HAMAM ƏHVALATI
(Hekayə)
Bizim arvad Fatmanisə neçə gündü mənə eşitdirirdi ki, bəs, qonşu arvadlar Hacı Qənbərin arvadı Hacıxanım Nisənin rəhbərliyi ilə Bakıya müqəddəslərin ziyarətinə gedəcəklər. Onun da vədəsini alıblar. Yəqin ki, bu gün-sabah yola düşəcəklər. Bu gün sabah deyəndə ki, Hacıxanım harayasa qonaq getmişdi, arvadlar dəymişdilər bir-birinə; yəqin gələn kimi ziyarətə gedəcəkdilər; maşın da danışmışdılar. Bizim arvad da Hacıxanımın yolunu səbirsizliklə gözləyirdi. Fikirləşdim ki, arvaddır da: həm ziyarət edər, həm də çöl-bayır görər, bir az da ürəyi açılar. Odur ki, getməyinə razılıq verdim.
May ayının ortaları idi. Arvadım hamam boxçamı qoltuğuma verib dedi:
- Ay kişi, hamam salmışam, indi yəqin ki,
isti olub. Gir, təmizliyini gör. Mən də sənə çay
hazırlıyım.
Belə arvada nə deyəsən?! Qızıldır,
vallah, qiyməti yoxdur bizim bu Fatmanisənin.
Hazırlaşıb girdim həyətdəki hamama. Hamam da ki,
maşallah, elə qızmışdı ki, bəlkə səhərə
kimi də soyumazdı. “Bismillah” deyib
başladım çimməyə.
Əvvəlcədən
qoy sizə bu sirri açım: mən elə cavanlıqdan
oxuyan olmuşam. Hamamda oxuyanda adamın səsi
özünə xoş gəlir. Başladım
yenə zümzüməyə. Bir-iki ağız
Əliağa Vahiddən, bir-iki ağız da Maildən dedim. Yadıma məşhur lənkəranlı şair
Usta Məhəmmədhəsən Nəccarın nəvəsi
şair Ənvər Rəsul düşdü. Onun muğam haqqında yaxşı bir qəzəli
vardı. Əzbərdən bilirdim.
Bir ağız da ondan dedim:
Muğamı
anlayan hər qəlbə həyat, candı muğam,
Ürəyə, ruha qida, xəstəyə dərmandı
muğam.
Verir
fikrin, xəyalın bir çoxu yad musiqiyə,
Nə duyur səndəki o hikməti, nadandı, muğam.
Cabbarın
zənguləsi bülbülü şura gətirir,
Olmayır
bircə aram, gör necə nalandı
muğam.
Gör
necə guşələri, həm də neçə
qolları var,
Xalqımın şah əsəri hər biri dastandı
muğam.
Ənvərəm,
taru-kaman ilə muğam aşiqiyəm,
Mənə bir nazlı gözəl, sevgili canandı
muğam.
Elə qəzəlin
sonunu qurtarmaq üzrə idim ki, bizim arvad Fatmanisə
hamamın dəmir qapısını azca aralayıb nə isə
dedi. Bu o zaman idi ki, mən hamam təkqulplusunu
qulağıma tutub zəngulə vururdum və öz səsimdən
də məmnun olmuşdum. Ona görə
də başımı yellədim. Bu o demək idi:
“Arvad, dediyin yerə get; yəni qonşulara, qiybət etməyə-hara
istəyirsən get. Yenə başımı yellədim: yəni
get, ay arvad, mane olma mənə. Arvad da sevincək halda yenə
nə isə dedi, eşitmədim, ancaq başımı
razılıq əlaməti olaraq yenidən yellədim. Sonra
hamamın dəmir qapısı örtüldü:
çırıqq!!!”
Mən hələ də oxuyurdum. O qədər dalay-dalay etdim
ki, axırda yoruldum. “Nahaq yerə xanəndə
olmamışam. Əgər ailə vəziyyətim
yaxşı olsa idi, vaxtında oxusaydım, indi mən də
görkəmli sənətkar idim. Çox heyf...”
Qayçını götürüb
dırnaqlarımı tutdum. Sağ ayağımdakı baş
barmağımın dırnağını mişarla da kəsmək
olmazdı. Elə hamamdan-hamama
hıqqana-hıqqana birtəhər tuturdum. Sonra paltar geyinən yerə keçib
özümü məhrəba ilə quruladım. Tərimi
soyutmaq üçün bir az yerimdə uzandım.
