Nadir Şah Əfşarın nəvələrinin izi ilə

 

Özlərini ərəblərin və yəhudilərin Kureş, qədim yunanların və romalıların isə Kirus adlandırdıqları ilk Əhəməni imperatoru Böyük Küruşun nəslindən hesab edən Ərsakilərlə Sasanilər arasında qarşıdurmadan 5 əsr sonra Qureyşin soyundan olan ailələr arasında eyni süjet xətli dramatik hadisələr baş verdi. 750-ci ildə Məhəmməd Peyğəmbərin əmisi Abbas ibn Əbdul Müttəlibin törəmələri – Abbasilər Ərəb xilafətinə hakim olan Əməvilərə qarşı üsyan qaldırdılar. Abbasilərin ilk xəlifəsi Əbul Səffah, eyni ilə ilk Sasani hökmdarı Ərdəşir kimi, keçmiş sülalənin bütün nümayəndələrini kütləvi şəkildə qırdı. Əməvi şahzadələrindən yalnız bir nəfər – Əbdürrəhman özünün ağlı, cəsarəti və əzmi sayəsində onu öldürmək istəyən düşmənlərdən yayınaraq təkbaşına səhranı, sonra isə gəmi ilə dənizi keçərək İspaniyaya çıxa bildi və çoxlu macəralardan sonra orada yeni Əməvilər dövlətini qurdu.

 

Tarixdə buna bənzər hadisələr az olmamışdır. Onlardan biri haqqında qazax şairi Sayın Nazarbekulı məlumat verir («Oqni Manqistau» qəzeti): “1747-ci ildə Nadir şah Əfşarı qətlə yetirdikdən sonra sui-qəsdçilər onun bütün övladlarını öldürmüş, yalnız nəvəsi Şahruha toxunmamışdılar. Bu faciəli hadisələr zamanı Nadirin yaxın adamları şahın iki oğlan nəvəsinin həyatını xilas edərək Qazaxıstana qaçırıb köçəri qazax tayfalarına sığınmışdılar. Bers tayfasının başçısı Nadir şah Əfşarın nəvəsi Məlini oğulluğa götürüb ona Kulməliadını vermişdir. Əfsanəvi qazax bahadırı və akını (aşığı), Rusiya işğalına qarşı xalq üsyanının iki əsas rəhbərindən biri – Mahambet Utemisulı (1803–1848) həmin Kulməlinin oğlunun oğlu olmuşdur. Nadir şahın digər nəvəsi Mətini isə Aday tayfasından bahadır Toxtamışın nəvəsi Dospambet övladlığa götürərək Kulməti adlandırmış, öz uşaqları ilə onun arasında heç bir fərq qoymadan böyüdüb boya-başa çatdırmışdır. Kulməti Manqıstau qazaxları arasında öncəgörmə qabiliyyətinə malik olan, xəstələri müalicə etməyi bacaran, mömin, igid və güclü bir insan kimi ad çıxarmış, el arasında övliya Məti adı ilə tanınmışdır”.

 

Nadir şahın hər iki nəvəsinin adının əvvəlindəki “qul” sözünə gəlincə, Sayın Nazarbekulı yazır: “Bəzən bunu onların qazaxlar tərəfindən guya əsir götürülmələri ilə izah etsələr də, bu, əslində, səhv fikirdir”.

 

Qazax şairinin ehtimalına əsasən, “Nadirin atası İmamqulunun, oğlanları Rzaqulunun, Murtəzaqulunun, İmamqulunun, eləcə də şahın özünün Nadirqulu və Təhmasibqulu kimi adlarında qulu sözünün olması onu göstərir ki, həmin sözdən adqoymada istifadə bu ailədə bir ənənə idi. Beləliklə, mümkündür ki, Məlinin və Mətinin adları, əslində, Məliqulu və Mətiqulu formasında olmuşdur. Nadir şahın nəvələrinə sığınacaq verən qazaxlar şahzadələrin adlarındakı sözlərin yerlərini ona görə dəyişmişdilər ki, düşmənləri onları asanlıqla tapa bilməsinlər”.

