“Avara” filmi məhəbbət
elegiyasıdır
(ESSE)
Yaddaşımda
qalan 1954-cü il mənə həmişə dünya
şöhrətli aktyor və rejissor RAC KAPURUN çəkdiyi
və baş rolda oynadığı məşhur “Avara” filmini
xatırladır. Düz 64 ildir ki, bu film ölkəmizdə və
ümumiyyətlə, dünyamızda özünə
şöhrət tapmış, tamaşaçıların rəğbətini
qazanmışdır. Düz 64 ildir ki, bu filmə baxır və
yenə də təkrar baxırıq. Bəs niyə biz bu filmə
bu qədər vurulmuşuq? Bizi bu hind filminə bağlayan nədir
görəsən? Məgər “Avara” filmindən başqa hind
filmləri yoxdur? Əlbəttə, var. Özü də indi
çox zəngin səhnələri, dekorasiyaları olan,
texniki imkanlarla çəkilmiş Bollivud filmləri
mövcuddur. Sosial şəbəkələrdə az qala
bütün yerləri hind filmləri tutub. Lakin bu filmlər nə
qədər zəngin, kübar çəkilmiş olsa belə,
Rac Kapurun çəkdiyi “Avara” filmi ilə onları müqayisə
etmək olmaz. Bu film isə dünya şöhrətlidir. Rac
Kapur dünyaya bir dəfə gəldi və özündən
sonra “Avara”nı, “Cənab 420”ni və onlarla başqa filmləri
yadigar qoyub getdi. Mən isə bu gün sizə bir daha “Avara”
filmindən danışacam. Söhbətimiz “Avara” filminin məziyyətlərindən,
məzmunundan, Rita ilə Racın saf məhəbbətindən,
filmin ideyasından gedəcək. Yəqin ki, “Avara” filmini
görənlər üçün mənim düşüncələrim
də maraqlı olacaq və sizə çox şeyləri
xatırladacaq.
Dəyərli
oxucularıma xatırlatmaq istəyirəm ki, Rac Kapur
1924-cü ilin 14 dekabrında Pişəvərdə dünyaya
gəlib (Hazırda Pakistanın şimali-qərbində əyalət),
2 iyun 1988-ci ildə 64 yaşında vəfat etmişdir. Filmlərdə
onunla tərəf müqabil olan Nərgiz isə 3 may 1981-ci ildə
dünyasını dəyişmişdir. “Avara” filmi 1951-ci ildə
“Rac Kapur film” kinostudiyasında Bombeydə istehsal olunub,
1954-cü ildə isə o zamankı SSRİ-yə
satılıb və rus dilinə tərcümə edilib. Bizdə
həmin filmin Azərbaycan dilində tərcümə
variantı da var. Lakin ən yaxşı tərcümə rus
variantıdır. Çünki bu tərcümə
variantındakı aktyorlar filmin tərcüməsini elə məharət
və ustalıqla yaşayaraq, obrazın daxilinə girərək
aparıblar ki, bu gün də yaşlı
tamaşaçılar filmdəki qəhrəmanların
dialoqlarını rus dilində əzbərdən deyirlər.
Bax, bu, filmin uğuru sayılmalıdır.
Səməd
Vurğunun ölməz “Vaqif”draması səhnəyə
qoyulanda tamaşaya gələnlər qəhrəmanların
sözlərini necə əzbərdən deyirdilərsə,
onlar “Avara” filmindəki qəhrəmanların da sözlərini
əzbər deməkdən böyük zövq alırdılar.
Belə adamları barmaqla göstərərdilər. Boradigah qəsəbəsində
yaşayan 80 yaşlı kinomexanik Ramanalı Yaşar belə
adamlardandır. O, Rac Kapurun rus dilinə tərcümə
edilmiş bütün filmlərinin dialoqlarını
özünəməxsus pafosla əzbərdən deyir.
“Avara”
filmi 2 hissədən ibarətdir. Film ağ-qara rəngdədir.