Fikrimdən, xəyalımdan nələr keçmədi:
Böyük bir konsert salonunda üçlüklə oxuyuram. Əlimdə sədəfli dəf. Bəh-bəh-bəh!
Necə zəngulələr vururam, ilahi! Sonra təzədən
səhnəyə çağırırlar məni.
“Çahargah” muğamını oxuyub qurtararkən
tamaşaçılar atılırlar üstümə; məni
qucaqlayıb gül-çiçək verən kim,
toy-düyünlərinə dəvət edən kim... “Nahaq xanəndə olmadım, çox nahaq, hetf...”
ürəyimdən keçirtdim.
Paltarımı geyindim. Əlimi atdım
qapının dəstəyinə ki, qapını
açım, qapı açılmadı. Bir neçə dəfə itələdim,
gördüm ki, yox balam, qapı açılmadı ki,
açılmadı.
Bu necə işdir? Yəni Fatmanisə çöldən cəftərəni
keçirib üstünə? Əyilib cəftərənin
yerinə baxdım. Zənnimdə
yanılmamışdım. Qapı bayırdan
bağlanmışdı-özü də dəmir qapı ola. Aç görüm, necə
açırsan...
* * *
Bizim hamam bağımızın lap ətəyində-qurtaracağında-gün
çıxan tərəfdədir. Onun iki ensiz pəncərəsi;
ikisi də çöllüyə baxır. Yəni burdan
ancaq çöllüyü görürsən: üfüqlə
birləşən çölü, bir də lap uzaqda
görünən dənizi. Nə qədər
qışqırıb haray salsan da faydası yoxdur,
çünki səni heç kim eşitməyəcək.
Hamamın dəmir qapısı isə evə tərəf
baxır. O da ki bağlı olanda, iraq
olsun, özünü həbsxanada hiss edirsən. Bax, elə bu dəqiqə mən həbsxanada idim.
Həbsxana necə olur ki? Dörd
divar və kiçik gözlük. Dəhşət
və xof içərisində düşünürdüm ki,
bu dəqiqə hava tükənəcək və mən
boğulacağam. “Yox, Sədi, səbirli ol, imdi arvad gələr,
açıb buraxar səni”-fikirləşirdim.
Susuzluğumu
hiss edincə gedib krantı açdım, bir az
su içib toxtadım, özümə gəldim.
Yaxşı suvanmış, kafellənmiş hamamın bir
sökük yeri də yox idi ki, dağıdıb
azadlığa çıxım. Yadıma Qraf Monte
Kristo düşdü. Elə bil mən də
onun vəziyyətində idim.
* * *
Hava yavaş-yavaş qaralırdı, içəri
soyuyurdu. Odun da tükənmişdi. Odur
ki, nəfəsliyi bağlamalı oldum. Ürəyimə
min cür fikir gəlirdi. Allah eləməmiş, arvada bir şey olar ha... dünyadır da,
biabırçılıqdan qurtarmaq olmaz. Şəkər
də onu əldən salıb. Biz nə
hayda, bu xəstəlik də gəlib Fatmanisəni tapıb.
O qədər harın adamlar var ki, gedib onları tapmır!
Yazıq Fatmanisədə nə can qalıb axı... Baxmayın ki, mən hamamda oxuyuram. Vallah-billah
hirsimdən oxuyuram, dərdimdən oxuyuram... Sırağagün
Kəblə Feyzinin oğluna gömrük idarəsində
yaxşı vəzifə veriblər. Məktəbdə
oxuyanda adını zorla yazardı, özü də səhvlə.
Mənim oğlum isə, Bakı Dövlət Universitetini fərqlənmə
diplomu ilə bitirib, yazıq uşaq iş tapa bilmədiyindən
şadlıq sarayında toya gələnlərin stollarına
qulluq eləyir, onların boşqabındakı
sür-sümüyü təmizləyir. Neyləsin?!
Allah zəmanənin üzünü qara eləsin.
O cür istedadlı uşaq öz yerini tapa bilmir. Ay qurban olum
sizə, mən bu vaxta qədər bir adamın toyuğuna
daş atmamışam, ev yıxan, mərdiməzar
olmamışam. Yaxşı günlərim də
çox olub. Ancaq indi oturmuşam yerə,
qardaş. Yaş da öz işini
görür. Nə deyim vallah, pul görməyənlər
indi pullu olub-biznesmen olub, nə bilim, daha nə olub.
