Ədəbiyyatşünaslığımızın tapıntısı və itkisi

 

55 illik ömür möhlətində onun müxtəlif vəzifələri və titulları olmuşdur: baş laborant, kabinə müdiri, müəllim, baş müəllim, dekan müavini, prorektor, direktor müavini, fəlsəfə doktoru, dosent, elmlər doktoru, professor, əməkdar elm xadimi, Lakin qısa və ümumiləşdirilmiş şəkildə onu professor Hüseyn Həşimli kimi qəbul etmək ürəyimcədir. Çünki bu ad ona çox yaraşır.

 

Hüseyn Həşimlini onun tələbəlik illərindən tanıyıram. Sadə, utancaq, səbirli, çalışqan, zəhmətkeş, böyük-kiçik yeri bilən bir gənc idi...

 

Sonralar müxtəlif tədbirlərdə və qeyri-rəsmi görüşlərdə onun istedadından xəbər verən halların və faktların da şahidi olmuşam ki, bu da mənə belə qənaətə gəlməyə əsas verib ki, ədəbiyyatşünaslıq elmimizə öz dəsti-xətti ilə seçilə biləcək və gələcəyi parlaq bir tədqiqatçı qədəm qoyur. Belə də oldu.

 

 1973-cü ildə təyinat üzrə Culfa rayonunun Milax kənd orta məktəbində işləyəndə 13 yaş məndən kiçik olan Hüseyn Həşimli Teyvaz kənd orta məktəbinin şagirdi idi. Böyük qardaşı Həsənqulu Həşimov isə Milax kənd orta məktəbində oxuyurdu və mənim şagirdlərimdən biri idi. Kaş o vaxt Hüseyn Həşimlinin də müəllimi olaydım və indi fəxr edəydim ki, o, mənim şagirdim olub.

 

Böyük elmi uğurlar qazanacağına ümidlər bəslənilirdi. İlk elmi nailiyyətləri onun bu ümidləri doğruldacağının nişanələri idi. Bircə fakt: hələ tələbə ikən, yəni 1984-cü ildə Bakıda keçirilən Respublika tələbə konfransında “Azərbaycan ədəbiyyatında alleqoriya” mövzusundakı məruzəsi H.Həşimlinin “Ən yaxşı elmi-tədqiqat işinə görə” medalına layiq görülməsi ilə nəticələnmişdi.

 

Sonralar H.Həşimlinin elmi fəaliyyəti öz mündəricəsinə görə Azərbaycan ədəbiyyatşünaslığının dəyərli səhifələrinə çevrildi. Onun elmi-tədqiqat işlərini iki istiqamət üzrə qruplaşdırmaq olar:

 

Ədəbiyyatşünaslığımızın qarşısında duran Azərbaycan ədəbiyyatı tarixi, mətnşünaslığı və bir sıra aktual nəzəri problemlərinin tədqiqi.

“Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar” (2001), “Əlipaşa Səburun poeziyası” (2002), “Azərbaycan soneti və mənsur şeiri: janrın təşəkkül mərhələsi” (2003), “Məhəmməd Hadinin mənsur şeirləri” (2005), “Kıbrıslı yazar “Fyuzat” dərgisində” (2006), “Hüseyn Cavid poeziyasının janr novatorluğu” (2007), “Salman Mümtazın tədqiq olunmamış bəzi əsərləri haqqında” (2014) məqalələri, “Azərbaycan poeziyasında sonet və terset” (2003), “Azərbaycan ədəbi mühiti və türk dünyası” (2009), “Əli Məhzun və “Ədəbiyyata dair” əsəri” (2009), “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı” (2009), “Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir” (2012), “Səid Səlmasi” (2013), “İzzədin Həsənoğlunun ədəbi irsi” (2016) kitabları bu qəbildəndir.

 

Naxçıvan ədəbi-mədəni mühitinin açılmamış səhifələrinin araşdırılması.

““İqbal” qəzeti naxçıvanlı yazarlar haqqında” (1999), “Naxçıvanlı yazıçılar və “Yeni fyuzat” jurnalı” (2012),””Şeypur” jurnalı və Naxçıvan” (2014), Ələkbər Qərib Haxçıvanlının 1920-ci illərdəki yaradıcılığı (2015), “Naxçıvanlı ziyalılar Birinci dünya müharibəsi illərində Türkiyəyə yardım hərəkatında fəal iştirak ediblər” (2018) məqalələri, “Naxçıvanlı yazarlar və “Məktəb” jurnalı” (2019), “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” (2020) kitabları buna misal ola bilər.

