Bəxtiyar ömrün
95 illiyi
Dünya şöhrətli siyasətçi, görkəmli
dövlət xadimi Heydər Əliyevin vətənpərvərlik
və peşəkarlıq irsinə söykənən Azərbaycanın
dövlət təhlükəsiziliyi orqanları bu gün
ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin
təmin olunması istiqamətində bütün imkan,
qüvvə və intellektual potensialını səfərbər
edib. Sözsüz ki, bu nailiyyətlərin bünövrəsində
Ulu Öndərin şanlı irsi, eyni zamanda təhlükəsizlik
orqanlarının mükəmməlliyini özündə
daşıyan və şəxsi heyətə bir mayak kimi əməliyyat-xidməti
fəaliyyətini daha təkmil səviyyədə təşkil
etmək üçün yol göstərən zəngin ənənələr
durur. Bu peşəkarlıq irsinin və ənənələrin
gənc nəsilə aşılanmasında vaxtilə təhlükəsizlik
orqanlarında Ümummilli Lider ilə çiyin-çiyinə
çalışmış, xalqımızın mənafelərinə
ləyatəqlə xidmət etmiş, hazırda təqaüddə
və istefada olan veteranlarımızın da payı vardır.
Onlar daim özlərini xidmətdə, işdə-gücdə,
bir sözlə təhlükəsizlik orqanlarının
sırasında hiss edirlər.
Şərəfli
həyat yolu keçmiş veterenlarımızdan olan,
ömrünün 35 ildən artıq hissəsini təhlükəsizlik
orqanlarında xidmətə həsr etmiş, Böyük Vətən
Müharibəsinin iştirakçısı Süleymanlı
Bəxtiyar İbrahim oğlu da hələ sovet dövründə
azərbaycançılıq məfkurəsinin xüsusi xidmət
orqanlarına daşınması və bu sistemdə milliləşdirmə
prosesinin həyata keçirilməsi kimi çətin bir
missiyanı cəsarətlə gerçəkləşdirməyə
müvəffəq olmuş ulu öndər Heydər
Əliyevin yaxın silahdaşlarındandır.
Avqustun 29-da Bəxtiyar müəllimin 95 illik yubileyidir.
O, 1925-ci
ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub.
Atası İbrahim kişi ötən əsrin
əvvəllərində Bakıya gəlib. Xeyli
müddət Hacı Zeynalabdin Tağıyevin neft mədənlərində
işləyib. Yığdığı
qazancla doğma kəndinə qayıdıb torpaq alıb
özünə güzəran qurub. İbrahim
kişinin 9 övladı olub. Çox
arzulayıb ki, hamısını sənət sahibi etsin.
Lakin həyatdan tez köçüb.
Bəxtiyar evin üçüncü uşağı
olsa da kiçik yaşlarından ailənin
qayğısını çəkmək onun üzərinə
düşüb. 1939-cu ildə kəndlərindəki
yeddillik məktəbi bitirdikdən sonra Zəngilanda orta məktəb
təhsilini davam etdirib. 1942-ci ilin
yayında isə təhsilini yarımçıq qoyub... - O
vaxt mənim 17 yaşım var idi. Kəndimiz
çox əlverişil coğrafi mövqedə yerləşirdi.
İran və Ermənistanla həmsərhəd
idik. Elə sərhəd bölgəsində
yaşadığımızdan, az da olsa rus
dilini öyrənmişdim...Bəxtiyar müəllim bir
anlıq fikrə gedir. Xəyalən həmin
günlərə qayıdır.
-
Müharibə hamı kimi bizim də həyat şəraitimizi
ağırlaşdırmışdı. Ona
görə də işləməli oldum. Əvvəlcə
məni kəndimizdəki poçt bölməsinə rəis
qoydular. 1943-cü ilin fevralından isə
Əmirxanlı kənd məktəbində müdir və həm
də müəllimlik etməyə başladım. O vaxt
respublikada müəllimlərə böyük ehtiyac
vardı. Kadr çatışmırdı.
1943-cü ilin sentyabr ayında, yəni, 18
yaşım tamam olandan bir neçə gün sonra
çağırış vərəqəsi aldım. İşin tərsliyindən möhkəm
soyuqlamışdım. Qızdırma
içərisində olsam da komissarlıqda xəstə
olduğumu dilə gətirmədim. Cünki
müharibənin o çağında belə söz deməyi
özümə sığışdırmadım. Fikirləşdim ki, mənə “dezertir” deyib lağa
qoyarlar. Bu adı daşımaq ölümdən
betər idi...Biz Bakıya qatarla getdik. Biləcəri
toplanış məntəqəsində həkimlər bizi
yoxladılar. Özüm bir söz deməsəm
də qonşu kənddən Mamed adlı birisi mənim xəstə
olduğumu həkimə bildirdi. Həkim məni
diqqətlə yoxlayıb, başını buladı.
