Nüvədiyə son səfər

 

Nüvədinin işğalından 29 il ötdü…

 

1991-ci ilin avqustunda ölkə jurnalistləri Prezident Aparatı tərəfindən niyə təcili olaraq Zəngəzurda sonuncu olaraq qalmış Azərbaycan kəndi Nüvədiyə ezam edilmişdilər?

 

Erməni daşnakları ötən əsrin əvvəllərindən başlayaraq, qoynunda Dədə Qorqudu, qoç Koroğlunu, Babəki və neçə-neçə digər igid ərləri-ərənləri, müdrikləri yaşatmış qədim Oğuz yurdlarını hiyləgərliklə, hissə-hissə işgal edərək, 1988-ci ildə öz məkrli planlarını bütün Ermənistan – Göyçə-Zəngəzur mahalları üzrə davam etdirib, oradakı Azərbaycan kəndlərində həmyerlilərimizə vəhşicəsinə divan tutaraq, onları yüzillərlə yaşadıqları dədə-baba torpaqlarından didərgin salsalar da, Meğri rayonunun Nüvədi kəndinə 1991-ci ilin yayına kimi güc gələ bilməmişdilər. Daha doğrusu, buna bir-neçə dəfə cəhd göstərsələr də, niyyətləri baş tutmamışdı. Üç tərəfdən kəndi əhayə edən şiş qayalı Zəngəzur dağları, digər tərəfdən isə sovetlərin hələ vicdanını tam itirməmiş hərbçiləri erməni daşnaklarına öz bəd niyyətlərini həyata keçirməyə imkan verməmişdi.

 

Üç il yarımdan da artıq – 1988-ci ilin əvvəllərindən başlayaraq 1991-ci ilin avqust günlərinə kimi Ermənistandakı heç bir Azərbaycan kənd-kəsəyində bir azərbaycanlı belə qalmadığı, onarın yurd-yuvalarının dağıdılıb viran qoyulduğu bir zamanda, Bakıdan ciddi bir köməyin, dəstəyin olmadığı çox ağır bir şəraitdə erməni daşnaklarının əhatəsində dözüb-durmaq heç də asan olmasa da, nüvədililər bütün çətinliklərə, məhrumiyyətlərə mətinliklə duruş gətirirdilər. Axı, niyə də onlar öz dədə-babalarının ulu və müqəddəs, əsrarəngiz təbiəti və gözəlliyi ilə təkrarsız olan yurdunu azğın yadellilərə verməli idilər? Kəndin sakinləri bu yerlərin dağları kimi qürurlu, təbiəti kimi sərt idilər.

Nüvədinin Bakıda, respublikamızın digər şəhər və rayonlarında yaşayıb-çalışan vətənpərvər oğulları da kəndlə əlaqəni üzmür, bütün mümkün köməklikləri edirdilər. Dar ayaqda kənd camaatı qonşu Zəngilanın köməyinə arxalanırdı. Və kənd, ağrılı-acılı da olsa, öz ənənəvi, gündəlik həyatını yaşayırdı – böyüklü-kiçikli heyvandarlıqla, əkinçiliklə, bağ-bağatla məşğul olurdular. Kənd də yerindəydi, onun qocalı-cavanlı övladları da. Hamısı bir yerdə idi. Toy-düyündə də elliklə bir yerdə olurdular, ermənilərin acığına daha böyük şənlik qurur, el-obaya səs salırdılar. Kəndin müdafiəsində dayanmış sovet əsgərləri də vaxt düşdükcə onların məclislərinin, süfrələrinin qonağı olurdular. Lakin erməni daşnakları hərbçilərin azərbaycanlılara olan xoş münasibətini nə sovet “paqonlularına”, nə də nüvədililərə və özlərinə bağışlaya bilmirdilər. Son zamanlarda kəndə erməni hücumlarının artması da bununla bağlı idi.

Erməni ekstremistləri ilə silahlı qarşıdurmaların birində başının dəstəsi ilə kənd camaatını erməni faşistlərinin hücumundan qoruyan 19 yaşlı gənc rus leytenantı Yevgeni Yurçenko igidliklə vuruşaraq, qəhrəmancasına həlak olmuşdu. Kənd camaatı onu elə Nüvədidə şərəf və ehtiramla torpağa tapşırmış, məzarı üstündə onun adına layiq obelisk ucaltmışdılar. Xatirə lövhəsinin üzərində isə rusca yazmışdılar: «Þð÷åíêî Åâãåíèé Ìèõàéëîâè÷. 8.5.1971 – 24.4.1990. Ñ áëàãîäàðíîñòüþ îò æèòåëåé Íþâåäè ãåðîè÷åñêè ïîãèáøåìó â áîþ ñ àðìÿíñêèìè ýêñòðåìèñòàìè».

Lakin… 1991-ilin avqust ayının ilk günlərində Nüvədi ilə bağlı Ermənistan rəhbərliyinin hərbçilərə təzyiqi artmışdı. O zamankı erməni prezidenti Ter-Petrosyan “hərbçilərin Nüvədidə saxlanmasının heç bir hüquqi əsası olmadığını” (?..) bildirərək, Ermənistanda azərbaycanlıların yaşadığı bu sonuncu kənddən hərbi bölmələrin çıxarılmasını tələb etmişdi. Bir neçə bölməsi Nüvədinin müdafiəsində dayanmış Azərbaycandakı Culfa (!..) polkunun komandiri olan rus generalı isə “ağrımaz başını” ağrıtmamaq üçün “Ter”in ona göstərdiyi əsassız təzyiq müqabilində onu yerində “oturtmaq” üçün heç bir əks-arqument gətirməmişdi, halbuki kəndə ermənilərin uğursuz basqınlarının yalnız xronologiyasını təqdim etmək “hüquqi əsas” üçün kifayət  edərdi.

