Ömrünü təbabətə həsr
edən insan Möhübbət Məhərrəmov- 80
(Esse)
Hər insanın həyatı bir
dünyadır. Keşməkeşli, burulğanlı, xoş
günləri az, ağır günləri çox olan bir
dünya. Görəsən Ulu Tanrı insanları niyə belə
yaradıb? Bəlkə də insan elə özü həyatını
burulğanlar, keşməkeşlər, çətinliklər
üzərində qurub ki, yaşadığı həyatda
öz arzularını, istəklərini reallaşdıra
bilsin. Axı bütün arzuları, istəkləri bir
ömürdə reallaşdırmaq elə də asan deyil. Həm
də axı insan, elə də çox böyük
ömür yaşaya bilmir ki, qarşısına qoyduğu
bütün arzularını reallaşdıra bilsin. Deməli,
hər bir insanın nə qədər yaşamasından
asılı olmayaraq, arzuları yarımçıq qalır həyatda.
Bax ona görə də insan gərək həyatda
yaşadığı hər bir günün qədrini bilsin.
Bəzi insanlar həyatın qədrini, gözəlliyini,
yaşamağın necə əziz bir nemət olduğunu o vaxt
bilir ki, onda da gec olur. Heyifsilənirik ki, Ulu
Tanrı tərəfindən bizə verilən ömrü niyə
istədiyimiz kimi yaşaya bilməmişik… Amma çox az
insanlar var ki, ömrünün hər bir gününün mənalı,
maraqlı keçməsi üçün
çalışır, mübarizə aparır. Öz istəklərinin,
arzularının çoxunu reallaşdıra bilir. Bax belə
insanlardan biri də mənim bu essemin qəhrəmanı
Möhübbət Fərman oğlu Məhərrəmovdur.
Onu tanıdığım bu 44 ildə həmişə
işgüzar, həmişə işlək, həmişə
insanlara yardımçı olan, hər bir insanın dərdini
öz dərdi bilən, hər bir xeyir-şər məclisində
başda olan görmüşəm. Onun sözünün əvvəli
də, ortası da “can”, “xahiş edirəm”, “qağa” kimi
xoş sözlərdir. Onu tanıdığım 30-35
yaşlarından o, sayılıb-seçilən
ağsaqqallardan biri idi. Həm müəllim, həm
aptek müdiri və həm də şəhərin
ziyalılarından biri kimi qəbul olunurdu və insanlar ondan məsləhət
almağa gəlirdilər. İnsanlara tapılmayan dərmanları
az bir vaxtda hətta Bakıdan, rayonlardan olsa belə
tapdırıb gətizdirirdi. Və heç vaxt da dərmanın
öz qiymətindən bir manat belə artıq heç kimdən
almırdı. Bəlkə də belə təmiz, səxavətli,
halal adam olması onu insanlara daha çox sevdirmişdi. Bəlkə də bu, ondan irəli gəlirdi ki,
Möhübbət həkim çox keşməkeşli bir
ömür yaşamışdı və həyatın
acısını, ağrısını lap kiçik
yaşlarından dadmışdı. O, demək olar ki,
uşaqlıq dövrü yaşamamışdı... Elə
Böyük Vətən Müharibəsinin
acılarını, ağrılarını, faciələrini
dadan uşaqların çoxu belə bir ömür
yaşayıblar. Axı o da atalı-analı böyümək
istəyirdi. Ata qayğısını, ata sevgisini, ata
böyüklüyünü, ata sərtliyini görmək istəyirdi.
Amma bu, ona nəsib olmayıb. Anası Surayyə xanım ona həm
ata, həm də ana olub...
1940-cı ilin avqust ayının
23-də Qubadlı rayonunun Məmər kəndində
dünyaya göz açan balaca Möhübbət bilmirdi ki,
iki il sonra atası Fərman kişi Böyük Vətən
Müharibəsinə gedəcək və orada böyük
igidliklər göstərərək həlak olacaq.
Sonralar onun bu şücaəti, igidliyi, qəhrəmanlığı
Qubadlıya qədər gəlib çıxacaq və
bütün qubadlılar belə igid oğlu ilə fəxr eləyəcəklər.
Möhübbət də illər keçəndən sonra
atası haqqında yalnız anası Surayyə xanımdan, nənəsi
Zöhrə nənədən və kəndin
ağsaqqallarından, atasının həmyaşıdlarından
eşidəcək. Atası Fərman kişi haqqında deyilən
bu xoş sözlər, balaca Möhübbətə qol-qanad
verəcək və onu atası kimi qoçaq, xeyirxah, səxavətli
olmağa ruhlandıracaq. Onların və Qubadlı
camaatının atası ilə bağlı maraqlı sözləri
sonralar onu həmişə izləyəcək və atası
Fərman kişinin qəhrəmanlığı onun həyat
talismanı, həyat yolu olacaq. O, həm də atasına
oxşaması, onun xarakterinin çox cizgilərinin məhz
Möhübbətdə də toplanması gələcəkdə
onu nəslin ağsaqqalı edəcək. Möhübbət
lap gənc yaşlarından təksə nəslin yox, həm də
doğulduğu Qubadlının, yaşadığı
Sumqayıtın ağsaqqallarından biri olacaq. Bütün
bunlar hələ qarşıda idi...