Oradan məni indiki “Semaşko” adına xəstəxanaya
göndərdilər. Bir müddət xəstəxanada
müalicə olundum və nəhayət 1944-cü il ildə orduya göndərildim. General Əliyarbəyovun komandanlıq etdiyi 402-ci
diviziyanın 839-cu alayına düşdüm. General Əliyarbəyov əsgərlərə
xüsusi qayğı göstərirdi. Lakin
təlim-məşqlərin, hərbi intizam qaydalarının
düzgün yerinə yetirilməsi üçün sərt
qaydalar qoymuşdu. Təsəvvür edin,
içi qumla dolu kisələri kürəyimizə alıb
Ələt stansiyasından üzü Salyana kimi
qaçırdıq. Ələtdə
avtomatçı və pulemyot atıcısı kimi
hazırlandıqdan sonra müxtəlif hərbi hissələrə
göndərildik. Mən Qafqaz hərbi dairəsinin
191-ci nişançı alayına düşdüm.
Vəziyyət çox çətin və gərgin olsa
da heç kəs qələbəyə ümidini itirməmişdi. Hamı qələbə
çalacağımıza inanırdı. İnsanlarda böyük ruh yüksəkliyi
vardı. Qələbə
gününü indiyədək xatırlayıram. Uşaq, böyük hamı sevinir, sevincindən
ağlayır, bir-birlərini qucaqlayıb təbrik edirdilər.
Hər il Qələbə günü o
sevinci, o həyəcanı yenidən yaşayıram”... – deyə,
bir anlıq fikrə dalan, üzündəki ifadələrin
ciddiləşdiyi Bəxtiyar müəllim belə bir qələbə
sevincinin tezliklə düşmən tapdağı altında
olan torpaqlarımızda, Dağlıq Qarabağda da
yaşanacağına əmindir: “ermənilər həmişə
torpağımıza göz dikib, milli
varlığımıza düşmən kəsiliblər. İndi Qarabağdan əlavə, gör, neçə
rayonumuz düşmən işğalı altındadır?!
O cümlədən, mənim doğulub boya-başa
çatdığım Zəngilan da düşmən əsarətindədir.
Belə bir deyim var: “Azadlıq qılıncların kölgəsindədir”.
Bizim ordumuzun gücü torpaqlarımızı
azad etməyə tam imkan verir. Prezidentimiz, Ali Baş
Komandan cənab İlham Əliyevin dediyi kimi, atəşkəs
əbədi ola bilməz. Biz
öz torpaqlarımızı mütləq qaytaracağıq.
Azərbaycan qüdrətli ölkədir. Onun sərvəti var, qədim mədəniyyəti,
cəng ənənələri var. Bizim güclü ordumuz, qətiyyətli
dövlət başçımız var. Biz
torpaqlarımızın düşmən əsarətindən
azad ediləcəyinə inanırıq. Mənə elə
gəlir ki, o günə lap az qalıb.
...1945-ci
ilin sentyabr ayında ordudan tərxis olundum. Müharibə
qurtardıqdan sonra hərbi komissarlığa gəlib
qayıtmağımla bağlı məruzə etdim. Komissarlıqda mənə ərizə
yazdırdılar. Rus dilini bilməyim və
xəttim onların xoşuna gəldi. Əvvəlcə
məni məxfi işlər müdiri, sonra isə şöbə
rəisi təyin etdilər. O vaxt rayon hərbi
komissarı, Əsgərov soyadlı eloğlumuz mənə
orta təhsilimi tamamlamağı məsləhət
gördü. Elə də etdim. İşləyə-işləyə oxudum.
Bəxtiyar Süleymanlı 1952-ci ildə dövlət təhlükəsizlik
orqanlarına xidmətə qəbul olunub. Kiyev və
Daşkənd şəhərlərində Dövlət Təhlükəsizlik
Komitəsinın (DTK) rəhbər işçilərinin təkmilləşdirilməsi
kurslarında təhsil alıb. 1962-ci ildə
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini
bitirib. 1989-cu ilədək DTK-da müxtəlif
rəhbər vəzifələrdə çalışıb,
polkovnik-leytenant rütbəsində təqaüdə
çıxıb. Çoxlu sayda medallar, fəxri
fərmanlar və qiymətli hədiyyələr onun şərəfli
işinə verilən dəyərin bariz nümunələridir.
Bəxtiyar müəllim həm də Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin
üzvüdür. 100-dən artıq publisistik məqaləsi
dərc olunub, bir neçə kitabın müəllifidir.
Bəxtiyar Süleymanlı Heydər Əliyev pesəkarlıq
məktəbinin yetirmələrindəndir. Qocaman çekist
Ümummilli Lideri xüsusi hörmət və məhəbbətlə
xatırlayır: “Ulu Öndərlə ilk dəfə 1955-ci
ilin payızında tanış olmuşam.