 

Nüvədiyə getmək üçün Zəngilanda

niyə 4 saat ləngiməli olduq?

 

…Bizə – o vaxtkı respublika qəzetlərinin Dağlıq Qarabağ mövzusunda yazan müxbirlərinə konkret bir izahat vermədən, missiyamızın nədən ibarət olduğunu dəqiqliklə bildirmədən Prezident Aparatı tərəfindən (1991-ci il, Ayaz Mütəllibovun “dövrü” idi) təcili olaraq Ermənistanın cənub sərhədi yaxınlığında yerləşən Zəngilana getməyimiz, avqustun 7-də isə hökmən Nüvədidə olmağımız  tapşırılmışdı.

Tapşırıq aldığımız günün axşamı – avqustn 6-da Bakı-Şərur qatarında (o zaman “Noraşen” qatarı adlanırdı) Zəngilana yola düşdük.  9 nəfər idik – Tahir Məmmədov (o zaman “Həyat” qəzetinin müxbiri, indi “Aktual” qəzetinin baş redaktoru), Qafar Çaxmaqlı (əslən İrəvan tərəfdən olub, erməni dilini yaxşı bildiyindən o kafirlərin dilində Bakıda çıxan “Kommunist” qəzetində çalışmışdı), Söhbət Məmmədov (o zaman “Bakinski raboçi” qəzetinin şöbə müdiri), Zemfira Əmiraslanova (gərək ki “Respublika” qəzetindən idi), foto-müxbirlər Rafiq Nağıyev, Sadıq Həşimov, daha iki müxbir (indi xatırlaya bilmirəm) və mən. Sabahısı günü səhər saat 6-ya yaxın Mincivan stansiyasına çatdıq və təsadüfi yol maşınları ilə Zəngilan rayon mərkəzinə yollandıq. Sərhəd rayonunda olduğumuzdan hökmən raykomun birinci katibi ilə görüşməli və yalnız onun göstərişi ilə ayrılacaq maşınlarla və bizi müşayiət edəcək şəxslərlə Nüvədiyə getməli idik.

Katibin Zəngilandakı və Nüvədidəki vəziyyətlə bizi tanış etməsindən sonra rayon milis şöbəsinə maşın ayrılması üçün xüsusi göstəriş verildi. Lakin bizim raykom binasında xeyli gözləməyimizə baxmayaraq, maşın məsələsinin həlli gecikirdi. Nüvədiyə tələsdiyimizdən ləngiməyimizlə barışmayaraq, birbaşa milis şöbəsinə gedib, “hay-küy” qoparmalı olduq. Lakin burada sərhəd rayonu üçün çox acınacaqlı, bağışlanılmaz bir faktla üzləşdik – maşınları Nüvədiyə yola salmaq üçün “o boyda” rayon mərkəzində, hətta milis şöbəsində və rayon KQB-sində kifayət qədər… benzin yox idi, tapılmırdı. Görəsən, bunda da biz yox, ermənilər günahkar idimi? Axı, o zaman hələ Dağlıq Qarabağdan başqa bütün rayonlarımız öz əlimizdə idi, işğal olunmamışdı. Respublika daxilində rayonlararası gediş-gəlişin problemsiz olduğu bir vaxtda Zəngilanın rayon mərkəzinin, həm də həmin dövr üçün  xüsusilə mühüm olan hüquq-mühafizə orqanlarının yanacaqsız, benzinsiz qalması nə səbəbdən baş verirdi? Bunun sərhədyanı rayon üçün nə demək olduğunu o zamankı respublika rəhbərliyi başa düşmürdümü? Əgər erməni ilə qonşu olan bir rayonun yanacaq təchizatında bu cür bağışlanılmaz səhvə, səhlənkarlığa yol verilirdisə (kimlərin ucbatından, – dəxli yoxdur. Ən pisi odur ki, nəticə yol verilməyəcək dərəcədə xoşagəlməz idi), onda respublika səviyyəsində strateji baxımdan hansı mühüm işlər aparılırdı? Diqqət mərkəzində olmalı olan sərhəd rayonuna qarşı bu dərəcədə etinasız, məsuliyyətsiz münasibətə nə ad vermək olardı? O zamankı respublika rəhbərliyinin əsas, 1 nömrəli vəzifəsi sərhədyanı rayonların təhlükəsizliyinin təmini deyildisə, bəs nə idi? Ölkə iqtisadiyyatının ağır günlərində yanacaq korluğu bilməyən müxtəlif texnikanın cəlb olunması ilə müharibə qoxusunun hiss olunmadığı paytaxt ərazisində “qaynana, qohum-qardaş yolu” çəkməkmi? Sonra da həmin ölkə rəhbəri öz hakimiyyəti dövründə elə bir ciddi səhvə, qüsura yol vermədiyini bəyan etməyə çalışırdı. Bəs, görəsən, düşmənlə üz-üzə olan rayonun maşın-texnikasını yanacaqsız qoymaq bağışlanılmaz səhv, rayon əhalisinin məhvinə fərman vermək, Vətənə xəyanət deyildimi?.. Belə səhvlərin nəticəsi olaraq torpaqlarımızı, yurd yerlərimizi bir-birinin ardınca, kəndbəkənd itirmədikmi? Yoxsa, yurd və insan itkilərimizdə respublikada heç kəs günahkar deyildi? Doğrudanmı, yalnız ermənilərdir bütün uğursuzluqlarımızın baiskarı?..

 

Qadın tərsliyi, yoxsa – vətənpərvərlik?

Yox, vətənpərvərlik “tərsliyi”!..

