Xoşbəxtlik haqqında dəqiq
düstur yoxdur
Aytən Əliyeva: “İradəsi güclü
olan insanlar, stresdən çıxa bilirlər”
Aytən Əliyeva Nəsrəddin Tusi adına
Dövlət Pedaqoji Universitetini bitirib. Psixoloqdur. Bir neçə
il Qızlar, Kooperasiya və Biznes Universitetlərində
psixologiya kafedrasında baş müəllim kimi
çalışıb. Hal-hazırda Şərq-Qərb
Universitetində fəaliyyət göstərir. Bir neçə
Beynəlxalq simpoziumlarda, konfranslarda iştirak edib, mötəbər
mükafatlara layiq görülüb. Azərbaycan
telekanallarında ekspert kimi çıxış edir.
- Aytən xanım, sizə ənənəvi
sual vermək istəyirəm. Niyə həkim, mühəndis,
hüquqşünas, müəllim yox, məhz psixoloq oldunuz?
- Əslinə qalsa hüquqşünas olmaq istəyirdim.
Bunun da səbəbi vardı, çünki insanların
düşüncələri, daxili aləmləri,
düzgün olmayan, ziddiyyətli addımları məni
çox maraqlandırırdı. Necə olur ki, insan əlinə
silah alıb cinayət törədir və yaxud oğurluq edir?
Niyə cinayətkarlar çox vaxt deyirlər ki, özümdən
asılı olmayaraq belə hərəkət elədim və
yaxud günahı boynundan atmaq istəyir? Görəsən
onları bu addıma sövq edən nədir? Bu özündən
asılıdırmı, təsadüfdürmü, yoxsa zərurətdir?
Burada psixoloji problemlər mövcuddur. Əsas
bu problemləri düzgün araşdırmaqdır. Məhz
buna görə də psixologiyanı seçdim.
- Çoxları psixoloqu psixiatrla səhv
salırlar. Görünür, bu sahədə maarifçilik
işləri düzgün qurulmur. Mənimlə
razısınızmı?
- Çox düzgün vurğuladınız. Bəzən
pasiyentlər yanımıza gələrək, dərman
preparatları yazmağımızı xahiş edirlər.
Yaxud belə bir sual verirlər ki, “bəs, siz bizə resept
yazmayacaqsınız?” Belə hallarda başa salmağa
çalışırıq ki, xeyr, bizdə müalicə
metodumuz söz terapiyasıdır, art terapiyadır və s. Təəssüf
ki, dediklərimizi çox vaxt anlamırlar, psixoloqla
psixiatrı səhv salırlar. Onu da qeyd etmək istəyirəm
ki, psixoloqlar somatik pozuntusu və yaxud da həyatında olan
problemlərlə, psixiatrlar isə ancaq somatik və psixi
pozuntusu olan insanlarla işləyirlər.
- Bu gün ədəbi mühitdə şeir
yazanların sayı çoxalıb. Sizə elə gəlmirmi,
elə psixoloqların da sayı artıb?
- Psixoloqların sayının artması
heç də pis hal deyil. Onların insanlarla müntəzəm
təmasda olması, ünsiyyət qurması ilk növbədə
onların özləri üçün də vacib və gərəklidir.
Təlim-tərbiyə ocaqlarında uşaq
psixoloqlarının çalışması valideynlərə
öz övladları arasında düzgün tərbiyə
metodu seçməsində müsbət rol oynayan önəmli
faktorlardandır. Tədris müəssisələrində
yeniyetmə və gənclərlə aparılan
doğru-düzgün işlər cəmiyyətə
yararlı vətəndaşın təqdim olunması deməkdir.
Təəssüf ki, hər bir sahədə olduğu kimi, bu
sahədə də peşəkarlıq, sənətə
sevgi, məsuliyyət tələb olunur. Bununla belə, müəyyən
problemlər movcuddur. Bəzi psixoloqlar işin mahiyyətini
düzgün anlamadıqlarına görə, istiqaməti də
düzgün qura bilmirlər. Unutmamalıyıq ki, bizim iş
prosesimizdə qarşımızdakı insanın nə cinsiyyəti,
nə də maddiyyatı önəm daşımır. Burada
yalnız insan psixikası və onun yaşadığı
problem əsas götürülür.
