Diasporumuzun güclənməsi
qarşıda yeni imkanlar açır
Azərbaycan diasporunun potensialından effektiv və düzgün istifadə etmək ehtiyacı hər zaman mövcuddur
Xaricdə yaşayan
soydaşlarımızın bu günkü diaspor quruculuğu istiqamətində fəaliyyəti
bir neçə mərhələni əhatə
edir. Hazırda Azərbaycan diasporu quruculuğu istiqamətində
nələr baş verir və nəticə
etibarı ilə xaricdəki soydaşlarımız
üçün nə
deməkdir kimi suallara cavablar axtarılır. Ona görə ki, hər bir xalqın
üzləşdiyi yeni
əsrin özünəməxsus
tarixi zərurətdən
doğan standartları
olur. İndiki zamanda isə bunun elmi konseptual
mahiyyəti başlıca
cavablardan biri kimi dəyərləndirilir.
Bu gün 50-60 milyon
arasında olan dünya azərbaycanlılarının
mütləq əksəriyyətinin
ölkə sərhədlərindən
kənarda yaşadığını
nəzərə aldıqda,
diasporumuzun və onun qarşısına qoyulan missiyanın Azərbaycan üçün
strateji önəm kəsb etdiyini söyləmək olar.
Xüsusən də Rusiya,
Gürcüstan, İran,
Türkiyə, Qərbi
Avropa və Şimali Amerikadakı
(ABŞ, Kanada) azərbaycanlıların
yaratdıqları birliklərin
effektiv fəaliyyətinə
və əhatəliliyinə,
daha güclü təşkilatlanmalarına, Azərbaycan
həqiqətlərini yaşadıqları
ölkələrin hakimiyyət
orqanlarına çatdırmalarına
böyük ehtiyac var idi.
Xocalı faciəsi və
31 Mart azərbaycanlılarının
soyqırımı ilə
bağlı xarici ölkə parlamentlərində
qətnamələrin qəbulu,
ermənilərin “soyqırımı”
və Qarabağla bağlı yalançı
iddialarının ifşa
edilməsi, bir sıra nüfuzlu ölkələrin Azərbaycanla
əməkdaşlığa üstünlük verməsi
diaspor sahəsində
irəliləyiş olsa
da, əslində burada əsas təkanverici qüvvə,
uğurun təminatçılarından
biri də həmin ölkələrdəki
Azərbaycan diasporudur.
Təbii ki,
diaspor işlərinin
yalnız dövlətin
çiyinləri üzərində
olması uzun müddətli perspektiv və effekt vəd etmir. Məhz buna görə Azərbaycan diasporunun potensialından effektiv və düzgün istifadə etmək ehtiyacı hər zaman mövcud olub.
Diasporla İş
üzrə Dövlət
Komitəsinin son zamanlar Azərbaycan diasporunun potensialından tam istifadə etmək, erməni diasporu ilə mübarizə aparmaq və buna qədər
diaspor sahəsində
yaranmış boşluqları
doldurmaq sahəsində
gördüyü işlər
təqdirəlayiqdir. Etiraf etməliyik
ki, bu günə
kimi soydaşlarımızın
kompakt şəkildə
yaşadıqları əksər
ölkələrdə azərbaycanlılarının
mənfi bir imici - “bazar adamı” obrazı da formalaşmışdı.
Bu xoşagəlməz
halın yaşanması
isə bir tərəfdən soydaşlarımızın
özlərinin günahıdırsa, digər
yandan da həmin ölkələrdəki
bəzi institutların
fəaliyyətinin nəticəsi
idi. Dünyanın müxtəlif ölkələrində
kifayət qədər
bilikli, bacarıqlı,
ayrı-ayrı sahələr
üzrə peşəkarlaşan
azərbaycanlılar olsa
da, məhz bəzi xarici institutların fəaliyyəti
ilə onların özlərində bədgümanlıq
rəyləri formalaşmışdı.
Guya ki, azərbaycanlıların
güclü alimi, bisnesmeni, istehsalçısı
ola bilməz.
İndi Diaspor
Komitəsinin aktivləşməsi
bu bədgümanlığın
aradan qaldırılacağına
inam yaranıb. Yəni xaricdəki azərbaycanlılara baxışın,
yanaşmanın dəyişməsinə
nail olmaq da qurumun qarşısında
duran vacib məsələlər sırasına
daxildir.
Ümumrusiya Azərbaycanlıları Konqresi
Həştərxan vilayətinin
sədri Ədalət
Hüseynov da təsdiq edib ki, bu gün
xarici ölkələrdə
yaşayan azərbaycanlıların
sürətlə təşkilatlanması
prosesi müşahidə
edilməkdədir: «Azərbaycan
Respublikası bu prosesə dəstək verir və onu
daha da təkmilləşdirməyə,
soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini
koordinasiya etməyə
çalışır. Azərbaycan Respublikasının
diaspor quruculuğu sahəsindəki dövlət
siyasətinin başlıca
qayəsi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyasının fundamental
prinsiplərini həyata
keçirməkdən ibarətdir.
