Jurnalist içində ən çox haqq-ədalət
gəzdirən insandı
Nədənsə, başlanğıcına rəvac
vermək istədiyim iş məni hər zaman gözlədib.
Artıq buna adət etdiyimdən, bir növ
alışqanlıq da yaranıb məndə. İmza atmaq istədiyim
bu rubrikanı da nə az, nə çox ilin əvvəlindən
gözləməli oldum. Bir neçə səbəb oldu ki,
onların da xırdalıqlarına varmaq istəmirəm. Lakin
əsas səbəb yeni rubrikanın ilk müsahibini tapmaq oldu.
Tapmaq deyəndə ki, əslində bir qələm əhli
üçün ətrafında olan həmkarı ilə
qabaq-qənşər oturub söhbətləşmək
çətin deyil. Lakin əgər söhbət bir
başlanğıcdan gedirsə, bu, ilk addım qədər
çətindi. Çətin deyib gözlədiyim ilk həmkar
müsahibimlə görüşmək üçün vədələşdikdən
sonra Balzakın bir kəlamını xatırladım:
“Gözləyə bilənə hər şey vaxtında gəlir”.
Bunu deyib özlüyümdə yeni rubrikamıza uğurlar
arzuladım.
Onunla tanışlığımız uzaq zaman
kəsiyinə söykənir. Hər ikimiz dövlət
televiziyasının həm əməkdaşı, həm bir
ictimai fəalı kimi eyni məkanda hər gün
rastlaşsaq da, uzun illər idi üz-üzə gəlmirdik. Və onu yeni rubrikamın ilk qonağı kimi
görmək istədiyimi bildirəndə, aldığım:
“məmnuniyyətlə” cavabı ötən illərin səmimiyyətini
xatırlatdı mənə. Oxuculara təqdim etdiyimiz yeni “Həmkar”
rubrikasının ilk qonağı Əməkdar jurnalist, teletənqidçi,
Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri,
“AZLEKS” elektron lüğətlər toplusunun baş redaktoru,
filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli ilə
maraqlı söhbətin yol yoldaşı olduq.
BAŞLANĞIC
Zəngilan rayonunun Babaylı kəndində
1954-cü ildə payızın son ayında bu dünyaya gəlmişəm.
1972-ci ildə Şuşada internat məktəbini, 1978-ci ildə
indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini
bitirmişəm. Təyinatla Azərbaycan televiziyasına gələrək,
burada otuz ilə yaxın məhsuldar bir yaradıcılıq
dövrü yaşadım. Reportyor kimi gəldiyim dövlət
televiziyasında proqram rəhbəri, baş redaktor vəzifəsinədək
bir yol keçməyə müvəffəq oldum. Peşəmlə yanaşı elmi fəaliyyət də
mənimlə qoşa addımlayıb. 1989-cu ildə namizədlik,
daha sonra 2004-cü ildə doktorluq dissertasiyalarını
müdafiə etdim. 2007-ci ildə Dövlət
televiziyasını tərk etsəm də, efirə olan
bağlılıq mənim alın yazımdı. Bir neçə
il Xəzər TV-də “Dost məclisi” və “Gündəm”
proqramlarına aparıcılıq etdim. Daha sonra Ayna TV-nin
“Aynada” verilişinin iştirakçılarından biri kimi
tamaşaçılarla görüşdüm, Günaz TV-də
“Mətbuat aynasında” proqramında aparıcı oldum. Sonda
Pressklub TV adlı Youtub kanalı açaraq hazırda ora rəhbərlik
edirəm, araşdırmalar, tədqiqatlar davam edir. Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin
“Televiziya və radio jurnalistikası” kafedrasının
professoruyam. Jurnalistikanın İnkişafına Yardım Fondunun
sədri, “AZLEKS” elektron lüğətlər toplusunun baş
redaktoru kimi vəzifələri də bioqrafiyama əlavə
edəndə, düşünürəm ki, bu günə qədər
hədər ömür yaşamamışam.
OCAQ
Sosial mənşə etibarilə sovet dövrünün
kəndli ailəsində anadan olmuşam. Atam Məmmədqulu
Məhərrəmovu güclə xatırlayıram,
çünki onu itirəndə altı yaşım vardı.
