Levitasiya - HEKAYƏ
"Dəniz taksisi” adlanan motorlu qayıq Aralıq dənizinin sularını yararaq, irəliləyirdi. Türk
qayıqçı hərdən
geri dönüb, özlərini azərbaycanlı
adlandıran iki sərnişinə şübhə
ilə baxırdı.
Kamera ilə bunlar qaranlıqda, bu dağların arasında nəyi çəkəcəkdilər? - Doktor, siz məni
nə vaxt agah edəcəksiniz, biz bura Türkiyəyə
niyə uçub gəlmişik? Məni əlimdəki bu peşəkər kameranı
bir həftə ərzində öyrənməyi
niyə təkid etdiniz və axşamçağı bu
qayıqla hara gedirik? - Əzizim Eldar, bir azacıq
da səbr elə, bir azdan
lazım olan yerə çatacağıq.
Yadındadirsa, keçən
il mənin iki kitabım burada, Türkiyədə çap edilmişdi. Kitablarımın buradakı
təqdimatı vaxtı
"Fethiye Ədəbi
Grubu”nun üzvləri,
başda qrupun rəhbəri dostum Coşkun Karabulut olmaqla mənim şərəfimə indi
gedəcəyimiz yerə
dəniz turu təşkil eləmişdilər.
Daxil olduğumuz bu körfəz "Ölüdəniz” körfəzidir.
Bax, qarşıda üç tərəfdən
dağlarla əhatə
olunmuş, girişi yalnız dənizdən olan vadi var,
-deyə o, uzaqlara maraqla baxdı. Hazırlaş, indi düşəcəyik. Kameradan ehtiyatlı ol. - Arkadaş,- deyə o, qayıqçıya səsləndi.
Çox teşekkür
ederim. Bizi burada bekleyin, rica ederim. Konuşduğumuz
gibi, bir buçuq saatdan sonra bizi geriye
götüreceksin. Qayıqçı
razılaşdı. Onlar
qayıqdan düşdülər.
- Gəl Eldar, biz irəli, bu dağların arasında yerləşən
dərəyə gedirik,-
deyə doktor əlilə göstərdi.
Çalış, mənim
arxamca gəl, mənim fənərim güclüdür. Yolu yaxşı işıqlandırır.
Beş dəqiqə dərənin içi ilə irəlilədikdən
sonra cığır onları açıq bir talaya çıxartdı.
Ətrafda tək-tük
çadırlar qurulmuşdu.
- Eldar, indi diqqətlə qulaq as. Dayandığımız
yer Türkiyənin məşhur "Kəpənəklər
Vadisi”dir. Dünyada cəmi dörd belə vadi var. Çində,Tailandda,Yunanıstanda
və burada. Bu vadilər belə ona görə
adlanır ki, burada milyonlarla kəpənək yaşayır.
İndi aprel ayıdır, hələ kəpənək mövsümü
deyil. Mövsüm mayda başlayır, sentyabrda qurtarır. Əgər mövsümdə bura gəlsəydik, hətta gecə burada ayaq basmağa yer tapmazdıq. Yaxşı ki, bəxtimizdən aylı gecədir. Fənərimi söndürürəm. Bu
vadinin girişinin eni üç yüz metrdir. Ətrafdakı dağların
hündürlüyü üç
yüz əlli metr, dərənin uzunluğu bir kilometrə yaxındır.
Dərənin sonunda iki kiçik şəlalə var. Məhz o şəlalənin
şirin sularının
hesabına ətraf, çox zəngin bitki örtüyünə bürünüb.
Çox hündür
olmayan ağaclar və çoxlu gül kolları var burada. Havanı
iylə. Çox əsrarəngiz iylərdir,
elə deyilmi?
- Elədir doktor.
- Məhz bu zəngin bitki örtüyünə görə,
burada milyonlarla kəpənək yaşaya
bilir. Hə, indi səni bura gətirməyimin səbəbinə
yaxınlaşıram. Eldar,
mən tələbə
olanda yoqa təlimi ilə maraqlandım, xüsusən
də onların levitasiya eləmək qabiliyyəti məni çox düşündürürdü.
Levitasiya insanın yerin cazibə qüvvəsini dəf edib, yerdən aralanmasıdır. Təkcə
yoqlar yox, hətta bəzi insanlar da bunu
bacarıblar... Tarixdə
belə faktlar haqda çox yazılıb. Məsələn,
yoqlar mağaralarda bunu rahat edə
bilirlər. Elm, levitasiyanı inkar eləmir. Fizika elmi deyir ki,
maqnit sahəsi ilə yerin cazibə qüvvəsini tarazlaşdırıb, yerdən
aralanmaq olar. Eyni zamanda bioqravitasiya
sahəsində insanın
öz beynində enerji əmələ gətirmək qabiliyyəti
də vacib şərt kimi göstərilir... Mən qalaq-qalaq kitablardan öyrəndiyim təlimə
əsasən dəfələrlə
yerdən aralanmağa
cəhd eləmişəm.
Bir neçə dəfə mənim ayağım yerdən aralanıb, amma bu məndə bir neçə saniyə olub. Keçən il türk yazar dostlarımla bura gələndə, buraların
levitasiya üçün
ideal yer olduğunu gördüm. Diqqət ver, bizim hər tərəfimiz dağlardır,
faktiki olaraq biz daş kisənin
içindəyik. Əslində
bura üstüaçıq
nəhəng mağaradır.