Ailədə beş övladın ən
kiçiyi olan Möhübbət elə uşaq
yaşlarından sevilirdi. Amma ailə başçısız
beş övladı böyütmək anası Surayyə
xanım və Zöhrə nənə üçün elə
də asan deyildi. Hətta 1945-47-ci ilin ən çətin
aclıq dövründən də onlar bu beş
uşağı çətinliklə də olsa
çıxarda bildilər. Ana da, nənə də
bütün güclərini sərf eləyirdilər ki, bu
beş uşaq oxusun, təhsil alsın. Özləri
böyük təhsil sahibi olmasalar da, amma başa
düşürdülər ki, uşaqların gələcək
uğuru yalnız təhsillə bağlıdır.
Ailədə kiçik övlad olan
Möhübbətin zehni, yaddaşı çox yaxşı
inkişaf etdiyinə görə hamının gələcək
ümidi onda idi. O, dörd il öz kəndlərində təhsil
alanda müəllimləri də onun ağlına, savadına
heyran olublar. Ona görə də ailəyə məsləhət
biliblər ki, balaca Möhübbət hökmən təhsilini
davam etdirməlidir. Məhz buna görə də Möhübbət
qonşuluqda olan Hal kəndində təhsilini davam etdirir. Orta
məktəbi əla qiymətlərlə bitirən
Möhübbət sənədlərini Azərbaycan Dövlət
Tibb İnstitutunun (indiki Dövlət Tibb Universiteti) əczaçılıq
fakültəsinə verir. O, fikirləşirdi ki, insanlara bu
sahədə daha böyük xeyir verə bilər. Həm də
tibb sahəsini daha mükəmməl öyrənər.
Möhübbət hələ orta məktəbdə
oxuduğu illərdə məktəbin ən fəal
şagirdlərindən biri idi. Bu fəallıq ali məktəbdə
də davam elədi. Ali məktəbin ən fəal ictimaiyyətçi
tələbələrindən biri oldu gənc Möhübbət.
Onun ali məktəb daxili və respublika səviyyəli
tədbirlərdəki maraqlı çıxışları,
yüksək natiqlik qabiliyyəti, hətta tələbə
inşaat dəstəsi ilə keçmiş Sovetlər
Birliyinin ayrı-ayrı respublikalarında olması, gələcək
əmək fəaliyyətində də ona çox
böyük köməklik elədi. Hətta kimya müəllimi
işlədiyi vaxtlarda da yüksək nitq qabiliyyətinə və
yüksək savada malik olması tələbələrinin ona
olan istəklərini, hörmətini daha çox
artırdı.
Beləliklə, 1962-ci ildə ali təhsilli əczaçı
Möhübbət Məhərrəmov avqust ayının 1-dən
taleyini gənc şəhər Sumqayıtla bağladı.
Artıq 58 ildir ki, bu şəhər minlərlə
sumqayıtlılar kimi onun da tale şəhəridir. Bu şəhərdə
işə başlayan Möhübbət həkimin ilk əvvəllər
heç də işləri yaxşı olmayıb.
Çünki ilk əvvəl ali təhsilli mütəxəssis
265 saylı aptekdə reseptar kimi əmək fəaliyyətinə
başlayıb. Amma az bir vaxtda savadlı, bacarıqlı
mütəxəssis olduğunu görüb artıq oktyabr
ayının 05-dən elə həmin aptekdə gecə
növbətçi-satıcısı işinə
keçiriblər. Az bir vaxtda da burada özünü çox
yaxşı işçi kimi sübut elədiyindən
1966-cı ilin 20 yanvar tarixindən Sumqayıtdakı 300
saylı aptekin müdiri vəzifəsinə irəli çəkilir.
Heç bir şəraiti olmayan bu apteki qısa
vaxtda şəhərin ən yaxşı apteklərindən
biri edir. 1973-cü ilin 11 iyun tarixindən daha böyük aptek
olan 440 saylı aptekin müdiri vəzifəsini ona həvalə
edirlər. İki il burada müdir işləyən
Möhübbət həkimi sonra böyük və
cavabdehli aptek olan 415 saylı aptekin müdiri təyin edirlər.
1987-ci ildən bu aptek Sumqayıt şəhərinin həm də
Mərkəzi Apteki olub. Möhübbət həkim
12 il müddətində bu vəzifədə işləyib.
1999-cu ildən apteklər özəlləşəndən
sonra 415 saylı aptek də özəlləşib və
Möhübbət Məhərrəmov bu aptekin idarə heyətinin
sədri təyin olunub. O, bu gün də həmin vəzifədə
çox böyük uğurla işləyir.
