2019-cu ildə Azərbaycanı
Qarabağ məsələsində “əymək” istəyirlər
Yunus Oğuz:
"Dağlıq Qarabağ məsələsində
dönüşün baş verəcəyini gözləyirəm"
"Eyni zamanda həmin fikrimdə qalıram ki,
Qarabağın azad edilməsinin bir yolu var; hərbi müdaxilə"
2019-cu il başlayandan ölkədə və
regionda maraqlı proseslər baş verməkdədir. Həm Mehman Hüseynov olayı üzərindən
Azərbaycana yenidən təsir imkanlarının işə
salınması, həm Qarabağ problemi ətrafında cərəyan
edən proseslər bəzi qaranlıq məqamlardan xəbər
verir. Ölkəmizdə və yaxın regionumuzda cərəyan
edən proseslər barədə ekspertlər də
maraqlı dəyərləndirmələrlə
çıxış edirlər. "OLAYLAR" qəzeti və
eyniadlı agentliyin rəhbəri, yazıçı-publisist
Yunus Oğuz həm ölkəmizdə, həm də yaxın
coğrafiyamızda baş verənlərlə bağlı
müsahibə verib.
-Yunus bəy, artıq 2019-cu ilin
ilk ongünlüyünü yaşayırıq. İl
başlayandan həm ölkəmizdə, həm də yaxın
və uzaq qonşularımızda maraqlı proseslər
yaşanmaqdadır. İstər ölkəmizdə. Istərsə
də qonşu ölkələr, xüsusilə Qazaxıstanda
baş verən hadisələri necə xarakterizə edərdiniz?
-2019-cu il girər girməz hadisələr
maraqlı bir məcra üzrə cərəyan edir.
Yadınızdadırsa, 2018-ci ilin son aylarında Ukraynada bir
erməni azərbaycanlını güllələdi. Lakin bu
hadisənin səsi-sədası o qədər də
çıxmadı. Ancaq Qazaxıstanda ermənilərin
törətmiş olduğu cinayətin sədası
böyük rezonans doğurdu. Bunlar hamısı son bir ayda cərəyan
edən proseslərdir. Azərbaycanda isə başqa bir hadisə,
Mehman Hüseynov olayı baş verdi. Bütün
bunlarla paralel olaraq Birləşmiş Ştatlar prezidentinin
milli təhlükəsizlik məsələləri üzrə
müşaviri Con Boltonun Türkiyəyə səfər etməsi,
onun PKK və YPĞ barədə xoş sözlər söyləməsi,
buna cavab olaraq isə Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanın Con Boltonu qəbul etməməsi,
Boltonun Türkiyədən birbaşa İraqa getməsi və
s. bir yerə toplayanda ümumi bir mənzərəyə gəlmək
olar. 2019-cu ildə Azərbaycanı Qarabağ məsələsində
"əymək" istəyirlər. Bunun da
işartıları görünür. Yəni,
ümumilikdə "türklərlə bazarlığa getmək
mümkün deyil" obrazı yaradılır. Əslində
bu əvvəlcə Ukraynada başlamışdı, lakin
hansısa reaksiya olmadı. Sonradan bu hadisə Qazaxıstana
daşındı. Qazaxıstan barədə də o fikir
formalaşdırılır ki, bunlar da türkdür, onlarda
demokratiya, demokratik anlam deyilən şey yoxdur. Onlarla zor
dilində danışmaq lazımdır. Digər tərəfdən
Con Bolton Türkiyə prezidenti tərəfindən qəbul
edilmir və o, Ankaranı tərk edərək İraqa gedir. Yəni,
bütün bunlar o deməkdir ki, guya türk dünyası ilə
danışıqlara getmək olmaz. Bu mövqenin içərisində
həm də "Azərbaycanla danışıqlara getmək
olmaz" yanaşması var. Ona görə də belə
düşünülür ki, bu ölkələrlə zor
dilində danışmaq şərtdir. Belə təlqin edilir
ki, bu ölkələrdə demokratiya, normal inkişaf
olmayacaq. Yəni, bu da Qarabağı erməniyə güzəştə
getmək üçün gedən bir oyundur. Son nəticədə
butün türk dünyası kontekstində
çalışılır ki, Qarabağ məsələsində
Azərbaycan Ermənistana güzəştə getsin. Yəni
Azərbaycanı zor və ya xoşla məcbur etmək
lazımdır ki, bu işğalla barışsın.