Filmin ssenari müəllifləri X. Ə. Abbas və V. P.
Satxedir. Rejissoru Rac Kapur, operator Radxu Karmakar, bəstəkarı
Şankar Jaykişan, səs operatoru Ələddin, rəqslərin
quruluşçuları Krişna Kumar, Zübeyda və Simkidir.
Rus tərcüməsində əsas rollarda: Kiçik Rac
rolunda Şişi Kapur (Tolya Krılov), Böyük Rac rolunda
Rac Kapur (N. Aleksandroviç), Kiçik Rita rolunda Lilya Sxutnis
(Olya Krılova), Böyük Rita rolunda Nərgiz ( Q. Malkova),
Hakim Raqunat rolunda Pritvirac Kapur (S.
Krılov),
Lilya rolunda (Racın anası) Lilya Misra ( Z.Şennikova ), Caqa
rolunda isə K.N. Sinqdir (Y. Belenkiy).
Filmin I
hissəsi Racın məhkəməsi ilə başlayır.
Hakim cənab Raqunatı evində olarkən öldürmək
istəyən Racın məhkəməsinə xeyli adam
toplaşmışdır. Lakin məhkəmədə
çinayət etmiş Racın müdafiəçisi yoxdur.
Hakim onu dindirərkən aydın olur ki, Rac heç
atasının adını da bilmir. Bu, əlbəttə, cəmiyyətdə
insan üçün bir dərd, utanclıq mənbəyi idi.
Müttəhimə vəkil axtarılarkən bu zaman Rita
qabağa çıxır və bu missiyanı öz üzərinə
götürür. Rac tərəddüd etsə də, sonradan
onunla razılaşır. ( Rac Kapur həyatda Raqunatın
(Pritviracın) doğma oğludur).
Cənab
Raqunat dindirilir. O, başlanğıcda bildirir ki, müttəhimlə
aralarında heç bir münasibət yoxdur, müttəhimin
ona qəsd etmək niyyəti isə ona olan nifrətindən
irəli gəlir. Bu, hakimə bəslənilən nifrətdir,
avara bir adamın cinayət etmək niyyətidir. O, islaholunmaz
cinayətkardır.
Bu zaman məhkəmədə
Raca vəkillik edən Rita cənab Raqunatdan (öz qəyyumundan)
müraciətlə soruşur:
RİTA:
-Müəllimim, siz həmişə mənə deyirdiniz ki, ədalət
qalib gələndə heç kim yalan danışmağa
cürət etməməlidir. İndisə burada söyləyəcəyim
sözlər sizi incidəcəksə, məni
bağışlayın. Bu, mənim məhkəmədə
ilk çıxışımdır. Mənə xeyir-dua verin.
Dediniz ki, müttəhim islaholunmazdır. Bu, nə deməkdir?
Xahiş edirəm, bunu izah edin.
RAQUNAT: -Məncə
bunu izah etməyə ehtiyac yoxdur. Müttəhim doğularkən
avara doğulub. Cinayətə meyillilik ona öz valideynlərindən
keçib.
RİTA:
-Deyin, sizin övladlarınız var?
RAQUNAT:
-Xeyir. Bunun heç bir şeyə dəxli yoxdur.
RİTA:
-Dəxli var. Sizə yenə sual verəcəm: nə zaman və
nə vaxt evlənmisiniz?
RAQUNAT: -Cənab
hakim, aidiyyəti olmayan suallara cavab verməliyəmmi?
RAC: -Mən
qatiləm. Mən onu öldürmək istəyirdim. Mənə
qulaq asın.
RİTA:
-Cənab Raqunat, nə zaman, necə və nəyə görə
arvadınızı evdən qovmusunuz?
Rita bu
sualla cənab Raqunata bir neçə dəfə müraciət
edir. Elə hər şey də bu sualdan sonra ekranda
görünməyə başlayır.
