Nəsir hey?!.. (Elegiya)
1968-ci
ildə Dağıstanın Dərbənd şəhərində
Azərbaycan Xalq Teatrını yaratmış, bu Xalq Teatrı
da Dağıstançün Dövlət teatrlarından
heç də az iş görmüş, çox maraqlı
rejissor, aktyor, Dağıstan Respublikasının Əməkdar
artisti Nəsir Həşimoğluna və onun
ömür-gün yoldağı, teatr aləmində əsl
silahdaşı olmuş, Azərbaycan və Ləzgi
xalqları arasında böyük dostluq körpüsü
yaratmış, Dağıstanın Xalq artisti Düriyyə Rəhimovanın
əziz xatirəsinə itfah edirəm.
2019-cu ildə Dağıstan
Respublikasının rəhbərliyinin sərəncamı ilə
Dağıstanda Düriyyə Rəhimovanın 90 illik yubileyi
dövlət səviyyəsində qeyd olunacaq və həm də
onunla bağlı xatirə kitabı yazılmasına sərəncam
verilib.
Onu da vurğulayım ki, 1998-ci ildə yenidən
bərpa olunmuş Dağıstan Azərbaycan Dövlət
Dram Teatrı, məhz Nəsir Həşimoğlunun
yaratdığı həmin məşhur Xalq Teatrının
bazası əsasında formalaşıb. Bu gün həmin
Dövlət Dram Teatrında çalışan aktyorların,
aktrisaların da çoxu məhz Nəsir Həşimoğlunun
və Düriyyə Rəhimovanın yetirmələridir.
Müəllif
- Nəsir
hey!.. Nəsir!.. Nəsir!
Niyə cavab vermirsən? Niyə
dillənmirsən? Ay mənim dostum! Ay mənim
gülüm. Ay mənim ömür-gün yoldaşım. Bu çətin, keşməkeşli, sonu bilinməyən
dünyada məni tək qoyub hara gedirsən? Bundan sonra sənsiz mən necə yaşayacam? Necə yaşayacam?! Necə?!
Necə?!.. Cavab ver səsimə!.. Cavab ver... Nəsir hey!..
... Düriyyə xanım beləcə ağı deyir,
evdəkilər hamı hönkür-hönkür
ağlayırdı. Nəsir isə
divanın üstündə elə bil yuxuya getmişdi. Dərin, əbədi yuxuya. Nəsir müəllimin
ölümüylə belə nur yağan çöhrəsinə
baxdıqca fikirləşirdim ki, indi o, yuxudan ayılacaq və
başını qaldırıb deyəcək:
- Niyə
ağlayırsan, Düriyyə? Niyə
ağlayırsan, ay gülüm? Niyə
bura yığışmısız? Nə
olub mənə? Yatmışdım, ayıldım... Mən ölmək istəmirəm. Ölməyəcəm. Ölməyə
hələ haqqım yoxdur. Hələ qarşıda
gör nə qədər görüləsi işlər var...
Hələ Dağıstanda mədəniyyət
qalasını tikib qurtarmamışam…
Divanda əbədi
yuxuya getmiş bu müdrik ağsaqqalın, Nəsir müəllmin
nur yağan çöhrəsinə, ağ
saçlarına baxdıqca, onun haqqında dostlarımdan,
tanışlarımdan eşitdiklərim, özü ilə
etdiyim söhbətlər yadıma düşür və kino
lenti kimi beynimdə canlanırdı…
... Mən
1976-cı ildə Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət Dram Teatrında (indiki Musiqili-Dram
Teatrı) aktyor işləməyə gələndə,
teatrın yarandığı 1968-ci ildən orda işləyən
aktyorlar, keçmiş işçilər artıq işdən
getmiş aktyorları, rejissorları yada salanda, istedadlı
aktyorlar Nəsir Haşımoğlu və Düriyyə Rəhimovanı
hamı hörmətlə yada salır, onlar haqqında
ağız dolusu xoş sözlər
danışırdılar. Hamı onların
Sumqayıt Dövlət Dram Teatrından getməsinə
çox heyifslənirdi. Bütün işçilər
Nəsir müəllimin müdrikliyindən, aktyorluğundan,
dostcanlılığından, sadiqliyindən, Düriyyə
xanımın maraqlı aktrisa, gözəl müğənni
olmasından böyük həvəslə, istəklə
danışırdılar...
Həmin vaxtlar isə Nəsir müəllim Azərbaycanın
qədim şəhəri Dərbənddə,
özünün yaratdığı Azərbaycan Xalq
Teatrına rəhbərlik edirdi. Yorulmaq bilmədən
həvəskar aktyorlarla tamaşalar hazırlayır,
Dağıstanda Azərbaycan mədəniyyətini, teatr sənətını
yüksək səviyyədə təbliğ edirdi.
