Günəş təbəssümlü
ustadımız:
Nəzmiyyə
xanım Abbaszadə
(yubiley düşüncələri)
Əlində nə qədər var isə imkan,
Çalış ki, şən keçsin hər nəfəs, hər an.
Qəlbimiz hər
zaman şən olmalıdır!
Nizami (“Şərəfnamə”)
Dünyada həyatdan yaxşı şey nədir?
Gənclik
günü ömrə bir nümunədir!
Nizami (“Xosrov və
Şirin”)
Siz doğma ocağınız –
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına
daxil olaraq, istər dekanlıqda, istər sə də
professor-müəllim otağında və yaxud da foyedə –
gülər üzlü, gənclik hərarətini daxilində
qoruyan Nəzmiyyə Abbaszadəni mütləq görəcəksiniz
və həmin anda dahi Nizaminin sözləri yada düşəcək:
“Gənclik günü ömrə bir nümunədir!” Eyni
zamanda Sizin ürəyinizdə belə bir
fikir səslənəcək: gənclik gününü hər
gün yaşamaq – qəlbi nurla dolu insanlara məxsusdur.
Bu
yaxın günlərdə “ARB” (arb) TV kanalında bizim musiqi
ictimaiyyətimiz, həmçinin musiqi sevənlərimiz
olduqca gözəl, cəlbedici filmlə tanış
oldular. Hələ uzun illər qəlbimizdə bu film
yaşayacaq! Həmin film hamımızın sevimlisi, səmimi
və mehriban insan olan, İlk qadın violonçel
ifaçısı – Əməkdar İncəsənət
xadimi, professor Nəzmiyyə Abbaszadəyə
həsr edilmişdir.
Nəzmiyyə xanımın simasında sübh günəşinin
cizgilərini görürsən – bu işıqlı təbəssüm
Sizi canlandırır, gününüzə pozitiv enerji
qatır. Artıq bu filmi Akademiyada qış aylarında (səhv
etmirəmsə dekabrda) izləmişik. Yaxşı
yadımdadır: dərsdən sonra musiqişünas tələbələrimlə
Qara Qarayev zalına qalxdıq. Açığını
deyim ki, heç ayaq üstə də durmağa yer yox idi.
Nəhayət hamı üçün
müvafiq şərait yaratdılar. Burada bizim cavan
müəllimiz – dosent Yeganə Taptıqova bir təşkilatçı
kimi böyük iş görmüşdü.
Filmi bir nəfəsdə izlədik. Film dinləyicilərə
çox güclü təəssürat vermiş və
onları valeh etmişdi. İnanın səmimiyyətimizə
– heç kəs yerindən durmur və sürəkli
alqışlayır ... Hamı bir səslə: “Bis, bis!”...Elə
mən özüm də “bis deyərkən,
ümid edirdim, bəlkə təkrar etdilər filmi? Nəzmiyyə
xanımı ürəkdən təbrik etdikdən sonra, filmin
yaradıcı kollektivini axtardım və rejissor və
operatorla tanış oldum. Məlum
oldu ki, bu qeyri-adi orijinal filmin məzmununu tanınmış
rejissor Yeganə Əbdulməmmədova yazıb. Açığını deyim ki, kinoşünas
üçün (dramaturji baxımdan) maraqlı material təqdim
olunmuşdır. Belə ki, Yeganə
xanımın işi – məntiqlə
düşünülmüş, peşəkarlıq və sənətkarlıq
nümunəsidir. Bizim qarşımızda violonçel
sənətinin ustadı olan Nəzmiyyə xanımın həyatı,
yaradıcılıq yolu, onun musiqi-içtimai xadim kimi
apardığı iş, habelə “səmərəli pedaqoji
fəaliyyəti və s. hadisələr öz əksini
tapır”.
İki il
bundan əvvəl “105 FM” radio dalğasında akademik Rafael
Hüseynovun “Axşam görüşləri” silsiləsindən
Azərbaycan dinləyiciləri Nəzmiyyə Abbaszadə
haqqında maraqlı veriliş eşitdilər. Səhəri
gün zəng edib Rafael müəllimi təbrik etdim. O,
dedi: “Nəzmiyyə xanım olduqca təvazökar, sadə və
səmimi insandır, qeyri-adi ifaçıdır, daima
axtarış yollarındadır. O, “əsl sənətkardır!”
