Müdrikliklə vicdanın harmoniyası

 

 

Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisində Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimidir.

O, maarifçi bir mühitdə, ömrünü gənc nəslin təlim-tərbiyəsinə vermiş Əkbər müəllimin ailəsində dünyaya gəlib. Bu xeyirxah və zəhmətkeş insan Naxçıvan Respublikasının Şərur bölgəsindəki Danzik kəndindən, Həbibbəylilər şəcərəsindəndir. Qədim tarixə malik olan ata-baba yurdun ağsaqqalı Əli xan (Əli xan məhəlləsi) mülk sahibi olub ki, onun bir neçə kəndi əhatə edən böyük təsərrüfatını XIX əsrin əvvəllərindən oğlu İbrahim Sultan idarə edib. Onun Qasıməli, Həsənalı, Abbasəli, Hüseynqulu, Əhmədalı, Hüseynalı və Vəkil Sultan adlı oğulları olub.

Həbibbəylilər ailəsi həmişə Danzik kəndi və onun əhatəsi ilə bağlı olub. Onlar sovet hakimiyyəti illərinə qədər Vəkilov soyadı daşıyıb. Repressiya dövründə həmin soyaddan imtina etməyə məcbur olublar. Həbib bəyin var-dövləti, dəyirmanları əllərindən alınıb. Qasıməli Sultan qoluna mənsub olan Həbib bəyin oğlu Əkbər müəllim onun da ilk övladı İsa Həbibov - Həbibbəylidir.

 

 

O, ilk təhsilini Danzik məktəbində alıb, ali təhsilini Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, Əziz Şərif, Abbas Zamanov, Məhəmmədhüseyn Təhmasib, Yavuz Axundlu, İzzət Maqsudov və Yusif Seyidovun dərs dediyi ali məktəbdə davam etdirib. İnstitutun ictimai həyatında fəal iştirak edib, Tələbə Elmi Cəmiyyətinin sədri olub, elmi konfranslarda çıxışlar edib, institutu fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayan İsa müəllim 1973-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə aspiranturasına daxil olub. Akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi şöbədə aspirant kimi fəaliyyətə başlayıb. Filologiya elmləri doktoru, professor Kamran Məmmədovun rəhbərliyi ilə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasında sənətkarlıq xüsusiyyətləri” mövzusunda ilk tədqiqatlarını aparıb.

1980-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında “XX əsrin əvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Akademik İsa Həbibbəyli fədakar alimdir. O, 1970-ci ildə Naxçıvanda keçirilən “Elm günləri”ndə akademik Məmməd Cəfər Cəfərovla tanış olub, maraqlı çıxışı akademikin diqqətini cəlb edib. Beləliklə, İsa Həbibbəyli Məmməd Cəfər Cəfərov, Abbas Zamanov və Əziz Şərif kimi görkəmli ədəbiyyatşünas-alimlərin layiqli ardıcıllarından olub.

Alimin ilk elmi məruzəsi 1975-ci ilə, ilk elmi-tədqiqatları 1970-ci illərə aiddir. Onun Azərbaycan Elmlər Akademiyası aspirantlarının elmi konfransında “XX əsr Azərbaycan romantik lirikasında Füzuli günləri” (1975), Azərbaycan Dövlət Universitetində Məhəmməd Hadinin 100 illiyinə həsr edilmiş konfransda “Hadi lirikasının sənətkarlıq xüsusiyyətləri” (1979), “Poetik formalarda novatorluq” (1979) və başqa məqalələri maraqla qarşılanıb. O, 1992 və 2004-cü illərdə XX əsrin əvvəlləri Azərbaycan yazıçılarının həyat və yaradıcılığını əhatə edən 2 kitab çap etdirib. Bu kitablarda dövrün həm romantiklərini, həm də realistlərini canlandırıb. İsa müəllim həm romantik, həm də realist ədəbiyyatın problemləri ilə məşğul olub. Alimin əsas elmi-tədqiqatları XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mühüm problemlərini əhatə edib.

Ədəbiyyatşünas-alim görkəmli ədəbiyyat tarixçisi və nəzəriyyəçisidir. O, milli ədəbiyyat tarixi, habelə, maarifçi realizm, tənqidi realizm və romantizm yaradıcılıq metodlarının elmi-nəzəri və estetik əsaslarına dair tədqiqatlar aparıb, Məmməd Cəfər Cəfərov, Məmməd Arif, Abbas Zamanov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev irsinin elmi-nəzəri əsaslarını mənimsəyib, onları yaradıcılıqla davam və inkişaf etdirib.