Burada
gözəl operator işi var. Raqunatın gözləri az qala
hədəqəsindən çıxır. Bunu operator
müxtəlif texniki üsullardan istifadə edərək həyata
keçirmişdir. Cənab Raqunatın gözləri ekranda
böyük planda görünür və bütün hadisələr
Raqunatın gözləri fonunda davam etdirilir.
Hind filmlərinin
ənənələrinə uyğun olaraq mahnı və rəqslər
onun baxımlılığını daha da artırır.
Hadisələr filmdə Raqunatın dilindən söylənildiyi
kimi 24 il əvvəl Laknaul şəhərində baş
verib. Raqunatın ekran arxasından səsi eşidilir: ”24 il əvvəl
Mahabatdan evə qayıdırdıq…” Bu zaman ekranda kütləvi
rəqslər göstərilir. Hind musiqisinin
ecazkarlığı, ritm, hərəkətlərin
çevikliyi, rəqslərin oynaqlığı “Avara” filmində
də öz gözəlliyini və milliliyini saxlayıb.
Həm
rejissor Rac Kapurun, həm də operator Radxu Karmakarın filmdəki
işləri təqdirəlayiqdir. Filmdə kiçik bir
nöqsan belə əsla tapmaq mümkün deyildir.
Caqa
Lilyanı qaçırarkən ona deyir:
-Məni
quldur edən sənin ərin Raqunatdır. Sənin ərin məni
həyatda məhv edib. Mən sənin ərindən intiqam
alacam.
Caqa
Lilyanın hamilə olduğunu bilib onu azadlığa
buraxır və Raqunatın həyat məsələlərində
naşı olduğunu bildirir, onun sözlərini təhrif
edir. Caqa deyir: “Sənin ərin Raqunat deyir ki, təmiz
adamın oğlu təmiz, oğrunun oğlu isə oğru
olur.”
Amma
Raqunatla Lilyanın ailə həyatı tezliklə pozulur.
Caqanın gecə yarısı Raqunatın arvadını
qaçırması tezliklə söz-söhbətə səbəb
olur. Qohumlar Lilyanı Raqunatın gözündən
salırlar, onu ərinə xəyanətdə
günahlandırırlar. Caqanın həsxanadan
qaçması xəbəri Raqunatı bərk qəzəbləndirir.Arvadının
hamilə qalmasına Raqunat birmənalı yanaşmır,
daxili aləmində onu hər gün narahat edən nə isə
yad bir duyğunun olduğunu hiss edincə Lilyadan soyuyur, hər
şeydən şübhələnir, qadınına
qayğı göstərməkdən vaz keçir.
Raqunatın qohumları onu rüsvay edirlər. Ona Lilya
haqqında böhtançı sözlər söyləyirlər.
Bu şaiyələr isə Raqunatı içəridən
qurd kimi yeyir.
Raqunat həmkarı
olan dostuna da öz şübhələri haqqında
danışır. Arvadına inanmadığını,
aldadıldığını, gecələr yuxusunun ərşə
çəkildiyini, işdən soyuduğunu, hər şeyə
biganə qaldığını, az qala həyatdan da bezdiyini
bildirməklə pessimist fikirləri ilə Ritanın
atasını bezikdirir.
Əslində
isə Lilyanın heç bir günahı yoxdur. O,
bütün bu məhrumiyyətlərə dözsə də,
axırda yorulub əldən düşür. Əzab-əziyyətlə
bətnində olan dünyaya gətirəcək körpəsinin
yolunu səbrsizliklə gözləyir. Lakin körpənin
yaxın günlərdə dünyaya gələcəyi xəbəri
Raqunatı bir qədər də qəzəbləndirir,
hövsələdən çıxarır, beləliklə,
arvadına qayğı göstərmir və bir gün
tufanlı bir gecədə zavallı Lilyanı evdən qovub
küçəyə atır.
-Bu dəqiqə
çıx get!!!-deyir cənab Raqunat.