Söhbət zamanı Rafael müəllim qeyd
etdi ki, inşallah növbəti yubileyində məni dəvət
edəcək və müsahibə götürəcək.
Xatırladım ki, artıq əlli ilə
yaxındır ki, R.Hüseynov ən yüksək səviyyədə
məharətlə, alovlu bir vətəndaş kimi, zirvədə
duran böyük alim-ustad temperamenti ilə Azərbaycan musiqi mədəniyyətimizi
tədqiq edərək onu gözəl təbliğ edir. Onun hər bir
verilişi – sanki “bir poemaya” bərabərdir. Rafael müəllimin verilişləri həftə ərzində
üç dəfə səslənir (105-FM dalğasında).
Atam Məmməd Sadıx Əfəndiyev
haqqında (əlbəttə, mənim iştirakim ilə)
qeyri-adi veriliş hazırlamış və bir neçə dəfə
radioda səslənmişdir. Daha sonra Qara
Qarayev, Kövkəb Səfərəliyeva, Əşrəf
Abbasov haqqında verilişlərini hazırlayarkən, bu sətirlərin
müəllifini dəvət etmişdir.
İndi
isə mən oxucularımıza Nəzmiyyənin zəngin ata
yurdundan söhbət açım:
Nəzmiyyə ziyalı və nəcib ailədə
dünyaya göz açıb. Atası Müzəffər Sultanzadə
– istedadlı musiqiçi idi və Azərbaycan Dövlət
Türk Musiqi texnikumunu skripka aləti üzrə bitirmişdir
(müəllimi tanınmış skripka ifaçısı
M.İ.Paltsev. Maraqlı faktdır ki, həmin
dövrdə Müzəffər Sultanzadə ilə birgə
Ə.Bədəlbəyli, Ə.Həsənov, Ə.Daşdəmirov
oxumuşdular (xatırladaq ki, bu şəxslər – gələcəyin
xalq artistləri olmuşdur). Bu istedadlı
musiqiçilər hətta kvartet təşkil edərək,
burada maraqlı əsərlərlə çıxış
edirdilər. Bundan əlavə, Müzəffər
müəllim Ü.Hacıbəylinin rəhbərliyi ilə
yaradılan simfonik orkestrda işləyirdi (orkestrin tərkibini
texnikumun tələbələri təşkil edirdi).
“Arşın mal alan” operettasının səslənməsində,
tamaşaya qoyulmasında Müzəffər müəllimin də
əməyi var. Məhz Müzəffər müəllimin sayəsində
onun bütün övladları musiqiyə maraq göstərirdilər.
Nəzmiyyənin anası – Səkinə xanım ixtisasca
iqtisatçı idi və respublikamızın ictimai həyatında
mühüm işlər görürdü. O, bir neçə dəfə
deputat seçilmişdir. Səkinə
xanımın arzusu var idi – qızı Nəzmiyyə
pianoçu olsun. Belə ki, Nəzmiyyənin
7 yaşı tamam olan kimi Səkinə xanım onu professor
Kövkəb Səfərəliyevanın yanına gətirir
(o dövrdə K.Səfərəliyeva Orta İxtisas musiqi məktəbinin
müdiri idi). Kövkəb xanım diqqətlə Nəzmiyyəni
yoxlayır və deyir: “Nəzmiyyənin eşitmə qabiliyyəti
olduqca güclüdür, yaddaşı əladır və gələcəkdə
simli alətlərin birisində – violonçel alətində
oxumalıdır. İnanın, o, birinci
violonçel çalan qadın olacaq!” Bu sözləri
eşidəndən sonra Səkinə xanım çox sevinir:
“Mənim qızım qadınlar arasında birinci olacaq!” ...