İsa Həbibbəylinin “Romantik lirikanın imkanları” (1984), “Ədəbi yüksəliş” (1985), “Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas tarixləri” (1986), “M.Ə.Sabirin həyatı və yaradıcılığının əsas tarixləri” (1987), “XX əsr Azərbaycan yazıçıları” (1992), “Cəlil Məmmədquluzadə” (1994), “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” (1997; 2009), “Xalq şairi Məmməd Araz” (1999), “Ustad Məhəmmədhüseyn Şəhriyar” (1999), “Cəlil Məmmədquluzadə” (2002), “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları” (2004), “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007), “Akademik Səməd Vurğun Vəkilov” (2015) monoqrafiyaları görkəmli ədəbi şəxsiyyətlər haqqındadır.

Alimin “XX yüzilin əvvəllərində yaşayan Azərbaycan yazarlarının bioqrafiləri” (1992), “Naxçıvan Universiteti” (1992), “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə”(1994), “Araz üstə Universitet” (1996) kitabları Ərzurumda türk dilində, “Naxçıvan Dövlət Universiteti” (1998) Ankarada türk dilində, “Cəlil Məmmədquluzadə” (1999) Moskvada rus dilində, “Şəhriyar dünyası” (2000-2002) İranda əski əlifba ilə Azərbaycan dilində, “Cəlil Məmmədquluzadə” (2003) Bakıda alman, ərəb, fransız, ingilis və rus dillərində, “Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərlərilə” (2004) Pakistanda, İslamabadda urdu dilində, “Azərbaycan mütəfəkkir yazıçısı Cəlil Məmmədquluzadə” və “Yeni dövr Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə” (2008) Qahirədə ərəb dilində, “Cəlil Məmmədquluzadə” (2009) Naxçıvanda Azərbaycan, rus və ingilis dillərində, “Cəlil Məmmədquluzadə” (2010) Urmiyada əski əlifba ilə Azərbaycan dilində, Sevastopolda rus dilində (2010), “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları” (2013) Kiyevdə Ukrayna dilində, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (2017) Bakıda Azərbaycan, ingilis, ərəb və rus dillərində, “Zamanın dühası” (1992) Azərbaycan, rus, ingilis və fars dillərində nəşr edilib.

Prinsipial alim araşdırmalarını Moskva, Tiflis, Bakı, Odessa, Yasnaya Polyana, Ankara, Qori, Ərzurum arxivlərində və kitabxanalarında davam etdirib, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası 1997 və 2009-cu illərdə çap olunub.

Azərbaycan ədəbiyyatı tarixi və nəzəriyyəsi ilə ardıcıl məşğul olan akademik İsa Həbbibəylinin “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007) monoqrafiyası onun əhəmiyyətli tədqiqat əsərlərindəndir. Kitabın birinci bölməsində S.M.Qənizadə, S.S.Axundov, N.Nərimanov, R.Əfəndiyev, İ.Musabəyov və H.K.Sanılının maarifçi görüşləri, ikinci bölməsində C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyov, M.Şahtaxtlı, Ə.Nəzmi, Ə.Qəmküsar, Y.V.Çəmənzəminli, E.Sultanov, Ö.F.Nemanzadə, Ə.Müznib, M.Ə.Möcüz, B.Abbaszadə və H.Z.Marağalının tənqidi-realist baxışları, üçüncü bölməsində M.Hadi, H.Cavid, Ə.Hüseynzadə, A.Şaiq, A.Səhhət, C.Cabbarlı və Ə.Cavadın romantik yaradıcılığı, dördüncü bölməsində F.Köçərli, A.Sur, M.Ə.Rəsulzadə və S.Hüseynin tənqidçi və ədəbiyyatşünas kimi fəaliyyəti ətraflı tədqiq olunub, mühüm elmi-nəticələr əldə edilib.

Alimin 10 cilddə seçilmiş əsərlərinin “Ədəbi şəxsiyyət və zaman” adlanan II cildində (2017) “Klassik ədəbiyyat”, “Erkən yeni dövr”, “Realizm epoxası” (maarifçi realizm, tənqidi realizm), “Azərbaycan romantizmi”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Çətin yollarda”, “Müasirlik işığında”, “Müstəqillik andı” bölmələri verilib. Yeni elmi konsepsiya və ədəbi dövrləşdirmə prinsipləri işığında milli ədəbiyyatşünaslığa müasir konseptual baxış ifadə olunub.