 

Biz ilk dəfə görəcəyimiz Nüvədi, onun qeyrətli sakinləri ilə bağlı anbaan nigarançılıq keçirir, lakin bununla belə Zəngilanda yubanır, vaxt itirirdik. Əlacsız qalaraq, yaranmış məcburi vaxt boşluğundan istifadə edib, çoxdankı jurnalist dostum Tahir Məmmədovla birgə bizi Bakıdan çıxandan bəri narahat edən başqa bir mühüm problemi həll etməyə çalışdıq.

Məsələ onda idi ki, bizim “ekspedisiya”mızın üzvü, aramızda yeganə qadın jurnalist olan Zenfira xanımın Nüvədiyə getməsini istəmirdik. Axı, biz düşmən içərisinə gedirdik, hər şey ola bilərdi… İşdi, əgər mənfur ermənilərin əlinə keçməli olsaydıq və onlar tərəfindən Zenfiraya qarşı hər hansı bir xoşagəlməz münasibətə, hərəkətə yol verilsəydi, bunu heç birimizin qeyrəti qəbul etməyəcəkdi. Nələr baş verəcəkdi? Onu bir Allah bilərdi. Hər halda silahsız da olsaq, heç birimiz bunu ermənilərə bağışlamayacaqdıq və yəqin ki, nəticə etibarilə heç birimiz sağ-salamat qalmayacaqdıq. Odur ki, elə bəri başdan tədbir görməliydik – Zenfira xanımın bizimlə birgə ermənilərə əsir düşməsinə yol vermək olmazdı. Raykom katibindən də ona Nüvədiyə getməməyi, Zəngilanda qalmağı məsləhət görməsini və bunu öz adından deməsini xahiş etmişdik. Lakin katibin bölgədə vəziyyətin çox gərgin olduğunu bildirməsinə və dönə-dönə xahiş etməsinə baxmayaraq, bir vaxtlar Sumqayıtın milis rəisi olmuş polkovnik Əmiraslanovun qızı olan Zenfira xanımı fikrindən döndərmək mümkün olmamışdı. Eyni xahişlə milis rəisinə də müraciət etdik. Düşündük ki, bəlkə gedəcəyimiz yerlərin onun üçün xüsusilə təhlükəli olduğunu rəis ona daha inandırıcı şəkildə başa sala bilər. Həm də ki, necə olsa da, atası da milis rəisi olmuşdu, bəlkə atasının həmkarlarının sözünü yerə salmazdı. Ancaq saldı… qəti bir dönməzliklə, fikrində tam israrlı olmaqla. Onda mən daha bir, son varianta əl atmalı oldum. Fikirləşdim ki, yalnız belə bir vasitə ilə onu fikrindən daşındıra bilərik. Gizlincə “uşaqlar”ın, ən əsası isə Zenfiranın gözündən yayınaraq, yaxınlıqda yerləşən rayon KQB-sinə yollandım. Rəislə görüşüb, xahiş etdim ki, bu inadkar xanımı öz adamları vasitəsilə çağırıb, ona bildirsinlər ki, ümumi qayda üzrə Nüvədiyə gedən hər bir kəsə görə KQB məsuliyyət daşıyır və buna yalnız onların razılığı olmalıdır.  O isə bir rəis olaraq və “yuxarının” xüsusi tapşırığına əməl edərək, Zenfiranın erməni əhatəsində olan həmin kəndə getməsinə icazə vermir.

Bir-neçə dəqiqədən sonra xanım jurnalist KQB-yə dəvət edildi. “Məni nəyə çağırırlar?” deyə narazılıq etsə də, getməyə bilmədi. Ancaq mənə tərəf dönərək başını buladı, yəni – “iş səndən keçib”. Mən isə, nəhayət ki, məsələnin tam həll olunacaqını düşünərək, arxayınlıqla nəfəs aldım. Ancaq, sən demə, KQB də Nüvədiyə getməkdə, oranın mərd, dəyanətli adamları ilə görüşmək istəyində çox israrlı olan bu inadkar xanımı fikrindən döndərə bilmədi. Ordan qayıdarkən incik halda dedi: “Rəhman müəllim, düz eləmirsiniz. Bu, sizin işinizdir, mən onsuz da gedəcəyəm”. Bir daha bütün həmkarlarımızla birgə ondan “daşı ətəyindən tökməyi” xahiş etsək də, Zenfira xanım heç birimizə görə bir “daş” da güzəştə getmədi. Və biz onu tərsliyinə görə qınayaraq, eyni zamanda “dinə-imana” gətirə bilmədiyimizə görə peşimançılıq və narahatlıq keçirərək, 4 saatdan sonra (nəhayət ki, benzin tapmaq mümkün olmuşdu…), günortadan keçmiş Nüvədiyə yol başladıq.

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda erməni silahlılarının peyda ola biləcəyi mümkündür… Düzəngah boyu uzanıb gedən, hər tərəfi kol-koslu, yovşanlı olan tozlu yollardan sonra dağ-təpə arası ilə 60 km-ə yaxın kələ-kötür, torpaq yol qət edərək, nəhayət, uca Zəngəzur dağlarının istəkli bir övlad kimi qoynuna aldığı Nüvədiyə yaxınlaşırıq.

 

Əsrləri daş yaddaşında, qaya yaddaşında yaşadan

qədim və gözəl, barlı-bağatlı, abad, dünəndə qalmış Nüvədi

 

Bir tərəfi sıldırmlı qayalıqlar üzərində salınmış ərik, şaftalı və nar bağları olan dar kənd girişinə çatar-çatmaz hərbi postda keşik çəkən, nüvədililəri qoruyan sovet əsgərləri maşınlarımızın qabağını kəsərək, hara və nə üçün getdiyimizlə maraqlanırlar. Silah-sursat aparmadığımıza əmin olduqdan sonra yolumuza davam etməyə icazə verilir.