Ümumtürk kontekstində proses belə gedir ki, bu ölkələrlə
heç bir danışıq aparmaq lazım deyil. Onlarla kifayət
qədər sərt və zor dilində danışmaq
lazımdır. Bəlkə də bu əvvəlcədən
hesablanıb ki, son nəticədə bütün türk
dünyası Rusiya, İran ilə müttəfiqliyə
getsin. Ancaq türk dünyası heç də zəif deyil. Həm
Türkiyə, həm də Azərbaycanda kifayət qədər
analitik var və bütün bu prosesləri dərindən
analiz edib dəyərləndirirlər.
-Bu arada Azərbaycanda Mehman Hüseynovla
bağlı məsələnin şişirdilərək
qeyri-real şəkildə təqdim edilməsi və bundan Azərbaycana
qarşı təsir vasitəsi kimi istifadə etmək
Bakıya qarşı növbəti təzyiq deyilmi?
-Təbii. Diqqət edək, xaricdəki antiAzərbaycan
dairələrə onların daxildəki maşaları tərəfindən
təqdim edilən siyahıda siyasi məhbus adı altında
yüzlərlə adamın adı var. Ancaq bu dəfə
Mehman Hüseynov amili qabardıldı. Məqsəd də
aydın idi. Azərbaycanda demokratiyanın
olmadığını iddia etmək, bu yolla ölkəmizə
təsir göstərmək. Proseslər də belə təqdim
edilirdi ki, adi bir şəkilə görə insanı həbs
edirlər. Halbuki bunu Azərbaycana irad tutan ölkələrin
özündə tamamilə başqa proseslər gedir və hətta
diktatorluqdan da kəskin addımlar atılır. Azərbaycanda
piket, mitinq keçirmək üçün əvvəlcədən
müvafiq dairələrə müraciət edib öz
aksiyanı keçirə bilirsən. Ancaq Fransa bu
addımı da qadağan etdi. Lakin hər kəs, Amerika,
Avropa, dünyadakı insan haqları, demokratiya təsisatları
susdu. Almaniyada da oxşar proseslər
yaşandı, "Sarı jiletlilər" aksiya keçirdi.
Həmçinin Yunanıstan, Polşa, Hollandiyada aksiyalar
keçirildi və həmin
aksiyalar zamanı əzilənlər, təzyiqə məruz
qalanlar da oldu. Onlara qarşı kifayət qədər sərt
tədbirlər görüldü. Ancaq bütün baş verənlərə
bir susqunluq nümayiş edildi. Azərbaycanda isə elə bir
hadisə baş versəydi aləm bir-birinə dəyərdi.
-Sizcə Azərbaycana qarşı olan bu
münasibətin arxasında dayanan əsas amil nədir?
İkili standartlar, yoxsa Azərbaycanı sürətli
inkişafdan yayındırmaq?
-Burada söhbət təkcə Azərbaycanı
sürətli inkişafdan yayındırmaqdan getmir. Diqqət
edin, Qazaxıstan Orta Asiya. Azərbaycan, Türkiyə çox
sürətlə inkişaf edib gücə çevrilirlər.
Azərbaycan bölgədə həm hərbi potensialı, həm
strateji mövqeyionə görə aparıcı dövlətdir.
Türkiyə də eyni zamanda böyük gücə malikdir.