Bax, burada
elə bir rejissor və operator işi aparılıb ki, hadisələrin
son nəticəsinə heyranlığını gizlədə
bilmirsən. Lilyanın küçəyə atılması
ilə körpənin küçədə yağış,
tufan altında dünyaya gəlməsi də çox təsirli,
az qala sinirləri donduran musiqi sədaları altında filmin
ana xətti elə bil ideya başlanğıcı kimi meydana
çıxır.
Dünyaya
gələn oğlundan sonra Lilya Laknauldan çıxıb
Bombeyə gedir, öz övladını böyütməyə
başlayır. Oğlu Rac anasının kasıb daxmasında
yaşasa da, təhsilindən ayrılmır.
Məktəb
həyatı. Buradakı məktəb yoldaşları ilə
o, çox mehriban dolanır. Ancaq bəzən dərsə ac gəlir.
Evlərində də çox zaman yeməyə çörək
tapa bilmir. Məktəbdə onu yaxşı başa
düşən təkcə Ritadır. O, həmişə
Racın qayğısını çəkir, onun kiçik qəlbində
Raca qarşı ilk məhəbbət cücərtiləri
göyərir və gündən-günə şaxələnir.
Bu səmimi münasibətlər gücləndikcə onlar məktəbdə
bir-birlərini görməyə tələsirlər.
Ritanın kübar həyatda yaşaması da Racın ona olan
münasibətini dəyişmir, əksinə, o, Ritaya daha
çox bağlanır. Onu bir gün görməyəndə
darıxır. Ritanın ad günündə pulu
olmadığı üçün Rac Ritanın təkidi ilə
ona ətirli bir çiçək dərib hədiyyə edir.
Şənlikdə iştirak edən Raqunat burada Racla
tanış olur və dostuna istehza ilə deyir ki, Ritanın məktəb
yoldaşı atasının adını bilmir. Ritanı
oğlandan uzaqlaşdırmaq lazımdır. Raqunat ona əsaslanır
ki, oğrunun oğlu oğru, təmiz atanın oğlu isə
həmişə təmiz olur. Bu, əlbəttə, səhv
fikir, yalnış mühakimə idi. Odur ki, Ritanın
atası dostunun bu fikirləri ilə qətiyyən
razılaşmır.
***
Quldur Caqa
artıq məqsədinə çatmışdı. Lakin o,
Racı oğru görmək istəyirdi. Ona görə də
hələlik Racgilin qayğısına qalmırdı.
Racın oğru olacağına əmin idi və bunun
üçün məqam gözləyirdi. Nəhayət, bir
gün məktəbdən qovulan Rac evə gələrkən anasının
ac olduğunu görüb ilk dəfə olaraq oğurluğa əl
atır. Bunların hamısı Caqanın gözləri
qarşısında baş verir və Rac tutulandan sonra o,
Lilyanın məişət qayğıları ilə müntəzəm
məşğul olur, onun güzəranını
yaxşılığa doğru dəyişdirir.
Rac
peşəkar oğru həyatına qədəm qoyur və
kriminal aləmdə Caqanın şagirdi kimi məşhurlaşır.
Filmdə
lirik səhnələr də çoxdur. Yoxsullar məhəlləsinin
acınacaqlı, yeknəsək həyatı, uşaqların
kasıb, avara-sərgərdan güzəranı operatorun
rejissorla birlikdə qara-ağ fonda çəkilişləri o
zamankı Hindistanın kasıb həyatından xəbər
verir. Kasıblar və varlılar. Sinfi bərabərsizliklər
fəlakətlər doğurur. Cəmiyyətin kasıb təbəqəsi
iş tapmır, varlıların isə ac qalanlardan xəbərləri
yoxdur. Belə bir cəmiyyətdə, belə bir mühitdə
böyüyürdü Rac. O, bütün keçənləri
yadına saldıqca, oğurluğa necə
başladığını xatırladıqca
öz-özünə gülür. “Çörək və
ya acından ölməmək üçün oğurluq etmək!”