Lakin sonralar onun hərbi biletinə baxanda və
biləndə ki, Stalinqradda döyüşüb atamla fəxr
etsəm də, təəssüf ki, bunu özünə demək
imkanım olmayıb. Əmilərim də
Berlinə qədər döyüş yolu keçib. Son illər dünyasını dəyişən anam
Mirvari xanım sadə kəndli qızı olub. Anamı çox sevərdim. Onun
güclü oxumaq arzusu olsa da, müharibə buna imkan verməyib.
Lakin istəyi gerçəkləşməyən
anam riyaziyyatı, hesabı gözəl bilirdi, qəzetləri
hecalayıb oxuyardı, bəzən də mənə ucadan
oxutdurardı. Radioya qulaq asmağı hədsiz
sevərdi. Bütün sitatları radioda
eşitdiklərindən gətirərdi, tövsiyələrini
ordan edərdi. Çox iti yaddaşı
vardı. Bəlkə də, radioya olan
sevgimin təməli anamdan gəlir. Maarifpərvər
olan Mirvari xanım təhsili vacib bilirdi. Məktəbdə
pis oxumasaq da, anam daima bizə təhsilin gücünü hiss
etdirib. Biz dörd qardaş da
anamızın bu istəyini ürəyində qoymadıq.
İkimiz ali, ikimiz orta-ixtisas təhsilliyik.
Anam hər zaman bizə baxıb fərəhlənərdi.
Hiss edirdim ki, mənim cəmiyyətdəki mövqeyim onu
qürurlandırır. Atasız dörd
övlad böyüdən anamın el-obasından, ona əziz
olan yuvasından didərgin düşüb bu həsrətlə
dünyadan köç etməsi içimdə sızlayan və
heç zaman sönməyəcək bir yanğıdı.
JURNALİST
Universitetə qəbul olandan sonra maddi çətinlik
baxımından işləmək lazım gəldi və bir
müddət neft sahəsində çalışdım. Lakin təhsildə
yaranan çətinlik üzündən işdən
ayrıldım və qaldım təqaüdün ümidinə.
Maddı çətinliyim olsa da, tələbəliyim
çox yaxşı keçib, o mənada ki, gözəl
müəllimlərim olub. Nurəddin Babayev, Famil Mehdi,
Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Yalçın
Əlizadə, Qulu Xəlilov kimi həm şəxsiyyət, həm
də savadlı müəllimlərdən dərs almaq mənə
nəsib olub. Artıq üçüncü
kursda oxuyandan Teleradio Komitəsi ilə əlaqəm
yarandı. Radioda əvvəl
materiallarım getməyə başladı, daha sonra mənə
böyük verilişlər həvalə olundu. Praktik təcrübəni televiziyanın “Xəbərlər”
proqramında keçdiyimdən orada reportajlarım yer
alırdı. Tale elə gətirdi ki, təyinatımın
ünvanı da televiziya oldu. “Xəbərlər”də
reportyor kimi çalışdıqdan az sonra “Təhsil “ redaksiyasına keçdim. Televiziya
elə bir məkandı ki, orada yerində dayanıb saymaq
olmur, təbii ki, işgüzar və peşəsini sevənlər
üçün. Beynəlxalq həyat
şöbəsi açılanda məni ora müdir təyin
etdilər. O zaman 27 yaşlı bir gənc idim. O
icmalları Seyfəddin Qəndilov, Murtuz Ələsgərov, Həmid
Əliyev kimi ictimai xadimlər aparırdı. Hər
gün gündəlik efirə çıxan verilişə məsul
olmaqla, böyük bir məktəb keçdim. 1990-cı ildən sonra televiziyada mənim
üçün həm sürətli inkişaf, həm də
məhsuldar bir dövr başladı. Həmin
zamanda müxtəlif illərdə televiziyaya rəhbərlik
edən Məmməd Murad, Məmməd İsmayıl xəbər
aparıcısı kimi efirin qapılarını üzümə
açdı, Babək Hüseynoğlunun dövründə
karyera yüksəlişlərim oldu. Şöbə
müdiri, şərhçi, siyasi icmalçı, “Səhər”
proqramının rəhbəri, baş redaktoru oldum. Və sonda elə bir məqam çatdı ki, zəhmətlə
illərimi sərf etdiyim, mənə doğma məkanı tərk
etməli oldum. İndi otuz illik bir zaman kəsiyindən
geri boylananda, o prosesləri bir daha görürəm - hansı
mərhələləri keçmişəm, kimlərli
tanımışam... Yanımda olan, əlimdən
tutan, kömək edən insanları həmişə ehtiramla
xatırlayıram. Radioda çox zirək,
qayğıkeş Məryəm Zöhrabova, demək olar ki,
redaktənin incəliklərini öyrəndiyim, prinsipial, təmiz,
dürüst bir insan olan Əhməd Xaspoladov unuda bilmədiyim
insanlardı. Tələbəlik illərindən
tanıdığım televiziyanın “Xəbərlər”
proqramının baş redaktoru Ənvər Qafarlını
necə xatırlamayasan? Burada qabiliyyəti olan jurnalistlərə
o qədər həssas yanaşırdılar ki... Çox obyektiv insan idi, bizə etimad göstərib
maraqlı mövzular verirdi. Yazdıqlarımızı
yaşlı redaktorların redaktə etməyinə imkan
vermirdi. Deyirdi ki, onlar sizi çərçivəyə
salacaqlar. Ona görə
yazılarımıza özü baxardı. O insanları
unutmaq günah olar. Üstümdə həm əməkləri,
həm da haqları var, hər zaman onları qiymətləndirirəm.
