Vətən hər zərbədən
qorumaq
istədiyim varlığımdır
Qadın gülərsə...
Dünyanın
hansı qitəsində olursa-olsun, azərbaycanlı bu adı
fəxrlə daşıyır, yaşadır və uğrunda
sinəsini sipər də edir. Cünki onun
DÜNYA AZƏRBAYCANLILARI kimi bir adı var. Ötən ay bu azərbaycanlılardan
biri rubrikamızın qonağı oldu və o qədər
maraqla qarşılandı ki, Vətəndən kənarda
yaşayan həmvətənli xanımlarımızla sizi imkan
daxilində görüşdürməyə qərar verdik.
Və ilk müsahibimiz İradə Axundovanın köməyi
ilə bugünkü qonağımızla əlaqə yaratdıq.
Uzaq olsaq da, isti ana dilimiz məsafəni çox yaxın etdi. Onunla müsahibədən bir neçə gün sonra illərdir torpaq itkisi yaşayan Vətənimizin başı üstünü yenə də yağı dumanı aldı. Ordumuz gücünü göstərsə də, düşmən yeri olmayan yerinə oturdulsa da, şəhidsiz ötüşə bilmədik. Ana ürəkləri dağlandı, uşaqlar atasız, bacılar qardaşsız qaldı. Və atasını yalnız şəkillərdən tanıyacaq bir körpə də doğuldu. Bu da Allahın bir yazısı, bir tale payı... “Təki Vətən sağ olsun” -deyən oğullarımızın şəhidlik zirvəsi daima azadlıq yoluna işıq saçsın.
Müsahibim ölkəmizdə kifayət qədər tanınır, Vətəndən yaxın zamanda ayrılsa da, qürbətdə qısa vaxtda Azərbaycan naminə dayanmadan çalışır. Düşünürəm ki, rubrikamızın qonağını artıq təqdim etmək vaxtıdı. “Qadın gülərsə” bu gün qapılarını musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Respublikanın Əməkdar artisti, bu gün Nyu-Yorkda yaşasa da, ürəyi Azərbaycanla döyünən Nərgiz Əliyarovanın üzünə açıb.
ADDIM
1968-ci ilin Novruz ətirli günü Tanrı ziyalı bir ailədə dünyaya göz açmağı mənə nəsib etdi. 1988-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla, 1991-ci ildə indiki Bakı Musiqi Akademiyasını Lenin təqaüdçüsü kimi fərqlənmə diplomu ilə bitirmişəm. Daha iki il assistent-stajçı kimi təhsilim davam edib.
1992-ci ildən 2017-ci ilədək Bakı Musiqi Akademiyasında müəllimlikdən professor vəzifəsinədək yol keçmişəm. Uzun illər Azərbaycan Filarmoniyasının nəzdindəki Dövlət Fortepiano Triosunun solisti olmuşam. 2017-ci ildə ailə vəziyyətimlə əlaqədar Nyu-York şəhərinə köçməli oldum. Burada “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətini təsis etməklə yanaşı, “Zonta” Beynəlxalq Qadın Təşkilatının Nyu-York Klubunun prezidentiyəm.
OCAQ
Dörd nəfərdən ibarət kiçik
bir ailənin sonbeşiyiyəm. Atam Ramiz Əliyarov indiki Azərbaycan
Dillər Universitetinin dosenti olub. Anam ilə hər zaman
fəxr etmişəm. Əməkdar jurnalist,
“Qızıl Qələm” mükafatına layiq görülən
ilk qadın jurnalist, Azərbycan mətbuatında kifayət qədər
sözünü demiş, uzun illər “Azərbaycan
qadını” jurnalında baş redaktorun müavini olan
Svetlana Nəcəfova kimi bir ana ilə öyünməyə
haqqım var. Ziyalı mühitdə yetişən biz iki
bacı ailədən bacardığımız nə
vardısa, götürməyə nail ola bilmişik ki, buna
görə də valideynlərimizə borcluyuq. Bacım
Fəridə Səfiyeva ixtisasca filoloqdur, Əməkdar müəllim,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin “Ədəbiyyat və dillər”
kafedrasının müdiri, professordur. Hər ikimiz bu
gün cəmiyyətdə tutduğumuz mövqeyə görə
ata-anamıza minnətdarıq və əgər onların adına layiq ola bilmişiksə, xoş bizim
halımıza.