Dar yolla bir qədər də irəliləyirik və bu da… Nüvədi! (Fantaziyam mənə güc gəlir: bəlkə atom fizikası ilə məşğul olan hansısa bir alim vaxtilə bu kəndi görüb, onu Yer kürəsinin nüvəsinə bənzədərək öz dilində yox, elə Azərbaycan dilində deyib ki, bu kənd sanki nüvədi. Və kəndin adı qalıb Nüvədi). Dağlar qoynunda, daşlar-qayalar üzərində ucalan, bütün ab-havası, görünüşü ilə qədim Oğuz yurdu olan, ensiz bir zolaqla uzanan bu kəndin heç yerdə rast gəlinə bilməyən mənzərəsi hamımızı valeh edir. Sakitlikdir. Kənd camaatı özlərinin gündəlik qayğıları, işləri ilə məşğuldurlar. Yol boyu bizi gülərüzlə qarşılayır, qonaqpərvərliklə “xoş gəlmisiniz!” deyərək, görüşüb-söhbət etməyə çalışır, “o tərəflərdə” Nüvədi ilə bağlı hansı mühüm qərarın olub-olmadığı ilə maraqlanırlar. Ancaq onlara necə deyəydik ki, bel bağladıqları həmin tərəflərdə onları yada salan çox azdır…

Jurnalist dostlarımızla qərara alırıq ki, kəndin şəraiti və onun camaatının gün-güzəranı ilə bağlı daha çox məlumat əldə etmək, faktlar toplamaq üçün hərə bir yana dağılaşaraq, ayrı-ayrı adamlarla görüşsün. Kəndin ortası ilə ora-bura qaçışan uşaqlar, təndirə çörək yapan qadınlar, çomağa söykənərək dağların döşündə qoyun-quzu otaran qocalar sanki erməni daşnaklarını heç veclərinə də almırdılar. Hərə öz işindədir.

Hətta kəndin ağsaqqallı, 1941-45-ci illər müharibəsinin odundan-alovundan çıxmış 86 yaşlı Səhlalı kişi Əliyev bu gün evin damına qalxaraq, iki gün əvvəl ermənilərin “Alazan” raketi ilə dağıtdığı çardağın üstünü qaydaya salmaqla məşğul idi – ömür sürüb-yaşadığı bu kəndi nə vaxsa həmişəlik tərk edəcəyini ağlına belə gətirmirdi…

Həmin gün gecə yarısı daşnaklar “Güllübəyim ənciri” deyilən istiqamətdən kəndə bir-birinin ardınca 20-yə qədər raket atmışdılar. Yaxşı ki, insan tələfatı olmamışdı. Raketlər kəndə şığıyarkən Səhlalı kişi evinin ikinci mərtəbəsində yatırmış. İlk raketlər atılarkən cəld həyətə düşüb. Yalnız səhərə yaxın hava işıqlanarkən (ermənilərin kəndi dəqiq nişangaha götürməməsi üçün artıq neçə ay idi ki, gecələr heç bir evdə işıq yandırılmırdı) yuxarı mərtəbəyə qalxıb, yorğan-döşəyinin dəlik-deşik olduğunu gördükdə necə bir faciəli ölümdən qurtardığını başa düşüb.

Kəndin ağsaqqallarından sayılan məktəb direktoru Cəlal Əliyev bizə kəndin tarixi, bugünü və son illərdə onları minillik məkanlarından uzaqlaşdırmaq, qovub-çıxartmaq üçün törədilən daşnak təxribatı və silahlı hücumları barədə ətraflı məlumat verir. Onun danışdıqları içərisndə yalnız bir ürəkaçan fakt var idi – ağır blokada şəraitinə, gecələr işıqsız olmalarına baxmayaraq, məktəbin 12 məzununundan üçü uğurla imtahan verərək ali məktəblərə qəbul olunmuşdu (hətta ikisi – Tibb İnstitutuna). Cəlal müəllim qeyd edir ki, son günlər ermənilər guya onların qayğısına qalaraq, vertolyotlarla kəndin üzərindən yaydıqları vərəqələrdə daşnak hiyləgərliyi ilə nüvədililərdən heç yerə köçməmələrini “xahiş edir”, onlara Ermənistanın “tam hüquqlu” vətəndaşları kimi “firavan” yaşamaları üçün hər cür təminat verəcəklərini, seçkili orqanlarda, hüquq-mühafizə sistemində işləmələri üçün bütün mümkün şəraiti yaradacaqlarını vəd edirlər. Və bütün bunların Ermənistanın şəhər və kəndlərində 100 minlərlə azərbaycanlının hüququnun pozularaq, dədə-baba yurdlarından qovulub-çıxardılması, “mühafzə” etmək nədir, hətta yandırılıb-öldürülməsi fonunda nə qədər ikiüzlü, iyrənc bir təklif olduğunu başa düşməmək qeyri-mümkün idi. Kənd üzərində yaydıqları rusca yazılmış vərəqələrdə hiyləgərliklə, guya “canıyananlıqla” onu da qeyd edirdilər ki, “ola bilsin ki, Azərbaycan tərəfi sizi ev-eşiyinizi tərk edib, Nüvədidən getməyə təhrik etsin. Buna qətiyyətlə yol verməyin, onları kəndinizdən qovun (?). Biz bir yerdə yaşaya bilərik və yaşamalıyıq”.  Bax belə – dünyanın heç bir yerində rast gəlinməyən və hələ də dünyanı inandıra bilmədiyimiz erməni fitnəkarlığı, riyakarlığı, ikiüzlüyü…