Geriyə boylananda böyük zəhmət
görürəm, ciddi çalışqanlıq, verilişlər,
yuxusuz gecələr, uzun sürən montaj saatlarını
görürəm. Səhər
açılır, amma sən hələ də montaj
otağındasan. Bunların hamısı
olub və nə yaxşı ki olub. İnsan
zəhmətini görəndə, düz yolda olduğunu
anlayır. Hadisələr səni həyata,
dəyərlərə bağlayır, sərbəst
seçimini müəyyənləşdirir. Jurnalistika davamlı bir prosesdi velosiped sürmək
kimi. Velosipedin hərəkəti dayanan kimi
o mütləq aşacaq. Peşəsindən
uzaqlaşan jurnalist kriteriyaları itirir, prinsiplərə, vərdişlərə
yadırğayır. Jurnalistikada heç
bir halda yorulmaq olmaz. Yoruldunsa, kənara
çəkilməlisən, prinsiplərə gücün
çatmırsa, dayanmalısan, özü də birdəfəlik.
Dincimi alım, yenidən jurnalistikaya
qayıdım kimi bir söhbət yoxdu. Jurnalistikanı
kimlərinsə əlində vasitə hesab edənlər
böyük yanlışlıq içindədi. Dünyada yeganə peşədi ki, ondan həqiqəti
söyləmək tələb olunur. Jurnalistika
ruhun vəziyyətidi, içində haqq-ədalət gəzdirən
insandı jurnalist.
YOL
Həyatda seçdiyim peşə ilə kifayətlənmədim,
çünki məni maraqlandıran elmi fəaliyyət
adlı bir sahə də vardı. Diplom işimin rəhbəri
mərhum Tofiq Rüstəmov mövzu ətrafındakı
işimi çox bəyənmişdi və arzusunda idi ki, onu
namizədlik dissertasiyası kimi genişləndirim. 1981-ci ildə “Tədris” redaksiyasında Azərbaycan
dili ilə bağlı bir verilişimiz vardı. Aparıcıları indiki akademik Kamal Abdulla və
Aydın Məmmədov idi. Aydın Məmmədov
məsləhət gördü ki, mövzunu sənətşünaslıq
yox, dil aspekti tərəfindən işləyim. Məsləhətə
qulaq asdım, mənə kömək etdilər, mövzu Elmlər
Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutunda təsdiq edildi və 1989-cu ildə
“Radiodramaturgiya dili” adlı namizədlik dissertasiyamı
müdafiə etdim. Radioda görüntü
yoxdu, hər şey dilin üstündə olduğu
üçün bu, mənə çox maraqlı idi.
Jurnalist fəaliyyətim daha çox televiziya ilə
bağlı olduğundan 2004-cü ildə “Televiziya dili:
funksiya və struktur” mövzusunda doktorluq işimi müdafiə
etməklə, ona da borcumu ödədim. Müstəqil
Azərbaycanda jurnalistika sahəsində ilk elmlər doktoruyam,
Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin
“Teleradio jurnalistikası” fakültəsinin professoruyam. Tofiq Rüstəmov və Yalçın Əlizadədən
sonra radionun tarixini yazmaq kimi bir məsuliyyətin altına girə
bildim. Bir qədər də
xırdalıqlara vararaq, arxivlərdə araşdırmalar
apararaq, televiziyanın tarixini işləməyə nail oldum və
bunu külliyat şəklində nəşr etdirdim. Araşdırmalar, tədqiqatlar davam edir. Həm jurnalistika, həm dilçilik sahələrinə
daha çox fayda verməyə çalışıram.