 

Lakin bu fərziyyə belə bir sual doğurur: “Uşaqların adlarını tamamilə dəyişmək daha təhlükəsiz olduğu halda, qazaxlar niyə adlardakı sözlərin yerlərini dəyişməklə kifayətlənmişdilər?”

 

Həmin suala belə cavab vermək mümkündür: “Ola bilsin ki, onlar qüdrətli bir hökmdarın şəxsən qoyduğu adları başqa adlarla əvəz etmək istəməmişdilər”.

 

Bu fikirdə müəyyən bir məntiq olsa da, zənnimizcə, uşaqların adlarındakı “qul” sözü şahzadələrin əsirlikdə deyil, qəriblikdə olduqlarını bildirir, himayəsi altında yaşadıqları ailələrin doğma övladları ilə onlar arasında incə bir xətt çəkirdi.

 

Hekayəsinin davamında Sayın Nazarbekulı bildirmişdir ki, onun özü də həmin Kulmətinin nəslindəndir.

 

Bers tayfasından Joldığali Muxaciyev öz ata-babalarından nəql edir (“Qojalar.KZ” saytı): “Ulu babamız Kulməlinin atasının atası Nadir İran məmləkətinin padşahı olmuş, 1740-cı ildə isə Xivə və Ürgənc xanlıqlarını fəth etmişdir. Nadir şahın Orta Asiyaya hücumundan az bir müddət sonra (ehtimala görə, elə 1740-cı ildə) Bers tayfasının bahadırları Buxara ətrafında hərbi yürüşdə olarkən 5 yaşlı kimsəsiz bir oğlan uşağına rast gəlirlər. Döyüşçülərdən biri soruşur ki, a bala, adın nədir? Uşaq, Məli deyə cavab verir. Sonra onun üst geyiminin astar hissəsində bir yazı görürlər. Orada qeyd olunmuşdu ki, bu oğlan Nadir şah Əfşarın övladlarındandır. O zamanlarda şahlara xüsusi bir ehtiram var idi. Vəziyyətin ciddiliyini anlayan Jayık Bers uşağı özü ilə götürüb Tumaşa bağışladı. O, isə balacanı öz oğlu Jaubasarın bağrına basaraq– “bala tapdın” – deyib xeyir-dua verdi. Kulməli böyüdükdən sonra iki qadınla evləndi. Onlardan biri qazax, digəri isə kalmık qızı idi. Qazax arvadından Şıbıntay və Utemis, kalmık arvadından isə Kobılabay və Aytbay adlı oğlanları oldu. Kulməlinin nəvələrinin sayı qırxı keçmişdi”.

 

Tanınmış qazax yazıçısı və şairi Auezxan Kodar («Tamır» jurnalı): “Mahambetin babası Kulməli hələ uşaq ikən Bers tayfasından Tumaş adlı bir şəxs tərəfindən əsir götürülmüş və onun ailəsində böyümüşdür. Həmin vaxtdan Kulməlinin törəmələri Bers tayfasının ayrıca bir qolu sayılır. Kulməlinin nəslinə indi də ehtiramla yanaşan qazaxlar deyirlər ki, bu soydan çoxlu bəy, şeşen (natiq) və şair çıxmışdır. Mahambet özünü Nadir şahın nəslindən hesab etsə də, qazax ədəbiyyatşünaslığı həmin məsələnin üstündən sükutla keçir. Bunun əsas səbəbi isə odur ki, sözügedən məlumatların hamısına səhihliyi şübhəli olan əfsanələr və rəvayətlər kimi yanaşılır”.

 

Qazax antropoloqu Noel Şayaxmatovun rəyinin nəticə hissəsinə nəzər salaq («Portret po çerepu» əsəri): “Mahambet Utemisulı avropoid irqinin Pamir–Fərqanə qrupuna aiddir”.

 

Qeyd etmək lazımdır ki, özbəklərin bir hissəsini də əhatə edən həmin qrup azərbaycanlıların, türkmənlərin və qumuqların əksəriyyətinin mənsub olduğu avropoid irqinin Kaspi tipinə çox yaxındır.

