Heç kimə bənzəməyən
yazıçı və böyük şəxsiyyət
Çox
sevindirici haldır ki, ölkə başçımız Azərbaycan
ədəbiyyatının ictimai həyatında çox
böyük xidmətləri olan iki böyük dahi şəxsiyyət-
Nəriman Nərimanov və Əbdürrəhim bəy
Haqverdiyevin 150 illik yubileylərinin dövlət səviyyəsində
keçirilməsilə bağlı sərəncam verib. Bu günümüzün belə
qarmaqarışıq keçdiyi, insanların koronavurus xofunda
yaşadığı bir vaxtda və çoxlu
insanlarımızın bədii əsərlər oxumağa
marağının az olduğu, internet şəbəkəsinin
hər şeyi öz əlinə aldığı bir vaxtda belə
qərar çox yüksək addımdır. Həyatı
və yaradıcılığı az öyrənilən, az təbliğ
olunan, amma Azərbaycan ədəbiyyatı, incəsənəti
və ən əsası isə millətimiz üçün
titanik işlər görən dahi bir şəxsiyyətimiz
haqqında daha çox bilməliyik.
Əbdürrəhim bəy Haqverdiyevi mənə
sevdirən, sevimli müəllimim, SSRİ Xalq artisti, məşhur
aktyor, rejissor, teatr rəhbəri və böyük pedaqoq,
teatr sahəsində öz məktəbini yaratmış Mehdi
Məmmədov olub. Yadımdadır ki, 1971-ci ildə
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsində
oxuyurdum. Amma əvvəldən arzum jurnalist olmaq olduğuna
görə, fikrim bu idi ki, institutdan çıxım və sənədlərimi
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə
verim. Bu fikrimi kursumuzun rəhbəri Mehdi müəllimə
deyəndə, o, özünəməxsus formada mənə
baxdı və gülümsündu. Bir neçə dəqiqə
susub və gözlərimə baxıb dedi: “Sən ola bilər
ki, gələcəkdə tanınmış jurnalist ola bilərsən.
Amma sən aktyorluq şöbəsində təhsilini başa
vursan, istədiyin rejissorluq təhsilini də alsan, təkcə
incəsənəti yox, ədəbiyyatı və elə
jurnalistikanı da yaxşı öyrənəcəksən. Yadına sal Ulyam Şekspiri, Jan Batist Molyeri, elə
azərbaycanlı yazıçılar - Həsən bəy Zərdabini,
Nəcəf bəy Vəzirovu, Əbdürrəhim bəy
Haqverdiyevi, Nəriman Nərimanovu, Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni,
Cəfər Cabbarlını və başqa
tanınmışları. Onlar teatrla məşğul
olmaqla, böyük yazıçılar olublar. Çoxlu
publisist yazılar, məqalələr də yazıblar.
Tamaşalara quruluş veriblər və məşhur
yazıçılar kimi tarixdə qalıblar. Gözəl
dram əsərləri də yazıblar. Çünki teatr sənətini
yaxşı biliblər. Çünki teatr həyatın
kiçildilmiş modeli olmaqla, insana çox şeyləri
öyrədir”.
Sevimli müəllimimin bu sözləri və əsl
ağsaqqal fikiri mənə aktyorluq fakültəsində təhsilimi
davam etdirməyə rəvac verdi. Mehdi müəllimin
sözlərindən sonra mən onun dediyi Şekspirin, Molyerin,
Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy
Haqverdiyevin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin,
Hüseyn Cavidin, Cəfər Cabbarlının və
başqalarının əsərlərini daha çox
oxumağa başladım.
Böyük yazıçı,
dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi və
ictimai-siyasi xadim Əbdürrəhim bəy Əsəd bəy
oğlu Haqverdiyev 17 may 1870-ci ildə Laçın rayonunun
Sarıbaba kəndində (keçmiş Ağbulaq) anadan olub.
Əbdürrəhim bəy cəmi 63 illik
yaşadığı mənalı ömründə
doğrudan da inanılmaz dərəcədə bir insan
ömrünə sığmayan işlər görüb. O, ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif
bəyin müvəqqəti yay məktəbində, sonra
Şuşa Real məktəbində 1881-1890-cı illərdə
alıb. Əbdürrəhim bəy sonra təhsilini Tiflis Real
məktəbində 1891-95-ci illərdə davam etdirib.