Yüksək təşkilatçı,
savadlı, bacarıqlı insan olan Möhübbət həkimin
də bütün bu illərdə əməyi dövlət tərəfindən
layiqincə qiymətləndirilib. O, iki
çağırış Sumqayıt şəhər Xalq
deputatları sovetinin üzvü olub. 1986-cı ildə
SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı”
döş nişanı ilə təltif olunub. 1990-cı ildə
Səhiyyə Nazirliyinin “Formasiya” Dövlət İstehsalat
Birliyinin attestasiya komissiyasından keçərək, Azərbaycan
Səhiyyə Nazirliyi tərəfindən provizor təşkili sənədi üzrə “Ali dərəcə”
alıb. 2005-ci ildə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən “Əmək
veteranı” adını alıb. 2009-cu ildə prezident
İlham Əliyevin sərəncamı ilə “Tərəqqi”
medalına layiq görülüb. 2014-cü ildə “Hacı
Zeynalabdin Tağıyev” adına ordenlə təltif
olunub. 2016-ci il Möhübbət həkim üçün
daha düşərli olub. O, Sumqayıt şəhərinin
social-iqtisadi inkişafındakı xidmətlərinə
görə Azərbaycan Respublikası Prezidentinin “Fəxri
Diplomu” ilə təltif olunub. Uzun illərdir ki, Yeni Azərbaycan
Partiyasının fəal üzvüdür. Həyat
yoldaşı Şərqiyyə Əbdüləli
qızı Məhərrəmova Qubadlı rayonun Xələc
kəndində anadan olub. Uzun illər Sumqayıt Dövlət
Texniki Kollecində ingilis dili müəllimi işləyib.
Hal-hazırda təqaüddədir. Möhübbət həkimin
3 övladı, 10 nəvəsi və bir nəticəsi var.
Ömrünün artıq 80 ilini
arxada qoyan, müdrik bir ağsaqqalla oturub, onun işlərinin ərsəyə
gəlməsində, həyatının daha maraqlı
olmasında ona kömək edən insanları və
ömrünün 58 illik tarixçəsini
yaşadığı Sumqayıt şəhərinin, bu şəhərin
onun gözləri qarşısında necə tikildiyini,
burada olan tarixi insanları yada salırıq. Əlbəttə,
bu həyat çox keşməkeşli,
acılı-şirinli olduğuna görə Möhübbət
həkim bəzən susur, kövrəlir. Bəzən də
bir qədər dalğın olur. Dünyasını dəyişən
yaxın dostları yadına düşür. Sonra yenə də
bir ağsaqqal müdrikliyi ilə mənimlə birlikdə
ömür tarixçəsini vərəqləyir. Bəzən mən də bu işdə ona köməklik
edir və 44 ildir ki, tanıdığım, özümün
ağsaqqallarımdan biri bildiyim Möhübbət həkimin
keçmiş dostlarını, yoldaşlıq elədiyi
insanları da yadına salıram. Çünki bu insanlardan bəziləri
mənim də dostlarım, yeri gələndə mənə
də böyük köməklik etmiş, müdrik yol
göstərən insanlar olublar...
80 yaşlı ağsaqqalın maraqlı
ömür yolu
-Mən bu şəhərə işləməyə
gələndə Sumqayıt şəhərinin cəmi 13
yaşı vardı, - deyə Möhübbət həkim
söhbətində bu şəhərə gəldiyi 1962-ci ilə
qayıdır. O vaxt məni 265 saylı aptekə işə
götürdülər, amma heç bir şəraiti yox idi.
Həmin vaxtlar Sumqayıtdakı 182 saylı aptekin müdiri
vardı, Ağa Abdullayev. O kişi adı kimi həqiqətən
də Ağa idi. Əslən Lerik rayonundan olan və sonralar Lənkəranda
yaşayan çox böyük nəsil idilər. Mənim
iş qabiliyyətimi görüb, həqiqətən də mənə
“dədəlik” elədi. Allah ona qəni-qəni rəhmət
eləsin. O kişi az bir vaxtda məni özü işlədiyi
aptekə gətirdi. Əvvəlki iş yerimdən cəmi 62
manat alırdım, burada 90 manat almağa başladım. Mənim
savadlı və kimyanı da yaxşı bildiyimi görüb,
o, məni Sumqayıt Kimya Texnologiya Texnikumuna kimya müəllimi
vəzifəsinə də işə götüzdürdi.
Burada da müəllim kimi az bir vaxtda özümü
doğrultduğuma görə, yenə də Ağa kişinin
sayəsində məni həm də Sumqayıt Sənaye
Universitetinə saathesabı kimya müəllimi vəzifəsinə
işə götürdülər. Mən saathesabı hər
iki təhsil ocağında dərs deyirdim və həm də
aptekdə işləyirdim. Özünü tərifləmək
olmasın, mən kimya fənnini yaxşı bilirəm.
Natiqlik qabiliyyətim və insan psixologiyasını
yaxşı bilməyim, tələbələrlə tez dil
tapmağım o vaxt Sumqayıtda adla deyilirdi. Ona görə də
Sumqayıt Tibb Texnikumu da məndən xahiş elədi ki,
orada da kimya fənnindən dərs deyim. Deməli, hər bir
cavana arxa-dayaq olanda cavan bunu Allahın ona verdiyi şans kimi
başa düşməli və ona arxa, dayaq olan insanın əməyini
yüksək qiymətləndirməlidi. Mən də elə
ilk günlərdən Ağa Mövsüm oğlunun əməyini
və mənə etibar etməsini doğrultdum. Həqiqətən
də ona bir valideyn kimi yüksək səviyyədə
hörmət eləyirdim. Özümün ağsaqqalım
bilirdim. Bu da yəqin ki, Ulu Tanrının mənə,
arxasız, köməksiz bir cavana göndərdiyi bir pay idi.