 

Haşiyə: 2003-cü ildə bahadır Mahambetin 200 illik yubileyi UNESCO səviyyəsində qeyd olunmuş və həmin il onun şərəfinə Mahambet Utemisulı ili adlandırılmışdır. Qazax ədəbiyyatında siyasi lirikanın və realizm üslubunun əsasını Mahambet Utemisulı qoymuşdur. Şairin yaradıcılığının mühüm hissəsini istibdada və zülmə qarşı mübarizənin vəsfi təşkil edir. “Mənim berkutum,” “İsabəyin döyüşü,” “Yürüşə çağırış,” “Bizim işimizə qara nər gərək”, “Müharibə”kimi şeirlərində o, qazax xalqını azadlıq uğrunda mücadiləyə, savaşa səsləyir.

 

Kulməli ilə Kulməti barəsində qeyd etdiyimiz məlumatlar, əsasən, onların törəmələri arasında yayılmışdır. Qazax tarixçilərinin və ədəbiyyatşünaslarının əksəriyyəti isə həmin xəbərləri əfsanələrə və rəvayətlərə bənzədir.

 

Yeri gəlmişkən, Qazaxıstanda bu gün də ağızdan ağıza ötürülən daha bir rəvayətə görə, Mahambet Utemisulının əsli qızılbaşlardandır. Qazax ziyalılarından bəziləri bunu belə izah edirlər ki, Mahambetin mənsub olduğu Bers tayfası Səfəvilər dövləti ilə mehriban münasibətlər saxladığına görə, şairə el arasında “kızılbas” (qızılbaş) deyirmişlər. Bu ehtimal çox inandırıcı olmasa da, onu birmənalı şəkildə inkar etmək üçün əsasımız yoxdur.

 

Qeyd:

 

Kızılbas–Qazaxıstan Respublikasının Qərbi-Qazaxıstan vilayətinin Taskala rayonunda kənd;

 

Kızılbaş – Rusiya Federasiyasının Omsk vilayətinin İzılbaş kazak kəndinin keçmiş adı;

 

Kızılbaş – başqırdların Tabın tayfasının Barın oymağının bir nəsli;

 

Katay – başqırdların Tabın tayfasının Barın oymağının digər nəsli;

 

Kızılbaş–Katay – başqırdların Tabın tayfasının Teleu oymağının bir nəsli;

 

Katay – DNT testindən keçmiş üzvlərinin hamısı R1a–Z2123 haploqrupunun daşıyıcısı olan başqırd tayfası. R1a–Z2123 qədim arilərin haploqrupu hesab edilir;

 

Kızıl-Baş – Rusiya Federasiyasının Xakasiya Respublikasında çay.

 

Sözügedən rəvayətlərdə zahirən bir-birini təsdiqləyən, əslində isə, inkar edən iki maraqlı məlumat vardır:

 

Mahambet Utemisulı Nadir şah Əfşarın kötücəsidir;

 

Mahambet Utemisulı qızılbaşlardandır.

 

Əsas ziddiyyət isə bundan ibarətdir ki, Nadir şah Əfşar qızılbaş döyüşçüsü və sərkərdəsi olsa da, 1736-cı ildə qızılbaş hərəkatının təməli, özəyi olan Səfəviləri hakimiyyətdən salmış, bu sülalənin 435 illik şeyxliyinə, 235 illik şahlığına son qoymuşdur. Nadir şahın oğlu Rzaqulu mirzə isə Şah II Təhmasib Səfəvini və onun iki azyaşlı övladını vəhşicəsinə qətlə yetirmiş, lakin atası tərəfindən ciddi bir şəkildə cəzalandırılmamışdır. Amma bir məsələni də qeyd edək ki, bütün bunlara baxmayaraq, ətraf xalqlar həm Əfşar, həm də Qacar dövlətlərini uzun müddət adət üzrə “qızılbaş məmləkəti” adlandırmışdılar.