Akademik İsa Həbibbəyli ABŞ, İngiltərə, Çin, Koreya, Fransa, Yaponiya, Rusiya, Türkiyə, Şimali Kipr, Gürcüstan, Almaniya, Belçika, Cənubi Koreya, İspaniya, İran, İraq, Hindistan, Polşa, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Litva, Pakistan, Macarıstan, Özbəkistan, Qazaxıstan, Monqolustan, Türkmənistan, Qırğızıstan, Tatarıstan və başqa ölkələrdə rəsmi səfərlərdə olub, beynəlxalq simpozium, qurultay və konfranslarda aktual məruzələri ilə Azərbaycan elmini layiqincə təmsil edib.

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən III Uluslararası Atatürk Simpoziumunda “Azərbaycan yazarı Əli bəy Hüseynzadənin yaradıcılığında Atatürk”, İranın Marağa şəhərindəki Beynəlxalq Əvhədi Konqresində “Əvhədi əsərlərinin tərcüməsi və nəşri məsələləri”, Başqırdıstanın paytaxtı Ufada keçirilən Türkoloqların Beynəlxalq Konqresində “Əli bəy Hüseynzadənin türkçülük ideyaları”, Türkiyənin Van şəhərində keçirilən Uluslararası Dədə Qorqud simpoziumunda “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi yeni mərhələdə”, Şimali Kipr Respublikasında keçirilənAtatürk, Türk dünyası və Kıbrıs” simpoziumunda “Atatürk-Naxçıvan”, Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar İranın Marağa şəhərində keçirilən beynəlxalq simpoziumda “Nəsirəddin Tusi və müasirlik”, Bolqarıstanın Şumen Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfransda “Əli bəy Hüseynzadənin Şərq-Qərb ideyaları”, Avropa Universitetlər Assosiasiyasının İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq konqresində, “Azərbaycan-Misir əlaqələri” beynəlxalq simpoziumunda, YUNESKO-da keçirilən Ali Təhsil üzrə beynəlxalq konqresdə, “Atatürkdən Heydər Əliyevə - Nizamidən Yunus İmrəyə: tarixi-ədəbi ənənələr və müasir dövr” adlı beynəlxalq simpoziumunda, Rusiya Federasiyasının Novosibirsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illiyi ilə əlaqədar keçirilən “Heydər Əliyev: lider və zaman” mövzusunda beynəlxalq elmi konfransda, Uluslararası Türk kültürü konqresində, Türkiyədə keçirilən Uluslararası Ağrıdağı simpoziumunda dəyərli məruzələr edib, Türkiyənin Ərdəhan şəhərində Atatürk Kültür Mərkəzi, Ərdəhan vilayəti və Ərdəhan Universitetinin Naxçıvan Universiteti ilə birgə keçirdikləri “Azadlığın səsi Bəxtiyar Vahabzadə”, Macarıstanda keçirilən “Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu” beynəlxalq elmi konfranslarda məruzəçi, habelə, bölmə iclasların sədri olub.

Qars Qafqaz Universiteti və NDU-nun birgə keçirdiyi “Kars Antlaşması ve Bölgesel Etkileri” adlı III Uluslararası Kafkasya Tarih simpoziumunun əsas təşkilatçılarından olub. Yaponiyanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin təşkil etdiyi “Ali məktəblərin səmərəli idarə olunmasında Yapon modeli” mövzusunda beynəlxalq seminarda, Naxçıvan Dövlət Universitetində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət İdarəsi ilə birgə keçirdiyi “Şəhriyar - müasir dövrün böyük şairi” mövzusunda beynəlxalq elmi konfranslarda geniş nitq söyləyib.

Natiq Qazaxıstanın Astana şəhərində Türk Akademiyasının keçirdiyi “Çingiz Aytmatov və müasir türk dünyası” mövzusundakı konfransda məruzəçi, “Məhtimqulu Fəraqi və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq simpoziumda bölmə rəhbəri olub (Türkmənistan, Aşqabad), eyni zamanda Astanada türkdilli dövlətlərin “Türk yazı günü” mövzusunda Beynəlxalq Forumda çıxış edib (Qazaxıstan, Astana).

İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr”, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasirlik”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş elmi sessiyalarda, habelə, Rostov vilayətinin Vyoşenski qəsəbəsində Şoloxovşünasların “Müasir dövrdə M.A.Şoloxovun yaradıcılığının öyrənilməsi: problemlər, konsepsiyalar, yanaşmalar” mövzusunda beynəlxalq elmi konfransda “M.A.Şoloxov və Azərbaycan” mövzusunda məruzələr edib.

“Azərbaycan müasir dünyada” mövzusunda ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş konfransda, “Yeddi ulu ozan” beynəlxalq elmi simpoziumda, eyni zamanda Avrasiya Universitetlər Birliyinin (EURAS) Bakıda, İstanbul Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsinə (EURİE) hazırlıqla bağlı keçirdiyi toplantıda çıxış edib, Qazaxıstanda, Astanada keçirilmiş Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Böyük Çöl” Birinci Humanitar Elmlər Forumunda bölmə rəhbəri olub, Beynəlxalq Altayşünaslıq Konfransında çıxış edib (Ərdəhan, Türkiyə, 2016). O,”Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda beynəlxalq elmi konfransa sədrlik edib, “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda nitq söyləyib.

Alim Ankarada Türkiyə EA, Beynəlxalq Türk Akademiyası və Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının iştirakı ilə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türk dünyasında elmi əməkdaşlıq və dialoq” mövzusunda beynəlxalq elmi konfransda “Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri”, habelə, “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfranslarda çıxış edib.

Akademik Saib Təbrizinin yaradıcılığına həsr edilmiş beynəlxalq konfransda məruzəçi olub, Beynəlxalq Türk Mədəniyyəti Qurumu (Türksoy) tərəfindən görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı beynəlxalq konfransda çıxış edib (Ankara, Türkiyə 2017). O, Qafqazşünasların Birinci Beynəlxalq Forumu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olub. Macarıstanda, Budapeştdə akademik Georq Hazainin 85 illiyi münasibətilə dövlət tədbirində nitq söyləyib, Türkmənistanda Elm Günləri çərçivəsində beynəlxalq konfransda (Aşqabad), Türkiyədə İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında Beynəlxalq konfransda, Qazaxıstanda, Astanadakı Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında, görkəmli gürcü türkoloqu, akademik Elizbar Cavelidzenin 80 illik yubileyində çıxışlar edib.

İsa Həbibbəyli Bakıda keçirilmiş “Fizika və lirika” mövzusunda beynəlxalq elmi seminarda və Rusiyanın Dubna şəhərində keçirilmiş yekun tədbirində əhatəli məruzə söyləyib, İnstitutun Azad Həmkarlar İttifaqı ilə birgə keçirdiyi “Qoşa qanad: elmi idrakla bədii yaradıcılığın sintezi” IV “Fizika və lirika” konfransının rəhbəri olub.

Akademik AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birlikdə özbək ədəbiyyatı və elminin görkəmli nümayəndəsi Məqsud Şeyxzadənin 110 illik yubileyi münasibətilə “Məqsud Şeyxzadə: Azərbaycan və özbək xalqlarının görkəmli oğlu”, Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birlikdə böyük özbək mütəfəkkiri və dövlət xadimi Zahirəddin Məhəmməd Baburun 535 illik yubileyi münasibətilə keçirilmiş “Zahirəddin Məhəmməd Babur və Azərbaycan”, klassik türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığına həsr edilmiş “Məhtimqulu - insan qəlbinin mənəvi təbibi”, dünya şöhrətli yazıçı və ictimai xadim Çingiz Aytmatovun 90 illik yubileyinə həsr edilmiş “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq elmi konfranslara rəhbərlik edib.

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” mövzusunda elmi konfransa sədrlik edən alim həm də layihə rəhbərliyi əsasında eyni adlı kitabı 2 cilddə nəşr etdirib. İsa Həbibbəyli eləcə də “Xurşidbanu Natəvandan Pərvin Etisamiyədək” mövzusunda beynəlxalq elmi konfransa və “Ədəbi proses 2013-2017” mövzusunda yaradıcılıq müşavirələrinə sədrlik edib.