Belə düşünürəm ki, hər kəs
öz işini dərindən bilsə, düzgün qursa,
“psixoloq” adının məsuliyyətini dərk edib, bu
“yükü” şərəf və ləyaqətlə
daşısa cəmiyyətə daha çox fayda vermiş
olar.
- Sizin qəbulunuza gələnləri daha
çox nə narahat edir?
- Daha çox günün qlobal problemləriylə
bağlı müraciətlər olur. Ailədə
narazılıqlar, dəyərsizlik, basqılar,
valideyn-övlad münaqişələri, yeniyetmə və gənclərin
anlaşılmaması, və s. kimi məsələlər
daha çoxdur. Sosial şəbəkələrlə
bağlı yaranan problemlər və onların fəsadları
ilə bağlı müraciətlər artmaqdadır; Nədir
bunlar? Virtual tanışlıq, mübahisələr,
böhtan, təhqirlər və s. Bütün bu neqativ hallar
insanların əsəb gərginliyinə, psoxoloji durumunun
pozulmasına səbəb olur. Bu gün insanlar daha çox
mövcud şəraiti, dövrü qəbul edir, bəziləri
isə texnikanın inkişafını başa düşsələr
də, bunu qəbul eləyə bilmirlər. Nəticədə
nəyisə qəbul etməmək səbəbindən stress
yaşayırlar. Bu səbəblərdən psixoloqların
sayının çox olması önəmlidir.
- Bədii əsərlərin birində
oxumuşam. Cavan qız deyir ki, “mənim hər şeyim var;
villam, bağım, maşınım, zinət əşyalarım,
ancaq xoşbəxtliyim yoxdur”. Belə bir pasiyent sizin qəbulunuza
düşsəydi, hansı məsləhətləri verərdiniz?
- Belə pasiyentlərim olub, onu da qeyd edim ki,
indiki zamanda belələri olduqça çoxdur. Onu da
vurğulayım ki, var-dövlət xoşbəxtlik bəxş
etmir. Bəzən insan, hər hansı istəyinə
çatanda özünü dünyanın ən xoşbəxti
sanır. Lakin həmin anın sabah nə ilə nəticələnəcəyi
haqqında belə düşünmür. Yəni sonrakı
proses onu maraqlandırmır. Xoşbəxtlik haqqında dəqiq
düstur yoxdur, müxtəlif fikirlər mövcuddur. İnsan
tam olaraq bilmir ki, onu xoşbəxt edən nədir. Bununla belə,
əli çatmayacaq arzular da olsa, ümidini itirmir. Hesab edir
ki, o ümidlər bir gün gerçəkləşəcək
və o, özünü xoşbəxt sayacaq. Lakin onu da qeyd
etmək lazımdır ki, hər bir imid bizi xoşbəxt edə
bilməz. Bir qisim insanlar müxtəlif xəyallarla yaşayırlar.
Xəyalların gerçəkliyi onları xoşbəxtliyin
astanasına gətirib çıxara bilərmi? Bu da
problemlidir. Bununla belə, insan düzgün tərbiyəsi, ləyaqətli
ailəsi, sevdiyi sənətə bağlılığı, ətrafında
olan xoş auranın olması onu xoşbəxt eləyə
bilər. Xoşbəxtlik heç bir maddiyyatla
ölçülə bilməz! O, yalnız insanı rahatlada
bilən bir hissdir. İnsan, nə qədər rahatdırsa, o,
özünü xoşbəxt saya bilər.
- Tənhalıq! İnsan cəmiyyətdən,
əzizlərindən, dostlarından qaçmaq fikrinə
düşür, özünə qapılır. Görəsən,
onu buna hansı psixoloji amillər vadar edir?