Nəzmiyyə
xanım haqqında yazmaqdan əvvəl, onun iki kitabını
diqqətlə oxudum: “Violonçel sənətinin tarixi (XVII –
XIX)” – Bakı, 2003; və “Violonçel
ifaçılığının metodikası” – Bakı,
2019. İlk təəssürat – sözün əsl mənasında
violonçel alətinə “vuruldum”! Elmi, tarixi və
nəzəri baxımdan maraqlı ümümləşdirilmələr,
nəticələr, orijinal düşüncələr və
bu sənətin inkişaf yolları, perspektivləri
haqqında maraqlı tövsiyyələr oxudum. Səmimi olaraq deməliyəm ki, bəzi bəstəkarların
adını ilk dəfə burada eşitdim. Məsələn,
Jan-Lui Düpor, Jan Batist Breval, İ.B.Baumqartner,
İ.G.Şetki, İ.B.Trikmer1 və b. Tez “Ñîâåòñêèé ýíöèêëîïåäè÷åñêèé ñëîâàðü” kitabını açdım
(möhtəşəm bir kitabdır2). Gördüm
ki, bu musiqiçilər haqqında heç bir məlumat
yoxdur. Yəni siz bir diqqət yetirin! Nəzmiyyə
xanım Azərbaycanın və digər ölkələrin
müxtəlif arxivlərdə aylarla (bəlkə də illərlə)
işləyib, bizim üçün maraqlı materiallar
toplayıb.
N.Abbaszadənin fikrincə, İ.S.Bax, İ.Brams,
A.Dvorjak, F.Şopen, E.Qriq, kimi bir çox bəstəkarların
violonçel üçün yazdığı əsərlər
(qeyd edək ki, bu əsərlər Nəzmiyyə xanım və
onun tələbələrinin repertuarındadır) onun
üçün zirvədir. Məsələn,
İ.S.Bax, alman musiqisində inkişaf üçün təkan
verəbiləcək bütün nailiyyətləri
özündə cəmləşdirmiş, və özündən
öncəki bəstəkarların ənənələrini
davam etdirmişdir. O, başqa ölkələrin, o
cümlədən Fransa, İngiltərə, İtaliya bəstəkarlarının
təcrübəsini də öyrənmiş və onların
nailiyyətlərini ümumiləşdirərək yeni,
yüksək səviyyəyə qaldırmışdır. Nəzmiyyə
xanım dərs vəsaitində yazır: “Baxın melodik xətti
polifoniya ilə zənginləşdirmək məharəti,
beşinci süitanın dördsəsli fuqasında ən
yüksək zirvəsinə çatır...1”.
Qış imtahanlarının birində mən bu
fuqanı dörd violonçel ifaçıların – təqdimatında
eşitdim. Baxın alterasiya və xromatizmlərlə zəngin
olan polifoniyasını səhnədə səsləndirmək
çox çətin işdir.
Ümümiyyətlə,
N.Abbaszadənin “Altıncı süita” haqqında fikirləri
bizim üçün dəyərlidir: “Süitanın
ifası violonçel ifaçısından böyük məharət
tələb edir. Müəllifin bədii fikrini
açmaqla yanaşı ifaçı ifadəli kantilenaya,
mükəmməl və müxtəlif ştrixlərə
malik olmalıdır. Bundan başqa
beşsimli alət üçün yazılmış
“Altıncı süita”nı dördsimli violonçeldə
çalarkən, ifaçıdan alətin yüksək
registrlərindən virtuozluqla istifadə etməsini tələb
edir”2.
Açığını deyim ki, bu sətirlərin
müəllifi isə, daha çox E.Qriqin əsərlərinə
vurğundur. Mənim fikrimcə Qriq nəinki Norveç bəstəkarlıq
məktəbinin banisi və unudulmaz əsərlərin
yaradıcılıdır, o həmçinin böyük
novatordır və xüsusən harmoniya sahəsində.
Onun harmonik dilində olan tapıntılar,
maraqlı ellipsislər, enharmonik modulyasiyalar E.Qriqdən əvvəl
gələn bəstəkarların
yaradıcılığında yoxdur. Bunu hər bir tələbə
bilməlidir və mən əminəm ki, bu haqda Nəzmiyyə
xanım da bizimlə bərabər dərslərdə
böyük iş aparır.
Bu sətirlərin
müəllifi rektorluq tərəfindən iki il
ardıcıl olaraq Qış və yay sessiyalarının sədri
təyin olunmuşdur. Qış sessiyasında Nəzmiyyə
xanımın bəzi yetirmələrini eşitdim. Bir dekan kimi N.Abbaszadə çox ciddi insandır.