Çünki bunlar vacib və cəmiyyəti irəli
aparan sahələrdir. İndi mənim
üçün praktik jurnalistika və tədris ən əsasdı.
Bu iki sahənin ciddi problemləri var, onların
həllində bu və ya başqa formada yardımçı
olmağı vacib bilirəm.
MEDİA
Etiraf edirəm ki, Azərbaycan jurnalistikasından razı
deyiləm. Bizim jurnalistikanın prinsipləri, qızıl
qaydaları var. Dövlət televiziyasının müəyyən
çərçivə daxilində olmasına baxmayaraq, orada
işlədiyim müddətdə bunlara əməl etməyə
çalışmışam. Jurnalistikanı
xidmətçi kimi göstərəndə o, faciəyə
çevrilir. O jurnalistika ki, cəmiyyətə xidmət
edir, bax, onda onun gözəl abu-havasını hiss edirsən. Jurnalistikanın ən başlıca prinsipi cəmiyyəti
məlumatlandırmaq və ona həqiqəti söyləməkdir.
Bu baxımdan bizim jurnalistika öz
missiyasını düzgün yerinə yetirə bilirmi? Elə bir televiziya verilişi varmı ki, 80-90 faiz
tamaşaçını öz ətrafına cəm edə
bilsin? Mən sırf verilişləri nəzərdə
tuturam, sosial layihələri yox. Lakin son
iki ildə mediada müəyyən proseslər gedir, onu klassik
məcraya qaytarmaq cəhdləri hiss olunur. 90-cı illərin ortalarında yaxşı jurnalistika
vardı. Hazırda çox təzadlı
bir hal müşahidə olunmaqdadı. Dövlət
mediaya maddi dəstək göstərdikcə, o, iflic vəziyyətinə
düşüb. Sanki qeyri-peşəkarlıq,
bacarıqsızlıq, daxili senzura birləşərək,
bugünkü medianı axsadır. Elə
bil mediamız gözüqıpıq, qorxaq olub. Tənqid yazmır, istisna hallarda yazdığı tənqid
qərəzli olur, insanların şəxsi həyatına
müdaxilə edir. Bütün bunlar
yolverilməzdi. Peşəkar jurnalistdə
qərəz olmamalıdı. Qərəzli
jurnalist varsa, deməli, tərəzinin bir gözü əyilib.
Haqqın yanında olmağı, maarifləndirməyi,
keçilən yollara işıq salmağı,
nöqsanları tənqid etməyi bacaran media dövlətin
aparıcı qüvvələrindəndi. Niyə jurnalistika ictimai əhəmiyyəti olan hadisələri
işıqlandırır? Çünki o
hadisələr dövlətin, cəmiyyətin, insanların həyatıdı.
Bu sualı bütün jurnalistlər
özünə versə idi, məişət xəbərləri
bu qədər çoxalmazdı. İndi sual edirəm: -
Belə xəbərlərlə jurnalistikanı yaşatmaq
olar? Qeyri-peşəkarlıq, daxili
azadlığın, sərbəstliyin, müstəqilliyin
olmaması, KİV-in iqtisadi bazasının güvənsizliyi
bu gün Azərbaycan mediası üçün ciddi problemlərdi.
Bəzən eşidirəm deyirlər ki, niyə
senzura yoxdu? Mətbuatda heç bir senzura ola
bilməz. Senzura redaktorun içində
olmalıdı. Peşəkar redaktor
yazıya baxan kimi onun xeyrindən çox ziyanını
görüb qəzet səhifəsinə və ya sayta yerləşdirmirsə,
bu, senzura deyil. Bəs niyə insanlar
senzuranın tərəfdarıdı? Etik
normaların pozulduğuna, insanların şəxsi həyatına
müdaxiləyə, təhqirə görə. Medianın dayanıqlığında KİV
haqqında qanun və bir də etik tənzimlənmə var. Qanun
bizə ədaləti təlqin edə bilmir, lakin etik tənzimlənmə
deyir ki, sən bu məsələyə vicdan və ədalətlə
yanaşmalısan. Senzura mətbuatı və
söz azadlığıını məhdudlaşdırmağa
yönəldir ki, bunu da 1998-ci ildə Heydər Əliyev
götürdü. Nəticədə
mediaya yüksək dərəcədə ağıllı,
şüurlu jurnalist gəldi və etik qaydaların gözlənilməsi
öz yerini tapdı. Bütün bunlar
yazdığım dərsliklərdə öz əksini
tapıb, tələbələrə, treninq və təlimlərdə
iştirak edən gənclərə də
aşılayıram.Təəssuf ki, bunları bilməyən
repotyor, gənc jurnalist ağına-bozuna baxmadan sensasiya xatirinə
istədiyini yazır, çap edir və əks nəticə
alınır.