- Əvvəla, tənhalıq elə bir hissdir
ki, insan doğulan andan bu hisslə dünyanı dərk etməyə
başlayır. E.Frommun bununla bağlı, 4 xarakter tipi var. Onlardan biri
TƏNHA tipidir. Bu tip insanlar ancaq tənha qalmaq istəyirlər, özlərinə
qapanırlar. Bu, psixoloji pozuntu deyil, xarakterin
tipidir. Belə insana bu cür həyat tərzi
keçirmək daha rahatdır. Amma elə
hallar da var ki, insan istəməyərəkdən, hər
hansı bir situasiya ilə üzləşərək, psixoloji
anlar yaşayır və tənha qalmağa düçar olur.
Belə məqamlar psixoloji pozuntuya gətirib
çıxaran bir amildir. Elə bir
psixoloji pozuntuda var ki, tənhalıq insanı uçuruma
aparır, intihara yol açır. İradəsi
güclü olan insanlar stressdən, depressiyadan çıxa
bilirlər və özlərini heç də tənha hiss eləmirlər.
Lakin elə insanlar da var ki, kütlə içərisindədirlər,
cəmiyyətdədirlər, əhatələri genişdir,
gözəl ailəsi var, amma özünü tənha hiss
edir. Tənhalığa qapanan belə
adamlar zəif iradəli olduqarından bu durumdan
çıxmağa çətinlik çəkirlər.
Bu da zamanla psixoloji pozuntuya səbəb olur.
Sağlam düşüncə və sağlam həyat tərzi,
güclü iradə, özünəinam, həyata nikbin
baxış, budur insanı xoşbəxt gələcəyə
aparan əsas faktorlar!
- Psixoloq Bertran Rassel deyir ki, “tənhalıqdan
qaçmağın yeganə yolu sevgidir”. Siz nə əlavə
edərdiniz?
-
Çox gözəl fikirdir. Mən isə deyərdim
ki, hər sevgi insanı tənhalıqdan
uzaqlaşdırmır, əksinə, elə sevgi hissləri
var ki, insanı tənhalığa sürükləyir. Bu, çox qorxunc haldır, sevgidən qaçıb
“qorxuya qapanmaq”. Buna “tənhalığın
uçurumu” demək olar.
- Dayaz
düşüncəli adamlar çox vaxt psixoloqları
“falçı”, “görücü”, “inanc” yeri kimi hesab edirlər
və onların qəbuluna məmnuniyyətlə gedirlər.
- Bəli,
günümüzdə belə hallar çoxdur
. Bu da, əsasən, cahillikdən, cəhalətdən
irəli gəlir. Kamil insanlar belə
düşünmürlər. Bəzən
də, elə olur ki, baxırsan, savadlı adamdır, amma
düşüncəsində “o təfəkkür” daha
güclüdür. Falçıya,
ekstrasensə, parapsixoloqa inanır və bununla sanki rahatlıq
tapır. Belələri, sadəcə,
özlərini aldadırlar. Onlarda bu “iş”ə həm
alışqanlıq yaranır, həm də maddi cəhətdən
ziyana düşürlər. Bəzən
yanımıza elə insanlar gəlib deyirlər ki, “mənə
baxın, taleyimdən nə xəbər verə bilərsiniz?”
və sairə. Sualdan da anlamaq olur ki, o
insanın psixologiyasında cəhalət toxumu kök
salıb. Bunu onlara anlatmaq bizə çox
çətin olur. Hətta elə anlar
yaranır ki, “psixoloqsunuzda, bunu bilmirsiniz?”- deyə bizə irad tutmağa
çalışırlar. Biz isə onlara
başa salırıq ki, psixoloqlar elmə əsaslanır, onun
öz üsulları, metodları var. Hans Lukanın “Fizionomist”
adlı kitabı var.Orada “Fizionomiya haqqında məlumatlar”
verilir. Yəni üz cizgiləri,
gözü, burnu, dodaqları, saçları, yerişi, bədəni,
dili, dünya görüşü və sairə ilə insan
haqqında ümumi məlumat verə bilərik. Amma bu, o demək deyil ki, biz
qarşımızdakı insanın taleyini həll etmək
iqtidarındayıq. Əsla! Hər şey Allahın əlindədir!!!
