Meşə cığırı (hekayə)

 

 

Almaniyanın Teypits şəhərində Sovetin böyük bir Hospitalında göz xəstəlikləri şöbəsinın müdiri işləyirəm. İşlədiyim iki il olar. Alman dilini danışıq səviyyəsində öyrənmişəm. Hospitalımızla hasar-hasara alman Nevroloji klinikası yerləşir. Onların göz həkimləri olmadığından bizim rəhbərlikdən xahiş eləmişdilər ki, göz həkimi olaraq həftədə iki dəfə onların xəstələrinə baxım. Bu həm dil praktikama kömək edirdi, həm alman dostlarımın sayını artırırdı. Hospitalımızın iki terapevtik şöbəsi vardı. Birinə yeni müdir təyin elədilər. Onunla tez dostlaşdım. Boyu iki metrə yaxın, çəkisi 120 kiloqram olan bu insanın uşaq təbəssümü uşaq kimi mehriban xasiyyəti vardı.

 

Bir gün mənə yaxınlaşdı, dedi ki, “eşitmişəm, bura yaxın bir kəndin qaştetində (almanların kiçik restoranı) yaxşı pivə olur. Deyirlər sən həm dil bilirsən, həm yerli dostların çoxdur, məni ora aparmazsan?”

 

Dedim ki, problem yoxdur, axşam saat altıda, işdən sonra gedərik. Çox sevindi.

 

Axşam vədələşdiyimiz yerdə görüşüb getdik. Hospitalla kəndin arasında təxminən beş kilometr məsafə vardı mən meşənin içindən kəsə yol tanıyırdım, yolu demək olar ki, yarılaya bilirdik.

 

Qaştetin alman sahibi məni mehriban qarşıladı, ona yeni dostumu təqdim elədim. Sovetdən gələn rus ola, alman pivəsi ola. Dostumun ölçülərini sizə demişdim. Onun əlində pivə bokalı stəkan kimi görünürdü. Mən göz cərrahı olduğumdan alkoqoldan özümü uzaq tuturdum, çünki əlləri əsdiklərindən çox peşə dostlarımı itirmişdim. Kiçik bir bokala da çox nadir hallarda yox da demirdim

 

İçki içən insanlar iki cür olur, bəziləri içib şənlənir, bəziləri içib aqressiv olurlar. Fikir verdim ki, içdikcə, şən olan dostumun gözləri alacalanır, arada mənə heç xoş da baxmır. İlk dəfə gəlməyinin şərəfinə qaştet sahibi dostumu şnapsa (alman arağı) da qonaq edirdi. Dostumyoxdemirdi, araqla pivə qarışığı öz işini görürdüOnun dəyişən halını alman dostum da sezdi, qulağıma dedi ki, məncə o daha içməsə yaxşıdır. Hesablaşıb, dostuma dedim ki, gedək. Alman mənə maşın təklif elədi, amma etiraz elədim. Fikirləşdim ki, təmiz meşə havası onu hala gətirər. Qaştetdə olan almanların hamısı ilə bir-bir sağollaşıb çıxdıq.

 

Dostum dinmirdi, amma arada mənə dumanlı gözləri ilə diqqətlə baxırdı.

 

Hava qaralmışdı. Baxdım ki, dostum özü yeriyir, qərara gəldim ki, yenə kəsə meşə yolu ilə gedək. Meşə qaranlıq olsa da, yolu yaxşı tanıyırdım, buralarda çox göbələk yığmışdım. Vaxt tapanda göbələk yığmağı çox sevirdim.

 

Meşə ilə, hardasa, yüz metr getmişdik ki, qaranlıqda dəm dostum mənim yaxamdan tutub soruşdu ki, “sən kimsən məni hara aparırsan”?

 

Dostuma izah eləirəm ki, bəs onunla bir hospitalda işləyirəm, onu pivə içməyə aparmışdım. Baxdım ki, dostum kələfin ucunu tam itirib. İki addımdan bir yaxamdan tutub soruşur ki, “sən axı kimsən, bu qaranlıq meşədə məni hara aparırsan, mənim başıma oyunlar açmaq istəyirsən”? Ölçü fərqini təsəvvür edirsiniz ? Mən zəif deyiləm, Sumqayıtda klassik güləşlə məşğul olmuşam, uğurlarım da olub. Amma sərxoş 120 kiloluq cəmdək olur 240 kilo, üstümə yıxılanda müvazinətimi güclə saxlayıram.

 

Dostum artıq müstəqil yeriyə bilmir, mən onun qolunu çiynimə atıb addım-addım irəliləməyə çalışıram. O da özrepertuarınıiki dəqiqədən bir təkrar edir, yaxamdan tutub məni silkələyir ki, “sən kimsən bu meşədə məni hara aparırsan”? Arada nərildəyib, geri qaçmağa cəhd eləyirdi. Sərxoş dostumla əlbəyaxa olmaqdan yorulub, əldən düşmüşdüm. Arada fikrimdən keçdi ki, bu zırramanı meşədə qoyub gedim, amma düşündüm ki, ayıbdır, həmkardır axı.

 

Ömrümün ən faciəvi gecəsini yaşadım o gecəÜç kilometrlik yolu dörd saata dəf eləyib onu şəhərciyimizə, evinə çatdırdım.

 

Dostumun həyat yoldaşı qapını açanda gördüyü səhnəni sonradan tez-tez gülərək nəql eləyirdi. Demə, o, həyat yoldaşına yaxşı bələd imiş mənim vəziyyətimə çox acımışdı. Əri içəndən sonra ondan da soruşarmış ki, “sən kimsən”?

 

Evdə mən izah eləməli oldum ki, üstümə bir sürü it düşməyib mən, sadəcə, dəm dostumu üstümdə daşımalı olmuşam

 

Ertəsi gün dostum ailəsi ilə bizə gəlib üzürxahlıq elədi mənim onu atmamağıma çox təəccübləndi. Sən demə, başqa praktikalar da olub onunla

 

Arada dostuma deyirdim ki, “daha qaştetə pivə içməyə getmək istəmirsən”?

 

O da hər dəfə məni qucaqlayıb uşaq kimi gülürdü...

 

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Azad Azərbaycan.- 2020.- 23 aprel.- S.7.