MUSİQİ
Beş yaşından fortepianoda çalmağa
başlamışam. Elə o vaxtdan pianoçu
olacağımı bilirdim, özü də əminliklə.
Məhz bu əminlik mənə orta ixtisas musiqi məktəbində
qızıl medal, ali təhsildə isə
fərqlənmə diplomu qazandırdı və məzunu
olduğum təhsil ocağında pedaqoji fəaliyyətə
başladım. Etiraf edim ki, qəribə bir
hissdi bu. Dünən müəllimin olan insanlarla bu gün bir
həmkar olaraq çalışsan da, onların
qarşısında özünü yenə də tələbə
kimi görürsən və çiyinlərində daşıdığın
məsuliyyətlə tələbkarlıq səninlə
qoşa addımlayır. Tələbə ikən
kursları adladığım kimi, pedaqoq olaraq müəllimlikdən
başlayıb professor adına kimi mənə
çox doğma olan məbədimdən illər sonra
ayrılmalı oldum. Geridə qalan o illər mənə
çox şey bəxş etdi – müsabiqələr,
festivallar, qələbə, laureat adı. Bir sənət
adamı üçün bundan artıq nə ola
bilər ki... Almaniyanın Vaykershaym, Darmştat, Böyük
Britaniyanın Dartinqton şəhərlərində
keçdiyim təkmilləşmə kursları ilə
yanaşı iştirak etdiyim konsertlərin hər biri
yaddaş xəzinəmin inciləridi. Beynəlxalq
festivallarda çıxışlar artıq adət halına
çevrilmişdi desəm, düz olar. Qeyri-təvazökarlıq
kimi səslənməsin, Darmştatda keçirilən 48-ci
Beynəlxalq Müasir Musiqi Konqresində, IV və VI
Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında,
“Silk Way” Beynəlxalq Musiqi Festivalında, III və VI Qəbələ
Beynəlxalq Musiqi Festivalında, Köln şəhərindəki
“Fonex” Musiqi Festivalındakı çıxışlarımla
həmişə uğur qazanmışam. 2008-ci ildə
İtaliyada keçirilən Pyetro Arcento adına
XI Beynəlxalq Müsabiqədə ikinci yerin laureatı kimi Vətənə
qayıtmışam. Bundan iki il sonra
Şopenin əsərlərinin ifaçısı kimi
Polşa dövlətinin fəxri diplomuna layiq
görüldüm. Dövlət Fortepiano Triosunun solisti
olduğum illərdə həm respublikamızda, eyni zamanda ABŞ-da,
İngiltərədə, Fransada, Almaniyada, Avstriyada,
İtaliyada, Slovakiyada, Xorvatiyada, Rusiyada, Latviyada,
Gürcüstanda, Moldovada həm solo konsertlər verib, həm
də kamera və simfonik orkestrlərlə
çıxışlarımı tamaşaçı kütləsinə
təqdim etmişəm. Zənnimcə hər
bir incəsənət adamı beynəlxalq müstəvidə
tanınmağı arzu edir. Bu sarıdan
özümü şanslı hesab edirəm. Avropada tanınan Belçikanın “ESCETERA” səsyazma
şirkəti üç diskimi buraxıb. Onlardan biri
“Nargiz Aliyarova plays Shopin” adlı, biri Haydn, Motsart, Bethovenin
sonatalarından və üçüncü Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət disklərdi ki, bunu da Azərbaycan
mədəniyyətinə tövhə hesab etmək olar. Azərbaycandan, doğma Bakıdan ayrılmaq asan
olmasa da, bu addımı övladlarıma görə atmalı
oldum.