Akademik “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası seriyasından Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimat mərasimində, Mikayıl Müşfiqin 110 illiyi, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110 illiyi, “Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımları”, akademik Feyzulla Qasımzadənin 120 illiyi, görkəmli folklorşünas Mirəli Seyidovun 100 illiyi, AMEA-nın müxbir üzvü Əlyar Səfərlinin 80 illiyi, tənqidçi və ədəbiyyatşünas Məsud Əlioğlunun 90 illik yubiley mərasimlərinə rəhbərlik edib, geniş nitq söyləyib.

Görkəmli alim AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi elmin idarə olunması, təşkilati cəhətdən yenidən qurulması və kadr hazırlığı sahəsində məhsuldar fəaliyyət göstərir. Onun cəmiyyət içərisində, habelə, akademiya sistemində böyük nüfuzu vardır. Xüsusilə, Ədəbiyyat İnstitutunun əməkdaşları onun direktor kimi rəhbərliyindən və fəaliyyətindən qürur duyur, institutda yaratdığı işgüzar mühitdən məmnun qalırlar. İnstitutun 85 illik yubileyində əməkdaşların dəyərli mükafatlara layiq görülməsində akademik İsa Həbibbəylinin böyük xidmətləri olub.

O, fəal ictimaiyyətçi, xalq elçisi, ictimai xadim və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Akademik İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyi, Atatürk Araşdırmalar Mərkəzi üzrə Atatürk Kültür Dil və Tarix Qurumunun üzvüdür. O, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası, Nyu-York Elmlər Akademiyası, BMT yanında Beynəlxalq İnformasiya Akademiyası, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.

Akademik İsa Həbibbəyli Almaniyanın Humbolt şəhər universitetindəki Azərbaycan tarixi kafedrası (2013), habelə, Türk Akademiyası ilə Ədəbiyyat İnstitutu, Gürcüstanın Ədəbiyyat İnstitutu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayıb (2013). Polşanın Varşava şəhərində AMEA ilə Polşa Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində iştirak edib (2013). Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumunu imzalayıb (2014). Konfutsi İnstitutu ilə elmi əməkdaşlıq müqaviləsi bağlayıb, Astana şəhərində Türk Dünyası Elmlər Akademiyaları Birliyinin yığıncağında AMEA-nı təmsil edib, (2015), Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Bolqarıstan Elmlər Akademiyasında səfərdə olub, Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb (2018).

Hazırda görkəmli alim elmi-nəzəri problemlərlə bərabər, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının tədqiqinə diqqət yönləndirir, yeni monoqrafik tədqiqatların yazılışını sürətləndirir, dövrümüzün aktual problemləri ətrafında ədəbi-nəzəri axtarışlarını fədakarlıqla davam etdirir. Azərbaycan ədəbiyyatşünaslığının müasir problemləri və vəzifələrinə yenidən baxır, xüsusilə, monoqrafiya və dissertasiyaların keçmiş metodlarla, üsul və vasitələrlə yazılışını aradan qaldırmağa çalışır, millilik amilinə daha artıq üstünlük verir.

Görkəmli alimin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı elmi-nəzəri tədqiqatı xüsusilə qeyd edilməlidir. İsa müəllim ədəbi dövrləşdirmə konsepsiyasına tamamilə geniş və əhatəli tarixi-nəzəri baxış ifadə edib, mövcud ədəbi-elmi təcrübəni ümumiləşdirib. Bu kanseptual tədqiqatda yeni tezislər, vacib elmi müddəalar irəli sürülüb, həlli yolları göstərilib.

Akademik Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk Dünyası Ədəbiyyat İnstitutları direktorları iclasında “Türk xalqları ədəbiyyatının dövrləşdirmə konsepsiyası” mövzusunda məruzə edib, orada da əhəmiyyətli elmi-nəzəri müddəalar irəli sürüb. Alimin nəzəri konsepsiyası əsasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbələri tarixi dövrləşdirmə baxımından təkmilləşdirilib və yeni şöbələr yaradılıb. Hazırda elm və tədris vəsaitlərinin yenidən yazılmasına ardıcıl diqqət gücləndirilməkdədir.