Quruluş verdiyi tamaşalara:- Səməd Vurğunun "Fərhad
və Şirin", Cəfər Cabbarlının
"Solğun çiçəklər", "Sevil",
Süleyman Rüstəmin "Beş manatlıq gəlin",
Georgi Xuqayevin "Arvadımın əri", "Elbrus evlənir",
Əbdürrəhim bəy Haqverdiyevin "Pəri
cadü", Nəsir Haşımoğlu və Düriyyə
Rəhimovanın "Alı xan və Pəri xanım"
dastanı əsasında səhnələşdirdikləri
"Pərixanım" və başqa əsərlərə
millətindən asılı olmayaraq, bütün
dağıstanlılar böyük maraqla, həvəslə
tamaşa edirdilər.
Nəsir müəllimin hörməti, ad-sanı
günü-gündən artır, hətta onun
tamaşalarına baxmaqçün peşəkar teatr xadimləri
Bakıdan Dərbəndə gedirdilər.
İyirmi
yeddi il rəhbərlik etdiyi Xalq Teatrında çoxlu
istedadlı aktyorlar, aktrisalar, müğənnilər,
musiqiçilər yetişdirən Nəsir
Haşımoğlu, 1948-ci ildə bağlanan Dağıstan Azərbaycan
Dövlət Dram Tetrının ənənələrini davam
etdirməklə, burada teatr aləmində böyük
inqilablar edirdi. Quruluş verdiyi tamaşalarla
Dağıstan xalqlarının sıx birliyinə,
dostluğuna, mehribançılığına var qüvvəsilə
xidmət edirdi Nəsir müəllim.
... 1997-ci
ilin iyun ayından onunla yaxından tanış
olmaq mənə də nəsib oldu. Həmin vaxtlar Hüseyn
Ərəblinski adına Sumqayıt
Dövlət Musiqili-Dram Teatrının uzun müddətli
qastrollarını Dağıstan Respublikasında təşkil
etməkçün mən, teatrın bədii rəhbəri və
direktoru kimi bura gəlmişdim. Eşitdim ki, Nəsir
müəllim evdə xəstə yatır. Mən onu
yoluxmağa getdim... Məni çox mehriban,
öz doğması kimi qarşıladı. Biz, onunla Sumqayıt Dövlət Musiqili-Darm
Teatrının keçmişi, bu günü haqqında
çox maraqlı söhbətlər elədik. O,
müdrik ağsaqqal kimi mənə çoxlu məsləhətlər
verdi... Dağıstanda qastrolumuzun
uğurlu olaması üçün əsasən nələrə
daha çox fikir verməyi tövsiyyə elədi... Onun bu tövsiyyələri həqiqətən də
bizə çox kömək elədi. Bir
aylıq Dağıstan qastrolumuz böyük uğurla başa
çatdı.
...
Artıq beş il idi ki, onu üzən
şəkər xəstəliyi, ayaqlarının iflic
olması imkan vermədi Nəsir müəllim gəlib bizim
tamaşalara baxsın. Öz ürək sözlərini
deyə bilsin. Hər görüşümüzdə
buna çox heyfislənirdi və uşaq kimi kövrəlirdi...
... İndi də özümü yamanlayıram ki, gərək
onunla hər bir görüşümüzü video lentə
çəkdirib, maqnitofon lentinə yazdırıb, gələcək
nəsillərçün saxlayaydıq. Çünki
o, hər bir görüşümüzdə elə müdrik,
elə uzaqgörən fikirlər söyləyirdi ki, onlar dərin
bilikli ağsaqqalın nəsihət kəlamları kimi gələcək
nəsillərçün böyük örnək olub, uzun əsrlər
yaşaya bilərdi. Dildən-dilə, nəsildən-nəslə
keçə bilərdi. Heyif... Çox heyif... Buna
görə özümü bağışlamıram...
Eləcə də Düriyyə xanımın maraqlı
məsləhətləri, Dağıstan xalqlarına
Sumqayıt teatrını, Azərbaycan mədəniyyətini
necə sevdirməklə bağlı verdiyi ana nəsihəti
də yaddaşımdadır. Heyif! Sədd heyf ki, bütün
bunları həmin vaxtı lentə köçürtdürə
bilmədim!.. Bu, mənim
bağışlanılmaz səhvimdir.
Bağışlayın
məni, əziz dostlarım, ağsaqqallarım! Amma sizə söz verirəm ki, beynimdə həkk
olub qalan o dürlü-dürlü dərin fikirləri, sizin
Azərbaycan mədəniyyəti, teatrı, incəsənəti
üçün gördüyünüz çox böyük
işləri gələcəkdə yazıya
köçürəcəm. Hökmən
yazacam ki, qoy gələcək nəsillər oxusunlar.
Oxuyub bilsinlər ki, XX əsrdə həyatının 38 ilini
Azərbaycan mədəniyyətinə, teatrına, Azərbaycan-Dağıstan
xalqlarının dostluğuna həsr edən,
ömrünü şam kimi incəsənət deyilən
sehirli bir dünyanın yolunda əridən
Dağıstanın Əməkdar artisti, neçə-neçə
fəxri mükafatların laureatı, müdrik ağsaqqal Nəsir
Haşımoğlu yaşayıb...