Bu iki yol ayrıcında o, tərəddüd etsə də, nəhayət,
nəticədə oğurluğu seçmişdi. Caqa
Racın bu qətiyyətli addımını görərək
onun yolunun çox uzun olacağına əminliyini
bildirmişdi. Racın sonrakı taleyi ilə Caqa özü məşğul
olacaqdı. Çünki kriminal aləm Caqanın əlində
idi və o, sahibsiz gəncləri ələ almağı, pis
yollara istiqamətləndirməyi bacarırdı.
***
Racın
həbsxana həyatı uzun çəkir. Azadlığa
çıxır, az sonra yenə də həsxananın
“qonağı” olur. Artıq o, böyümüş,
cavanlıq həddinə girmişdir. O, növbəti dəfə
həbsxanadan çıxarkən oğurluq və quldurluqda
müəllimi olmuş Caqanın yanına gəlir. Caqa onun gəlişinə
çox sevinir və ilk günlər üçün ona xeyli
pul verir və yeni oğurluq planları ilə şagirdini
tanış edir.
Filmin
Racın həbsxanadan çıxıb evinə getməsi səhnəsi
də çox maraqlı və yaddaqalandır. Bu səhnə
hər şeydən əvvəl, ən çox da dünyada məşhur
olan “Avara” mahnısı ilə diqqəti çəkir.
Həbsxanadan
qayıdan Rac anasına özünü elə təqdim edir
ki, guya o, idxal-ixrac işləri ilə məşğuldur.
Amma anası Lilya onun çamadanında silah görərkən
oğlunun düzgün yolda olmadığına tam əmin
olur.
Hər dəfə
Rac evindəki divardan asılmış uşaqlıq dostu Ritanın
foto-şəklini görərkən çərçivəni
arxası üstə çevirir, çünki o, Ritanın
şəkildəki baxışlarından çəkinir.
Axı o, özünü oğru, quldur və qatı cinayətkar
sayır. Onun bu qəribə hərəkətini anası dəfələrlə
müşahidə edir, səbəbini bilməsə də,
oğluna irad tutur.
Rac
bütün kriminal aləmində birincidir, Caqanın ən
istedadlı oğru şagirdlərindən biridir. Caqa
şagirdi ilə fəxr edir.
Racın
Rita ilə ilk rastlaşması onun çantasının
oğurlanması ilə bağlı çox məzəli və
gülüş doğuran səhnəsidir. Sonra Rita ilə
onun yaşadığı evində təsadüfi
görüşü hər iki məktəb
yoldaşının keçmiş xatirələrini dilə gətirir.
Rac burada Ritanın evindəki foto-şəklin eynilə öz
evlərində də olduğunu yəqin etdikdən sonra
Ritanı evinə aparır və Rita uzun illərdən sonra nəhayət,
ilk məhəbbətinin sahibini görməkdən məmnun
olur və taleyin bu hədiyyəsinə çox sevinir.
Hələ
Ritagildə olduğu zamanda Racla Rita arasında qəribə
söhbətlər nə qədər gülüş
doğursa da, bu dialoqların hamısında o zamankı
Hindistanda baş verən hadisələrin gerçəkliyi
öz əksini tapır. Burada gülüşlə lirik ricətlər
üst-üstə düşür. Keçmiş hisslər,
taleyin burulğanlarında pərən-pərən olmuş,
az qala itib-batmış saf sevgiləri bir anda özünə
güc tapır, hər iki aşiqin duyğularını dilə
gətirir. Hər iki aşiq məktəb illərindən
onların qəlblərinin pünhan yerində gizli
saxladıqları sevgilərini üzə
çıxarırlar. Sanki illərlə yatmış vulkan
birdən-birə püskürür. Bu, məhəbbət idi.