Böyük Yaradan axı heç vaxt onu sevən bəndələrini
arxasız-köməksiz qoymur. Mən həyatım boyu bunu həmişə
görmüşəm. Tanrım məni heç vaxt tək,
naümid qoymayıb.
Biz, beş övlad bir ananın və nənənin
himayəsində böyümüşdük. Deməli,
Tanrının nəzəri bizim üstümüzdə
olmuşdu ki, biz həyatın bütün çətinliklərindən
keçə bilmişdik. Ağa kişi də elə bil ki,
Tanrının mənə göndərdiyi bir pay idi. Ağa
Abdullayevin köməkliyi ilə hətta 1965-ci ildə mənə
Sumqayıtda bir otaqlı mənzil də verdilər. Onun sayəsində
də vəzifə pillələrində yüksələ
bildim. Ona görə də deyirlər ki, “Böyük Yaradan
istədiyi bəndəsini həmişə qoruyur və həmişə
də nəzəri onun üstündə olur”. Rəhmətlik
Ağa kişi təkcə mənə yox, mənim kimi onlarla
cavanlara da ağsaqqallıq edirdi və hamıya da lazım
olan bütün şəraitləri yaradırdı. O, hətta
iki il Sumqayıt Apteklər idarəsinə də rəhbərlik
elədi. Sumqayıtdakı bütün
aptek işçiləri həmişə onun köməyini,
qayğısını görürdülər.
Ömrünün sonuna kimi də aptek müdiri oldu. Ümumiyyətlə
həmin vaxtı, yəni Böyük Vətən Müharibəsindən
sonra insanların çoxunda böyük xeyirxahlıq, təmənnasız kömək etmək, arxa, dayaq durmaq
vardı. Həmin vaxtı indiki kimi yerlibazlıq,
qohumbazlıq, tayfabazlıq kimi xəstəliklər, naqis cəhətlər
yox idi. İnsanlara öz əməyinə,
bacarığına, savadına, təşkilatçılığına,
insanlarla yaxşı dil tapmasına görə qiymət
verirdilər. Bunu elə Sumqayıta gəldiyim ilk
günlərdən də gördüm. Bu şəhərə
rəhbərlik eləyənlər hamını
özünün doğması, əzizi kimi qəbul eləyirdilər.
Tale şəhərim Sumqayıt
-Mən bu şəhərə gələndə
təsəvvür eləyin ki, Sumqayıt
İnşaatçılar, Kottec qəsəbələrindən
və bir neçə məhəllədən ibarət idi. Həmin
vaxtı biz, Bakıdan elektriçka ilə Sumqayıt
stansiyasında gəlib düşürdük. Oradan da avtovusla
Sumqayıta gəlirdik. O vaxt Sumqayıt
avtovağzalı indiki “Yaşıl aptek” deyilən yerdə
idi. İndi Sumqayıtda olan bütün mikrorayonların sahəsi
o vaxt Corat və Saray camaatının kolxoz
bağlarıydı. Həmin vaxtı da Sumqayıtda cəmi
beş aptek vardı və bu apteklər də Bakı şəhərinin
tabeçiliyində idi. Sumqayıt isə cəmi
dörd küçədən ibarətiydi. Bu küçələr
keçmiş Lenin, indiki Azərbaycan, Dostluq, Nəriman Nərimanov
və Səməd Vurğun küçələrindən
ibarət idi. Amma burada çox qaynar bir həyat vardı.
Adamlar günün 24 saatı - bütün günü işləyirdilər.
Zavodlar, fabriklər, yaşayış massivləri tikilir,
yollar çəkilir, parklar salınır, məktəblər,
mədəniyyət evləri, kinoteatrlar bir-birinin ardınca təhvil
verilirdi. Bu qumsallıqda ağaclar, gül
kolları əkilir, yaşıl massivlər
salınırdı. Açığı kənddən gələn,
Bakıda təhsil alan bir yeniyetmə üçün bu, bir
möcüzə idi. Ən əsası isə bu şəhərdə
elə bir mehribançılıq, insanlar arasında elə
xoş münasibət vardı ki, elə bil adamlar
bir-birini uzun illər idi ki, tanıyırdılar. Bir-biri ilə
qardaş, bacı, ən yaxın qohum idilər. Bütün
günü şəhərdə çal-çağır,
musiqi səslənirdi. Tez-tez bu şəhərə
keçmiş Sovetlər Birliyindən konsert briqadaları,
teatrlar, sirk kollektivləri gəlirdi. Mədəniyyət
zalları, kinoteatrlar həmişə dolu olurdu. İnsanlar
kitab mağazalarından bədii kitablar almaq üçün
təsəvvür eləyin ki, saatlarla növbədə
dururdular. Biz aldığımız kitabları oxuyandan sonra
dostlarımıza verirdik. Onlar da oxuyurdular və
başqalarına oxumağa verirdilər. Həmin kitabların
çox böyük müzakirəsi keçirilirdi. Tez-tez
Sumqayıta Azərbaycanın və SSRİ-nin
tanınmış elm xadimləri, yazıçıları,
şairləri, aktyorları, bəstəkarları, musiqiçiləri
gəlirdi. Onlarla olan görüşlər böyük tarixi
hadisələr olurdu. Bax ona görə də biz, hərtərəfli
inkişaf edirdik. Həm öz sənətimizi, həm ədəbiyyatı,
incəsənəti, tarixi, psixologiyanı dərindən və
mükəmməl mənimsəyirdik. Ona görə də mənim
yaşıdlarım və məndən bir qədər cavan
olanların təfəkkürü çox yüksəkdir. Bu bilik həm də bizə həyatımızı
düzgün qurmaqda, böyüyə hörmət etməkdə,
şəhərimizi, onun insanlarını sevməkdə,
şəhərdə əkilən hər bir ağacın,
gül kolunun, yaşıllığın qorunmasında
böyük yardımçı olurdu. Deməli,
Sumqayıt o vaxtlar, bizim həyat universitetimiz idi...