 

Beləliklə, bu qənaətə gələ bilərik ki, Mahambet Utemisulının qızılbaşlardan hesab edilməsinin bəlkə də başqa, daha əsaslı bir səbəbi olmuşdur. Bu məsələyə aydınlıq gətirmək üçün Nadir şahın hansı nəvələrinin Qazaxıstana qaçırıldığını müəyyənləşdirmək lazımdır.

 

Ənvər Çingizoğlunun və Aydın Əfşarın (“Avşarlar” əsəri)məlumatına görə, Nadir şah Əfşarın nəvələrindən birinin adı Möhbəli mirzə olmuşdur. Möhbəli mirzənin anası Fatimə Sultan bəyim Səfəvi şahı Hüseynin qızı idi. Bəlkə də Mahambet Utemisulının babası məhz həmin Möhbəli mirzədir. Ola bilsin ki, Nadir şahın nəvəsinin Möhbəli adı qazax dilində təhrifə uğrayaraq Məli formasına düşmüş, sonra isə atalığı ona Kulməli (qul Məli – əsirlikdə, yaxud qəriblikdə olan Məli) adını vermişdir. Əgər gümanımız doğrudursa, Məlinin nəvəsi Mahambetin qızılbaş kimi tanınmasının əsas səbəbi, sözsüz ki, onun ana babasının Səfəvi şahı olmasıdır. Lakin unutmaq olmaz ki, bu fikrin özü də yalnız bir ehtimaldır. Amma Joldiğali Muxaciyevin bəhsin əvvəlində qeyd edilmiş məlumatı Məlinin, əslində, Möhbəli olması barədə fərziyyəni bir qədər qüvvətləndirir. Belə ki, Muxaciyevin sözlərinə görə, Bers tayfasının döyüşçüləri Nadir şahın nəvəsi Məlini 1740-cı ildə Buxara şəhəri ətrafında aparılmış hərbi əməliyyatlar zamanı tapmışdılar və həmin vaxt uşağın 5 yaşı var idi. Məsələ burasındadır ki, “Avşarlar” əsərindəki məlumata əsasən, Möhbəli mirzə 1735-ci ildə doğulmuşdur. Bu isə o deməkdir ki, 1740-cı ildə həm Nadir şahın nəvəsi Möhbəlinin, həm də qazaxların tapdıqları və özünü Nadir şahın nəvəsi Məli kimi təqdim etmiş oğlan uşağının 5 yaşı olmuşdur. Amma elə həmin “Avşarlar” əsərində və digər mənbələrdə göstərilir ki, Möhbəli mirzə 1747-ci ildə Nadir şahın digər nəvələri ilə birlikdə qətlə yetirilmişdir. Bir məsələni də vurğulayaq ki, Şahruh mirzədən savayı Nadir şahın digər törəmələrinin həyatda olmadığı barədə istər yalan, istərsə də doğru məlumatın yayılması onun qatillərinin, xüsusi ilə hakimiyyəti zəbt etmiş qardaşı oğlu Əliqulu şah Əfşarın işinə, şübhəsiz ki, yarayırdı. Əliqulu şah anlamalı idi ki, əmisinin nəslindən kiminsə sağ qaldığı bəlli olarsa, müxaliflər onu axtarmağa başlaya bilərlər. Sözsüz ki, balaca şahzadənin özü, yaxud bənzəri tapılsaydı, hakimiyyətdən narazı qüvvələr onun ətrafında birləşərək xalqın gözündə legitimlik əldə edəcəkdilər.

 

Tarixlərin üst-üstə düşməsinə rəğmən, Joldığali Muxaciyevin nəql etdiyi hekayətlə bağlı müəyyən suallar yaranır: hadisə 1740-cı ildə baş vermişdisə, qazaxlar nə üçün uşağı Nadir şaha mükafat, pul müqabilində qaytarmaq istəməmişdilər? Qazaxlar Məlini 1740-cı ildə tapmışdılarsa, Məti onların əlinə nə vaxt keçmişdir?

 

Bu məsələlər isə öz növbəsində dəlalət edir ki, həmin uşaqlar Qazaxıstana çox güman ki, məhz Sayın Nazarbekulının göstərdiyi tarixdə – 1747–1748-ci illərdə gedib çıxmışdılar.