Əgər tələbə bütün il
dərsə gəlməyib və proqramı
hazırlamayıbsa, onu imtahana buraxmır. Belə
də olmalıdır. Özü də
onlara sakit mülayimcəsinə səbəbini başa
salır. Həmin tələbələri
hərdən müdafiə edən cavan müəllimlər
olur. Və Nəzmiyyə olduqca mədəni
şəkildə onlarla da söhbət aparır.
Açığını deyim ki, mən 60 ildir ki doğma
Akademiyamızda işləyirəm və görürəm tələbələr
necə dəyişilib!
Bəli,
bu həqiqətdir! Bir neçə nəsil
gözümüzün qabağında keçib! Lakin nə mən,
nə də məndən 8 il sonra (yəni
1963 ildə) bu gözəl Sənət ocağımıza
daxil olan N.Abbaszadə heç dəyişilməmişik. Bizi nə birləşdirir? Səmimi ünsiyyət,
sadəlik, pedaqoji fəaliyyətimizə vicdanla və məsuliyyətlə
yanaşmamız, insanlara olan isti münasibətimiz... Biz
heç vaxt yorulmuruq! Bu reallıqdır! Mən nə vaxt
qapını açıb dekanlığa girəndə Nəzmiyyə
xanım ayağa durur və üzündə günəşlə
deyir: “Buyurunuz, gəlin, əyləşin”. Nəzmiyyə
xanım çox səliqəli qadındır və zövqlə
kabinetini tarixi fotolarla, kitablarla, güllərlə bəzəyib.
Mənin isə ona çoxlu suallarım olur və
hamısına o müfəssəl, dəqiq şəklində
cavab verir. Onun ətrafında əyləşən
köməkçiləri Naza xanımdan çox şey mənimsəyiblər:
yüksək mədəniyyət, işə ciddi yanaşmaq
qabiliyyəti və.s
Böyük
ustadımız Sabir Əliyevin tələbəsi olan Nəzmiyyə
xanım Akademiyamızın Böyük Zalında tez-tez
konsertlər verirdi: bu həm solo konsertlər idi. Həmçinin
N.Abbaszadə Azərbaycanda qadınlardan ibarət simli kvartet
yaradır: Tamilla Əliyeva (I skripka), Xavər Rəhimova (II
skripka), Səidə Seyidova (viola) və Nəzmiyyə Abbaszadə
(violonçel). Qısa müddət ərzində
gənc ifaçılarımız maraqlı və çətin
proqram düzəldirlər. Bu konsertdə
qüdrətli bəstəkarların əsərləri səslənir,
o cümlədən L.Bethovenin, K.Debüssinin və D.Şostakoviçin
kvartetləri. O zaman Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasının rektoru,
böyük bəstəkarımız, xalq artisti Cövdət
Hacıyev konsertə yüksək qiymət vermiş və həmişə
bu kollektivi dəstəkləmişdi. Məhz Cövdət
müəllimin səyi nəticəsində kvarteti iki dəfə
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasına ezamiyyətə göndərirlər və
burada onlar məşhur alt alətinin ustadı – L.Bethoven
adına kvartetin iştirakçısı olan V.V.Borisovskidən
ustad dərsləri alırlar.
Həmin vaxt Azərbaycan Bəstəkarlar
İttifaqının binasında bir neçə dəfə həm
qadınlar kvarteti və həmçinin Sərvər Qəniyevin
də yaradıtdığı kvartet maraqlı əsərlərlə
çıxış etdilər. Azərbaycan bəstəkarlarının
əsərləri bu təşkil olunmuş konsertlərdə
xüsusi yer tuturdu. İfa olunmuş əsərlərin
hamısı Azərbaycan Dövlət Televiziya və Radiosunun
fonotekasında qorunur.
1969-cu ildə qadın kvarteti Belçikada (Liyej şəhərində)
Beynəlxalq müsabiqədə iştirak etmək
üçün hazırlaşırlar. Əvvəlcədən
bu kvartetin çaldığı əsərlərlə
Ümumittifaq miqyasda baxış keçirilməli idi. Adətən bu Moskvada təşkil olunurdu.