Danışan şəkillər
-Bu şəkillərə hər dəfə
baxdıqca, dünyasını dəyişən bu insanlar
yadıma düşür və kövrəlirəm, -deyə
Möhübbət həkim kövrəldi və bir qədər
susdu. Sonra söhbətinə davam elədi. Mən bu şəhərə
gələndə burada birinci katib rəhmətlik Kamran
Hüseynov idi. O, əslən Qubadlı rayonundan olsa da mən
onu yalnız Sumqayıtda tanımışam. Bax
bu kişi Azərbaycanın bütün rayonlarını gəzib,
cavanlarla təbliğat aparıb, onları Sumqayıta işləməyə
gətirir və onlara bu şəhərdə hər cürə
şərait yaradırdı. Sonralar mən onu yaxından
tanıyandan sonra dəfələrlə bu şəhərlə
bağlı onun maraqlı söhbətlərinə qulaq
asmışam. Həddindən artıq xeyirxah,
savadlı, yüksək təşkilatçı, dərin təfəkkürə
sahib, böyük səbrə malik kişi idi. Çox
möhkəm yaddaşı olduğuna görə hər bir
hadisəni elə danışırdı ki, elə bil həmin
hadisə dünən olub. O, daha böyük vəzifəyə
gedəndən sonra Sumqayıta Nadir Balakişiyevi birinci katib və
Hüseyn (Kamal) Axundovu İcraiyyə Komitəsinin sədri təyin
etdilər. Onların da hər ikisi yüksək təşkilatçı
və savadlı insanlar idilər. Sumqayıtın
Nəsimi adına parkı məhz Kamal Axundovun sayəsində
salınıb. Özü də həmin parka elə də
çox pul xərclənməyib. Çünki Kamal Axundov elə
mədəni, savadlı, adamlarla tez dil tapan insan idi ki, Azərbaycanın
demək olar ki, bütün rayonlarının birinci katibləri ilə əlaqələri vardı. Onların sayəsində
bu parka ağacları, gül kollarını, yaşıl
otları, torpağı demək olar ki, pulsuz gətizdirirdi.
Özü də ayağında çəkmə bütün
günü parkda işləyənlərin yanında olur, yeri
gələndə özü də ağac, gül kolu əkirdi.
Onun belə bir şakəri vardı ki, səhər tezdən
özü piyada şəhəri gəzirdi və səhər
saat 9-da onun kabinetində iclas olurdu. Artıq gecə şəhərdə
nələrin baş verdiyini bildiyinə görə heç
kim ona yalan sata bilməzdi. Özünə necə tələbkar
idisə, bütün şəhər rəhbərliyində
işləyənlərə də elə tələbkar idi. O vaxtlar şəhərin tikintisinə,
yaşayış binalarının, sosial obyektlərin
salınmasına İcraiyyə Komitəsi sədrinin
müavini kimi əslən Lənkərandan olan Kamal Rəhim
oğlu Axundov və Bir nömrəli Tikinti Trestinin baş
direktoru Zülfü Salah oğlu Hacıyev rəhbərlik
edirdilər. Hər ikisi yüksək təşkilatçı
və öz işlərinin bilicisi olan insanlar idilər. Məhz
onların sayəsində qısa vaxtda mikrorayonlar
salındı. Adamlar vardı ki, ev növbəsində
heç bir ildə gözləmirdilər. O vaxtlar
Sumqayıtda ev problemi yox idi. Məhz buna görə də təkcə
Azərbaycanın rayonlarından yox, keçmiş Sovetlər
Birliyinin hər yerindən Sumqayıta işləmək
üçün çoxlu cavanlar gəlirdi. Onlar burada ailə
qurur və ev-eşik sahibi olurdular.
Mənim yaddaşımda Sumqayıta rəhbərlik
eləmiş, burada birinci katib və İcra Hakimiyyətinin
başçısı olmuş insanlardan -Şənlik
Əliyev, Zülfü Hacıyev, Eldar İsmayılov,
Şakir Abuşov, Təvəkgül Məmmədov da
çox yaxşı qalıb. Onlar bu şəhər
üçün çox işlər görüblər. Onlar
o qədər mədəni, savadlı, təşkilatçı,
yaxşı işçinin qədrini bilən idilər ki,
onlara müraciət edən bütün
sumqayıtlıların problemini həmin dəqiqə həll
eləyirdilər. Yeganə Şənlik Əliyevdən
başqa qalan həmin rəhbərlərin hamısı
sumqayıtlı idi. İlk əmək fəaliyyətinə
burada başlamış və vəzifə pillələrində
inkişaf etdikcə gəlib bu şəhərin rəhbəri
olmuşdular. Ona görə də hamının problemini tez
başa düşürdülər. Bütün insanların
xeyirində, şərində iştirak edirdilər.