O gün
pensiyam gec gəldiyi üçün məəttəl
qalıb getdim Hacı Tapdığın dükanına. Sağlığına qismət olsun, gözəl
marketi var, alveri dayanmaq bilmir. Girdim dükana,
xoş-beşdən sonra dedim ki, bəs, məsələ belədir,
ay Hacı, iki-üç günə
pensiyamı alacağam. Zalım balası
üzünü elə turşutdu ki, deməyimə də
peşman oldum.
- Bilirsən,
Sədi kişi, nisyəni
yığışdırmışam. Sən Allah, incimə, get o biri dükanlarda alış-verişini elə.
Başıma elə bil bir qazan qaynar su tökdülər. Suyum süzülə-süzülə
dükandan çıxdım. Məsəl
var, deyərlər, “Ac qılınca çapar”, Getdim
çörəkçi Məsimənin oğlu Sarı Yaqubun
dükanına. Mızıldaya-mızıldaya,
utana-utana mətləb üstünə gələndə
Sarı Yaqub qalın bir dəftər çıxarıb qoydu
qabağıma.
- Ay Sədi
əmi, Allah bu türk qardaşlarımıza can
sağlığı versin! Bu nisyə dəftəri
onlardan qalmadı. Vallah, bu dəftər
olmasaydı, nə biz dolanardıq, nə də millət.
Bir bax bu dəftərə, hamı nisyəçilərdir.
Niyə utanırsan ki, əmi, sən də
olursan min birinci nisyəçi. Ürəyindən
nə keçirsə de, bacıoğlun qulluğunda
hazırdır. Bundan sonra da ürəyin nə
istəsə, çəkinmə, gəl dükana.
Buna nə deyirsən?! Dil şirin. Alıcını elə dillə yola salır ki, gəl
görəsən. Sağ olsun! Dünya durduqca
yaşasın! Varı, dövləti başından
aşsın! Məni möhnətdən
qurtardı. Yaxşılıq itmir,
qardaş. Aqillər də deyiblər:
“Yaxşılıq elə, at dəryaya, balıq bilməsə,
Xaliq bilər.”
Amma Hacı Tapdığın hərəkətləri mənə
yaman yer eləmişdi. Bu Hacı Tapdıq rəhmətlik
atamın çörəyi ilə böyüyüb.
Gör necə harınlaşıb! O müqəddəs
adı da üstündə daşıyır. Heyf,
çox heyf, belələri də Hacı olub. Vermir, verməsin, neynək. O bir olan Allah hər
bir kəsi öz xeyirxah əməllərinə görə
qiymətləndirir. Əməllərindən qorxmayanlar bu
gün daş-qaş, bol nemətlər içərisində
yaşasalar da, sabah haqqın
qapısından keçəndə özləri ilə bir
çöp də apara bilməyəcəklər!
Hava tamam qaralmışdı. Hamama işıq da
çəkdirməmişdim. İçəri
qaranlıq idi. Dörd divar arasında az
qala ürəyim partlayacaqdı. “Əgər mən
burada ölsəm, bu, çox axmaq ölüm olacaq” ürəyimdən
keçirdim. Bir az da xof
götürdü məni...
* * *
Səhər açılanda özümə bir qədər
təskinlik verdim. Şükür sənə, ilahi, sabaha salamat
çıxmışam! Qarnım da elə
quruldayır dı ki, elə bil bağırsaqlarımın
içində göy gurultusu mövcud idi. Zəifləmiş, halsız olmuşdum. Hamısına səbəb oxumağım oldu.
Oxuyan yerdə görüm səsim tutulaydı, dilim lal
olaydı! Vallah, burdan sağ-salamat
çıxsam, bir də oxumayacağam. Bu nə iş
idi başıma gəldi, ilahi? Burdan necə
çıxım?
Hamamın bayıra baxan pəncərə
gözlüyünə baxdım. Bəlkə burdan
çıxa bildim. Tez hamamdakı kətili
ayaqlarımın altına qoyub “Ya Allah” deyib Məşədi
İbad kimi qalxdım yuxarı. Başımı
yavaş-yavaş pəncərə gözlüyündən
bayıra çıxartdım. Ancaq
çiyinlərim hamamın içində qaldı. Çox əlləşdim, bir şey
çıxmadı. Yenidən
başımı içəri salmaq istəyəndə
gördüm ki, yox aşna, deyəsən, başım
içəri girmir axı. Bəs
başımı bayıra necə çıxartdım?
Əcəb işə düşdüm! Elə
bil boynuma buxov keçirmişdilər. Nə
qədər əlləşdimsə, yenə də çiyinlərimdən
ayağımadək hamamın içində, başım isə
hamamın çölündə qaldı. Bu çaşqınlıq içərisində
çapalayırdım. Bəs bayaq çölə necə
çıxartdım axı? !