Nüvədililərin öz kəndlərində qalmasına nail olmaqla erməni qəsbkarları özləri üçün mühüm olan iki məqsəddən birini reallaşdırmaq niyyətində idilər – ya nüvədililərə bir müddət dəyib-dolaşmayaraq, bütün dünyaya sübut etməyə çalışacaqdılar ki, “baxın, Nüvədi camaatı da azərbaycanlılardır, o birilərdən (didərgin saldıqlarından) fərqli olaraq, onlar özlərini əsl Ermənistan vətəndaşları kimi aparırlar və bizim onlara qarşı heç bir iddiamız, bəd niyyətimiz yoxdur. Köçənlər özləri köçüb gediblər, onlara heç bir təzyiq-filan olmayıb”. Beləliklə də, öz çirkin əməllərini ört-basdır etmək, özlərinin heç də qəsbkar, qaniçən olmadıqlarına dünyanı inandırmaq üçün Nüvədini əldə bayraq edəcəkdilər, baxmayaraq ki, onların öz xain və yırtıcı xislətilə belə bir “humanist” versiya üzərində axıracan dayanacaqları qətiyyən inandırıcı deyildi. Digər variant isə, kənd camaatının inamından, arxayınçılığından istifadə edərək, Nüvədiyə qəflətən soxulub, oranı “birinci Xocalı”ya çevirmək idi (Xocalı qırğını 6 ay sonra törədilmişdi). Daşnakların murdar, canavar xislətini bilərək, buna heç bir şübhə etmək olmazdı.

 

Erməni məşuqəsindən ayrılmaq istəməyərək, yalnız

onun xatirinə Nüvədinin Azərbaycandan

ayrılmasına hansı xəyanətkar səbəb olmuşdu?

 

Cəlal müəllimin söylədiklərindən aydın olur ki, 1929-cu ilə kimi Nüvədi kəndi və onun çox geniş ətraf ərazisi Zəngilan rayonunun təkibində Azərbaycana məxsus olub. Həmin ildə kolxozun ermənilərə satılmış rəhbərlərindən biri Nüvədinin Zəngilandan 60 km, ermənilərin əlində olan Meğri rayonundan isə cəmi 16 km məsafədə olduğunu bəhanə gətirərək, kəndin Ermənistan tərkibində olmasını (“Hayastan”la Azərbaycanın o dövrdə “qardaş” olduğunu da gözə soxaraq) iqtisadi cəhətdən daha mühüm və əlverişli hesab etmişdi. Ancaq kənddə hamı yaxşı bilirdi ki, o qurumsaq kolxoz sədri Nüvədini nəyə görə ermənilərə peşkəş edir. Sən demə, Meğri rayon mərkəzində onun iri əndamlı, cazibədar bir erməni məşuqəsi var imiş və iki-üç gündən bir özünü onun yanına verirmiş, malını-pulunu da ona tökürmüş. Kolxoz sədrinin fikrincə Nüvədi Ermənistanın tərkibində olardısa, onun tez-tez Meğriyə getməsi kənd sakinləri tərəfindən qınanılmaz, kinayə-məsxərə ilə qarşılanmazdı. Bəhanəsi olacaqdı ki, kolxoz sədri kimi onu tez-tez rayon mərkəzinə tədbirlərə çağırırlar. Məhz bu səbəbdən də o, eyni zamanda Azərbaycan və Ermənistan rəhbərliklərinə müraciət edərək, Nüvədinin Zəngilanın tərkibindən çıxarılaraq, Meğri rayonunun tabeliyinə keçirilməsini xahiş etmişdi. Ancaq çox qəribə və müəmmalıdır ki, uzun illər satqın kolxoz sədrinin istəyi həyata keçməmişdi – nə həmin illərdə Azərbaycana rəhbərlik etmiş Sergey Mironoviç Kirovun, nə də Mircəfər Bağırovun dövründə Nüvədinin Ermənistana verilməsinə rəsmi razılıq əldə edilməmişdi. Yalnız 40 ildən sonra – 1969-cu ilin may ayında, dahi siyasətçi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinə, Vəli Axundovun isə hakimiyyətdən getməsinə iki ay qalmış Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı respublika Ali Sovetinin o zamankı sədri M.İsgəndərov tərəfindən təsdiq edilmişdi.

Cəlal müəllimin bu söhbətlərini dinləyən nüvədililər nədənsə o gün nə V.Axundovu, nə də M.İskəndərovu yox, yalnız erməni qadının əsiri olmuş öz satqın həmyerlilərini günahkar bilərək, onu lənətlədilər. Onlar bunu çox gözəl başa düşürdülər ki, hələ 1929-cu ildə belə bir təklifi ortalığa atmış həmin satqın kolxoz sədri yalnız nüvədililərə yox, bütünlükdə Azərbaycan xalqına, Vətənə xəyanət etmişdi.

 

Ermənilərə əsir düşməkdən necə xilas olduq…

 

Bir-neçə gündən sonra kənddə toy olmalı idi və nüvədililər bizə bir-iki gün kənddə qalmağı təklif etdilər. “Lap yüz qonağımız da olsa, geninə-boluna yerimiz var. Ürəyimiz də, evimiz-eşiyimiz də genişdir,” – dedilər. Ancaq biz geri qayıtmalı idik. Xahiş etdilər ki, heç olmasa, ayaqüstü də olsa, təzə bişirilmiş yuxadan hazırlanmış pendir-lavaşa qonaq olaq. Bir də bu yerlərə gəlmək fürsətinin bizlərə qismət olub-olmayacağını düşünərək, xahişlərini yerə salmadıq. Ləzzətlə pendir-lavaş yeyib, üstündən Nüvədinin sərin bulaq suyundan içdikdən sonra qonaqpərvər, mehriban kənd camaatı ilə görüşüb-halallaşıb axşama yaxın yola düzəldik.