Bütün sumqayıtlılar da onları ağsaqqal kimi qəbul
eləyirdi.
Sumqayıtın əsas inkişafı ulu
öndər Heydər Əliyevlə bağlıdır. Dahi rəhbər
1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə
onun ən ali məqsədlərindən biri Sumqayıtda sənayeni
dirçəltəmək idi. Məhz buna görə də
Ulu Öndərin rəhbərliyi ilə Sumqayıtda
çoxlu kimya və başqa sənaye müəssisələri
tikildi. Sumqayıt az bir vaxtda Zaqafqaziyada sənaye sahəsində
ən aparıcı şəhərlərdən biri oldu.
Dövlət büdcəsinə çox böyük gəlir
gətirdi. Ulu Öndər, müasir Azərbaycanın
banisi və qurucusu, dahi rəhbər ikinci dəfə də Azərbaycana
rəhbərlik eləyəndə Sumqayıtın
inkişafına daha ciddi fikir verdi. Çünki o xaos illərində
Sumqayıtın zavodları, fabrikləri və başqa müəssisələri
sökülüb dağılmışdı. Demək
olar ki, kimya müəssisələri işləmirdi. Dahi Heydər
Əliyevin sayəsində şəhər dirçəlməyə
başladı...
Respublikanın gözü olan Sumqayıt səhiyyəsi
-Azərbaycan səhiyyəsi haqqında
çox vaxt o adamlar neqativ fikirlər deyirlər ki onların
çoxunun səhiyyədən heç xəbəri yoxdur,
-deyə Möhübbət həkim söhbətini davam
etdirdi. Hətta elələri var ki, ümumiyyətlə səhiyyə
haqqında heç bir anlayışı yoxdur amma sensassiya
xatirinə ağzına gələni yazır. Bununla da guya xal
qazanırlar. Amma sadəcə başa düşə bilmirlər
ki, həkimlər yer kürrəsində ən müqəddəs
məxluqdurlar. Onlar Ulu Tanrının yerdə olan elçiləridirlər.
Elə bu, COVİD-19 pandemiyası vaxtı bir daha təsdiq
olundu ki, dünyanı bürüyən bu bəladan
insanları yalnız və yalnız həkimlər xilas eləyə
bilər. Bu müqəddəs işdə Azərbaycan səhiyyəsi
də çox böyük işlər gördü və
görür. Sumqayıt səhiyyə işçiləri də
bu işdə ən ön cərgədə oldular. Ona görə
də mən bu bölümdə Sumqayıt səhiyyəsi
haqqında danışacam. Bu, elə bir növ Azərbaycan səhiyyəsi
və onun inkişaf xətti deməkdi.
Yuxarıda dediyim kimi 58 il bundan qabaq Sumqayıta
gəldiyim səhiyyə həyatı həmişə bir kino
lenti kimi mənim gözlərim qarşısından gəlib
keçir. Demirəm ki, o vaxt hər şey ideal
idi, amma Sumqayıtda olan bütün insanlar kimi səhiyyə
işçiləri də çox mübariz, işlək,
öz işlərini yaxşı bilən mütəxəssislər
və həddindən çox mehriban insanlar idilər. O
vaxtlar Sumqayıt səhiyyəsi çox maraqlı, mehriban və
müqəddəs bir ailə idi. Bu da ilk öncə ondan irəli
gəlirdi ki, burada işləyən həkimlər, tibb
bacıları öz işlərinin yaxşı mütəxəssisləri
idilər. Bax belə bir həqiqəti heç
kim dana bilməz ki, Azərbaycan Dövlət Tibb İnstitutu həmin
vaxtlar SSRİ ali tibb məktəbləri arasında həmişə
ön cərgədə idi və bu ali təhsil ocağı
çox yaxşı mütəxəssilər yetişdirirdi.
Məhz buna görə də bu ali məktəbdə təhsil
alan, burada yetişən tələbələr, bu gün
dünya səhiyyəsində tanınan mütəxəssilərdirlər.
Həm də böyük uğurla dünya səhiyyəsinə
xidmət edirlər. Bu, bəlkə də
Allahın bir lütfüdür ki, Sumqayıt şəhər
kimi fəaliyyətə başladığı, daha doğrusu
təsdiq olunduğu 1949-cu ildən burada başqa peşə
sahiblərinin əsl biliciləri kimi həmişə
yaxşı həkimlər də çalışıb.
Elə götürək birinci Səhiyyə
şöbəsinin müdirlərini olan həkimləri.
Əgər səhiyyəyə rəhbər eləyənlər
özləri həkim kimi yaxşı mütəxəssislər,
yaxşı təşkilatçılar və yaxşı
insanlar olmasaydılar, ətrafına yaxşı komanda toplaya
bilməzdilər. Mən bura gələndə 13
yaşlı bu şəhərin əhalisinin də 70-80 faizi də
gənclər idi. Hamısı da stresdən,
depressiyadan uzaq, yaşamaq, yaratmaq eşqi ilə yaşayan
insanlar idilər. Çünki bütün günü şəhərdə
çal-çağır, qaynar həyat hökm
sürürdü. Elə həyat yaşayan insanlar da çox
vaxt xəstəlikdən uzaq olurlar.