Bu, Rita ilə Racın illərlə bir-birindən ayrı
düşüb həsrət ilə yandıqları, birləşmək
üçün imkan tapa bilmədikləri zamanların onlara
yenidən bağışlanan böyük sevgi hədiyyəsi
idi. Bu, iki aşiqin illərlə ürəklərində
saxladıqları pak, təmiz, saf duyğularının təcəssümü,
tərənnümü idi!
Elə bu
ilk görüş, bir-birini tanımaq prosesi Ritanın
çox sevincək evə gələrık nikbin əhval-ruhiyyə
ilə oxuduğu gözəl mahnı ilə müşaiyət
olunur. Onu da deyim ki, ifaçı kadr arxasında dahi
müğənni Lata Mangeskardır. Ümumiyyətlə,
Latanın zərif, ecazkar səsi bütün film boyu
tamaşaçını ovsunlayır. Lata sehrbaz kimi öz
füsunkar səsi ilə tamaşaçının qəlbində
sanki şölə saçır.
Rita ilə
Racın sevişməsi, görüş səhnələri,
küsüb-barışmaları o qədər
inandırıcı, reallıqla verilib ki, hətta onların
arasında olan münasibətlərin kəskinləşdiyi
vaxtlarında belə, bir-birlərinə güzəşt edib
yenidən barışmaları da rejissor kimi Rac Kapurun
böyük uğuru sayılmalıdır. Filmdə
böyük məhəbbətlə tərənnüm olunan
iki aşiqin sevgi macərası öz ideya dəyərinə
görə dünya kinomotoqrafiya tarixində mühüm yer
tutur.
Filmdə
hadisələr gərginləşdikcə qəhrəmanlar da
çıxılmaz vəziyyətə düşürlər.
Quldur Caqa Racın təmiz yola qayıtmasından hiddətlənir
və onun bütün yollarını bağlayır.
İctimai ədalətsizliklər baş alıb gedir. Bir
gün belə xoş gün görməyən Racın həyatı
gün-gündən pisləşir. Təzadlar içərisində
yaşayan Rac həyatının mənasını Ritanın
sevgisində görsə də, əngəllər onun Ritaya
olan saf məhəbbətinin qarşısını alır.
Bir tərəfdən Caqa, digər tərəfdən də
atası Raqunatın təzyiqləri, onu avara bir adam sayması
konfliktləri bir qədər də kəskinləşdirir.
Geriyə isə yol yoxdur. Geriyə getmək, quldurluq etmək
ölümə, səfalətə, cinayətkarlığa
getmək deməkdir. O isə Ritaya söz vermişdir. Və hər
dəfə bunlar haqqında düşünərkən Rac
sarsılır, özü ilə mübarizəyə
qalxır, saflaşmaq üçün özünü islah
etmək istəyir; nə qədər ağır olsa da, bu
yolda yenə də ona Rita kömək edir. Bu məhəbbət
təmiz, riyakarlıqdan uzaqdır. Filmdə Racla Ritanın saf
məhəbbəti inandırıcı detallarla, həm də
gözəl musiqinin müşaiyəti ilə verilir ki, biz
filmdəki bütün yaradıcı heyətin
uğurlarına ancaq sevinirik. İndi bu filmin yaradıcı
heyəti həyatda yoxdur, ancaq onların yaratdıqları bu
film unudulmazdır, yadda qalandır. Bu film elə bir incidir ki, əsrlər
bir-birini əvəz edəcək, tarix kitabı vərəqlənəcək,
lakin “Avara” filmi əsrlər boyu hind filmatekasının
qızıl fondundan əskik olmayacaq. Bu filmi heç bir hind
filmi ilə müqayisə etmək olmaz. Filmdə qoyulan ideya
ilə aktyorların ifası əsərdə qoyulan
ideyanın açılmasına çox kömək edir.
HAŞİYƏ:
Son zamanlar məzmunlu, ideya-məfkurəsi olan teleseriallar
tamaşaçıların diqqətini çəkməkdədir.
