Ulu Öndərin vətənpərvərlik
və peşəkarlıq irsi
Müasir Azərbaycan tarixinin bütöv bir epoxası,
önəmli bir mərhələsi Ulu Öndər Heydər
Əliyevin adı və fəaliyyəti ilə ayrılmaz surətdə
bağlıdır. Müstəqil Azərbaycanın əldə
etdiyi uğurlar Heydər Əliyev strategiyasının təntənəsidir.
Dahi siyasətçinin əvəzsiz xidmətləri
nəticəsində Azərbaycan özünün geostrateji,
iqtisadi və mədəni potensialından istifadə edərək,
Şərqlə Qərb arasında etibarlı körpü
rolunu oynamağa başlamış və dünyanın dinamik
inkişaf edən ölkələrindən birinə
çevrilmişdir.
Böyük və mənalı ömrünü
xalqına, Azərbaycanın yüksəlişinə həsr
etmiş Heydər Əliyev özünün siyasi fəhmi və
müdrikliyi ilə zəngin dövlətçilik məktəbi
yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Bu
şanlı məktəb - müstəqilliyimizi qorumaq, vətənə,
millətə, xalqa sədaqətlə xidmət etmək və
bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən
qaynaqlanır.
Azərbaycançılıq məfkurəsinin parlaq
daşıyıcısı kimi Heydər Əliyev müdrik
siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi
sayəsində milli dövlətçilik ideyasının
gerçəkləşdirilməsinə, müasir Azərbaycan
dövlətinin qurulmasına və xalqımızın
müstəqillik arzusuna çatmasına nail olmuşdur. Canından
çox istədiyi xalqına dünya birliyində layiqli yer
tutan müasir, müstəqil və qüdrətli Azərbaycan
bəxş edən Ümummilli lider Heydər Əliyevin
böyük qürur hissi ilə dediyi “Azərbaycanlı kimi
dünyaya gəldiyimə, Azərbaycan dilində
danışdığıma, Azərbaycanı təmsil etdiyimə
görə özümü çox xoşbəxt sayıram.
Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”
sözləri hər bir soydaşımızın qəlbində
dərin iz buraxmışdır.
Ulu Öndərin vətənpərvərlik və
peşəkarlıq irsinin öyrənilməsi istiqamətində
ən əsas məqamlardan olan, mənalı
ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik
orqanlarındakı fəaliyyəti ilə bağlıdır. SSRİ
dövlət təhlükəsizlik orqanlarının vəzifə
pillələrində Heydər Əliyev kimi irəliləmək
hər azərbaycanlıya nəsib olmurdu. O, məhz
öz əzmkarlığı, qətiyyəti, ağlı və
istedadı ilə istək və arzularına doğru yol
açırdı. Dahi şəxsiyyətin vəzifə
yüksəlişi, atdığı bütün addımlar
Azərbaycana, doğma xalqına xidmət naminə idi.
Ötən əsrin 30-cu illərində repressiyaya məruz
qalmış Azərbaycan ziyalılar nəslinin ən
qabaqcıl nümayəndələrinin bəraət
alması, partizan Mehdi Hüseynzadənin “vətən xaini”
kimi damğalanmasına imkan verməyib, əksinə, ona Sovet
İttifaqı Qəhrəmanı fəxri adının verilməsi,
yetişməkdə olan neçə-neçə
istedadlı, yaradıcı insanların sovet rejiminin siyasi təqiblərindən
qorunması Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərin
yalnız bir hissəsidir.
Dahi rəhbər Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik
orqanlarında gördüyü ölçüyəgəlməz
xidmətlər sırasında bu orqanlarda fəal milliləşmə
prosesini aparması, heç şübhəsiz ən
öncül yerdədir. Bununla bağlı, Ümummilli lider Heydər Əliyev
deyirdi: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik
təşkilatının milliləşdirilməsi prosesi bizim
əldə etdiyimiz ən böyük nailiyyət idi. Təşkilat milliləşdikcə onun fəaliyyətinin
istiqamətini də Azərbaycanın mənafelərinə
daha çox uyğun aparmaq mümkün olurdu”.
Azərbaycan
təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı gününün təsis edilməsi
münasibətilə 1997-ci il iyunun 28-də
keçirilən yığıncaqda Ulu Öndər bu qurumun
tarixi keçmişindən, milli dövlətçilikdəki
rolundan və yerindən, burada çalışan insanların
qarşısında duran vəzifələrdən çox
dolğun nitq və qiymətli fikirlər söyləmişdir.
Həmin tarixi nitqində Heydər Əliyev DTK-dakı fəaliyyətinə
toxunmuş və bu orqanda milliləşdirmə barədə
demişdir: “1953-cü ilin sonunda mən əks-kəşfiyyat
şöbəsinə rəis təyin olundum. Bu,
nadir hadisə idi. Nə qədər
çətinliklər çəkdim ki, 30-cu illərdən
qalmış və Azərbaycana xəyanət etmiş
insanlardan - onların da əksəriyyəti azərbaycanlı
deyildi, amma içərilərində belə yaramaz azərbaycanlılar
da var idi, - bu orqanları xilas edək və yeni, gənc adamlar
cəlb edək, orqanlarda sağlamlaşma işi aparaq. Bu, çox çətin oldu... 1953-cü ildən
saflaşma, sağlamlaşma prosesi gedibdir və mən də
bu prosesin bilavasitə iştirakçısı, son illərdə
də təşkilatçısı olmuşam”.
