Xatirəsi   ürəklərdə əbədi  yaşayan  şərqşünas  alim

 

 

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvləri, elmi ictimaiyyətin nümayəndələri şərqşünas alim, filologiya elmləri doktoru, pedaqoq, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə II Fəxri xiyabana gələrək xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

 

AZƏRTAC xəbər verir ki, mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva görkəmli alimin fəaliyyətindən, yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasında mühüm xidmətlərindən, şərqşünaslıq elminə verdiyi töhfələrdən danışıblar.

 

Bildirilib ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və bu sahədə ilk azərbaycanlı elmlər doktoru, professor ərəbşünas qadın olub.

 

Üç monoqrafiya (“Mixail Nüaymə  “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

 

Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ərəb filologiyası fənnindən mühazirələr oxuyub.

 

Professor Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır. Bir alim kimi Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Amma onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı idi. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər.

 

Aida xanımın xatirəsi ürəklərdə əbədi yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də aktuallığını qoruyub saxlayır, gənc nəsillər görkəmli şərqşünas alim Aida İmanquliyevanın əsərlərinə daim müraciət edirlər.

 

Tofiq Seyidzadə

 

Azad Azərbaycan.- 2019.- 10 oktyabr.- S.7