Kəndə girərkən bizi saxlayaraq yoxlayan gənc əsgərlərin yanından əl edib, xudahafizləşərək ötüb təxminən bir kilometrə qədər gedib sıralanmış boz təpələrə çatmışdıq ki, birdən ani olaraq hardansa sol və sağ tərəfdən qarşı-qarşıya peyda olan iki tank yolumuzu kəsdi. Əllərində Kalaşnikov avtomatları tutmuş gənc hərbçilər komandirləri başda olmaqla bizə maşınlardan düşməyi və sənədlərimizi təqdim etməyi əmr etdilər. Bunlar əvvəlki hərbçilər deyildi, onlar bizimlə daha ciddi davranaraq, ayrı-ayrılıqda hər birimizə yaxınlaşıb, pasportlarımızı (bir vaxtlar V.Mayakovskinin böyük bir qürurla tərənnüm etdiyi o zamankı Sovet pasportunu) göstərməyi tələb edərək, maşınları və üst-başımızı diqqətlə yoxladılar. Bu zaman mən onların komandiri ilə söhbətə başlayaraq, gərginliyi azaltmağa, ünsiyyət yaratmağa çalışdım. O, bir kənara çəkilib, ratsiya ilə danışaraq, kiməsə məlumat verirdi. Saxladıqlarının Azərbaycan jurnalistləri olduğunu bildirib, öz dilində “hələ burdadırlar, çatarsınız”, – dedi. Danışdığının kim olduğunu dəqiq bilməsəm də, onun erməni “boyevik”lərindən olduğunu bilərək, necə olursa-olsun, gecikmədən aradan çıxmağın indiki halda olduqca vacib olduğunu anladım. Axı, bütün gün ərzində narahatçılığımız da elə bu məqamla bağlı idi – “Zenfira əmanəti” məni indi daha çox narahat edirdi. Bizimlə Bakıya qayıtmaq istəyən 35-37 yaşlı bir nüvədili hərbçiləri pulla yola gətirməyi təklif etdi. Tələsməməyi bildirib, komandirə müraciət edərək: “Hər şey qaydasındadırmı? Hamının pasportlarını yoxladınızmı?”, – deyə soruşdum. “Bəli, yoxladıq, hər şey qaydasındadır”, – dedi.

Psixoloji hücuma keçmək üçün mənə də elə bu lazım idi:

– Yox, hər şey qaydasında deyil, siz hərbi sayıqlığı itirirsiniz, – dedim.

Hərbçi üçün bu, çox ağır ittiham idi. Özü də xidmət başında, növbədə olduğu zaman, həm də daha böyük komandirləri tərəfindən yox, adi bir jurnalist tərəfindən olunan ittiham. O, belə bir ciddi iradı gözləmədiyindən bir anlığa duruxub qaldı. Onun “necə ki?” sualına cavab verdim ki, siz hamının sənədlərini yoxlamamısınız, bir nəfər qalıb. Əsgərlər komandirin tənbehedici nəzərləri altında təəccüb və təlaşla ətraflarına baxaraq, bizim yoldaşları yenidən bir-bir süzdülər. Axı, onlar gərək ki, hamının pasportunu diqqətlə yoxlamışdılar.

– Yaxşı, bəs kimdir bizim nəzərimizdən qaçan? – deyə komandir məndən cavab gözləsə də, belə bir adamın ola biləcəyinə qəti şəkildə inanmaq istəmirdi.

Mən gülərək, pasportumu ona uzatdım:

– Siz mənim sənədimi yoxlamağı unutmusunuz.

Komandirin üzünə təbəssüm qondu: “Bəli, siz yaddan çıxmısınız”. Bunu deyib, pasportu ötəri yoxlayaraq, geri qaytardı. Mən isə özümüzə qarşı inam qazandıqdan, psixoloji üstünlük əldə etdikdən sonra artıq cəsarətlə və ərklə komandirə müraciət edərək, onlarla birgə xatirə şəkli çəkdirmək istədiyimizi bildirdim. Bir müddət əvvəlki sərt görkəmindən əsər-əlamət qalmayan, artıq adi insan səmimiyyəti bərpa olunmuş komandir buna etiraz etmədi. Foto-müxbirlərimiz tələm-tələsik bir-neçə variantda şəkil çəkdikdən sonra mən bir qədər də “ağ eləyərək”, hərbçilərdən şəkilləri göndərəcəyim bir-iki ünvanı da götürdüm. Bütün bunlardan sonra bizi sərbəst buraxıb-buraxmayacaqlarına tam əmin olmasam da, psixoloji üstünlükdən istifadə edib bir qədər də qətiyyətli olmağı vacib hesab etdim. Odur ki, əlimi inamla əsgərlərə və sonda da komandirə uzadaraq, “nu, rebyata, dosvidanya” – deyib, özümüzünkülərə tərəf dönərək, elə hərbi qaydada rusca bərkdən və qətiyyətlə, amiranə şəkildə dedim: “Rebyata, po maşinam!”. Hərbçilər bütün bölüklə sanki gipnoz olmuşdular, elə bil yuxuda, şokda idilər. Mənim “əmrimi” sakitcə qarşılayaraq, tankları yoldan geri çəkdilər.

Əlbəttə, hər şeyin belə bir ssenari üzrə, uğurla başa çatacağını əvvəlcədən düşünə bilməzdim. Sadəcə, Allah tərəfindən iş elə gətirdi ki, biz yaranmış gərgin situasiyadan çıxa bildik. Yalnız Allahın qüdrətilə!

Uşaqlar cəld maşınlara əyləşdilər. Komandir və onun tankçı heyəti əllərini havada yellədərək, bizi yola saldılar. Mən komandirin bir qədər əvvəl ratsiya ilə dediyi, bayaqdan bəri beynimdə dolaşan “hələ burdadırlar, çatarsınız…” sözlərini unutmayaraq, sürücüdən xahiş etdim ki, nə qədər mümkündürsə, maşını sürətlə sürsün. Bizim arxamızca gələn maşın da sürəti artırdı.

