Hacı
Azad Azərbaycna.-
2019.- 8 oktyabr.- S.7