 

Ümumiyyətlə, hər iki istiqamətdə uzun illər boyu apardığı gərgin axtarışların və araşdırmalarının nəticələri onun bu gün bizə miras qoyub getdiyi 30 kitab və monoqrafiya, 350-dən çox məqalə, tezis və konfrans materiallarında öz əksini tapmışdır. 4 kitabı və 50-dək məqaləsi isə Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Bolqarıstan, Misir, Gürcüstan, Ukrayna və Rusiyada nəşr olunmuşdur.

 

Hüseyn müəllimlə görüş və söhbətlərimiz 2010-cu illərədək ara-sıra və təsadüfdən-təsadüfə olurdu. Ancaq mən 2013-cü ildə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi işə başlayandan və elə həmin ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Naxçıvan Dövlət Universiteti nəzdində təşkil olunan fəlsəfə doktorluğu üzrə Dissertasiya Şurasına üzv, 2015-2017-ci illərdə isə həmin şuranın Azərbaycan ədəbiyyatı üzrə seminar sədri təyin edildikdən sonra əlaqələrimiz daha da genişləndi və möhkəmləndi. Həmin vaxtlar Hüseyn müəllim NDU-da işləməklə yanaşı, Dissertasiya Şurasının üzvü, bir qədər sonra isə sədr müavini idi.

 

Bu illərdə onun tədqiqatçı diapazonunun genişliyi, elmi erudisiyası, nəzəri hazırlığı, faktları mənalandırmaq bacarığı, novatorluğu, polemika mədəniyyəti, opponentə ehtiramı və nəhayət, təşkilatçılıq qabiliyyətinə daha yaxından bələd oldum.

 

Hüseyn müəllimlə vəfatınadək müxtəlif şəraitlərdə-toyda, yasda, qonaqlıqlarda, tanışlarla görüşlərdə və şəxsi söhbətlərimizdə saatlarla vaxt keçirmişik. Uzun müddəti əhatə edən bu görüş və söhbətlərdə mən ona məxsus digər keyfiyyətləri də müşahidə etmişəm.

 

Əvvəla, Hüseyn müəllim yumşaqxasiyyətli, heç kəsin qəlbinə dəyməyən, dilində “yox” kəlməsi olmayan, eyni zamanda ciddi və ağırtəbiətli bir insan idi. Hamı ilə məsafə saxlamağı bacarırdı. Hər adamla zarafat etməzdi. Lakin çox incə yumor hissinə malik idi. Onun yerinə salaraq dediyi yumorlu sözlər nəzərdə tutulan hədəfin on qatından keçərdi. Yüksək səviyyədə təmkinli idi. Bu təmkindən böyük də, kiçik də nümunə götürə bilərdi. Güclü yaddaşa malik idi. Həm məişət zəminində, həm də elmi baxımdan ən kiçik detalları belə unutmazdı. Mütəxəssis kimi hər gün onda bir irəliləyiş olurdu. Buna onun geniş mütaliə dairəsi, zəhmətsevərliyi, elm adamları və müəssisələri ilə sıx əlaqələri imkan verirdi. Dissertantlarını və tələbələrini düzgün istiqamətə yönəltməyi bacaran səriştəli elmi rəhbər və müəllim idi.

 

Son vaxtlar Hüseyn müəllimlə tez-tez söhbətlər edirdik. Gah telefonda, gah müxtəlif tədbirlərdən sonra, gah iş yerində və hətta yolda rastlaşanda. Söhbətlərimizin əsas məzmununu ədəbiyyat məsələləri, apardığımız araşdırmalar, gələcək iş planlarımız təşkil edirdi. Hüseyn müəllim ərsəyə gətirdiyi məqalə, kitab və monoqrafiyalar üzərində işləyərkən rastlaşdığı müəyyən çətinliklərdən, araşdırmalar zamanı yeni sənəd və faktlarla rastlaşarkən keçirdiyi hisslərdən, arxiv və kitabxanalarda işləməyin əzabı və ləzzətindən, Naxçıvan ədəbi mühitinə aid müxtəlif mənbələrdən əldə etdiyi materiallar əsasında yazacağı məqalə və kitablardan həvəslə danışardı. Danışdıqca hiss olunurdu ki, elm aləminə çox gənc yaşlarında qədəm qoyduğu illərdəki kimi sönməz maraq, tükənməz enerji və yazıb-yaratmaq eşqi ona hakim kəsilib.

 

Hüseyn müəllimin məlumat dairəsi əhatəli idi. Ədəbi mənbələrə yaxşı bələd idi. Üzərində işlədiyim mövzulara aid bir neçə dəfə yeni fakt və məlumatları diqqətimə çatdırması məni heyran etmişdi. Ümumiyyətlə, Hüseyn müəllimlə ədəbiyyatşünaslığa aid nədən danışsaydın, o hökmən həmin mövzuya aid çoxlarına bəlli olmayan bir neçə mənbə göstərməli idi.