Yalnız geri qayıdarkən yolda bildim ki, bizi müşayiət edən maşınların hər ikisində ehtiyat silahımız var imiş. Və hər şey – həyəcan, narahatlıq arxada qaldıqdan və biz sağ-salamat Zəngilana çatdıqdan sonra dostum Tahiri kənara çəkib, ona hansı ağır sərgüzəştdən qurtardığımızı bildirdim. O isə əlini çiynimə vurub, razılıqla dedi: “Əhsən, komandir kimi hərəkət elədin, onlara yaxşı kələk gəldin, yoxsa vəziyyətimiz çox pis olacaqdı…”.

Yalnız bir-neçə gün sonra Nüvədidən olan bir nəfər bizə bildirdi ki, “Siz kənddən çıxandan 20-25 dəqiqə sonra hardansa hərbi postun yaxınlığında erməni “boyevikləri” peyda olmuşdu”. Onlar biz jurnalistləri girov götürmək üçün gəliblərmiş, ancaq… gecikmişdilər. Daha doğrusu, biz həbçilərin başını qatıb, vaxtında aradan çıxa bilmişdik. Yoxsa taleyimiz heç də yaxşı olmayacaqdı.

 

V.Polyaniçkonun hərbçilər və Nüvədinin

rəhbərləri üçün “səhra məhkəməsi”

 

Zəngilana çatar-çatmaz bizə məlumat verildi ki, Azərbaycan KP MK-nın ikinci katibi, 1990-cı ildən etibarən Dağlıq Qarabağ üzrə Təşkilat komitəsinin rəhbəri olan Viktor Polyaniçkonun hərbçilərlə və Nüvədi kəndinin rəhbərləri ilə – kolxoz sədri, kənd soveti sədri və ağsaqqalları ilə görüşündə biz jurnalistlər də iştirak etməliyik (deməli, bizim təcili olaraq Zəngilana, Nüvədiyə ezam olunmağımızın əsas məqsədi bu imiş?..)

V.Polyaniçko ilk əvvəl Culfa polkunun komandiri olan generalın Nüvədidə və ətraf ərazilərdə olan vəziyyətlə, erməni “boyevik”lərinin zərərsizləşdirilməsi ilə bağlı məlumatını dinlədi.  Hiss olundu ki, generalın raportu V.Polyaniçkonu açıq-aşkar qane etmədi və o, polk komandirini erməni ekstremistlərinə qarşı passiv müqavimət göstərməkdə, zərərsizləşdirmə tədbirlədrini ləng və zəif aparmaqda təqsirləndirdi. Bu zaman Nüvədini qorumalı olan, ailəsi Meğridə yaşayan rota komandirinin zabitə yaraşmayan bir tərzdə gözlənilmədən “mən bu hiyləgər ermənilərdən qorxuram, onlar mənim ailəmə zərər yetirərlər” deməsi və öz əsgərləri ilə daha Nüvədidə qalmaq istəyində olmaması, kəndi müdafiəsiz qoymaq fikri V.Polyaniçkonu az qala şoka salaraq, hövsələdən çıxartdı:

– Sən, sovet zabiti, nə dediyinin məsuliyyətini heç başa düşürsən? Nüvədinin silahsız camaatı ermənilərdən qorxmur, sən isə silahlı əsgərlərinlə onlardan qorxursan? Bizə lazım deyil sənin kimi komandir, – deyib əsəbiliklə generala göstəriş verdi ki, bu qorxaq zabit barədə ciddi tədbir görsün.

Əsəbini güclə cilovlayan V.Polyaniçko generala Nüvədinin müdafiəsini gücləndurməyi tapşıraraq, hərbçilər getdikdən sonra kəndin rəhbərləri və nüfuzlu ağsaqqalları ilə söhbəti davam etdirdi. Lakin müzakirə xarakterli bu “söhbət” də sakit alınmadı. Kolxoz sədrinin və kənd  soveti sədrinin Nüvədidəki vəziyyətlə bağlı məlumatı da V.Polyaniçkonu qane etmədi. Kənd rəhbərlərini tam və obyektiv məlumat verməməkdə, bəzi faktları bilərəkdən gizlətməkdə, kənd camaatının köçürülməsində vasitəçi olmaqla təxribatçılıqda günahlandıraraq, kəndin ayrı-ayrı evlərinin ermənilərə satılması, bir-neçə ailənin kənddən çıxaraq Bakıya köçməsi, bütün bunlarda kənd rəhbərlərinin əlinin olması ilə bağlı konkret faktları sadaladıqda ümumi vəziyyətin heç də yaxşı olmadığı aydınlaşdı. V.Polyaniçko onlara da kəndin qorunub-saxlanılması ilə bağlı qəti və konkret tapşırıqlar verdi. Son tapşırıq bu oldu ki, kənddən bir nəfər də çıxmamalı, köçməməlidir.

Ancaq çox təəssüflər ki, elə həmin gün gecə saat 4-də əvvəlcə hərbçilər, onların ardınca isə köməksiz qalan kənd camaatı Nüvədini həmişəlik olaraq tərk etdilər.

 

Nüvədinin acı taleyi Kommunist partiyasının

Proqramında nəzərdə tutulmuşdu?