Qızların ifalarını dinləyən yüksək səviyyəli
və görkəmli mütəxəssislər ümumi qərara
gəlir: istedadlı ifaçılar mütləq Moskva
Konservatoriyasının aspiranturasına girməlidirlər. Beləliklə, Nəzmiyyə xanım da Moskvada təhsil
alır. Qadınlar kvarteti populyarlıq
qazanır – müxtəlif şəhərlərə dəvət
olunurlar. Bu qeyri-adi kvartetin ifalarını
mən həm Bəstəkarlar İttifaqında, həm də
doğma sənət ocağımızın Böyük
zalında eşitmişəm. Bundan
başqa, professor S.Əliyev o zaman başçılıq
etdiyi kafedrasının müəllimlərini müxtəlif
konsert proqramlarına daxil edirdi. Bu səbəbdən –
ifaçı Nəzmiyyə xanım haqqında xüsusi
düşüncələrim var. Düzdür, o indi az səhnədə görünür,
çünki tələbələrini Beynəlxalq müsabiqələrə,
forumlara, konsertlərə hazırlayır. Öz
qəlbini, ürəyin istisini, biliklərini, enerji qüvvəsini
– hamısını öz övladlarına, yəni tələbələrinə,
yetirmələrinə verir. Mənə
daha çox Orxan Hüseynovu dinləmək qismət olub.
İndi Orxan dünya miqyasında
tanınmış ifaçı və mütəxəssisdir.
Onu eşidəndə qarşımda sanki cavan,
temperamentli ifaçı Nəzmiyyə canlanır.
Bu sətirlərin
müəllifi Respublika və beynəlxalq müsabiqələr
laureatı, prezident təqaüdçüsü Orxan
Hüseynovla söhbətləşib: “Nəzmiyyə
xanımla tanış olduqda 6 yaşım var idi. Heç ağlıma belə gətirməzdim ki, o
ilk görüş məni bu gözəl insana sehrli şəkildə
elə bağlayacaq ki, bundan sonra atacağım bütün
addımlar yalnız onunla birlikdə olacaq. Şərqin ilk professional qadın violonçel
ifaçısı, respublikanın əməkdar incəsənət
xadimi, BMA-nın professoru olan bu xanımın tələbəsi
olmaq mənim üçün çox məsuliyyətli və
olduqca qürurvericidir. Violonçeli əlimə
aldığım hər an
gözümün önünə ilk dərsinə girdiyim
gündən bu ana qədər saatlarla, günlərlə
yorulmadan mənimlə çalışan, hər dərsdə
canını qoyan bir insan, nəinki musiqiçi həm də
insan kimi məni yetişdirən ustadım Nəzmiyyə
xanım gəlir. O mənim üçün həm ana, həm
də müəllimdir. Bütün nailiyyətlərimin
bünövrəsini quran şəxsdir. Mənim
azərbaycanlı violoçel ifaçısı kimi respublika
və beynəlxalq müsabiqələrdə qalibiyyətim,
beynəlxalq konsertlərdə, festivallarda, yay məktəblərində
iştirakım gözəl müəllimim, ustadım Nəzmiyyə
xanımın sayəsində olmuşdur. Nəzmiyyə
xanımı yubileyi münasibəti ilə təbrik edir,
sağlam can və uzun ömür arzulayıram və deyirəm:
“Tələbələriniz olaraq Sizin əzəmətiniz,
yüksək insani hissləriniz, məhəbbətiniz
qarşısında baş əyirik, ustadım mənim”.
Artıq kafedra müdiri təyin olunan ildən (1989)
N.Abbaszadə istedadlı gəncləri pedaqoji fəaliyyətə
cəlb etməyə başlayır. Möhkəm peşəkarlıqla,
texniki mədəniyyəti ilə səciyyələnən
ifaçılıq “baza”sının əsasını
möhkəmləndirir, zənginləşdirir. İndi isə dekan vəzifəsində
çalışaraq, yenə layiqli mütəxəssislər
axtarır, onları sınaqdan keçirəndən sonra –
işə cəlb edir.
Nəzmiyyə
xanım öz alətinə vurğun bir şəxsiyyətdir!