İstəyirəm tarix
üçün bir vaxtlar bu şəhərin səhiyyəsinə
rəhbərlik eləyən insanları yada salım.
Çünki gələcəkdə Sumqayıt səhiyyəsini
yazanlara mənim dediklərim çox lazım ola bilər.
İlk öncə vurğulayım ki, 1944-cü ildən sonra
Sumqayıt şəhər kimi tikilməyə və burada
zavodlar, fabriklər salınmağa başlayanda yeganə xəstəxana
Nacı Zeynalabdin qəsəbəsində ( keçmiş
Nasonı qəsəbəsi) olub. Sumqayıtı quranlar da həmin
xəstəxanaya müraciət edirdilər. Həmin xəstəxananın
da baş həkimi Böyük Vətən Müharibəsinin
iştirakçısı və müharibədə cərrah-həkim
olan Cəlal Nəbiyev olub. Həmin yüksək ixtisaslı həkim
və gözəl insan 1950-ci illərin əvvəlindən
başlayaraq 1980-ci ilin əvvəllərinə kimi həmin xəstəxananın
baş həkimi vəzifəsində işləyib. Hətta məşhur
KVN-in rəhbəri və millət vəkili olan Anar Məmmədxanovun
babası İslam Məmmədxanov da orada uzun illər cərrah-həkim
işləyib. O da Böyük Vətən Müharibəsində
cərrah- həkim olmuşdu. Sonra da bu xəstəxanaya Ruslan
Şamilov və Bəhram Paşayev rəhbərlik edirdilər.
Deməli, mən bu şəhərə işləməyə
gələnə kimi isə Sumqayıt şəhər səhiyyəsinə
bu insanlar rəhbərlik eləyirdilər. Belə ki, şəhər
təzə yarananda, yəni Sumqayıta 1949-cu ildə şəhər
statusu adı veriləndə burada xəstəxana
açıblar. Həmin xəstəxananın da baş həkimi
olan Bəbi Qasımov həm də şəhərin Səhiyyə
şöbəsinə də uğurla rəhbərlik eləyirdi.
Sonra o, uzun illər Sintez-Kauçuk zavodunun tibbi səhiyyə
hissəsin baş həkimi oldu. Zavod işçilərinə
lazım olan kimi xidmət elədi.
Sumqayıtın ilk Səhiyyə şöbəsinin
müdiri isə Baba Məmmədov olub və şəhərin
səhiyyəsi üçün əvəzsiz işlər
görüb. Onun vaxtında çoxlu xəstəxanalar,
poliklinikalar, apteklər açılıb. Onun sayəsində
yaxşı, bacarıqlı tibb komandası yetişib bu şəhərdə.
Mən bu şəhərə işləməyə
gələndə isə aşağıda adlarını
yazdığım bu insalar səhiyyəyə rəhbərlik
ediblər. Mən artıq onlarla bir yerdə işləmişəm.
Tez-tez təmasda olmuşam. Onlar mənim də səhiyyə
sahəsində uğur qazanmağımda, apteklər sistemini
genişləndirməyimdə çox köməklik eləyiblər.
Bunlar- Ağadadaş İbrahimov, Fəzail
Nadirov, tibb elmləri namizədi, Sumqayıtda fizeoterapiyanın
əsasını qoyan Məlik Əliyev, Vaqif Qəhrəmanov,
Ələsgər Qasımov, Sərdar Mustafayev, Karlen Abbasov,
Rauf Sadıxov, Ələkbər Tağıyev, Nəriman
Baxşəliyev şəhər səhiyyəsinə
böyük təşkilatçılıqla, uğurla
rəhbərlik ediblər. Hal-hazırda isə bu cavabdehli Səhiyyə
sükanın arxasında həm yaxşı savadlı, həm
də yaxşı təşkilatçı Səkinə
xanım Sadıxova dayanır. O, həm də bu işə
çox yaxşı rəhbərlik eləyir.
O vaxtlar Sumqayıtda xəstəxana yarananda ən
birinci baş həkim Şamil Muradov olmuşdu. Onun həyat
yoldaşı həkim Şəfruz Sədrəddinova
Sumqayıtda Uşaq Stomatalogiya poliklinikasını
açıb və 30 ildən yuxarı oranın baş həkimi
olub. Sumqayıtda böyüklər üçün ilk
Stomotoloji Poliklinikanı isə Akif Məmmədov
yaratmışdı və 40 il də buranın baş həkimi
olmuşdu. Bu şəhərdəki xəstəxanalara,
poliklinikalara, doğum evlərinə də həmişə
çox yaxşı mütəxəssilər olan Bəbi
Qasımov, Lenin ordenli Münəvvər Haşımova, Adil
Babayev, İzzət Sadıxov, Şəfiqə Babayeva,
Dünyamalı Qasımov, Fərhad Abdullazadə, İsmət
Aslanov, Mahmud Şəfiyev, Şamil Əlizadə, Surə
Abdullayeva, Zərifə Abdullayeva, İlyas
Kərimov, Fərhad Ələsgərov, Taləddin Verdiyev,
Vahid Məmmədov, Şəhla Abuşova, Svetlana Babayeva, Abuzər
Qurbanov, Mədinə Məmmədova, Tubuxanım Ələkbərova,
Hümbət Nağıyev, Bayram Əsədov, İbrahim Səfərov,
Rauf Sadıxov, Eldar Məmmədov, Sevda İsgəndərova,
Asif Quliyev, Nazim Hüseynquliyev, Canıbəy Ağayev, Məhərrəm
Kazımov ( 1 nömrəli xəstəxanadakı
poliklinikanın baş həkimi sayılırdı) , Cavahir
Mahmudova, Leyla Əmirbəyova, Fəridə İsgəndərova,
Ofelya Sultanova, Abdulla Abdullayev, Təranə Rəcəbli, Murad
Məmmədov, Arzu Əhmədova və başqaları uzun
illər baş həkim kimi rəhbərlik eləyiblər.