Şuşada və Tiflisdə təhsil aldığı illərdə
Əbdürrəhim bəy artıq bədii
yaradıcılıqla məşğul olurdu. Tiflisdə o, Azərbaycan
dramaturgiyasının banisi, dahi Mirzə Fətəli Axundzadə
ilə görüşür. Hələ Şuşada təhsil
aldığı vaxtda, yəni 1884-cü ildə
yazdığı “Hacı Daşdəmir” adlı kiçik
bir pyesini oxumaq üçün ona verir. Bu pyes Mirzə Fətəli
tərəfindən yaxşı qarşılanır. Ona bu
yolu davam etdirməyi tövsiyə edir. O, Tiflis Real məktəbini
bitirəndən sonra Sankt-Peterburq Yol Mühəndisləri
İnstitutunda 1895-99-cu illərdə təhsil alıb. Orada təhsil aldığı dövrdə ədəbiyyata
böyük marağı olduğuna və artıq həmin
vaxtlar özünün bədii əsərlərini
yazdığına görə tələbəlik dövri
azad müdavim sifəti ilə Sankt-Peterburq Universitetinin şərq
fakültəsinin dinləyicisi də olur. Burada ədəbiyyatın
sirlərini daha mükəmməl öyrənir. Onun lap
uşaqlıq illərindən ədəbiyyata meyli olsa da
Tiflis Real məktəbində və Sankt-Peterburqda təhsil
aldığı dövrlərdə bu meyl daha da güclənir.
Məhz həmin dövrlərdə "Yeyərsən qaz ətini,
görərsən ləzzətini" (1892) və
"Dağılan ittifaq" (1896) əsərlərini
yazır. Hətta onun "Dağılan ittifaq" pyesi 1899-cu
ildə Sankt-Peterburqda rus dilində kitab kimi nəşr edilir.
Əbdürrəhim bəy Haqverdiyev Sankt-Peterburqda ali təhsil
alıb Bakıya qayıdır. O, Bakıda,
Şuşada, Ağdamda dərs deməklə paralel
tamaşalar da hazırlayır. Çünki Sankt-Peterburqda təhsil
aldığı illərdə tez-tez teatr tamaşalarına
baxır və onda hələ Tiflis Real məktəbində
oxuduğu illərdə aktyorluğa, rejissorluğa
böyük meyli olub. Çünki bu real məktəbdə
oxuduğu illərdə onlar bir sıra
tamaşalarda aktyor kimi çıxış ediblər. Öz
müəllimlərindən teatr sənətinin də sirlərini
öyrənir. Çünki Tiflis Real məktəbi, Qori
Müəllimlər seminariyası kimi öz şagirdlərini
hərtərəfli yetişdirir və
savadlandırırdı. Orada təhsil alan bütün
azərbaycanlılar sonralar pedaqoji sahə ilə
yanaşı, ədəbiyyat, incəsənət, jurnalistika və
başqa sahələr üzrə də böyük mütəxəssislər
olublar.
Allah vergisi olan, fitri istedadlı bu insan çox
asanlıqla rejissor sənətini də mükəmməl
öyrənir. Beləliklə, 1899-cu ildə Azərbaycana
qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayır. O, bir tərəfdən müəllimliklə məşğul
olur, digər tərəfdən teatrlarda verilən
tamaşalara rejissorluq edir. Çünki rejissor sənətini
də mükəmməl bilən Əbdürrəhim bəy
üçün artıq Bakıda tamaşalar hazırlamaq
çox asan idi. O, eyni zamanda bədii
yaradıcılığını da davam etdirirdi. 1900-cü
ildə "Bəxtsiz cavan" və 1901-ci ildə "Pəri-cadu"
faciələrini yazmaqla milli dramaturgiyamızı ideya və
poetik-sənətkarlıq baxımından daha da zənginləşdirir.
Bakıda onun rəhbərliyi ilə 1902-03-cü illərdə
Şərq konsertləri verilir. Əbdürrəhim bəy ilk
hekayələri olan "Ata və oğul" və
"Ayın şahidliyi"əsərlərini də
yazır və onları "İki hekayət" adı ilə
çap etdirir. O, 1905-ci il inqilabından sonra Rusiya Dövlət
Dumasına Gəncə quberniyasından nümayəndə
seçilir və Sankt-Peterburqa gedir. Deputat olması ilə Azərbaycanın
birinci diplomatlarından hesab olunur. Sankt-Peterburqdakı
Dövlət kitabxanasında yeni əsəri - Ağa Məhəmməd
şah Qacara materiallar toplayır və sonra 1907-ci ildə
İranın Mazandaran vilayətinə səyahət edir.
1906-cı ildə "Həyat" qəzetində hekayələr
və həmin vaxt yenicə nəşrə başlayan
"Molla Nəsrəddin" jurnalında gizli imzalarla
felyetonlar, məzhəkələr də çap etdirir.
