Bir şair anamız vardı...
]
Bu gün Azərbaycanın Xalq şairi
Mirvarid Dilbazinin doğum günüdür
Dövri-zamanın ağır dönəmlərində
ürcah olduğu acıları, qara-qorxuları vahiməllər
içində yaşayan dözümlü, dəyanətli,
mükəddər şair anamız...
“Zəhərə batırılmış badam
içi” kimi keçən uşaqlığının, gənclik
çağlarının göyərtdiyi xatirələri ədəbi
yaddaşında hifz edən duyğusal şair anamız...
Ömrünə xəbərsiz gələn
küləklərin vıyıltılarına bapbalaca, zərif
vücudu ilə duruş gətirən, qaranlıqlardan
aydınlığa yol alan mükəmməl şair
anamız...
Qovğalardan mətanətlə, mərdliklə
çıxan, ictimai ağrılara, haqqa, ədalətə
ürəyini söykəyən el anası, xalqının
çox sevdiyi şair Mirvarid Dilbazi...
Bu fikirlər yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru Şəfəq
Nasirin Azərbaycanın Xalq şairi, “İstiqlal” ordenli
Mirvarid Dilbazinin anadan olmasının 108-ci ildönümünə
həsr etdiyi “Bir şair anamız vardı...” məqaləsində
yer alıb. Yazını oxuculara təqdim edirik.
XX əsr Azərbaycan poeziyasının görkəmli
nümayəndələrindən olan Mirvarid Dilbazi
çoxçeşidli mövzularda yazdığı əsərləri
ilə böyük bir yaradıcı ömür yaşamışdır.
Həyatının ilkin çağları dünyanın
siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir
dövrünə təsadüf etmişdi. Kökünün,
nəslinin yaşadığı iztirablar, qorxular,
sürgünlər, ölümlərlə müşayiət
olunmuş acı xatirələri illərlə
yaddaşında qövr etmiş, zaman-zaman onu böyük bir
həyat məktəbində yetişdirmişdir. Bütün
bunlar şairin bədii, poetik yaradıcılığında
– şeirlərində, poemalarında sənətkarlıqla
öz əksini tapmışdır.
Belə bir acılarla yaşayan sənətkarın
həyatından da aydın olur ki, Mirvarid Dilbazinin
yaradıcılıq yolu çətin dolaylardan, məşəqqətlərdən
keçib. Şair yaşadığı
ağrı-acılarını Vətəninə, xalqına
olan məhəbbətini ictimai məzmun və ideyası ilə
ədəbiyyata gətirmişdir. Belə bir tarixi
dövrün səhifəsini yazmaqla o, həm də şəxsiyyətinin
bədii obrazını əbədiləşdirmişdir. Təbii
ki, bunlar ilk olaraq özünü yetişdirməkdən, təhsil
illərindən keçib. Vaxtilə bir nəslin
qeyrətli övladlarına – daim ali məktəbdən
qovulmaq qorxusuyla yaşayan Mirvarid xanımla bacısına dayaq
duran Musaköy kənd camaatının xeyirxahlığı həyat
yollarına işıq saldı. Bədii-poetik təbiətə,
təfəkkürə malik olan Mirvarid təhsildə və ədəbi
yaradıcılığında mükəmməllik
qazandı…
XX əsrin əvvəllərindən
başlayaraq, xüsusən də Cümhuriyyət
dövründə və sonrakı illərdə Azərbaycanda
böyük bir maarifçi nəsil yetişmişdi. Bu bəsirətli
ziyalılar millətin qəflətdən oyanmasına,
dünyəvi məktəblərin açılmasına,
qadınların təhsil almasına çalışırdılar.
Belə bir vaxtda gənclik köynəyini yenicə
əyninə almış, bədii yaradıcılığa
könül vermiş Mirvaridin “Qadınların hürriyyəti”
adlı ilk şeiri “Oktyabr alovlanır” məcmuəsində dərc
olunur. 1934-cü ildə isə “Bizim səsimiz” adlı
kitabı işıq üzü görür. Elə o vaxtlardan zamanın nəbzini tutan, mənəvi
gücünə söykənərək, özünün
poetik incilərilə xalqın yetişməsi, inkişafı
istiqamətində qələm çalan M.Dilbazi Vətənin
taleyi, qüdrətlənməsi yolunda ideoloji mübarızəsini
böyük coşqu ilə davam etdirdi…
Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da şairlər
yurdu Qazax rayonunun Musaköy (indi Xanlıqlar adlanır) kəndində
anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat-İctimaiyyət
fakültəsində təhsil alan Mirvarid ilk əmək fəaliyyətinə
Quba Partiya məktəbində ədəbiyyat müəllimi
kimi başlayıb. Bundan sonra Bakıda Azərbaycan
EA-nın Əlyazmalar Fondunda şöbə müdiri, Azərbaycan
Dövlət Nəşriyyatında tərcüməçi vəzifəsində
işləyib. 1934-cü ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət
işçisi (1976), Azərbaycanın ilk qadın Xalq
şairi (1979), “İstiqlal” ordenli Mirvarid Dilbazinin ədəbi-bədii
yaradıcılığı poeziyaya yenicə gələn gənc
şairlər üçün böyük bir həyat məktəbi,
eləcə də həmin dövrü araşdıran tədqiqatçılardan
ötrü səhih mənbə və məxəzdir.
