Göydələn” (Novella)
Surxay kişi
dülgər idi. Ətraf kəndlərdən
belə taxta işi olanda onu çağırardılar.
Yaxşı ustalığına
görə onun bir xüsusiyyətinə hamı göz yumurdu. Hərçənd
ki, onun bu xüsusiyyətinə göz yox, qulaq
yumulmalı idi. O, söyüşkən insandı.
Düşündünüz ki, hamı kimi
əsəbləşəndə, o, söyüş söyür?
Yox, Surxay kişi söyüşlə
danışırdı. Onun
danışığı söyüşlə
başlayıb, söyüşlə
də qurtarırdı,
düzdür, arada adi sözlər də eşitmək olurdu.
Kənddə iki, üç mərtəbəli söyüş
söyə bilənlər
də az deyildi, amma Surxay
kişi söyüşlərdən
göydələnlər ucaldırdı!
Surxay kişinin bir özəlliyi də o idi ki,
o gülə - gülə
söyüş söyərdi.
Gülməyi ilə də ola biləcək
cox inciklikləri “rəndələyirdi”. Kəndin
qadın və uşaqları da onun “ danışığına”
artıq vərdiş
etmişdilər. O, əlinə
“ mismarını” alanda
sonda onu hara çalacağını
heç kim tapa bilməzdi. O da mismarını
növbə ilə çox yerə tuşlayıb gözlənilməz
bir yerə dibinə kimi çalardı. Kənd qadınları belə onun söyüşlərinə
qulaqlarını şəkləyər,
və bəziləri də onun son
həmləsini “ oxxay”
kəlməsi ilə tamamlayardılar.
Arvadı Bəsti
də onun monoloqlarının son cümləsini “ can” kəlməsi ilə bitirərdi. Arvadı onu çox sevirdi, çünki bu söyüşcül kişisinin incə qəlbinə çox yaxşı bələd idi. Onların sözləri tutsa da, bədənləri bir- birinə sevinsə də, uşaqları çox illər idi ki, olmurdu. Arvadı
elə onu sevdiyindən onun ikinci dəfə evlənməyinin təşəbbüskarı
olmuşdu. Kişisinin
etirazlarına baxmayaraq
ona qonşu kənddən bir qız da seçmişdi.
Seçimi məqsədli
idi. Bir gün nənəsinin onun qardaşına dediyi sözlər beyninə bərk həkk olunmuşdu. Nənəsi qardaşına
demişdi:
- Qızın əvvəl çanağına
bax, sonra sifətinə. Uşaq qadının çanağında
yetişir, çanaq nə qədər iri olsa, uşağın
yeri rahat olar və sağlam
yetişər. Nənəsi
qadınları yalnız
bir cür tərifləyərdi. Deyərdi
ki, filankəsin qızı gəmi kimidir, maşallah! O da nənəsinin dediyi “gəmilərdən”
birini evə gətirmişdi.
Bir ildən
sonra Surxay kişinin bir oğlu oldu. Mamaça uşağı
Surxaya göstərəndə,
mamaçanı sevindiyindən
o necə bəzəmişdisə,
mamaça az qala uşağı əlindən yerə salmışdı. Mamaçanı
sonradan yalnız ikiqat muştuluqla sakitləşdirmək mümkün
olmuşdu. O, oğluna
dədəsi Qurbanın
adını qoyub özünü ürəyində
gəzdirdiyi ən böyük arzusuna çatmış hesab etdi . Vaxt gəldi,
vədə yetişdi
Qurbanı əsgər
apardılar.
Sonradan xəbər
gəldi ki, oğlu Rusiyanın Həştərxan şəhərinə
düşüb. Bütün
Rusiya Surxay kişinin nəzərində
qarlı bir yer idi ki,
orada da küknar meşələrindən
başqa heç nə olmur. Qurbanın əsgərlikdən
yazdığı məktublar
onların ən böyük sevinc mənbəyi idi. Arada məktub kəsildi. Hamı narahat qaldı. Onunla bir hissədə
olan ellisi onlara məktub yazıb bildirdi ki, bir kiçik
komandir Qurbanı söyüb, o da onu salıb təpiyinin altına.
Qurbanı veriblər
hərbi məhkəməyə,
yəni tribunala. Evdən kimsə gələ bilsə, yaxşı olar. Surxay kişi anında yola düşməyi qərara
aldı. Kəndin başbilənlərdən yolu,
yolağanı öyrəndi.
Sovqat haqda düşündü. Elə
sovqat aparmaq istəyirdi ki, daha çox insan dadsın, elə oğlunu söyən komandir də. Amma eyni
zamanda onun içində bir sual daima fırlanırdı;
-görəsən komandiri
Qurbanı necə söyüb? Bu ona çox maraqlı idi.
Surxay kişi
əsgərlikdə olmamışdı,
amma eşitmişdi ki, ruslarda ana
söyüşü çox
adidir, bizim “ başına dönüm”
kimi. Azərbaycanlı
uşaqlar da bunu kəskin qarşılayırlar. Surxay
kişi sovqat haqqında düşündü,
ilk olaraq ağlına qarpız gəldi Bəlkə qarpızın mövsümü
idi, ona görə? Qurban qarpız yeməyi uşaqlıqdan xoşlayırdı.
Kəndləri dağlıq
yerdə olduğundan qarpız əkmirdilər,
amma aşağı aran kəndlərində yaxşı qarpızlar olurdu. Kolxoz sədrinin villis maşınını sürən
bacısı oğluna
iki iri qarpız
sifariş verdi. Başqa sovqat təkliflərinə etiraz
etdi, nar da aparardı, amma nar hələ
yetişməmişdi. O qapız
torbalarını əlinə
alanda başa düşdü ki, yükü çox ağırdır, amma oğlunun sevincini görmək üçün
o, hər cür çətinliyə hazır
idi.
Yol çətinlikləri
düşündüyündən də lap çox
oldu. Yükunu maşınlardan, avtobuslara,
avtobuslardan qatarlara daşımalı, dartmalı,
hərdən sürüməli
də oldu. Min bir yol məşəqqətlərindən
sonra o, Həştərxanın
mərkəzi meydanında
əlində ünvan
yazılan kağızla
taksi soraqlayırdı.
Və birdən ətrafa diqqətlə baxıb təəccübündən
çaşdı. Küçələrin
hər yerində qalaq- qalaq qarpızlar
yığılmışdı. Bir belə qarpızı o ömründə görməmişdi. Sonradan
o biləcəkdi ki, Həştərxan Rusiyanın
qarpız mərkəzidir.
Bütün Rusiyaya qarpızlar buradan göndərilir. Hələlik
o meydanın qırağında
dayanıb gülə-
gülə uçadan
danışırdı. Ətrafdakı
insanlar ona təəccüblə baxır,
onun nə dediklərini başa düşmürdülər. Heyif ki,
başa düşmürdülər,
çünki bu insan tək bir mismarla elə
bu meydanın ortasında Qurbanın kiçik komandirinin yaxın, uzaq qohum və əqrabaları,
bir sözlə bütün var- yoxu üçün möhtəşəm bir göydələn ucaldırdı...
HÜMBƏT
HƏSƏNOĞLU
Azad Azərbaycan.- 2020.- 20
navqust.- S.11.