İsa Həbibbəyli XI-XII əsrlər Azərbaycan intibahı dövründən, habelə, XIII-XVIII əsrlərin alim və təbiblərindən yazıb. XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan ədəbi-mədəni və pedaqoji mühiti, habelə maarifçilik dövrü və ədəbi məclislər haqqında qiymətli yazıların müəllifidir. Bu baxımdan alimin Hacağa Fəqir Ordubadi, Eynəli bəy Sultanov, Mirzə Cəlil Şürbi, Məmmədqulu bəy Kəngərli, Cümşüd Paşa Sultanov, Sadıq Xəlilov, Mirzə Əbülqasım Sultanov, Ələkbər Məmmədxanov, Rəşid bəy Əfəndiyev haqqında elmi-publisistik oçerkləri, eləcə də “Naxçıvanda birinci müəllimlər qurultayı”, “Naxçıvanda mətbuat (1921-2015)”, “Azərbaycanda Naxçıvan Dövlət Universiteti”, “Naxçıvanda ilk elmi jurnal”, “Elm yönlü nəşriyyat”, “Ziyalı mühitinin ağsaqqalı”, “Tarixçi borcu və vətəndaşlıq mövqeyi”, “Türkologiya ağırlıqlı azərbaycanşünas alim”, “Mənbəşünas tarixçi və azərbaycançı pedaqoq” kimi məqalələri qiymətlidir. Akademik İsa Həbibbəyli Ə.Sultanovun “Ədəbiyyatşünaslıq dəftəri”, G.Kəngərlinin “Rus poeziyasından tərcümələr”, Eynəli Sultanovun “Azərbaycan qızı” pyesi, C.Məmmədquluzadənin ilk bədii əsərləri, Naxçıvan teatrının yaranması, M.T.Sidqinin “Tərbiyə” məktəbi, M.Şahtaxtlının publisistikası, “Şərqi- Rus”un nəşri, M.S.Ordubadi, H.Rasizadə, Q.Şərifov, Çakər, Ə.Qəmküsar və başqaları haqqında yeni məlumatlar verib. İsa müəllim “Molla Nəsrəddin”in nəşri və ideya məfkurəsindən, habelə, Naxçıvan ədəbi prosesindən söz açıb. O, Cəlil Məmmədquluzadənin uzun illər naməlum qalan nəvə-nəticələrinin aşkar olunmasında xeyli iş görüb, İranda və Fransada onlarla görüşüb, ədibin bütöv şəcərəsini müəyyənləşdirib. Görkəmli ədibin ev muzeylərinin yaradılması və təşkilində fəal iştirak edib, əldə etdiyi qiymətli sənəd, məktub və şəkilləri muzeyə bağışlayıb.

Mirzəcəlilşünas-alim Cəlil Məmmədquluzadənin həyatı, mühiti, müasirləri, yaradıcılığı və nəsil şəcərəsinə dair yeni məlumatları ilə Azərbaycan publisistikasına, habelə, ədəbiyyatşünaslıq elminə əhəmiyyətli yeniliklər gətirib. Akademik İsa Həbibbəyli 1987-ci ildə “Cəlil Məmmədquluzadə” monoqrafiyasını, 1990-cı ildə Cəlil Məmmədquluzadənin “Ər”, “Lənət” və “Oyunbazlar” pyeslərini, 1992-ci ildə “XX yüzilliyin başlanğıcında yaşayan Azərbaycan yazıçılarının bioqrafiləri” və “Naxçıvan Dövlət Universiteti” əsərlərini kitab halında çap etdirib. Cəlil Məmmədquluzadə ədəbi irsini beynəlxalq dövriyyəyə çıxarıb.

Akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn tədbirlərin təşkili və keçirilməsində həmişə aydın mövqe ifadə edib, əhəmiyyətli məruzələrlə, çıxışlarla elmi uğurlar qazanıb. İsa Həbibbəyli də Prezident qərarları ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyəti ili, Molla Pənah Vaqif ili, Nəsimi ilinin elmi-təşkilati fəaliyyətinə rəhbərlikdə böyük əmək sərf edib.

Akademik İsa Həbibbəyli tərtibçi, naşir və mənbəşünas alim kimi də uğurlu fəaliyyət göstərir. O, M.T.Sidqi haqqında yeni sənədləri, məlumatları üzə çıxarıb, onun naməlum şeirlərindən, dərsliklərindən, çap olunmamış yazılarından, əlyazma və məktublarından söz açıb. 2004-cü ildə M.T.Sidqi əsərlərinin külliyyatını müqəddimə ilə birlikdə nəşrə hazırlayıb. Məhəmməd ağa Şahtaxtlının “Seçilmiş əsərləri”ni də ilk dəfə 2007-ci ildə çap etdirib.