Əziz
dost! Siz, 63 il, 5 ay, 9 gün ömür
sürdünüz bu keşməkeşli, əzablı
dünyada. Dərbənd Azərbaycan Xalq Teatrının 30
illik yubileyini, yenidən bərpa olunmuş Dağıstan Azərbaycan
Dövlət Dram Teatrının ilk tamaşasını
görmək, bu teatrda tamaşalara quruluş vermək əfsus
ki, sizə nəsib olmadı. Nəvə toyu görməyi də
Ulu Tanrı sizə çox gördü ustad...
Nə bilim, Ulu Xaliqin işinə qarışmaq da deyirlər
günahdır. Özü bilən məsləhətdir.
Amma bir fəlsəfi sirri heç cür başa
düşə bilmirəm ki, ölüm yaxşıları həyatdan
niyə tez aparır? Niyə?.. Niyə?..
...Bu vaxt
Düriyyə xanımın ağısı məni fikirdən
ayırır:
-Dağlarım
əriyəcək,
Çaylarım
kiriyəcək,
Ürəyim
çürüyəcək,
Getmə
gözümdən,
Nəsir!
Nəsir
hey!?..
Getmə,
getmə, Nəsir
hey!..
Nəsir!.. Nəsir!..
Nəsir müəllimsə heç nə eşitmir. O, əbədi yuxuya gedib. Dərin
bir yuxuya...
O,
müdrik ağlı, böyük zəkası, əsl
kişiyə məxsus olan xasiyyəti ilə, daxilində
çoxlu tamaşaların ideyası ilə artıq
özünün haqq dünyasına qovuşub. Əbədi dünyasına...
Yeriniz
behiştlik olsun qardaşım, böyük ustadım Nəsir
Həşimoğlu! İnanıram ki, sizi
çoxları unutmayacaq. Dostlarıniz da,
tanışlarıniz da, övladlarıniz da, nəvələriniz
də, tələbələriniz də, yetirmələriniz də.
Sizi hamıdan çox yada salan isə Düriyyə
xanım olacaq. Çünki o, sizə təkcə
ömür-gühn yoldaşı olmayıb, həm də incəsənət
dediyimiz bu böyük, məşəqqətli aləmdə
silahdaş, arxa-dayaq olub. Bilin ki, o, bu dünyada həmişə
sizi axtarıb deyəcək:
-Nəğməm
sənsiz
ağlayır,
Göz
yaşlarım
çağlayır,
Sənsiz
sənli
günlərim,
Ürəyimi dağlayar.
Nəsir
hey!.. Hardasan?.. Gəl, qol götürüb oynayaq, nəvələrimizin
toyudur. Dağıstan Azərbaycan Dövlət
Dram Teatrının ilk tamaşasıdır.
Dağıstan Azərbaycan Xalq Teatrının 30 illik
yubileyidir...
Amma siz,
Düriyyə xanımın səsinə hay vermirsiz... Həyatda
bir sözünü iki eləmədiyiniz sevimli
ömür-gün yoldaşınıza,
silahdaşınıza indi cavab verə bilmirsiz...
... Mən isə bir şeyə inanıram ki, sizin
ruhunuz quş kimi uçub həmin bayramlara gələcək əziz
ustadım. Hamıya xeyir-dua verəcəksiz.
Sonra sizin işinizi uğurla davam etdirən Düriyyə
xanıma bu bayatını deyəcəksiz:
-Xalatın
al qumaşdan,
Tacın da düşdü başdan.
Fələk məni ayırdı
hayıf...
Sənin kimi yoldaşımdan.
Allah sizə qəni-qəni rəhmət eləsin
böyük ustad! Dağıstanda Azərbaycan mədəniyyətini
otuz ildən çox yorulmadan, böyük inamla uçulmaz
qala kimi möhtəşəm hörən Nəsir Həşimoğlu.
İnanıram ki, sizin hördüyünüz Mədəniyyət
qalanız, məşhur Dərbənd qalası kimi əbədi
yaşayacaq. Gələcək nəsillərə
böyük mənəviyyat bəxş edəcək. Bu
müqəddəs işi görmək, həyatda hər
kişiyə nəsib olmur ey böyük ustad. Ey böyük
sənətkar. Əvəzolunmaz rejissor, aktyor Nəsir Həşimoğlu.
Nə qədər ki, yer üzündə Dağıstan və
Azərbaycan olacaq, siz təkcə Dağıstan
xalqlarının yox, həm də Azərbaycan
xalqlarının böyük Mədəniyyət qalası
kimi tarixdə yaşayacaqsız. Mən buna qəti əminəm.
Çünki xeyirxah işlər görən insanlar heç
vaxt unudulmur. Ulularımız da deyib ki, “xeyirxah əməllər
elə uca körhüdür ki, hər yerdən
görünür. Çünki bu körpü millətləri
birləşdirir, bir-birinə yaxın, mehriban
qardaş-bacı edir”.
Ağalar İDRİSOĞLU
Azad Azərbaycan.-
2019.- 12 yanvar.- S.7.