- Psixoloji
sarsıntıları, stressi hansı üsullarla aradan
götürürsünüz? Yoxsa, bu, sirdir?
- Əslində, siz deyən kimi, hər bir sahənin, hər
bir mütəxəssisin öz üsulu var. Ancaq bir üsulla
işləyirik, deyə bilmərik. Ən əsas
psixoterapevtik üsullara üstünlük veririk. Bununla yanaşı, hər bir mütəxəssisin,
psixoloqun, həkimin pasiyentinə öz fərdi yanaşma tərzi,
psixoterapevtik yanaşma üsulu, proseduru var.
- Belə
bir deyim var: “Uşaqların kobudluğu böyükləri cəzalandırmaq
üçün bir vasitədir”…
- Bu fikirlə
razılaşmıram. Uşaq öz-özünə
kobud olmur. Bəzən elə uşaqlar var
ki, analiz etmədən belə, atadan, anadan müəyyən
xarakteri özünə aşılayır. Bu, xüsusiyyət genetik kod kimi, yaxud valideynlərdən
gələn xüsusiyyətin götürülmə qabiliyyəti
kimidə üzə çıxa bilər. Heç də böyükləri cəzalandırmaq
üçün deyil, sadəcə olaraq, mən deyərdim
ki, kobudluq böyüklərlə münasibətin
düzgün qurulmamasından irəli gəlir.
- Gənclərin
narkotikə aludəçiliyi, nəticədə psixoloji
problemlərin yaranması. Bu, problemləri aradan
qaldırmaq üçün sizə müraciət edənlər
olurmu?
- Günümüzün əsas problemlərindən
biri də məhz gənclərin narkotikə aludəçiliyidir.
Hər bir yaxşı və pis addım yeniyetməlik
dövründən başlayır. Bilirik ki, yeniyetməlik
dövrü böhran, keçid dövrüdür. Bu, məqamlada
pis vərdişlərə - narkotik, alkaqol, siqaret, xırda
oğurluqlar və s. meyillilik artır. Müraciət edənlərdə
çoxdur. Artıq valideynlər özləri
övladlarını psixoloq yanına aparırlar. Əvvəllər,
cinsiyyət baxımından, oğlanlar idisə, indi valideynlər
qızlarını da gətirirlər. Təbii ki, narkotik
sonradan psixoloji problemlər yaradır. Çünki narkotikə
aludəçiliyin özünün başlanğıcı
bir psixoloji problemdir. Zəif iradəli insanlar bu bəlaya tez
düçar olurlar. Təlqinə getmək,
başqalarının sözü ilə oturub-durmaq və s.
iradə zəifliyidir. Narkomaniyanın kökü əsasən
psixoloji problemlə başlayır. Təbii ki, bu müalicə
yolu uzundur və insandan səbr, inam, iradə tələb edir.
Hər şey insanın öz əlindədir. Yaşamaq istəyən
insan ölümə sürükləyən yola “əlvida”
deməlidir!
- Sosial şəraitin olmaması, işsizlik,
düzgün qidalanmamaq, ədalətsizlik, ailə problemləri
– bütün bunlar insanı çox vaxt stressə salır.
Psixoloqlar cəmiyyətdə yaranan bu problemləri, az da olsa,
aradan qaldırmaq gücünə malikdirlərmi?
- Təbii ki, sadaladığınız
bütün problemlər insanı stressə salır.
Davranış və hərəkətlərini düzgün
analiz etməyə qadir olan iradəli, güclü insanlar
stresdən özləridə çıxış yolu
tapırlar. Digərləri isə mütəxəssisin
köməyi ilə bu durumdan çıxa bilərlər. Təki
istək olsun, heç olmasa bir addım atılsın. Belə
bir fikir var: “Bir, ölümə çarə yoxdur”. Bu, həqiqətən
belədir.
Eyruz MƏMMƏDOV, Əməkdar jurnalist
Azad Azərbaycan.-
2020.- 21 aprel.- S.7.