NYU-YORK
Nyu-Yorka yerləşəndən iki ay sonra anladım ki,
Amerika çox fərqli bir məkandı. Burada mənşəyindən
asılı olmayaraq, hər bir kəsin üzünə yol
açıqdı, bir şərtlə ki, bu yolun
cığırını özün salmalısan. Oturub
gözləmək ki, kimsə səninlə maraqlanacaq, iş
verəcək kimi hallar Amerikaya yaddı. Burada hər
şey insanın özünə bağlıdı. Amerikalılar yalnız özləri ilə
maraqlanır. Əgər nəsə istəyirsənsə,
bunu yalnız özün yaratmalısan. Mən
artıq püxtələşmiş çağımda
Amerikada məskunlaşdım, erkən vaxtdan gələnlər
üçün burda imkanlar daha genişdi. Bunu biləndən
sonra beş dil bilən mən “Milli Musiqi və
Qlobal Mədəniyyət” adlı cəmiyyət yaratdım,
Nyu-Yorkda rəsmi qeydiyyatdan keçdim, beləliklə də fəaliyyətə
başladım. Anladım ki, bir sənət
adamı kimi burda musiqimizi daha çox təbliğ və təqdim
edə bilərəm. Böyük şəhərdi
Nyu-York, musiqimizi demək olar ki, tanımırlar. Mən də özümü bir növ mədəniyyətimizin
səfiri hesab edirəm burada. Yarandığı iki il ərzində cəmiyyət xeyli iş
görüb, çoxlu konsert proqramlarımız olub. Xalq Cümhuriyyətinin 100 və 101 illiyinə, Nəsiminin
650 illiyinə həsr olunan konsertlər maraqla
qarşılanıb. Təşkil etdiyim
konsertlərin yarısı Azərbaycan musiqisinə və mədəniyyətinə
həsr olunur və bir qayda olaraq tədbirdən əvvəl mən
bu haqda tamaşaçılara məlumat verirəm. Əgər konsert keçirilən zalın texniki
imkanları münasib olursa, ölkəm haqqında
video-çarxlar da təqdim edirik. Etiraf
edim ki, bu, çox maraqla da qarşılanır. Çalışıram ki, konsertlərin əsas
tamaşaçısı amerikalılar olsun. Çünki ən ümdə məqsədim Azərbaycan
musiqisini eşitməyən, mədəniyyətini
tanımayan insanlara bunu aşılamaqdır. Konsert təşkilində ən çətin məqam
insanları cəlb edib zalı doldurmaqdan ibarətdi. İnsanlarda elə maraq oyatmaq lazımdı ki, onlar
vaxtını sərf edərək gəlib səni dinləsin.
İşimin bir hissəsi də həm
amerikalı, həm də digər mənşəli
musiqiçilərlə ünsiyyət qurmaqdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik konsertinə
hazırlıq zamanı boriton səsli Afrika amerikalısı
M.Maqomayevin məşhur “Azərbaycan” mahnısını,
Q.Qarayev və C.Hacıyevin birlikdə bəstələdiyi “Vətən”
operasından Mərdanın ariyasını ifa etdi. Nəsiminin 650 illiyinə hazırlaşanda yenə də
Afrika amerikalı soprano səsli bir xanıma gənc tələbə
bəstəkarların şairin sözlərinə bəstələdiyi
iki romansı təqdim etdim. Təklifimi qəbul
edən xanım bu romansları Azərbaycan dilində ifa etdi və
səhnədən bu çox gözəl səsləndi.