Türkiyə televiziya kanallarında (“Star” və “ATV”
“İstanbullu gelin”, “Sen anlat Karadeniz”, Azərbaycanın “arb”
kanalında “Könül yarası” kimi teleseriallar həm
aktyor, həm ssenari müəllifləri, həm də
quruluşçu rejissor baxımından həqiqi mənada tərifli,
səviyyəli və dəyərli ekran əsərləridir.
Onları ancaq alqışlamaq lazımdır!
Quruluşçu rejissor Qulu Əsgərova gəlincə ona gələcəkdə
yeni-yeni teleserialları çəkməyi etibar etmək olar.
Mən onu istedadlı rejissor hesab edirəm və onu
“Könül yarası” teleserialının uğur qazanması
münasibətilə təbrik edirəm. Yaxşı çəkilən
teleserialları alqışlamaq lazımdır. Qoy sənət
aləmində də ədalət zəfər çalsın!
***
Özünə
ömürlük oğru damğası vuran Rac
keçmişinə görə Ritanın yanında
özünü günahkar hesab edir. Bu damğanı Racın
üstündən götürməyə çalışan
Rita sevgilisini qəyyumu, uşaqlıqdan onu saxlayıb tərbiyəsilə
məşğul olan hakim cənab Raqunatın yanına gətirir
və ata ilə bala burada görüşürlər.
Onların arasında olan söhbət çox
maraqlıdır.
RAQUNAT:
-Adınız?
RAC: -Rac.
RAQUNAT:
-Sadəcə Rac?
RAC: -Bəli,
cənab hakim.
RAQUNAT:
-Atanızın adı?
RAC: -Mən
bilmirəm.
RAQUNAT:
-Hm... Aydındır. Peşəniz?
RAC:
-İşsiz. Minlərlə insanlar kimi...
RAQUNAT: -Bəs
nə ilə dolanırsınız? Məgər var-dövlətiniz
var?
RAC:
-Heç nəyim yoxdur.
RAQUNAT:
-Yadımdadır ki, vaxtilə ayaqqabı təmizləyən
olmusuz?
RAC: -Bəli.
Nə vaxtsa olmuşam.
RAQUNAT:
-Rita ilə evlənmək istəyirsən?
RAC: -Bəli,
əgər siz icazə versəniz...
RAQUNAT:
-Siz dəfələrlə həbsxanalarda olmusunuz.
RAC: -Rita
yəqin sizə deyib. Mən indi...
RAQUNAT:
-Düzəlmisiz? Müvəqqəti məşğuliyyətinizi
atmısınız? Hə?
RAC: -Bəli,
atmışam.
RAQUNAT:
-Gözəl. Vəkil olmağa hazırlaşan bir qızla
evlənməyə hazırlaşırsınız?
RAC: -Məni
niyə ələ salırsınız? Niyə? Biz bir-birimizi
sevirik. Mən onunla evlənmək istəyirəm.
RAQUNAT: -Mən
bunları artıq eşitmişəm. Aydındır. Hm...
Əyləşin. Gəlin iş barəsində söhbət
edək.
RAC: -Mən
sizi başa düşmürəm.
RAQUNAT:
-Oyunu məharətlə qurmusunuz, sadə bir qızı
torunuza salmısınız. Bilirəm, bunu niyə etmisiniz Bilmək
istəyirəm, ondan əl çəkməyiniz
üçün nə qədər pul istəyirsiniz?
RAC: -Mən
özümü dünyanın ən pis adamı bilirdim. Amma
indi görürəm məndən də pisi varmış. Siz
məndən də betərimişsiz, buna əmin oldum.
RAQUNAT:
-Bu nə cürətdir?! Nə cürətlə mənə
söz qaytarırsan, avara! Sən elə bilirdin belə
asanlıqla Ritanın sənə ərə gələcəyinə
razı olacam? Qoy ondansa, heç kəsə heç zaman ərə
getməsin. Eşidirsən?! Rədd ol burdan!!!