HƏMKAR
Qələmlə mənim istəyim həmişə
qarşılıqlı olub. 7-8-ci siniflərdə
“Şuşa” qəzetinə məqalələr
yazırdım. İlk yazım məktəbimizin kitabxanası
haqqında idi. Oradakı kitabların böyük qismini
mütaliə etmişdim. Müəllimlər birinin
tapşırılan kitabı oxuyub-oxumadığını mənim
verdiyim suallardan bilərdi. İdmanı çox sevirdim, o haqda
da yazırdım. İdman müəllimim mənim prokuror
olmağımı istəyirdi. Deyirdi ki, sən
idmançı ola bilməzsən, çünki içində
ədalət hissi çoxdu. Biri ilə güləşərkən
hiss edəndə ki, kürəyimi yerə vurmaq
üçün çox cəhd edir, onun əzabını qəbul
edə bilmirdim, istəmirdim ki, arzusu ürəyində
qalsın.Birini yıxaraq qalib olmaq kimi bir məqsəd güdməmişəm.
Uşaqlıqdan təbiətimdə dalaşqanlıq vardı
deyə, güləşin fəndləri mənim
üçün bir məktəb idi. Diqqət mərkəzimdə
isə qələm, yazı-pozu əsas yer tuturdu. Qəzetdə
məqalələrim çıxanda ona müqəddəs kimi
baxırdım, çünki orda adım vardı, imzam
vardı, əbədilik vardı. Məni ən çox cəlb
edən də bu əbədilik idi. Lakin düşünürəm
ki, mən yaxşı cərrah, istintaqçı da ola bilərdim,
amma nə yaxşı ki olmadım, çünki o sahədə
ədalətsizlik çoxdu. Yazıda isə bir sənsən,
bir qə qələmin. İstəyəndə yazırsan, istəməyəndə
yazmırsan, sifrariş yerinə yetirmirsən. Əfsus ki, indi babat bir jurnalist
haqqın yanından ötüb nahaq yaza bilir. Mən bunu
qəbul edə bilmirəm, çünki həmişə həqiqəti
deməyə çalışmışam, alınmayanda
gücüm susmağa çatıb. Fəaliyyətimin bir
qolu təhsillə bağlı olduğundan gənclərlə
daima ünsiyyətdəyəm. Gənclərlə problem
bütün dövrlərdə olub. Üç min illik tarixi
olan Misir ehramlarının kitabələrində
yazılıb ki, gənclər xarab olub, çox korlanıb,
bizim gəncliyimizə bənzəmir. Yeni gənclik yeni
dalğa, yeni enerji ilə gəlir və onların istəklərinə
normal baxmaq, tələblərinə anlayışlı
yanaşmaq lazımdı. Təbii ki, dağıdıcı
deyil, kreativ beyni məhsul istehsal edən gəncliyi nəzərdə
tuturam. Bu gəncliyin yolunu düzgün məcraya yönəldəndə,
o millətin gələcəyinə çevrilir. Əgər
yüz gəncin içində beş nəfəri sağlam
düşüncəli olarsa, deməli, milləti irəli
aparan onlar olacaq. Ona görə də bu günün gəncləri
ilə dialoqa girmək, dediklərini götür-qoy etmək,
anlamaq lazımdı. Etiraf edim ki, razı qaldığım gənclər
çoxdu və bu da sevindiricidi. Keçdiyim həyat yoluna nəzər
salanda düşünürəm ki, hədər ömür
yaşamamışam. Bütün bunlara rəğmən illərdi
özümü itkisi olan adam kimi hiss edirəm. Nə
doğulduğum Zəngilan var, nə də mənə
çox əziz məkan olan Şuşa. Həyatımın ən
ağır günlərindən biri Şuşanın
süqutudu. Təkcə ona görə yox ki, o,
Qarabağın bir parçasıdı, Şuşa mənim
uşaqlığımın xatirə beşiyidi. Gecə xəbərlərində Müdafiə
Nazirliyinin Şuşa ilə bağlı məlumatını
oxuyub, rahat evə gedən mən, ertəsi günü
böyük bir tarixin şahidi, yadellilərə sinə gərən
qədim torpağın işğal olunduğunu eşidəndə,
sözlə ifadə edilməyəcək hiss keçirdim.