Bu, eyni zamanda həmin gənc bəstəkarların
da nailiyyəti idi. Bakıda müsabiqəyə
təqdim olunan bu romansların səhnə həyatı
Nyu-Yorkdan başladı. Norveçdən
olan skripkaçı xanımla “Norveç-Azərbaycan”
adlı konsert proqramı hazırladıq. O, Azərbaycan,
mən Norveç musiqisini ifa etdim. Bundan başqa “Azərbaycan
multikulturalizmi”, “Odlar yurdu” , “Sərqdən Qərbə”
adlı konsertlər Linkoln Mərkəzində, Kaufman Mərkəzinin
Merkin zalında uğurla keçib. Bacardığım
qədər xarici musiqiçilərin incəsənət
nümunələrimizi təbliğ etməsinə
çalışıram. Amma sevdirə
bilməyi bacarmışam deməkdə çətinlik
çəkirəm. Çünki yad, səni
kifayət qədər tanımayan, bəzi hallarda ölkən
haqqında məlumatı olmayan bir yerdə öz mədəniyyətini,
musiqini sevdirmək çətin olduğu qədər də,
böyük məsələdi. Lakin onu da
deyim ki, musiqimizin bəyənildiyini bilirəm. Dəfələrlə yerli, hətta
tanımadığım musiqiçilər mənə
müraciət edərək, hansısa Azərbaycan musiqisinin
notunu tapmaqda kömək istəyib. Əlimdəki
işi kənara qoyub dərhal yardım etmişəm ki, təki
musiqimiz yayılsın. Bir arzum da Amerika
universitetlərində Azərbaycan musiqisindən mühazirələr
oxumaqdı. Bu layihələri Nyu-Yorkun,
Vaşinqtonun aparıcı universitetlərinə təqdim
etmişəm. Düşünürəm ki, musiqi
ixtisasına yiyələnən tələbələr sabah bizim musiqilərimizdən çox istifadə
edə bilər. Bu baxımdan layihə mənim
üçün həm vacib, həm də əhəmiyyətlidir.
Gələn il mənim doğma məbədim
Bakı Musiqi Akademiyasının 100 yaşı tamam olur. Bununla bağlı Amerikanın 12 ştatında
konsert vermək niyyətindəyəm. Bir-birindən
fərqlənəcək bu konsertlərə yerli və Azərbaycan
musiqiçilərini cəlb etmək fikrindəyəm. Qala-konsert isə Nyu-Yorkda keçiriləcək.
Ümidvaram ki, 2021-ci ilədək yer
üzündən pandemiyanın kökü kəsilər və
bu layihəni həyata keçirmək üçün Allah
bizə yol açar.
NƏRGİZ
Təbiət etibarilə hər şeyə tez
alışan insanam və həyatı olduğu kimi qəbul
etməyə çalışıram. Həyatın
yaxşı və pis üzü, müsbət və mənfi
tərəfləri var. Çalışıram ki,
yaxşı və müsbət yöndə istiqamət götürüm,
onlardan istifadə edim. Bir də ki,
yanımda hər zaman pianom var. Narahatlığımı da, həyəcanımı
da, kədərimi də təmizləyən odur. Mənzilimizi
dəyişmək zərurəti yarananda beş
gün oteldə qalmalı olduq. O halda belə, elektron pianom
yanımda olub, çünki onsuz bir anımı təsəvvür
etmək mənim üçün dözülməzdi. Piano mənəvi dayağımdı. Artıq bir pianoçu kimi Nyu-Yorkda özümü
təsdiqləyə bilmişəm. Öz
studiyam, tələbələrim var, fərdi olaraq piano dərsləri
keçirəm. Yazılı olmasa da, Amerika
qanunlarında gözləmə mövqeyi ilə yaşamaq
olmaz, yəni səndən hərəkət olmalıdı ki,
Allah da bərəkətini versin. Təsis etdiyim
cəmiyyətlə yanaşı, “Zonta” Beynəlxalq Qadın
Təşkilatının Nyu-York klubunun prezidenti
seçilmişəm. Artıq bir əsrdi ki, fəaliyyət
göstərən bu təşkilatın dünyanın 63
ölkəsində 12 min klubu, 29 min üzvü var. “Zonta” Birləşmiş
Millətlər Təşkilatı ilə sıx əlaqədədir
və dünya qadınlarının problemlərini həll
edir. Amerika kimi demokratik və qanunların
işlədiyi bir ölkədə belə bir quruma rəhbərlik
etmək zəhmət və təbii ki, məsuliyyət tələb
edir. Bu istiqamətdə də
bacardığımı əsirgəmirəm. Yerli imkansız qadınlara kömək edir, müxtəlif
qadın problemlərinin həllinə yardım göstəririk.