 

Qazax rəvayətlərinin təqdim etdiyi məlumatların səhihlik dərəcəsini yoxlamağın bir yolu da oradakı hadisələrin, adların və tarixlərin etibarlı hesab olunan mənbələrdəki faktlarla müqayisə edilməsidir. Məsələn, Joldığalı Muxaciyevin məlumatına görə, qazaxların arasına düşərkən Kulməlinin 5 yaşı olmuşdur. Sayın Nazarbekulının ehtimalına əsasən, ölümdən xilas edilərkən şahzadələrdən biri 7, digəri isə 10 yaşında idi. Başqa fərq ondan ibarətdir ki, Joldığalı Muxaciyev bu hadisənin 1740-cı ildə, Sayın Nazarbekuli isə 1747-ci ildə baş verdiyini güman edir. Beləliklə, Nadir şah Əfşarın nəvələrinin siyahısına nəzər salaq:

 

Rzaqulu mirzənin oğlanları:

 

Şahruh mirzə (1734–1796);

 

Möhbəli mirzə (1735–1747) – 12 yaş;

 

Əhmədqulu mirzə (1736–1747) – 11 yaş;

 

Humayun mirzə (1741–1747) – 6 yaş;

 

Bisütun mirzə (1744–1747) – 3 yaş;

 

Mahmud mirzə (1744 – 1747) – 3 yaş.

 

Murtəzaqulunun (onun digər adı Nəsrullah mirzədir) oğlanları:

 

Yulduz xan (1739–1747) – 8 yaş;

 

Mustafa Sultan xan (1742–1747) – 5 yaş;

 

Teymur xan (1743–1747) – 4 yaş;

 

Söhrab Sultan xan (1743–1747) – 4 yaş;

 

Murtəzaqulu xan (1745–1747) – 2 yaş;

 

Oğuz xan (1745–1747) – 2 yaş;

 

Oqatay xan (?–1747) – ? yaş;

 

Əsədullah xan (1747–1747) – bir neçə ay;

 

Nəsllah xan(?–1747) – ? yaş.

 

Göründüyü kimi, Rzaqulu mirzənin Əhmədqulu mirzə və Humayun mirzə adlı oğlanları 1747-ci ildə 11 və 6 yaşlarında olmuşlar. Murtəzaqulu mirzənin Yulduz xan adlı övladını da nəzərdə saxlaya bilərik. Ad bənzərliyinə və digər cəhətlərə görə ən uyğun olanı isə bundan əvvəl qeyd etdiyimiz kimi, Rzaqulu mirzənin Səfəvi şahzadəsi Fatimə Sultan bəyimdən olan oğlu Möhbəli mirzədir.

 

Söhbətimizin sonunda qazax şairi Sayın Nazarbekulının ulu babası Mətinin adı ilə bağlı fikir yürüdək. Ehtimal edə bilərik ki, dilimizdəki Mehdi adı XVIII əsr qazaxlarının ləhcəsində Məti şəklinə düşmüşdür. Lakin qeyd etməliyik ki, Azərbaycan dilində də Məti şəxs adı vardır. Amma Nadir şahın Mehdi və ya Məti adlı nəvəsi, yaxud azyaşlı oğlu olmuşdurmu? Bu sual əlavə araşdırma tələb edir.

 

P.S. Bütün bunlarla yanaşı, istisna deyil ki, uşaqlara Məli və Məti adları məhz qazaxlar tərəfindən verilmiş (adların bənzərliyi göstərir ki, müxtəlif ailələrin himayəsi altına keçənədək onlar bir yerdə qalmışlar), lakin sonradan həmin məsələ unudulmuşdur. Belə olan halda Kulməli və Kulməti adları altında qazaxlar arasında yaşamış şəxslər Nadir şah Əfşarın hansı nəvələri idilər sualı, çox güman ki, cavabsız qalacaqdır.

 

Araz  Şəhrili 

 

Azad Azərbaycan.- 2020.- 20 abqust.-S.8.