Ötən dövrdə
bu strategiyanın həyata keçirilməsi
istiqamətində mühüm
addımlar atılmış,
həmvətənlərimizin təşkilatlanması, azərbaycançılıq
ideyalarının gerçəkləşdirilməsi
üçün bir çox problemlərin həllinə nail olunmuşdur. Milli həmrəylik tarixi Vətənin maraqlarından
doğan zərurətdir.
Azərbaycan Respublikası
dünya azərbaycanlılarının
birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan tarixi zərurət kimi qiymətləndirir».
Ə.Hüseynov qeyd edib ki,
azərbaycançılıq dünya azərbaycanlılarının,
bütün Azərbaycan
xalqının ideoloji
bütövlüyünü, milli birliyini təmin edən amildir: «Fəxrlə demək olar ki, bu gün
dünyadakı soydaşlarımız
vahid ideya ətrafında birləşərək
mütəşəkkil qüvvəyə
çevrilmişlər. Milli dövlətçilik
ideyası, dövlət
müstəqilliyimizin əbədiliyi
və dönməzliyi,
Azərbaycan Respublikasının
bütün azərbaycanlıların
milli sərvəti, bu gün harada
yaşamasından asılı
olmayaraq, bütün azərbaycanlıların Vətəni
kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır.
Bu konseptual ideya özlüyündə
əhəmiyyətli olmaqla
yanaşı, xaricdə
yaşayan soydaşlarımızın
ölkəmizlə əlaqələrinin
inkişafı, onların
müxtəlif maraqlarının
hüquqi müstəvidə
təminatı üçün
də fəlsəfi əsas yaradır. Məhz bu ideoloji zəmin
xaricdə yaşayan azərbaycanlılarla işi
dövlət səviyyəsində
uğurla həyata keçirməyə, digər
tərəfdən, ölkəmizdəki
iqtisadi layihələrə
cəlb etməyə və beləliklə də Vətənə daha sıx bağlamağa
imkan yaratmışdır.
“Xaricdə yaşayan
azərbaycanlılarla bağlı
dövlət siyasəti
haqqında” Qanuna uyğun olaraq, xaricdə yaşayan azərbaycanlılar üçün
əlverişli şərait
yaradılmışdır. Milli dövlətçilik tariximizdə
ilk dəfə olaraq məhz ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə
dünya azərbaycanlılarını
doğma Vətənə
xidmət edən mütəşəkkil qüvvəyə
çevirmək yolunda
dövlət siyasətində
mühüm işlər
görülmüşdür. Xalqımızın mənəvi
birliyi, azərbaycançılıq
ideyaları Dünya Azərbaycanlılarının I Qurultayında öz parlaq təcəssümünü
tapmışdır. Prezident
İlham Əliyevin diaspor quruculuğu sahəsində siyasəti
ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
ideya və prinsiplərin konseptual istiqamətlərinə əsaslanır.
Bu siyasətin əsas məqsədi dahi öndərimizin müəyyənləşdirdiyi siyasi xəttə uyğun olaraq dünya azərbaycanlılarının
vahid təşkilatda birləşməsinə nail
olmaqdır».
Konqres sədri
bildirib ki, bu gün dünyanın
müxtəlif ölkələrində
olduğu kimi, Həştərxanda da mütəşəkkil diasporumuz
mövcuddur: «Bu istiqamətdə məqsədyönlü
iş aparılır.
Azərbaycan-Həştərxan dostluğu bu gün yüksələn xətlə inkişaf edir. Yaşadığımız
ölkədə həmvətənlərimizin
hüquqları qorunub
saxlanılır, onların
üzləşdikləri problemlər
vaxtında həll olunur. Vurğulamaq lazımdır ki, diaspor fəallarının
gücü, qüdrəti,
həmrəyliyi həmişə
müşahidə olunur.
Azərbaycanın milli
bayramları, həmçinin
20 Yanvar faciəsi, Xocalı soyqırımı,
Mart qırğını
ilə bağlı silsilə tədbirlər həyata keçirilir».
Təbii ki, azərbaycançılıq
yalnız Azərbaycan
Respublikasında yaşayan
azərbaycanlıların deyil,
həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi
maraqlarını ifadə
edən məfkurə
kimi xalqımız tərəfindən qəbul
olunmuşdur. Bu məfkurənin
daşıyıcısı olan azərbaycanlıların
harada yaşamasından
və hansı ölkənin vətəndaşı
olmasından asılı
olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını
düşünür, onun
təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə
demək olar ki, dünya azərbaycanlılarının əsl
milli özünüdərk
və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi,
müstəqil dövlətçilik
və milli-mənəvi
dəyərlər ətrafında
sıx birləşməsi
prosesi başlanmışdır.
Bilman ALLAHVERDİYEV
Azad Azərbaycan.- 2020.- 7 aprel.- S.5.