Bununla bağlı qanunların qəbul
olunmasına səy edirik. Mən Vətənimdən
uzaqda yaşasam da, əlim yetən işlərdə həmvətənlilərimə
dayaq olmağa çalışıram. Bakıda
“Cığır” adlı cəmiyyət var, beş
ildi ki fəaliyyətdədi. Əsasən
atasız uşaqlara, ailə başçısını itirən
qadınlara kömək edir. Burda bir
yardım kampaniyası təşkil edib onlara maddi dəstək
göstərdik, Azərbaycana qayıtmaqda çətinlik
çəkən tələbələrə əl
uzatdıq. Demirəm böyük
yardımlar, köməklik edirik. Bir nəfərə
kömək etməyin özü də, kiməsə nicat verməkdir.
Hərə bir nəfərin əlindən
tutarsa, bu artıq uğurdu. Həmişə
düşünmüşəm ki, insanlara kömək Allahın
mənə verdiyi bir gücdü və Tanrı bunu hər kəsə
nəsib etmir. Əgər taleyində
qürbətdə yaşamaq varsa, buna alışmalısan.
O üzdən özümü qərib hesab etmirəm. Azərbaycanla o qədər sıx əlaqəm var
ki, okeanın o tayında olduğumu heç duymuram. Texnologiyanın inkişafı və sosial şəbəkələr
üzərindən biz artıq uzaq kəlməsinə
yadırğamışıq. Vətənimdə
baş verənlərdən o qədər məlumatlıyam
ki, bəzən evdən çıxanda yadıma
düşür ki, Azərbaycanda deyiləm. Hər il mütləq qaydada iki ay Bakıya gəlməliyəm,
bu mənim bir illik enerji ehtiyatımdı. Uzaqda
olmağın bir üstün cəhəti də odur ki,
yaxşını daha aydın görürsən. Evin içində olanda ehtimallar, iradlar çox olur,
yəni bunu o etməlidi və ya bu filankəsin işidi.
Lakin uzaqda olanda bunları deyə bilmirsən,
artıq o filankəs sən özünsən. Nöqsanın da,
çatışmamazlığın da səbəbkarı
özünü bilirsən. Azərbaycanda
hər şey yaxşıdısa, düşünürəm
ki, bu, mənim uğurumdu, bir problem yaşanırsa,
günahı özümdə axtarıram, deyirəm ki, Nərgiz,
nəyisə düz etməmisən. Bu,
heç kəsə çatdıra bilmədiyim bir hissdi.
Mənim Vətənimin illərdir dərmanı
tapılmayan Qarabağ adlı xəstəliyi var və məni
çox ağrıdır ki, bu haqda məlumat Amerikada hədsiz
azdır. Azərbaycan adını eşitmək nədi,
düzgün tələffüz etməyən insan
üçün Qarabağ ya var, ya da yox, nə fərq edir...