Və bu təbiidir ki, o bütün musiqi məktəbləri,
kollecləri ilə sıx əlaqə saxlayır, yeni kadrlar
haqqında düşünür. Şəxsən
özü bu sənət ocaqlarına gedir və istedadlı tələbələr
axtarır. Və arzularına nail olur. Onun
içtimai fəaliyyətinə aid bəzi ştrixləri də
əlavə etməliyəm.
Böyük ustad və dahi pedaqoq M.Rostropoviçin
Akademiyamızda keçirilən “Ustad dərsləri” Nəzmiyyə
xanımın səyinin nəticəsidir. Ustadın
ölümündən sonra, Nəzmiyyə xanım, onun
qızı Olqa Rostropoviç ilə sıx əlaqə
saxlayır. Festival günlərində M.Rostropoviç adına Muzeydə tələbələrinin
iştirakı ilə bir neçə konsertlər təşkil
etmişdir.
Son illər N.Abbaszadə bir çox Azərbaycan bəstəkarların
əsərlərini violonçel üçün
köçürmüşdür (yəni işləmişdir). O, maraqlı metodik işlərin
müəllifidir. Bu elmi işlər Q.Qarayevin,
T.Bakıxanovun, A.Rzayevin, X.Mirzəzadənin simli kvartetlərinə
həsr olunur.
Bu yaxında N.Abbaszadə rus dilində maraqlı dərs
vəsaiti yazmışdır1.
Həmçinin bu günlərdə “Violonçel
üçün orkestr çətinlikləri” adlı gözəl
dərs vəsaiti çap olunub1.
Bütün misalların, yaradıcılıq həyatının
faktları arxasında böyük varlığı ilə sənətə
bağlanmış, öz dəst-xəttini yarada bilmiş hərtərəfli,
geniş səviyyəli ifaçı surəti “gizlənir”. Bu surət – bizim əzizimiz
Nəzmiyyə Abbaszadədir! Əla zövq,
gözəl forma duyumu, mütənasiblik, fikir və ifadə
aydınlığı, dəqiqlik kimi ifaçı
xüsusiyyətləri – Nəzmiyyə xanımın
simasında cəmləşir. Bütün
ifaçı xüsusiyyətlərinin N.Abbaszadənin
simasında bir-birini tamamlamasına görə
musiqişünaslar, tanınmış ifaçılar onu
klassik üslublu ifaçı kimi səciyyələndirirlər.
Musiqi Nəzmiyyə xanımın həyatıdır,
yaşatmaq, bu günümüz və sabahımız haqda
düşünmək, xəyallara qovuşmaq, insanlarla
ünsiyyətdə olmaq vasitəsidir.
Hər bir sənətkar ömür yolunun döngələrində
ayaq saxlayıb arxaya, keçib gəldiyi enişli-yoxuşlu
cığırlara nəzər salır. Nəzmiyyə
xanım keçdiyi sənət yoluna baxıb fəxr edə
bilər. Lakin irəlidə milli musiqimizin
yaşaması, təkamüllü yolunda N.Abbaszadəni
axtarış dolu yollar gözləyir.
Nəzmiyyə xanımın bütün ifalarında (və
bəzi parlaq, istedadlı tələbələrin ifasında)
biz öz müasirimizin münasibətini, onun
düşüncə və duyğularını, hər
birimizin mənəviyyəti və
dünyagörüşünü formalaşdıran zəmanəmizin
nəbzini, ritmini hiss edirik.
Yubiley günlərində N.Abbaszadə axtarış
yollarının bəhrəsini görür. Nəzmiyyə xanımı
anadan olmasının 75-illiyi münasibətilə təbrik
edir, gözəl, sevinclə və səadətlə dolu
günlər, yeni monoqrafiyalar, dərsliklərin çap
olunmasını arzulayırıq:
Qoy həmişə
günəş olsun,
Qoy həmişə
səma olsun...
Əsrin
hökmü yaşamaqdır,
Əbədidir
– Günəş, Yaz və Biz!
Lev
Oşanin (tərcümə: Cavad Cavadlı)
İmruz Əfəndiyeva
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi”
kafedrasının professoru, sənətşünaslıq
üzrə elmlər doktoru, Əməkdar İncəsənət
xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Azad Azərbaycan.- 2020.- 6 avqust.- S.6.