Akademik İsa Həbibbəyli xeyli kitaba ön söz, şərhlər və izahlar yazıb, klassik və müasir ədəbi irsin toplanması, nəşri və təbliği sahəsində əvəzsiz xidmətlər göstərib. O, “Məmməd Araz. Qayalara yazılan səs” (1994), M.T.Sidqinin “Məktəb hekayələri”, “Naxçıvan Dövlət Universiteti əməkdaşlarının elmi əsərlərinin biblioqrafiyası” (1997), (2002, 2003), “Abbas Zamanov” (2003), “Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma” (2003), “Müasirləri Abbas Zamanov haqqında” (2003), “Cəlil Məmmədquluzadə. Əsərləri. 4 cilddə”, “Məhəmməd Tağı Sidqi. Əsərləri” (2004), “Məhəmmədağa Şahtaxtlı” (2006, 2008), “Hüseyn Cavid. Taleyi və sənəti” (2017), “Milli ziyalılığın qüdrətli təminatçısı”, “Akademik Məmməd Cəfər Cəfərov. Taleyi və sənəti” (2009), “Məmməd Cəfər Cəfərov. İnsanlar və talelər: kinodram” (2009), “Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. 2 cilddə” (2009), “Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı” (2009), “Qulam Məmmədli” (2009), “Cəlil Məmmədquluzadə: taleyi və sənəti” (2010), “Əliqulu Qəmküsar: taleyi və sənəti” (2011), “Məmməd Səid Ordubadi. Həyatı və mühiti” (2012), “Eynəli bəy Sultanov. Publisistika” rus dilində (2016), “Eynəli bəy Sultanov. Məqalələr” (2017), “Məhəmməd Tağı Sidqi. Məktəb hekayələri” (2017) kitablarını çapa hazırlayıb, onlara ön söz və şərhlər yazıb. “Filologiya və sənətşünaslıq”, “Azərbaycan ədəbiyyatşünaslığı”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.İzm” jurnallarının layihə rəhbəri və baş redaktorudur.

Akademik İsa Həbibbəyli azərbaycanşünas-alimdir. O, dövlətçilik işığında “Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarlıq missiyası”, “Heydər Əliyev yolu: Naxçıvan reallıqları”, “Böyük qayıdışın bəhrələri”, “Böyük inkişafın möhtəşəm hesabatı”, “Yeniləşmədən intibaha”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Nuhçıxandan Naxçıvana: tarix və müasirlik” məqalələrini yazıb, “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” (2013), “Ədəbiyyatda Heydər Əliyev obrazı. Tarixi gerçəklikdən ideala” (2018) kitablarını çap etdirib. Azərbaycan Respublikasının tərkib hissəsi kimi Naxçıvan bölgəsinin siyasi-ideoloji, sosial-iqtisadi və mədəni inkişafının dinamikasını izləyib, “Naxçıvan tarixi” (2015), “Nuhçıxandan Naxçıvana” (2015), “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (2017), “Duzdağ mozaikası” (2017) və s. kitabları ilə ümumən Azərbaycan dövlətçiliyinin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi rolunu bəyan edib.

Akademik İsa Həbibbəyli Naxçıvanın ədəbi-elmi mühiti ilə bağlı “Naxçıvanın muxtariyyat statusu Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti kimi”, “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi”, “Naxçıvanda ədəbi yüksəliş”, “Ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi”, “Müasir bədii yanaşmaların işığında”, “Naxçıvan elmi mühiti: ənənə və müasir dövr”, “Əli Əliyev məktəbi”, “Ziyalı mühitinin ağsaqqalı” və “Dərinliklərə doğru” qiymətli məqalələrin müəllifidir. O, Naxçıvan elminin qədim, orta əsrlər dövründən, XIX əsrdə M.Şahtaxtlı, M.T.Sidqi, C.Məmmədquluzadə, XX əsrin əvvəllərində Cümşüd Paşa Sultanov, Mirzə Əbülqasım Sultanovdan, habelə, 1941-1945; 1950-1960; 1970-1980-ci illər və müstəqillik dövrünün elmindən danışıb. Alimin “Nuhçıxandan Naxçıvana” adlı (2015) qiymətli tədqiqatı Azərbaycan elmi fikrinin böyük nailiyyətidir.