Çox
hıqqandım! Bağrım az
qalırdı çatlaya. Birdən ayaqlarımın
altındakı kətil sürüşsə, mən
gözlükdən asılı qalaram ki... Yəqin,
çox yəqin ki, asılı qalıb boğularam. Bu axmaq ölümün söz-söhbəti uzun illər
yaddan çıxmaz. Hamı deyər ki, Sədi kişi nə səbəbə özünü
asdı? Vay, dədəm vay, lap
biabırçılıqdır!
Başımın ətrafında bir qara milçək
elə hey fırlanırdı. Elə bil ki, o da mənim
müdafiəsiz, kimsəsiz, yazıq olduğumu hiss
etmişdi. Məğrurcasına gəlib
qondu üzümə. Sifətimdən,
alnımdan tökülən tərimdə özünə nə
yem tapmışdısa, üzümdən əl çəkmirdi.
Axırda gəlib burnumun ətrafında manevr
etməyə başladı və burnumu elə
qıcıqlandırdı ki, özümü nə qədər
toplasam da bir-birinin ardınca asqırmağa başladım.
Az qala kətil ayaqlarımın altından
qaçacaqdı. Daha tərpənməyə
qorxurdum. Heç qımıldanmırdım da... Yadıma Timurçinin buxovlu günlərini
saldım.
Birdən gördüm ki, bir tısbağa kolun
altından çıxıb bizim bağa girdi. Yastı
tısbağanı görən kimi iki saatdan da çox
müddət ərzində başımı gözlükdən
bayıra yastılama çıxarmağım yadıma
düşdü və dəli bir gülmək məni tutdu.
Əslində buna heç gülmək də
demək olmazdı. Elə ağlamağa bənzər
bir şey idi. “Ay kişi, belə də huşsuzluq olar? Necə olub ki, bu, ağlıma gəlməyib?”
Tez başımı yastılama vəziyyətində əyib
içəri saldım. Şükür sənə, ilahi! Böyük
bir biabırçılıqdan qurtuldum. Necə
də rahat oldum, xətadan qurtarmışdım. Nəhayət, başım bədənimlə bərabər
hamamın içərisində idi. “Yenə
Xeybər yaxşıdır” - bizlərdə belə deyirlər.
Bir qədər özümə gələndən sonra
yenə fikir-xəyal məni götürdü. Bir gecəni də
burada gecələsəm, işim fəna olacaq. Arvad gəlib
çıxmasa, elə burada da can verib
ölacəyəm. Gözlərimi qapayan da
olmayacaq. Axırım, görünür,
belə olacaqmış. Taqətdəm
düşürdüm. Ayaq üstə
zorla dayanırdım.
Elə bu
fikirdə ikən bizim ev tərəfdən
səs gəldi. Dərhal qışqırmağa
başladım:
- Fatmanisə!!!
Fatmanisə!!!
Fatmanisə
hay verdi və bir az keçmış gəlib
qapının cəftərəsinu açdı və bir az da
mənə təəccüb və heyrətlə baxdıqdan
sonra dedi:
- Bıy, ay kişi, sən hələ hamamdasan?
Mənim danışmağa hayım-heyim yox idi. Bərk aclıq və iztirab çəkdiyimdən ayaq üstə zorla dayanırdım. Fatmanisəni nə ömrümdə döymüş, nə də söymüşdüm. İndi isə ürəyimdən onu döymək və söymək keçdi. Hamamda-bu dörd divar arasında çəkdiyim əzabların əvəzini çıxmaq üçün istədim ki, əlimə keçənlə Fatmanisəni kötəkləyim, elə bu zaman arvadım dilləndi:
- Ay kişi, heç demirsən ki, Fatmanisə, ziyarətin qəbul olunsun.
Gözlərim qaralsa da, hər şey gün kimi aydın oldu. Sən demə, Fatmanisə Hacıxanımla və qonşu arvadlarla Bakıya - ziyarətə gedibmiş. Yox qardaş, burda söyüşə daha yer yox idi. Odur ki, zorla:
- Ziyarətin... qə...bul o...lun...sun, Fatma...nisə. Səni... səni görüm... - deyib arvadımın qolları üstünə düşüb bayıldım.
Daha sonrasından xəbərim olmayıb.
Lənkəran, Liman şəhəri
Səyavuş
Süleymanli
Azad Azərbaycan.- 2020.- 6 avqust.-
S.11.