Suriya, İraq, İran və digər məsələlərdə
hökmən Türkiyə ilə nəyisə
razılaşdırmaq lazımdır. Bu türk dünyasının
aparıcı strateji xəttidir. Artıq Amerika, Avropa başa
düşür ki, bu ölkələrin təbii
ehtiyatlarına yiyələnmək lazımdır. Təbii ki,
bu gün Azərbaycan haqlı olaraq buna razı olmur. Eyni
zamanda Orta Asiya da eyni mövqeni nümayiş etdirir. Əsas da
odur ki, son zamanlar türk dünyasının daha da
yaxınlaşması, birgə çalışması qeyd
etdiyimiz qüvvələri qəzəbləndirir. Hətta
Belarus da Ermənistan- Azərbaycan məsələsində həmin
strateji xəttə qoşulub. Ona görə də istəmirlər
ki, türk dünyasının, bu coğrafiyaya daxil olan
ölkələrin müstəqil siyasi, iqtisadi, hərbi-geostrateji
potensialı yüksəlsin.
Bunun da qarşısını almaq üçün təbii
ki, həmin ölkələr barədə mənfi rəy
formalaşdırmaq lazım gəlir. Demokratiyanın
olmaması, diktatura rejiminin hökm sürdüyü, insan
hüquq və azadlıqlarına hörmət edilmədiyi
iddia olunur.
-Sizcə Qazaxıstanda baş verənlər təsadüfi
idi, yoxsa rəsmi Astananın istər KTMT-də, istərsə
də Qarabağ məsələsində nümayiş
etdirdiyi prinsipial mövqeyə təsir məqsədi
daşıyır?
-Ola bilər
ki, hadisə təsadüfi olsun. Mən də
Rusiyada, Ukraynada yaşamışam və belə hadisələrlə
rastlaşmışam. Hansısa restoranda
yeyib-içir, sonra isə dava salırlar. Ola
bilsin ki, hadisə təsadüfən baş verib. Ancaq həmin
hadisəyə elə ermənilər tərəfindən
siyasi don geyindirilib. Bəlkə də Nazarbayev
olmasaydı, ermənilər Qazaxıstanda ermənilərin
kütləvi qırğınını da təşkil edərdilər.
Sumqayıt hadisələri kimi özləri bir
neçə ermənini öldürüb atacaqdılar
Qazaxıstanın üstünə. Yaxşı
ki, Rusiya və Qazaxıstan dərhal bu hadisənin
üstünə getdilər və onun məişət zəminindən
milli zəminə keçməsinə imkan vermədilər.
-2019-cu
ilin Dağlıq Qarabağ probleminin həlli istiqamətində
ümidverici il olacağı bildirilir. Siz bu barədə nə
düşünürsünüz?
-Dağlıq Qarabağ məsələsində
dönüşün baş verəcəyini gözləyirəm. Eyni zamanda həmin fikrimdə
qalıram ki, istər Paşinyan deyil, bir başqası olsun, hətta
mümkün belə görünməsə də Azərbaycanı
sevən bir erməni hakimiyyətə gəlib desə ki,
Dağlıq Qarabağ sizindir, mən ona inanmaram. Dağlıq
Qarabağın azad edilməsinin bir yolu var- hərbi müdaxilə.
Əgər hərbi müdaxilə olmasa, ermənilər
yenə oyun oynayacaqlar. Paşinyanın
hakimiyyətə gəlməsi təsadüfi baş vermədi.
Bundan əvvəl artıq Serj Sərkisyanı
masanın arxasına otuzdurmuşdular, işğal olunmuş ərazilərin
5+2 formatında azad edilməsinə qol çəksin. Sərkisyan bunu baş nazir olandan sonra prezidentin
üstünə atmaq istəyirdi ki, məsuliyyətdən kənar
olsun. Ancaq Sərkisyandan asılı
olmayaraq Amerika oyuna girərək Paşinyanı hakimiyyətə
gətirdi. Bir sözlə
danışıqlar bu yolla davaç edəcəksə,
heç bir nəticə olmayacaq. Yenə də
tərəflər razılaşmaya hazır olan ərəfədə
Paşinyanı devirib yerinə bir başqasını gətirəcəklər.
Bunun yeganə yolu hərbi müdaxiləıdir.
Süleyman
Azad azərbaycan.-
2019.- 11 yanvar.- S.3.