Zənnimcə, Mirvarid Dilbazini tərcümeyi-halının,
zəngin ədəbi irsinin timsalında oxuculara təqdim etmək
elə də çətin deyil. Amma mənə elə gəlir
ki, sənətkar ədəbi şəxsiyyət olaraq həqiqi
obrazını özü daha dürüst və dolğun təsvir
edib.
Əslim – Dilbazilərdən
Mərdlər böyüdən yerdən,
Südüm mələk südüdür,
Sərvətim nəğmələrdən –
Özüm də Dilbaziyəm
Azərbaycan qızıyam!
Mirvarid xanım həyatda baş verən hadisələrə
hər zaman həssaslıqla yanaşmış, onlara
özünün ədəbi baxışları ilə
münasibət bildirmişdir. Yaradıcılığa
könül verdiyi 70 ildə şairin XX əsrin ikinci
onilliyindən başlamış, 2001-ci ilə qədər
(ömrünün sonunadək) olan dövrün
panoramını görmək mümkündür. Şairin
yaradıcılığında müharibə mövzusuna həsr
olunmuş əsərləri, o cümlədən “Döyüş imtahanı”, “Kamal”, “Vətən
eşqi”, “Qoçaq ataların qoçaq övladları”,
“Xatirələr”, sonrakı illərdə isə “Sənətkarın
xəyalı”, “Məhəbbət bizimlə qoşa
doğulur”, “Həyat lövhələri”, “Bənövşələr
üşüyəndə”, “Ana qanadı”, “Dağ
çiçəyi”, “Durnalar ötüşəndə”
“Çiçəkdən-çiçəyə”…
kitablarında yer almış şeirləri, poemaları əsasən
yaddaşından boy göstərən xatirələrin,
müşahidələrin bədii təxəyyülündə
yaratdığı mənzərələrində öz əksini
tapmışdır.
Bu sətirləri yaza-yaza yaxın vaxtlarda
M.Dilbazinin “Seçilmiş əsərləri”ndən (2004)
tanış olduğum şeirlərini, poemalarını
xatırladım. Həmin əsərləri nəzərdən
keçirdikcə Vətən dərdləri ilə dolu olan
şairin sanki qəlbinin səsini eşidirdim. “Öpün bu
qanlı torpağı”, “Türkiyəyə gedən yollar”, “Vətən
oğulsuz olmasın”, “Qoymayın ağlayım məni”, “Vəzifə
məhək daşıdır”,
“İthaflar”, “İnsan və məhəbbət”, “Poemalar”,
“Pyeslər”dən ibarət bölmələrin hər birində
lirik-romantik istiqamətdə, eləcə də realist
üslubda yazdığı əsərlərindəki xalq həyatı,
insan taleyi və mənəviyyatı, vətənçilik əxlaqının
təsviri məndə böyük təəssürat oyatdı. Aldığım qənaətlər
düşüncəmdə Mirvarid Dilbazinin şair, ana
obrazını canlandırdı. Ömrünün sonunacan qələm-kağızdan
bezməyən, ədəbi-bədii fəaliyyətindən
yorulmayan şairin ahıl çağlarının
yaradıcılığını gözlərimin
önündən keçirdim. Xalqımızın
başına gətirilən müsibətlər,
torpaqlarımızın işğalı, şəhid
oğullarımızın acı taleyi,
Qarabağımızın düşmən tapdağı
altında inləməsi Mirvarid xanımı korun-korun
yandırırdı. Vətənin dar günlərində bu Vətən
qızı xalqın taleyini öz həyatında
yaşadı. Mirvarid xanım həmin günlərdə ürəyində
böyük ağrılar daşıyır, bu
ağrıları, yanğılarını isti göz
yaşları təki ağ vərəqlərə səpirdi.
1990-cı ilin Yanvar qırğınları
yaradıcılığından odlu bir xətlə
keçdi. Günü ağlamaqla keçən
şairə “ağlama” dedikdə o, haqlı olaraq belə cavab
verirdi ki, axı mən necə ağlamayım ki, millət
ağlayır… görün, başımızın
üstündən necə bir tufanlar əsir, xalqımıza
zülm oldu, millət ağlayan yerdə mən necə
ağlamayım… O qanlı günlərdə şairin
ana qəlbi haray çəkirdi: “Mən bir ana fəryadıyla,
İndi sizi, dərdimizi Dinləməyə
çağırıram Ey insanlar…” Amma bu ağır günlərdə
şair özünə qayıtmağı da bacarır, belə
məqamlarda sanki bir səs onu silkələyirdi: “… Dur,
ağlama, Düzəlt qəddi-qamətini! Dərdə, qəmə
səsləmə sən, Dərddən güclü millətini!