"Marallarım", "Xortdanın cəhənnəm məktubları",
"Şeyx Şaban", "Xəyalət", "Ac həriflər"
və sair əsərlərin müəllifi olmaqla, ədəbiyyat
sahəsində böyük uğur qazanır. "Leyli
və Məcnun" operası 1908-ci il yanvarın 12-də
Üzeyir Hacıbəyovun böyük səyi nəticəsində
tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi
Əbdürrəhim bəy xoru və orkestri, ümumiyyətlə
tamaşanı böyük uğurla idarə edir.
Çünki onun özünün yaxşı səsi vardı
və həm də bir neçə musiqi alətində
çalmağı bacarırdı. Əbdürrəhim bəy
o vaxtlar məşhur olan “Nicat” Cəmiyyətində və
Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi
dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta
Asiyanı və Volqaboyunu səyahət edir. Həmin yerlərdən
özü üçün çoxlu materiallar toplayır.
"Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir",
"Lağlağı", "Mozalan", "Süpürgəsaqqal"
və sairə imzalarla “Molla Nəsrəddin” jurnalında hekayələr,
felyetonlar çap etdirir. O, Həştərxanda
yaşadığı 1910-cu ildə şəhərin mədəni-ictimai
həyatında ciddi çalışır. Başqa yerlərdə
böyük uğur qazansa da doğma Vətən böyük
ədibi özünə çəkdiyinə görə o,
1911-ci ildə Ağdama köçür. Əbdürrəhim
bəy 1911-1915-ci illərdə orada yaşayır.
1917-ci il fevral inqilabından sonra həmin ildə
Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi
şurasına üzv seçilir. Mart ayında Borçalı
qəzasına müvəkkil təyin olunur. Bir il bu vəzifədə
işlədiyi müddətdə orada yaşayan azərbaycanlılar
üçün çox böyük işlər
görür. Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti
yaradılandan sonra bu hökumətin işlərində
çox fəal iştirak eləyir.
Azərbaycan Xalq Cümhuriyyəti Bakıya
köçəndən sonra Əbdürrəhim bəy
Haqverdiyev də burada böyük vəzifələrdən
birini tutur. O, Azərbaycan ədəbiyyatının,
teatrının, incəsənətinin, maarifinin
inkişafında əlindən gələni edir. Onun lazım
olan böyük mütəxəssis olduğunu görən
bolşeviklər də Əbdürrəhim bəylə
işləməyi üstün tuturlar. Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra onu Xalq Komissarlığı
Sovetində dövlət teatrlarına müfəttiş vəzifəsinə
təyin edirlər. Çünki Əbdürrəhim bəy
Haqverdiyev hələ gənclik illərindən Nəriman Nərimanovla
dost idi. Bu dostluq da Nəriman Nərimanov dünyasını dəyişənə
kimi davam edib. O, hətta Azərbaycan milli teatrının
yaranmasının 50 illiyi münasibəti ilə keçirilən
yubileyə böyük uğurla başçılıq eləyir.
Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan
Dövlət Universitetində Əbdürrəhim bəy
Haqverdiyevin ədəbiyyatdan mühazirələr oxuması və
orada milli elmi kadrların hazırlanmasında yaxından
iştirak eləməsi də təqdirəlayiq işdir. O, bu
işi kommunistlər hakimiyyətə gələndən sonra
da uğurla davam etdirir. Hətta universitetdə 1922-ci ildə
yerli komitənin sədri, 1923-1925-ci illərdə Azərbaycanı
tədqiq və təbliğ cəmiyyətinin sədr
müavini və sonra sədri olur. Həmin vaxtı yaranan Azərbaycanı
tədqiq və təbliğ cəmiyyəti, o vaxtlar ilk elmi-tədqiqat
müəssisəsi idi. Hətta 1924-cü ildə Bakıda
çağırılan birinci Azərbaycan ölkəşünaslıq
qurultayının nümayəndəsi kimi bu işin təşkilində
Əbdürrəhim bəy çox fəal
çalışır.
Bu qədər böyük, qlobal
işlərlə yanaşı böyük ədib Ulyam
Şekspirin “Hamlet”, Fridrix Şillerin “Qaçaqlar”,Volterin “Soltan
Osman”, Emil Zolyanın “Qazmaçılar”, Andersenin
“Bülbül”,“Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”,
Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng
çalan” əsərlərini və başqa
əsərləri də çox yüksək
səviyyədə dilimizə tərcümə edir. Hətta Əbdürrəhim bəy “Ağa Məhəmməd
şah Qacar” pyesini yazan vaxt böyük aktyorumuz və ilk
peşəkar rejissorumuz Hüseyn Ərəblinskinin bu arzusunu
da yerinə yetirir və bu pyesə heç bir qadın
obrazı salmır. Çünki həmin vaxt teatrda qadın
rollarını kişilər oynayırdı və bu da onlarda yaxşı alınmırdı.