Mağarada uça bilən yoqlar haqqında da bayaq dedim sənə.
- Bəli, dediniz
doktor. - Eldar, sən kameranı hazırla, onun özünün işığı
var. Əlavə mən öz fənərimi də bu kolun üstünə
yerləşdirərəm, məncə işıq kifayət eləməlidir.
- Doktor, siz məni çox təəccübləndirirsiniz, - deyə Eldar ona diqqətlə baxdı. Belə çıxır ki, siz indi, burada
uçmaq istəyirsiniz?
- Hə, hə Eldar. Mən öz gənclik arzumu yerinə yetirmək istəyirəm.
Məncə kəpənəklər
də buranı elə-belə seçməyiblər.
Onlara burada uçmaq çox asan olmalıdır, düşüncəmə görə...
- Doktor, siz də kəpənək kimi uçmaq istəyirsiniz, - deyə Eldar ona daha
maraqla baxdı. - Eldar, əgər bu alınsa və sən bunu kameraya çəkə
bilsən, bilirsən biz "Fethiyəlilər”ə
necə böyük hədiyyə etmiş olarıq? Həm də bunu eşidən və bura bütün dünyadan gələn turistlərin sayı dəfələrlə artar.
Çünki bundan sonra hamı gəlib burada uçmaq istəyəcək,-
deyə doktor birdən-birə xəyalında
ətrafında uçan
insanları canlandırdı.
Sonra xəyaldan ayrılıb, Eldara müraciət elədi. Kameranı hazırla, obyektivi ayağıma yönəlt,
amma elə et ki, bütün
bədənim də düşsün. - Doktor, vallah mən çox həyəcanlanıram.
Bu, mümkündürmü?
- Eldar, bax elə bu səbəbdən
sənə bu vaxta qədər sirri açmadım ki, narahat olmayasan,
həm də tərəddüdün içində
qalmayasan.
- Başa düşdüm
doktor. - Eldar, hazır olanda de. - İki dəqiqəyə hazır
olacam. Bu vaxt mən, talanın ortasında dayanıb, meditasiyaya başladım. - Mən çəkməyə hazıram
doktor. - Yaxşı.
- Doktor, çəkirəm,
- deyə Eldar kameranı ona tuşladı. Vay, doktor, siz qalxırsınız!
- Eldar, çək. Bax mən yerdən
artıq aralanmışam,
ayağımın altını
çək. Bax, özümü içimdəki
enerji ilə döndərməyə çalışacağam.
Sənə tərəf
dönürəm, alınır,
görürsən? - Çəkir
kamera? - Əlbəttə,
çəkir. Doktor, gözlərimə inana bilmirəm!.. - Çəkirsənmi?
- Hə, doktor,çəkirəm.
- Tələsmə, rahat
çək. Sonra, sonra enerjimin azaldığını hiss
edirəm, yavaş-yavaş
enirəm. - Alındı!
Alındı!.. Biz Türkiyənin
"Kəpənəklər Vadisi”ndə levitasiya etdik! Əzizim Eldar, onu bil ki,
biz, bu axşam
burada səninlə tarix yazdıq! Çoşkun bəy, onun gözəl həyat yoldaşı Füsun xanım və bu ətrafda
yaşayan onlarla dostlarımız bizim bu əməlimizə əvvəl çox təəccüblənib,
sonra da sevinəcəklər! Sevinəcəklər!..
Amma heyif ki, bu gün
zəng gəldi və təcili evə dönməliyik, Fethiyəli dostları görə bilməyəcəyik.
Lakin tezliklə çəkdiyimiz
süjetlə bura qayıdıb Fethiyenin mərkəzində şənlik
qurarıq,- deyə doktor sevinclə ucadan dedi. ... Dalaman hava limanı.
Təyyarəyə minməyə
bir saat qalıb. - Eldar, çəkdiklərimizə kameranın
ekranında baxa bilərikmi? Qaçhaqaçda
çəkdiyimizə hələ
baxmamışıq. - Baş
üstə doktor, indi baxarıq. - Eldar, on dəqiqə
keçdi, nə problem var,- deyə
doktor səbirsiz Eldara baxdı. - Doktor, faciə baş verib... - Nə faciə, nə olub? - Mən kameranın bəzi düymələrini
səhv saldığımdan
çəkdiklərimiz yazılmayıb.
- Nə pis oldu. İndi nə edək,- deyə doktor bir an peşiman
və pəjmürdə
oldu. Sonra tez özünü ələ aldı. Eybi yox, Eldar,
olana güzəşt
deyib, babalarımız.
Bəlkə elə belə yaxşıdır.
Coşkun bəylə,
Füsun xanım və digər dostlarımız eşitsəydilər
ki, mən Fethiyədə olub onları görməmişəm,
böyük dava düşəcəkdi, - deyə
doktor özünün
tam sakitləşdirdi.
Eybi yox. Gələn dəfə
"Sumqayıt Dostlar
Klubu”nun və "Fethiye Edebi Grubu”nun
üzvlərinin birgə
iştirakı ilə
mən "Kəpənəklər
Vadisi”ndə levitasiyanı
təkrar edərəm.
Hamıya uçmağı
öyrədəcəm! Onsuz
da, bu yazarların
hər birinin içində olan qanadları uçmağa
həmişə hazır
vəziyyətdədi.
Həsənoğlu Hümbət
Azad Azərbaycan.-
2020.- 9 aprel.- S.7.