Nyu-Yorkda naxələf “qonşu”larımız
çox deyil. Burda olduğum müddətdə
iki, ya da üç dəfə konsertlərdə
uzaqdan-uzağa istəməyərək onlarla
rastlaşmalı olmuşam. Nyu-Yorkun mərkəzində
onların çox böyük bir kilsəsi var. Oradan keçəndə
ürəyim çox sıxılır ki, niyə burda “Azərbaycan
Evi” deyilən bir mərkəz olmasın? Paxıl
olmasam da, etiraf edirəm ki, o kilsəni görəndə,
paxıllıq hissi keçirirəm.Yəni qədim tarixi,
kökü, mənşəyi, mədəniyyəti olan millət
mən, hər şeyi oğurluqla, yalanla əldə edib
tanınan onlar. Bax, bu, acı bir ağrıdı.
Əslində kimin kim olduğunu bilənlər
yox deyil, sadəcə kar və kor olanlar yəqin hansısa bir
məzhəbə qulluq edir. Amerika, Yəhudi
icmaları ilə müəyyən işlər görülsə
də, bu, kifayət deyil. Bu sarıdan təbliğatı
gücləndirmək lazımdı, çünki dünya illərdir
qatığın qara olduğuna inandırılıb.
Üç övladım var. İlk qızım Ülkər
London Universitetinin fizika fakültəsini bitirib, Nərminin 19
yaşı var, kolleci o da Londonda başa vurub, hazırda
Nyu-York Universitetinin ikinci kurs tələbəsidi. Sonbeşiyimiz Əlinin 11 yaşı var, əslində
bura köçməyimizin əsas səbəbi onun təhsili
oldu. Nyu-Yorkda British İnternational məktəbinin
altıncı sinfində oxuyur. Ailədən
aldıqlarımı övladlarıma ötürməyə
çalışsam da, buna tam nail ola bilməmişəm.
Qızlarım Azərbaycan musiqisini çox sevsə
də, oğlum onu qavraya bilmir. Var
gücümüzlə çalışırıq ki, Əli
daima doğma musiqisini eşitsin. Bu, bir
günahım. Bizim dövrdə əksər
ailələr övladlarının rus bölməsində təhsil
almasına üstünlük verirdi. Anam isə
birmənalı olaraq bizim öz doğma dilimizdə oxumağımızı
vacib bildi. Dedi ki, insan öz dilini mükəmməl bilməli
və səlis danışmalıdı. Mənim
övladlarım ingilis dilində təhsil aldı və ana
dilimi təmiz bilmirlər. Bu da daha bir
günahım. Bu baxımdan
aldığım qədərini onlara verə bilməmişəm.
Ailəmə kifayət qədər vaxt
ayırmağa çalışmışam. Səmimi etiraf edim ki, bu sözü işlətməyə
ehtiyat edirəm, çünki kifayət sözü məni
qane etmir. Düşünürəm ki, hər
şey lazımi qədərdən artıq olmalıdı.
Lakin mən qüvvəmi tam sərf etməyib
sabahı günü düşünürəm ki,
gücüm qalsın. Və əgər bu
güc sabaha yetmirsə, çox narahat və bədbin oluram.
Milli yeməklərimizi həm yaxşı, həm
də ürəklə bişirirəm, amma əfsus ki, o
dadı burda almaq olmur. Azərbaycanlılar
tez-tez bir yerə cəm olub vaxt keçirməyi
xoşlayırıq. Belə
yığıncaqlar üçün heç də bir bəhanə
axtarmaq lazım gəlmir, çünki qonaqpərvərlik sərhəd
tanımır. Özümüz
üçün Azərbaycan abu-havası yaradırıq,
mahnılarımızı oxuyuruq, çalıb
oynayırıq, gözümüzün qurdunu öldürmək
üçün kabab çəkirik, amma manqaldan qalxan
tüstünün qoxusu belə bizə o doğmalığı
hiss etdirə bilmir, çünki torpaq o torpaq deyil.