 

Mən həm sovet dönəmində, həm də müstəqillik illərində respublika və müxtəlif ölkələrin arxiv və kitabxanalarında bir sıra materiallarla tanış olmuş və onların qeydiyyatını aparmışdım. Bunların içərisində Naxçıvan ədəbi mühitinə aid xeyli sənəd və məlumatlar da var idi. Materiallar o qədər çox idi ki, onları tədqiq etmək və üzə çıxarmaq illər tələb edirdi. Yaşını və enerjisini nəzər alaraq söhbətlərimizin birində Hüseyn müəllimə təklif etdim ki, əgər arzu edərsə, bu materialların bir qismini ona verə bilərəm. Naxçıvanlı şair Molla Mahmud Çakər, Əliqulu Qəmküsarın qardaşı, tanınmış jurnalist Rzaqulu Nəcəfov, XX əsrin əvvəllərində Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuş Naxçıvanla bağlı materiallar bu qəbildən idi. O razılaşdı və bildirdi ki, məndə də bu məsələlərlə bağlı vaxtilə topladığım xeyli material vardır. Gələcəkdə həmin istiqamətlərdə araşdırmalar aparıb nəticələrini ortaya qoymaq fikrindəyəm (Hüseyn müəllim həmişə deyərdi ki, şəxsi arxivində olan materiallardan bundan sonra 20 il də yazsam görər).

 

Nə mən imkan tapıb həmin materialları Hüseyn müəllimə verə bildim, nə də o bu işi başa çatdırmağa macal tapdı...

 

Hüseyn müəllim zəngin bir kitabxanaya da malik idi. Ən lazımlı kitabları oradan tapmaq olardı. Bilirdi ki, mənim də şəxsi kitabxanamda az kitab yoxdur. Dəfələrlə onunla kitab mübadiləsi etmişdik. Kitabxanadan söz açmağım məni həmişə üzəcək bir məqama toxunmağıma körpü salmaq üçündür...

 

Onun istifadə üçün mənə verdiyi son kitab “Molla Nəsrəddin” jurnalının komplekt şəklində 2010-cu ildə çap olunan VII cildi idi. Dörd-beş ay ondan istifadə etdim. İşimi bitirdikdən sonra qaytarmaq üçün  onu və Hüseyn müəllimə hədiyyə edəcəyim professor Nazim Axundovun “Azərbaycan satira jurnalları” adlı monoqrafiyasını (bu monoqrafiya Hüseyn müəllimin kitabxanasında yox idi) iş otağımda diqqətçəkən bir yerə qoydum. Lakin kitabları Hüseyn müəllimə çatdıra bilmədim. Əcəl aman vermədi... Hərdən gözüm həmin kitablara sataşanda üzülür, narahat olur və Hüseyn müəllimə hefsilənirəm... Bu məqamda Hüseyn müəllimin oğlu gənc hüquqşünas Turqay Həşimlinin atasının vəfatından bir neçə gün sonra yazdığı beş bəndlik şeirin ilk bəndini xatırlatmasam olmaz:

 

                                    Bu gün girdim otağına

 

                                    Hər tərəf qan ağlayırdı.

 

                                                Kitabın da qəlbi varmış,

 

                                                Atama yas saxlayırdı...          

 

            Təxminən 30 il bundan əvvəl Hüseyn müəllimdən şair Rəsul Rzanın “Qızıl gül olmayaydı...” adlı kiçik bir kitabçasını almışdım. Kitabı itirdiyimə görə geri qaytara bilmədim. Ancaq Hüseyn müəllimə söz verdim ki, o kitabdan tapıb hökmən geri qaytaracağam. İllər keçdi bu vədimə əməl edə bilmədim. Heç Hüseyn müəllim də məndən o kitabı istəmədi. Bundan sonra da istəməyəcək... Kaş ki:

 

                                    Qızıl gül olmayaydı,

 

                                 Saralıb solmayaydı,                                                                                                          

 

                               Bir ayrılıq, bir ölüm

 

                             Heç biri olmayaydı...

 

Hüseyn müəllimin məndə yadigar qalan 10-dan çox kitabı da vardır. Bunlar onun avtoqrafı ilə mənə hədiyyə edilmişdir. Həmin avtoqraflarda da Hüseyn müəllimin diqqətcilliyi, etikası, təvazökarlığı, yaşca özündən böyüklərə ehtiramı hiss olunur. Mənə hədiyyə etdiyi 2020-ci ildə çap olunan “Əli Səbri Qasımov: ömür yolu və yaradaıcılığı” adlı son kitabına yazdığı aşağıdakı sözlər bunun kiçik bir nümunəsidir ”Görkəmli alim, dəyərli tədqiqatlar müəllifi çox hörmətli Fərman müəllim üçün ən xoş arzularla”.