O vaxt SSRİ DTK-nın Azərbaycan Dəmiryolu idarəsinin
Culfa bölməsində xidmət edirdim. Nəqliyyat
və ərazi DTK orqanları tabeçilik baxımından fərqli
strukturlar olduğuna görə 1959-cu ilə kimi Ulu öndər
Heydər Əliyevlə görüşlərim sırf təsadüfi
xarakter daşıyırdı. Amma həmin
ilin iyun-iyul aylarında respublika DTK-nın əks-kəşfiyyat
şöbəsinin rəisi və kollegiyanın üzvü
kimi Füzulidə təhlükəsizlik orqanları əməkdaşları
üçün keçirilən zona seminar-müşavirədəki
çıxışını dinləyərkən mən
Heydər Əliyevi sanki yenidən kəşf etdim. O, təcrübəli
çekist, respublikadakı mövcud əməliyyat şəraiti,
qarşıda duran vəzifələrlə bağlı təklif
və tapşırıqlarını verdikdən sonra öz zəngin
xidməti fəaliyyəti zamanı həyata keçirdiyi əməliyyat
tədbirlərindən söhbət açaraq müşavirəni
xüsusilə gənclər üçün maraqlı və
yaddaqalan tədbirə çevirdi...
Sonrakı illərdə bu cür görüşlərin
sayı çoxaldı. Çünki Bəxtiyar müəllim artıq respublika
DTK-sının Zəngilan rayon şöbəsinin rəisi vəzifəsində
xidmət ediridi: “Ulu öndər Heydər Əliyev o vaxt ilk azərbaycanlı
idi ki, dövlət təhlükəsizlik orqanlarında general
rütbəsinədək yüksəlmişdi. İlk
azərbaycanlı idi ki, respublika DTK-sına rəhbərlik
edirdi. Yaxşı yadımdadır, 1969-cu
ilin fevral ayı idi. “Dzerjinski” adına
klubda ilin yekunlarına dair müşavirə keçirilirdi. Müşavirəyə mərkəzi aparatın və
rayon şöbələrinin işçiləri dəvət
olunmuşdular. Bu Heydər Əliyevin təhlükəsizlik
orqanının sədri kimi keçirdiyi son müşavirə
oldu. Bundan sonra Ümummilli Lider Azərbaycanın
rəhbəri seçildi. Az müddətdən
sonra mən Mingəçevir şöbəsinə rəis təyin
olundum. O vaxtlar biz doqquz rayona baxırdıq. Yəni
bu şöbə geniş bir ərazi üzrə əməliyyat
təminatını həyata keçirirdi. İşimiz çətin olsa da öhdəsindən
gəlməyə çalışırdıq. 1970-ci ildən 1981-ci ilədək orada işlədim.
Bəxtiyar
Süleymanlı anadan olmasının 70 illiyi münasibətilə
Mingəçevir şəhər İcra Hakimiyyətinin 24
avqust 1995-ci il sərəncamına əsasən
“Mingəçevir şəhərinin fəxri vətəndaşı”
adına layiq görülüb. Onun
üçün bü mükafat çox əzizdir.
Xatirələri içində Bəxtiyar müəllimin
xüsusilə sevib əzizlədiyi daha bir xatirə
böyük alim, qayğıkeş həkim və misilsiz insan
Zərifə xanımla bağlıdır. 1964-cü ildə anası
Əzət xanımın gözündə yaranmış
problemlə bağlı DTK sədrinin birinci müavini Heydər
Əliyevdən iki gün icazə istəyən Bəxtiyar
Süleymanlı nəinki həmin icazəni alır, hətta
rəisinin təklifi ilə anasını Zərifə
xanımın yanına aparır. İnsanlardan ürəyinin
və əlinin şəfqət və nur payını əsirgəməyən
Zərifə xanım əlindən gələn köməyi
edir və xəstəni bir neçə il
nəzarətində saxlayır.
Bəxtiyar
müəllim dövlətimizin veteranlara göstərdiyi diqqət
və qayğıdan da söz açıb: “Sağ olsunlar,
digər veteranlar kimi məni də heç vaxt unutmurlar. Bayramlarda, ad günümdə, Qələbə
günündə həmişə təbrik edirlər. Bu da mənə yaşamağa güc verir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-leytenant cənab Əli Nağıyevə biz veteranlara
göstərilən diqqət və qayğıya görə
çox sağ olun, deyirəm. İnsan xatırlandıqca yaşayır deyirlər.
Ömrümün 35 ilini həsr etdiyim, mənə
doğma və əziz olan bir təşkilatın bu cür
münasibətini görəndə qəlbim sevinclə dolur.
Dövlətin təhlükəsizliyinin
keşiyində dayanan xüsusi xidmət orqanını
heç bir təşkilatla müqayisə etmək olmaz.
Sırf dövlətçiliklə bağlı
olduğundan bu orqanda işləməyin özü
böyük şərəfdir. Dövlət
təhlükəsizlik orqanlarındakı xidmətimlə hər
zaman qürur duyuram”.
Biz də
Böyük Vətən müharibəsinin və Azərbaycan
dövlət təhlükəsizlik orqanlarının
veteranı, əziz və səmimiyyətinə görə
hamının böyük hörmət bəslədiyi Bəxtiyar
müəllimi 95 illik yubileyi münasibətilə ürəkdən
təbrik edir, ona uzun ömür, möhkəm
cansağlığı və xoşbəxtlik arzulayırıq.
Samirə İbrahim
Azad Azərbaycan.-
2020.- 27 avqust.- S.5.