 

Gecə Nüvədidən qatarla qayıtdıqdan sonra mənim “Nüvədinin acı taleyi” adlı geniş məqaləm “Vışka” qəzetində dərc edilmişdi (nədənsə, digər həmkarlarımın yazıları heç yerdə çap olunmamışdı). Qəzetin o vaxtkı redaktoru Yuri İvanov (o, uzun illər Bakıda yaşayıb-işləmişdi) mövzunun həmin dövr üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Nüvədidən olan reportajı “Təcili ezamiyyət” rubrikası ilə ardı sonrakı səhifədə verilməklə qəzetin ilk səhifəsində yerləşdirmişdi. Redaktorun həmin yazıda mənim Sovet hərbçiləri, hüquq-mühafizə orqanları və digərləri ilə bağlı ittihamlar səsləndirdiyim hissələri də ixtisar etməyib, saxlaması onun da bir Azərbaycan vətəndaşı kimi bu yurdun təəssübkeşi olduğunu təsdiq edirdi. Ancaq, düzü, indi də bilmirəm, o, həmin yazını bilərəkdən qəzetin o cür tərtibatı ilə vermişdi, yoxsa bu, təsadüfən elə alınmışdı. Lakin diqqətlə fikir verəndə başa düşülür ki, yox, o, bunu xüsusi olaraq belə etmişdi. Məsələ onda idi ki, adətən Kremllə bağlı xəbərlər, Kommunist partiyasının proqram və tədbirləri qəzetin ilk səhifəsindən başlayaraq yerləşdirilərdi (o vaxt Moskvadakı 18-21 avqust qiyamından hələ xəbər-ətər yox idi). Bu dəfə isə redaktor Kommunist partiyasının yeni proqramına yox, Azərbaycanın taleyi ilə bağlı olan yazıya üstünlük vermiş, Kremlin materialı (özü də yeni Proqram!) barədə isə 2-3 cümləlik anons verməklə kifayətlənərək, oxuculara onunla qəzetin 3-4-cü səhifələrində tanış olmağı məsləhət görmüşdü. Bu, redaktor tərəfindən atılan cəsarətli bir addım idi.

Və qəzetin birinci səhifəsi elə tərtib olunmuşdu ki, iri hərflərlə verilmiş “Î ïðîãðàììå ÊÏÑÑ» sözlərinin altında «Ãîðüêàÿ ñóäüáà Íþâåäè» başlıqlı yazı gedirdi. Bu, bəlkə də redaktorun Moskvaya özünəməxsus etirazı, Nüvədinin acı taleyinin elə Kremlin, “ÊÏÑÑ”-in proqramına daxil olduğuna bir işarə, bir mesaj idi…

 

“Epiloq” əvəzinə bilərəkdən sona saxlanılmış

 proloq” və ya: “O qatarın dalınca baxma,

gücün çatdıqca qaç və ona çat!”

 

Jurnalist dostum Tahir Məmmədovla Nüvədiyə yola düşmək üçün Bakı dəmiryol vağzalına gələrkən Zəngilana hansı qatarın və hansı perrondan yola düşəcəyini dəqiq öyrənə bilmədiyimizdən, “Vışka” qəzetinin yol yoldaşımız olan foto-müxbiri Sadıq Həşimovdan xahiş etdik ki, bir qədər irəli gedərək, sonuncu vaqonunun yanında dayandığımız qatarın Şərur qatarı olub-olmadığını və nə vaxt yola düşəcəyini öyrənib bizə də bildirsin. Özümüz isə vağzala aşağı hissədən daxil olduğumuzdan relslərin üzərində dayanaraq, Qarabağdakı vəziyyətlə, Nüvədi səfərimizlə bağlı söhbət edirdik. 10-15 dəqiqə keçsə də, Sadıqdan heç bir xəbər-ətər yox idi. “Axı, bu Sadıq yenə harda qaldı?” deyə gileylənirdim ki (əslində elə biz özümüz səhlənkarlıq etmişdik), birdən vaqonuna söykənib dayandığımız qatar yerindən tərpəndi. “Qatar getdi!” deyib həyəcanla qışqırmağımla məndən boyca hündür olan Tahir cəld perrona tullanıb, məni də dartıb yuxarı qaldırdı və biz bütün gücümüzlə sürət götürən qatarın dalınca onun ilk pilləkəninə kimi qaçmağa başladıq. Ona çatmağa az qalsa da, qatar sürəti artırdığından tamburda dayanıb bizə kömək etmək istəyənlərə əlimiz çatmırdı. Nəhayət ki, daha yaxşı fiziki hazırlığı olan Tahir tamburdakıların köməyi ilə vaqona qalxa bildi. Dərd-bəla mənimki idi – əlimi vaqondakılara çatdıra bilmirdim və qatarın sürəti daha da artırdı. Mən isə yoldaşlarımdan ayrı düşmək, Nüvədi səfərindən qalmaq istəmirdim. Allahı çağırıb, bütün gücümlə irəli qaçmaqda davam edirdim. Tamburdakılar bir-birindən yapışaraq, əllərini özləri üçün təhlükəli şəkildə mənə tərəf uzadaraq, qüvvəmin tükənməkdə olduğu son anda əlimdən yapışıb, ayaqlarım vaqona çırpıla-çırpıla məni tambura sürütlədilər. Ayaqlarımın kəskin ağrılarına baxmayaraq (onların giziltisi hələ də hərdən özünü büruzə verərək, həmin çətin günümü yada salır), Nüvədiyə getməkdən qalmadığıma görə təsəlli tapırdım. Və o vaxtdan bəri həmişə bu fikirdəyəm ki, gedən qatarın arxasınca aciz-aciz baxmaq yox, var güclə arxasınca qaçıb ona çatmaq lazımdır.

Və Nüvədinin də, əldən getmiş digər yurd yerlərimizin də ardınca təəssüflə, peşmançılıqla baxmaq, o yerlərin həsrətilə ah-ufla səslənən mahnılar oxumaq və dinləmək yox, itirilmiş, ”gedən” torpaqların ardınca bütün qüvvəmizlə, yaralanıb-ölməyimizə baxmayaraq qaçmalı, geri – o itirdiyimiz yerlərə dönməliyik. Vətən harayına, yurd harayına yetməyin başqa bir yolu yoxdur!..

 

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti,

1981-1993-cü illərdə  Vışka” qəzetinin xüsusi müxbiri

 

Azad Azərbaycan.- 2020.- 6 avqust.- S.10-11.