 

Avtoqrafdan söz düşmüşkən. Hüseyn müəllim mənim 2013-cü ildə çap olunan “Ömür yolu” adlanan biblioqrafiyama oraya mənə bağışlanmış kitablara yazılan avtoqrafların da daxil edilməsini (biblioqrafiyaya Hüseyn müəllimin də bir avtoqrafı salınıb) bu istiqamətdə bir yenilik hesab edirdi və deyirdi ki, mən də öz biblioqrafiyamı hazırlayanda bu təcrübədən istifadə edəcəyəm. Qismət olmadı...

 

Hüseyn müəllimdə çoxlarında olmayan bir keyfiyyət də var idi. Təzə aldığı, yaxud ona hədiyyə olunan kitabları yubatmadan oxumaq.

 

2017-ci ildə çapa hazırladığım “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı 250 səhifəlik kitabımın kompüter variantını ona verdim ki, oxuyub fikrini bildirsin. Kitaba müxtəlif illərdə çap olunan və təzə yazdığım məqalələr daxil edilmişdi. İki gündən sonra Hüseyn müəllim kitabı “Tədqiqatçı səriştəsi və üzə çıxan həqiqətlər” sərlövhəli rəyi ilə birlikdə mənə qaytardı. Rəy xoşuma gəldi. Hüseyn müəllimin “Xeyli qismi ilə əvvəldən tanış olduğum bu kitabdakı materialları böyük maraq və həvəslə oxumaq sözün əsl mənasında mənə zövq verdi”sözləri də mənə xoş təsir bağışladı. Bu rəyi ön söz kimi 2017-ci ildə “Əcəmi” nəşriyyatı tərəfindən nəşr edilən həmin kitaba daxil etdim. Bu seriyadan olan 2019-cu ildə nəşr edilən ikinci kitabın rəyçisi də Hüseyn Həşimli oldu. Nəzərdə tutmuşdum ki, 2021-ci ildə həmin seriyanın davamı kimi çap etdirəcəyim üçüncü kitabın elmi redaktoru o olsun...

 

Hüseyn müəllim professor elmi adını almaq məqsədilə Azərbaycan Prezidenti yanında Ali Attestasuya Komissiyasına təqdim etmək üçün “Azərbaycan xalq cümhuriyyəti dövründə satirik poeziya” adlı dərslik hazırlamışdı. Məndən xahiş edəndə ki, həmin kitaba rəyçi olum, dərhal razılıq verdim. Kitabla tanışlıq onun müəllifinin çox səriştəli bir tədqiqatçı olduğundan xəbər verirdi. Bu kitab da 2017-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında çap olundu.

 

Vəfatından təxminən üç ay əvvəl Naxçıvan Dövlət Televiziyasında dosent Ramiz Qasımovun apardığı “Söz məclisi” adlı verilişdə iştirakımız zamanı Hüseyn müəllimin konkret bir mövzu ətrafında necə dəqiq və əhatəli məlumatları bilməsinin və məharətlə tamaşaçılara çatdirmasının bir daha şahidi oldum. Veriliş professor Əziz Şərifə həsr olunmuşdu.

 

Hüseyn müəllimin 2019-ci ilin oktyabr ayından AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunması onu mənə bir addım da yaxınlaşdırmışdı. Bölmənin ayrı-ayrı institutlarında çalışsaq da, işlə bağlı tez-tez görüşür, telefonla söhbətləşir və müxtəlif tədbirlərdə iştirak edirdik.

 

Əməkdaşlığımızın getdikcə genişləndiyi, elmi yaradıcılığının və ictimai-siyasi fəaliyyətinin çiçəkləndiyi bir dövrdə onun ölüm xəbəri mənim üçün gözlənilməz və sarsıdıcı oldu...

 

Dostum və həmkarım professor Hüseyn Həşimlinin vəfatı Azərbaycan ədəbiyyatşünaslığının ağır itkisidir. O, yaşını qabaqlayan xeyli elmi nailiyyətlər qazanmışdı. Potensialı imkan verirdi ki, fundamental tədqiqatları ilə daha geniş arenada məşhurlaşsın. Əcəl buna da aman vermədi...

 

FƏRMAN XƏLILOV AMEA Naxçıvan Bölməsi

filologiya elmləri doktoru

Azad Azərbaycan.- 2020.- 27 avqust.- S.7.