Dur! Ağlama! Vətən yolunda canlarından
keçənlərə “Rəhmət sizə, ey igidlər!”
deyərək, onların bədii obrazını
yaradırdı. Şairin öz elindən, yurdundan didərgin
düşmüş qaçqınlara həsr etdiyi “Ağla,
kamanım ağla”, “Qoymayın ağlayım məni”, eləcə
də Qanlı Yanvar günlərində qələmə
aldığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər
qəbiristanında”, “Qanlı yanvar bayatıları…” kimi
şeirlərini ağlamadan, titrəmədən, həyəcansız
oxumaq mümkün deyil… O şənbə gecəsində və
ondan sonrakı günlərdə ərini, qardaşını
itirmiş gəlinlərə, qızlara sənətkar
göz yaşları içində deyirdi:
Ağlama kamanım, sazım ağlama!
Sil bu göz yaşını, gözüm,
ağlama!
Gəlinim ağlama, qızım, ağlama,
Dərddən güclüləri dərd əyə
bilməz!
Qırılan ağacın yerində müdam
Təzə ağac əkər qüdrətli
bağban,
Təzə nəsil böyüt, ey dərdi
ümman!
Oğulsuz millətə millət deyilməz!
Dərddən güclüləri dərd əyə
bilməz!
Bu dərdimizin ardınca gələn Qarabağ
ağrıları… Şairin qəlbində hələ
uşaqlığından müharibələrə,
ölümlərə, itkilərə üsyan edən səsi-sözü
burda da haray qoparır: Gah gülümsər gözüm, gah
da qan ağlar. Hey dil tutub, ürək ağlar,
can ağlar, Ürəyimdə bir Qarabağ qəmi var, Vətən
qəmi heç bir qəmə bənzəməz… Sənətkar
cənnət yurdumuzu qoruyan igid oğullarımızı bir
ana məhəbbətilə vəsf edir, onları el-obaya, Vətənə
tanıdır: Vətən dar ayaqda mərd oğul istər,
əgər oğulsansa, dur hünər göstər!
Döyüşdə sınanır qəhrəman kəslər,
Ey vətən, cəsurdu, ərdi Qorxmazın!
Yəqin ki, Mirvarid Dilbazini həyatda görənlər
1990-ci ilin Qanlı Yanvar hadisələrində,
ömrünün sonunacan yaşadığı illərdə
şairi qara yaylıqda xatırlamamış deyillər. Həmin
tarixi günlərdə təkcə bu əlamət, hadisə
ilə o, xalqın yaddaşında Azərbaycan qadını,
el anası, millətin anası obrazının həqiqi cizgilərini
yarada bilmişdi. Qəlbində
daşıdığı milli-ictimai bəlaları bir ana kimi
öz müşahidələri, yaşantıları ilə təsvir
edən şairin xalqın taleyindən yana
ağrılarını duymamaq, ondan təsirlənməmək,
nəhayət, anamızın səsindən-sözündən
ehtizaza gəlməmək, titrəməmək
mümkünmü…
Mirvarid Dilbazinin
yaradıcılığının bir qolu da uşaq ədəbiyyatı
olmuşdur. Şairin balacalar üçün
yazdığı nağıllar, şeirlər, hekayələrini
bu gün həm uşaqlar, həm də böyüklər sevərək
oxuyurlar. 1940-cı ildən başlayaraq, uzun illər
kiçik yaşlı uşaqlar üçün əsərlər yazmağı özünün mənəvi
borcu hesab edən müəllif, vətən
övladlarının düzgün tərbiyə olunması,
yurdunu, torpağını sevməsi və vətənpərvər
ruhda böyüməsini yaratdığı əsərlərində
böyük məhəbbət və məsuliyyətlə təsvir
etmişdir. Mirvarid xanım həmişə deyirdi ki,
uşaqlar üçün əsərlər yazmaq
bütün şair və yazıçıların, ədəbiyyat
adamlarının bir ziyalı, vətəndaş borcudur. Biz bu
borc hissini heç zaman unutmamalıyıq…
Mənə elə gəlir ki,
uşaqlıqdan qəlbinə çökən nisgil, gözlərinə
dolan yaş həyatı boyu şairin gözündən-könlündən
silinmədi, əksinə, yaddaşında şırım
açdı. Taleyinin qarşısına
çıxardığı ağrılarla yaşadı,
yazdı, yaratdı. Mirvarid Dilbazi şeirlərinin birində
deyirdi: “Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!” Həqiqətən,
bütün həyatı boyu içində gur bir ocaq
çatdı, yana-yana yazdı, yaratdı və özündən
sonra ədəbiyyatımız üçün, gənc nəsildən
ötrü ibrətamiz, mükəmməl bir ömrün
izini qoyub getdi… Ruhu şad olsun.
Nasir Şəfəq
Azad Azərbaycan.-
2020.- 20 avqust.- S.11.