Heydər
Əliyev nəinki Azərbaycan SSR təhlükəsizlik
orqanlarında işlədiyi müddətdə, eyni zamanda
1982-ci ildən sonra da, yəni Sovet İttifaqı rəhbərliyində
çalışdığı müddətdə belə, Azərbaycanın
xüsusi xidmət orqanlarına öz qayğısını əsirgəməmiş,
bu təşkilata milli kadrların cəlb olunması,
onların yetişdirilib həlledici iş sahələrində
rəhbər vəzifələrə təyin olunmaları
istiqamətində fəaliyyətini davam etdirmişdir. Ulu Öndər tərəfindən həyata
keçirilən bu uzaqgörən və müdrik siyasət nəticəsində
Azərbaycan SSR DTK-sında həm kəşfiyyat, həm də
əks-kəşfiyyat sahəsində çox
bacarıqlı, savadlı azərbaycanlı kadrlar
yetişmişdi. Bunlara general-leytenant Ziya Yusifzadəni,
Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil
Bağırovu, Şamil Süleymanovu, Bəxtiyar
Süleymanlını və digər şəxsləri misal
göstərə bilərik.
Daim təhlükəsizlik
orqanlarının əməkdaşlarının
qarşısında mühüm tələblər qoyan
Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, peşəkarlıq
səviyyəsini yüksəltmək təhlükəsizlik
orqanında çalışan hər bir kəs
üçün vacib olan amildir: “Təhlükəsizlik
işçisi adi işçi deyil, bu işçi yüksək
mədəniyyətli, keyfiyyətli işçi
olmalıdır. Elə bir işçi ki, gərək
şairlə də, bəstəkarla da, yazıçı ilə
də, alimlə də, adi vətəndaşla da danışa
bilsin. Əgər belə olmasa, o
ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən,
səhvi cinayətdən ayıra bilməz. Peşəkarlıq səviyyəsinin
artırılmasının sərhədi, hüdudu yoxdur.
Ona görə də siz daim peşəkarlığınızın
təkmilləş-dirilməsi üzərində işləməlisiniz,
oxumalı, öyrənməlisiniz, çox savadlı, bilikli
insanlar olmalısınız”.
Görkəmli
dövlət xadimi Heydər Əliyev təhlükəsizlik
orqanlarının əməkdaşlarının fəaliyyətlərində
milli-mənəvi dəyərləri uca tutmaları ilə
yanaşı, xidmətdə nizam-intizama da ciddi riayət etmələrini
əsas məsələ kimi önə çəkirdi: “Hərbi
qulluq birinci növbədə nizam-intizam üzərində
qurulur. Nizam-intizam gündən-günə
möhkəmlənməlidir”.
Ulu
öndər Heydər Əliyevin 23 mart 1997-ci il
tarixli “Azərbaycan Respublikasının milli təhlükəsizlik
orqanları əməkdaşlarının peşə
bayramı gününün təsis edilməsi haqqında” Sərəncamı
xüsusi xidmət orqanlarının müstəqil dövlətçiliyimiz
qarşısındakı xidmətlərinə göstərilən
böyük etimadın təcəssümü idi. Bu sərəncamla
hər il mart ayının 28-i ölkəmizdə
təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı günü kimi qeyd edilir.
Heydər Əliyevlə
bağlı təhlükəsizlik orqanlarının tarixində
baş verən əsas hadisələrdən biri də bu
orqanlar üçün xüsusi ixtisaslı ali təhsilli
milli zabit kadrlarının yetişdirilməsini həyata
keçirən təhsil müəssisəsinin -
Akademiyanın yaradılması oldu. Ümummilli lider Heydər
Əliyevin 1998-ci il 1 dekabr tarixli Sərəncamı
ilə yaradılmış Akademiyaya 2005-ci il dekabrın 20-də
möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncamı
ilə Ulu Öndərin adı verildi. 2006-ci il martın 27-də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin iştirakı ilə bu ali təhsil ocağında
Ümummilli Liderin abidəsinin və “Şöhrət"
muzeyinin açılışı digər bir əlamətdar
hadisə kimi tarixə yazıldı.
Bu gün Azərbaycan təhlükəsizlik
orqanlarına kadrların seçilib yerləşdirilməsi
zamanı dahi şəxsiyyət Heydər Əliyevin xüsusi
xidmət orqanlarının qarşısında qoyduğu tələblər
və prinsiplər əsas götürülür. Ali Baş
Komandan cənab İlham Əliyevin dediyi kimi, “Bizə
sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil
lazımdır. Bilikli, savadlı, bütün
dünyada gedən proseslərə bələd olan, gözəl
təhsil alan, öz biliyi, savadı ilə Azərbaycanın gələcək
inkişafına töhfə verəcək gənc nəsil
lazımdır, vətənpərvər gənc nəsil
lazımdır”.
Təməli Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş milli təhlükəsizlik
strategiyası və Azərbaycan təhlükəsizlik
orqanlarına göstərilən diqqət və qayğı
onun siyasi kursunun layiqli varisi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Bu gün dövlətimizin
başçısının müdrik idarəçiliyi və
yüksək beynəlxalq siyasi nüfuzu sayəsində Heydər
Əliyevin şah əsəri olan müstəqil Azərbaycan
daha böyük nailiyyətlərə və zəfərlərə
doğru inamla addımlayır. Regionun lider dövlətinə
çevrilən Azərbaycan Respublikası sürətlə
inkişaf edir və gündən-günə daha da qüdrətlənir.
Möhtərəm Prezident cənab İlham
Əliyevin milli maraqlarla bağlı məsələlərdə
nümayiş etdirdiyi sarsılmaz iradə və prinsipial
mövqe müasir Azərbaycanın stabil və etibarlı tərəfdaş
kimi dünyada mövqelərini daha da möhkəmləndirir.
A.Rəhimov
Azad Azərbaycan.-
2020.- 25 aprel.- S.3.