Cəmiyyətşünas-alim Naxçıvan şəhərinin beş minillik tarixindən, milli ideologiyanın yaranması və inkişafı mərhələlərindən bəhs edib. O, Cəlil Məmmədquluzadə irsinin başlıca ideya-məfkurə istiqamətini azərbaycançılıq səviyyəsindən dəyərləndirib, azərbaycançılıq ideologiyasının ədəbi-estetik əsaslarını hazırlayıb. Alim “Azərbaycançılıq məfkurəsi yollarında” məqaləsində Nizami Gəncəvi, Mirzə Cəlil, Şəhriyar, Səməd Vurğun, Məmməd Araz, Anar, Elçin, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi poeziyasına həm də azərbaycançılıq mövqeyindən qiymət verib.

Görkəmli tədqiqatçının “Nuhçıxandan Naxçıvana” (2015) adlı sanballı kitabı azərbaycançılıq və maarifçilik məfkurəsinə, sosial-siyasi düşüncəmizin çağdaş dövriyyəsinə böyük töhfəsidir. Bu qiymətli əsərdə fədakar alimin yeni axtarışları və uğurları özünə yer alıb. Kitab “Dövlətçilik işığında”, “Nuhçıxan-Naxçıvan”, “Azərbaycan tarixində Naxçıvan”, “Cəhalət dərdinin dərmanı: maarifçilik”, “Naxçıvan ədəbi mühiti”, “Azərbaycan elmində Naxçıvan”, “Ulu qüvvət - mədəniyyət”, “Əfsanələr diyarı”, “Poeziya və mahnı”, “Hər gün yazılan tarix” bölmələrini və filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun “Akademik İsa Həbibbəyli haqqında bir neçə söz, yaxud böyük ömrün tezisləri” adlı məqaləsini əhatə edir.

AMEA-nın yaradılması haqqında “Azərbaycan elminin baş qərargahı” seriyasından görkəmli akademiklər Y.Məmmədəliyev, Zərifə Əliyeva və Fərəməz Maqsudovun elmi-təşkilati fəaliyyətini ümumiləşdirib.

Nüfuzlu alimin 10 cilddə seçilmiş əsərləri nəşr olunub. 2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Azərbaycan Milli Kitabxanası onun biblioqrafiyasını çap edib, kitabda AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəylinin həyat və yaradıcılığının zəngin xronologiyası əksini tapıb.

Akademik İsa Həbibbəyli 1997, 2000-ci illərdə Naxçıvan MR Ali Məclisinə üzv, “İnsan haqları, parlamentlərarası əlaqələr və beynəlxalq münasibətlər” komissiyasına sədr, 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Hazırda Elm və Təhsil Komitəsinin sədridir (2015). Millət vəkili, Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.

O, alim və ictimai-siyasi xadim kimi fasiləsiz çalışır. İnstitut direktoru “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəkkülü və inkişaf mərhələləri” (2018) adlı monoqrafiya (professor Asif Rüstəmli ilə birlikdə), habelə, “Azərbaycanın elm məbədi” adlı filmin ssenari müəllifidir. Elm günü münasibətilə “Azərbaycan ədəbiyyatşünaslığı: problemlər və vəzifələr” mövzusunda konfransa rəhbərlik edib. Görkəmli alim Azərbaycan Respublikasının fərman və sərəncamları, qərar və tapşırıqlarının icrası, AMEA-nın prezidenti akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyanın elmi-təşkilati fəaliyyətində yüksək səviyyə, nüfuz və mövqe ifadə edir.

Görkəmli alimin zəhməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib. O, “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” (1999), “Şöhrət” (2007) və “Şərəf” ordenləri (2009), “Mahmud Kaşğari” (2015), Türksoyun “Molla Pənah Vaqif”, “Elmi istiqamətin rəhbəri” (2009), “Şəhriyar” medallarına (2015), “Məmməd Araz” mükafatı, habelə, “Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının “İnformasiya aləminin elitası” diplomuna layiq görülüb.

Müdrikliyi vicdanla üzvi surətdə birləşdirən fədakar elm xadimi akademik İsa Əkbər oğlu Həbibbəylinin 70 yaşı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərliyi və vitse-prezident kimi elmi-təşkilati fəaliyyətinin 5 ili tamam olur. Bu münasibətlə görkəmli alim və ictimai xadimi institut əməkdaşları adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, fədakar axtarış və daha böyük uğurlar arzulayırıq.

 

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə

direktor müavini, filologiya elmləri doktoru, professor.