DİASPORA
DÜNYA AZƏRBAYCANLILARI adını daşımaq nə
qədər məgrur səslənsə də, məsuliyyəti
böyükdü. Mənə görə bu ada o qədər
həssas yanaşmaq lazımdı ki, başını hər
zaman dik tuta biləsən. Çox
şükürlər olsun ki, bu adın əzəməti Vətənimizin
əyilməz qürurudu. Dünyanın
dörd bir yanında eşidilən azərbaycanlı adı və
Azərbaycan sədası bizim diasporanın gücündən
soraq verir. Diasporla İş üzrə
Dövlət Komitəsi Amerikanın müxtəlif ştat və
şəhərlərində fəaliyyət göstərən
Azərbaycan icmalarının qarşılıqlı
münasibət və əlaqəsi üçün
böyük səy göstərir. Keçirdiyimiz
bir neçə layihədə komitə həm təşkilati,
həm də maddi tərəfdən köməyini bizdən əsirgəməyib.
Vətənlə bizi sərhədlər ayırsa da, son mənzilimiz
heç zaman qürbət ola bilməz.
VƏTƏN
Vətən mənim üçün tək torpaq deyil,
həm də canlı bir varlıqdı. Vətən hər
zərbədən qorumaq istədiyim varlığımdı.
Əgər ona bir daş dəyəcəksə,
qoy mənə dəysin. Hər zaman belə hiss etmişəm
Vətəni. Qürbətdə isə bu hiss daha güclü
olur. Qoy onun bütün yaraları mənim
olsun, təki Vətənim ağrımasın. “Vətən
mənim üçün nə edib?” deyənlərə
qarşı təəccüb qarışıq bir
qıcıqlıq hiss edirəm. Ay bu sualı verən
zavallı, bəs sən Vətən üçün nə
etmisən? Bu haqda düşünməyə
vaxtın olubmu???
QADIN GÜLƏRSƏ
Rubrikanıza etdiyiniz dəvətə, səmimi söhbətə
görə qəzetinizə minnətdarlığımı
bildirirəm.
Dahi Cavid: “Sürüklənən bəşəriyyət
qadınla yüksələcək” sözlərini heç də
elə belədən deməyib. Qadın
güclü varlıq olmasa idi, tarixdə nə matriarxat
dövrü olardı, nə qadın dövlət
başçısı, nə də cəngavər qadın.
Bütün bunlar tarixin daşlaşmış
səhifələridi. Zənnimcə nə
qədər çox qadın ölkə
başçısı olarsa, aqressiya yox olar, müharibələrin
sayı azalar. Qadın ailənin
qoruyucusudursa, onun bu xüsusiyyəti hər yerdə
özünü göstərəcək. Rəhbər
qadın ən azından övladını
düşünüb müharibə fikrindən qaçar.
Bu, mənim düşüncəmdi.
Kolumbiyadan violonçeldə çalan bir rəfiqəm var.
Bir dəfə atası dedi ki, Kolumbiyada xeyli ştat var –
bütün ştatlar patriarxat, yalnız ikisi matriarxatdı, məhz
həmin iki ştat ölkədə daha firavan və rahat
yaşayır. Deməli ki, o ştatlarda
qadın həmişə gülür. Həmin
gülüşü bütün qadınlara arzu edirəm.
SON SÖZ
Müsahibə əsnasında bildim ki, söhbətimizdən
üç gün sonra Nərgiz xanım Bakıya gəlir. Düzü təəccübləndim
ki, pandemiyanın tüğyan edən bir vaxtında Amerikadan
Azərbaycana necə gələcək. Amma
gördüm ki, pandemiya da Vətən sevgisinin
qarşısında acizdi. Nərgiz
Əliyarovanın dörd ölkədən keçərək
Vətənə gəlməsi bunun bariz sübutu deyilmi?
Belə övladları olan Vətənin Azərbaycan
və Azərbaycanlılar adı ilə öyünməyə
haqqı var.
Tamilla TEYMURQIZI
Azad Azərbaycan.-
2020.- 6 avqust.- S.4.