Hər gecə Zəngilan və Şuşa ilə
bağlı filmə baxıram. İşğaldan sonra
oraları görmək arzum çox güclüdü. Parlaq
xatirələrim yada düşdükcə, əlimin oralara
çatmamağı, yurdundan, ev-eşiyindən didərgin
düşən qohumları bir qərib kimi görmək
ürəyimi ağrıdır. Lakin içimdəki
ümid çox böyükdü, xüsusilə indi.
İnanıram ki, bir gün o çəkilən çaxmaq,
açılan atəş çox şeyi həll edəcək.
Ölkə başçısının düşmən tərəfin
rəhbərliyinə: “Gəl bizimlə təkbətək
vuruş, təkbətək, baxaq görək bunun
axırı nə olacaq” deyə səslənməsi
Qarabağ müharibəsinin ağılla,
düşünülmüş şəkildə
labüdlüyünə işarədi. Uzun illərdi davam edən
bu münaqişənin sonu mütləqdi və onun yaxın
zamanda öz həllini tapacağına inam var. Əhməd bəy
Ağaoğlu Həsən bəy Zərdabinin dəfnində
belə bir çıxış edib: “Ey ali-zat, sən o
dünyaya gedərsən, o dünyada bizim
babalarımızı görəndə, onların
yaxasından yapışıb soruşarsan ki, bu nə Vətəndi
bizim üçün qoyub getmisiz?” Elə etməliyik ki, gələcək
nəsil də bizim yaxamızdan yapışıb: “Bu nə
parçalanmış Vətəndi qoyub getmisiz” deməsin. Bu
problemi onların çiyinlərinə yükləməyə
haqqımız yoxdu. Ailə tərbiyəsi, şəcərəsi,
nəslin performansı deyilən bir anlayış var ki, bu, biz
azərbaycanlılar üçün daha xarakterikdi. İki
qızım var – böyüyü pediator, kiçiyi tərcüməçidi.
Əxz etdiklərimi onlara vermişəm deyə bilərəm.
Onların tərbiyəsi də, ictimai düşüncəsi
də kökdən gəlir. Hərdən qızların bəzi
davranışlarında elə məqamlar görürəm
ki, bunları onlara heç deməmişəm. Bunu bir dəfə
soruşanda kiçik qızım dedi ki, sənin bir vaxtlar
etdiyini indi oxşar situasiyada biz edirik. Bəzən uşaqlar
gerçək nümunələrdən tərbiyə
alır. Böyük nəvəmin içindəki ədalət
hissini görəndə, sanki özümü görürəm
və bu məni çox fərəhləndirir. Zənnimcə
həmkar olan həyat yoldaşımla onlara verdiklərimizlə,
özlərinin də həyatdan
görüb-götürdükləri sayəsində xeyli irəli
gedə biliblər. Bu da həyatda qazandığım ən dəyərli
sərvətimdi.
VƏTƏN
Vətənin dərdləri ilə yaşaya
bilirsənsə, deməli, o sənin Vətənindi. Heç uzağa getməyək, ötən ay sərhəddə
yaşanan bir problem xalqı ayağa qaldırdı. Əgər
əlin Vətənin nəbzi üzərindədisə, onu hər
zaman hiss edəcəksən. Övladlarımızı da, gənclərimizi
də Vətənin dərdləri ilə yaşamaq hissilə
yetişdirməliyik. Bax, onda Vətən həmişə
var olar.
P.S. Həyatda ilkləri hər zaman həyəcanla
yaşamışam. Bu dəfə isə həyəcan ikiqat
oldu, çünki müsahibim mənim üçün ən
əvvəl həmkar idi. Həm tanıdığım, həm
tanımadığım, üstəlik də mükəmməl
bir həmkar. Vaxtın necə keçdiyini hiss etməsəm
də, deyəsən suallarla onu yormuşdum. Buna rəğmən
xoş ovqat, yeni uğurlar və səmimi arzularla ilk həmkar
müsahibimlə sağollaşdıq və eyni yolda
yürüsək də, hərə öz səmtinə tərəf
üz tutdu.
Tamilla TEYMURQIZI
Azad Azərbaycan.- 2020.-20
avqust.- S.6