RAC: -Siz
elə bilirsiniz Rita varlı adama ərə getsə,
yaxşı olacaq? Mən sizin evinizdən gedəcəm, cənab
hakim. Ancaq mən sizə bir sual verəcəm. Əgər mənim
yerimdə sizin oğlunuz olsaydı, onda da belə
danışardınız? Kasıb olduğuna görə
xoşbəxtliyinə mane olardınız?
Racla cənab
Raqunatın arasında gedən dialoq çox şeylərdən
xəbər verir. Sosial ədalət prinsiplərinin
pozulduğu cəmiyyətdə insanların siniflərə
bölünməsi və ədalətsizliyin, bərabərsizliyin
tuğyan etdiyi bir ölkədə Racın cənab Raqunatdan nə
isə diləməyə, özünü onun yanında
doğrultmağa haqqı olsa da, cənab hakim onu həqarətlə
dinləyir və evindən qovur.
***
Rac
Caqanı öldürür və həbsxanaya düşür
. Anası Lilya Raqunatın avtomobili altında qalır və
ölərkən Raca vəsiyyətində cənab
Raqunatın onun atası olduğunu söyləyir. Rac həbsxanadan
qaçır və atası Raqunatı evində olarkən
öldürmək istəyir. Lakin qisas ala bilmir. Yenidən həbsə
düşür.
Rita ilə
Raqunat arasında belə bir söhbət olur:
RAQUNAT: -O
oğrudur, cinayətkardır. Onu necə sevə bilərsən?
RİTA:
-Amma mənim ürəyim qanunlardan xəbərsizdir.
RAQUNAT:
-Ürək və qanun. Qanun və ürək. Bunlar
başqa-başqa şeylərdir. Bir-birinə çox az
uyğun gəlir. Səninlə razıyan, Rita. Ürək
üçün qanun yoxdur.
Məhkəmə
Raca hökm kəsəndən sonra Racın doğma oğlu
olduğunu yəqinləşdirən cənab Raqunat həbsxanaya
gedib oğlu ilə görüşmək istəyir. Lakin Rac
atasını bağışlamır. Bu görüş
tamaşaçının tüklərini ürpəşdirir.
Biz ata-oğul münasibətlərinin ən dərin
qatlarında doğmalıqla yadlıq anlayışında nə
qədər böyük təzadların olduğunu aydın
görürük. Filmin sonu Rita ilə Racın həbsxana
görüşündə “Avara” mahnısının sədaları
altında nikbin notlarla bitir. Bu, iki aşiqin gələcəkdə
xoşbəxt olacaqlarını bildirən notlar idi...
***
“Avara”
filmi uşaqlığımızda və gəncliyimizdə
gördüyümüz retro filmlərindən biridir. Bu
gün bu film ekranlarda yoxdur. Lakin sosial şəbəkələrdə
ona həmişə baxırıq və bundan sonra da
baxacağıq. Bu günkü gənclərimizi həyata
düzgün istiqamətləndirmək üçün biz
ictimai bərabərsizlik hallarına qarşı bərabər
mübarizə aparmalı, ədalətin zəfər
çalmasına çalışmalıyıq. Onların
yoluna yaşıl işıq yandırmalı, onları pis
yollardan, pis əməllərdən
uzaqlaşdırmalıyıq. Çünki gənclik bizim gələcəyimizdir.
Bu günkü gəncliyin yolu ölkəmizin sərhədlərini
qoruyan, Vətən yolunda, torpaq uğrunda canını fəda
edən şəhidlərimizin yoludur. Gəlin hamımız gənclərimizi
sevək və göz bəbəyi kimi qoruyaq. Qoy onlar daim
inkişaf edən ölkəmizdə şad və firavan
yaşasınlar.
Səyavuş SÜLEYMANLI
Yazıçı-publisist, AYB və
AJB-nin üzvü
Azad Azərbaycan.- 2020.- 6 avqust.-
S.8.