Başqa millətlərdən olan qadınlar da dilimizi bilmədiyinə
görə belə faciə əsərində oynayanda və
sözləri düzgün təlləffüz eləyə
bilmədiklərindən, gülüş yaranmasından
ehtiyat elədiyinə görə bunu dahi ədibdən
xahiş eləyir və o da Hüseyn Ərəblinskinin
bu arzusunu reallaşdırır. Hüseyn Ərəblinski də
bu pyesə çox yüksək səviyyədə quruluş
verir. Tamaşa həmin vaxt çox böyük uğur
qazanır.
Əbdürrəhim bəy bir rejissor kimi
Bakıda, Şuşada, Ağdamda aktyor truppalarında bir
neçə tamaşaya quruluş verib. Çoxlu pyesləri
dilimizə tərcümə eləyib. Azərbaycan
Yazıçılar İttifaqının təsis
olunmasında böyük işlər görüb və bu təşkilatın
ilk məsul katibi olub. Azərbaycanda ilk Əməkdar incəsənt
xadimi fəxri adına layiq görülən şəxsiyyətlərdən
biri olub. O, 80-dən çox hekayə, 200-dən çox məqalə,
felyeton, Azərbaycanın tanınmış ədəbiyyat,
incəsənət, teatr şəxsiyyətləri haqqında
portret yazıları yazıb.
Dahi Əbdürrəhim bəyin
yazdığı pyeslər bu gün də öz
aktuallığını itirmədiyinə görə “Yeyərsən
qaz ətini, görərsən ləzzətini”,
“Dağılan tifaq”, “Ağa Məhəmməd şah Qacar”,
“Bəxtsiz cavan”, “Pəri cadü” və başqa pyesləri
uzun illərdir ki, Azərbaycan teatrlarında böyük
uğurla tamaşaya qoyulur.
Bu qədər böyük
işlər görən dahi yazıçı, böyük
dövlət, siyasi və ictimai xadim, yüksək təşkilatçı
insan və ən əsası Azərbaycanı layiqincə təbliğ
eləyən Əbdürrəhim bəy Haqverdiyev cəmi 63 il
ömür sürüb. O, 1933-cü ilin dekabr
ayının 17-də vəfat eləyib və Fəxri Xiyabanda
dəfn olunub. Bu dahi şəxsiyyətin adına yalnız
Bakı şəhərinin Yasamal rayonunda küçə var.
Bir vaxtlar isə Azərbaycanın ən
maraqlı teatrlarından biri olan Ağdam Dövlət Dram
Teatrı da onun adını daşıyırdı. O,
1911-1915-ci illərdə Ağdamda yaşadığı 5 il
müddətində burada olan həvəskarlarla çoxlu
tamaşalar hazırlamışdı və bu tamaşaları
da bütövlükdə Qarabağda böyük
uğurla insanlara göstərir və maarifçilik sahəsində
böyük işlər görürdülər. Mənə elə gəlir ki, yenidən
Əbdürrəhim bəy Haqverdiyevin adını həmin
teatra qaytarmaq lazımdır. Çünki bu onun halalca
haqqıdır. Əgər yubileyi ərəfəsində
ölkə başçımız tərəfindən belə
bir sərəncam verilsə, bu, bütövlükdə millətimiz
tərəfindən alqışla qarşılanar.
Axı belə dahilərimizi unutmağa bizim haqqımız
yoxdur. Onlar həmişə əziz tutulmalı və
onların haqqı qorunmalı, adları mədəniyyət,
elm, təhsil müəssisələrinə verilməlidir.
Bizim üçün ən əsası
və sevindiricisi, qürur vericisi odur ki, Əbdürrəhim bəy
Əsəd bəy oğlu Haqverdiyev Azərbaycan elminin, təhsilinin,
ədəbiyyatının, teatrının və incəsənətinin
inkişafı üçün çox böyük işlər
görüb. Çox sevindirici haldır ki, Azərbaycan
Respublikası Nazirlər kabinetinin 7 may 2019-cu il, 211 nömrəli
qərarı ilə Əbdürrəhim bəy Haqverdiyevin əsərləri
dövlət varidatı kimi qeydiyyata götürülüb.
Bu, bir daha onu sübut edir ki, Əbdürrəhim bəy
Haqverdiyev həqiqətən çox böyük, klassik
yazıçıdır. Belə dahilərimizi isə
dünya xalqlarına tanıtmaq hər bir azərbaycanlı
ziyalısının və yazarının müqəddəs
borcu olmalıdır.
Ağalar
İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.- 2020.- 14 aprel.- S.7