Onların hər biri də həkim kimi çox yaxşı
mütəxəssilər idilər. Onlardan bəziləri
dünyasını dəyişiblər. Sağ qalanlar isə
bu gün də həm baş həkim və həm də həkim
kimi öz işlərini uğurla davam etdirirlər.
Sumqayıt camaatına xidmət edirlər.
Sumqayıt Təcili Tibbi
Yardım Xəstəxanasına təkcə Azərbaycanda yox,
keçmiş Sovetlər Birliyində tanınan məşhur
cərrah-həkim, mənim yaxın dostum, rəhmətlik
İzzət Sadıxov uzun illər böyük uğurla rəhbərlik
etmişdi. Onun keçmiş Sovetlər
Birliyində çoxlu məşhur həkim dostları
vardı. Onlar, İzzət həkimin dəvəti ilə
tez-tez Sumqayıta gəlir və bu şəhərin səhiyyəsinə
əllərindən gələn bütün köməklikləri
edirdilər. İzzət Sadıxovun bütövlükdə
Azərbaycanda məşhur həkim və
böyük şəxsiyyət kimi əvəzsiz hörməti
vardı. Onu ümid qapısı bilib, respublikanın hər
yerindən çoxlu xəstələr məhz Sumqayıt Təcili
Tibbi Yardım Xəstəxanasına müalicəyə gəlirdilər.
O, Sumqayıt və respublika səhiyyəsi üçün də
çoxlu peşəkar həkimlər yetişdirib. Sağ olsun ölkə başçımız cənab
İlham Əliyev və İcra Hakimiyyəti
başçımız cənab Zakir Fərəcov
Sumqayıtın küçələrindən birinə
İzzət Sadıxovun adını verməklə və
yaşadığı binaya onun barelyefini vurmaqla
hamımızı sevindirdilər. Bu, bütün
Sumqayıt səhiyyə işçilərinə
böyük bir töhfə oldu.
Bu gün Sumqayıt Təcili
Tibbi Yardım Xəstəxanasına İzzət həkimin
oğlu, çox savadlı həkim, yaxşı təşkilatçı,
xeyirxah insan Rauf Sadıxov rəhbərlik eləyir və
atasının həmin vaxtlar gördüyü işləri
böyük uğurla davam etdirməklə bu xəstəxananın
əvvəlki şöhrətini qoruyub saxalaya bilir.
Sumqayıt Təcili Tibbi
Yardım Xəstəxanasının məşhur travmatalogiya
şöbəsinə 44 il rəhbərlik eləyən,
Əməkdar həkim, tibb üzrə fəlsəfə
doktoru “Tərəqqi” medallı Cəbrayıl
Əlinağıyev təkcə Sumqayıtda yox, respublikada
tanınan yüksək ixtisaslı travmatoloqdur. O, həm
də uzun illər şəhərin baş travmatoloqu və
ortapedi olub.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının
neyrocərrahiyə şöbəsinin müdiri, gözəl
həkim, gözəl insan rəhmətlik Cəbrayıl
İsmayılovu kim yaddan çıxara bilər?
Sumqayıt Ruhi Əsəb
Dispanserini adi kabinetdən Dispanser səviyyəsinə
qaldıran və Sumqayıt psixotriya məktəbini yaratmaqla
40 il bu sahəyə rəhbərlik edərək, həmçinin
özəl səhiyyə xidmətinin Azərbaycanda
yaradıcısı olmuş, bu sahədə bir nömrəli
lissenziyanı almış, Ruhi Əsəb
Dispanserini keçmiş Sovetlər Birliyində tanıtmaqla,
beynəlxalq səviyyəli tədbirlərdə iştirak etməklə,
böyük uğurlar qazanan Əməkdar həkim, tübb
üzrə fəlfəsə doktoru “Tərəqqi” medallı
Mayılxan Tağıyevin bu sahədə xidmətləri əvəzsizdir.
O, bu gün də öz işini yaratdığı və müasir
tibbi avadanlıqla təchiz etdiyi Hippokrat Tibb Mərkəzində
uğurla davam etdirir. Onun qızı, tibb üzrə fəlsəfə
doktoru Leyla xanım Tağıyeva nevropatoloq kimi Azərbaycanı
Dünya Səhiyyə təşkilatlarının tədbirlərində
çox yüksək səviyyədə təmsil eləyir. Onun
oradakı çıxışları Dünya Səhiyyə
təşkilatlarının qəzetlərində,
jurnallarında, saytlarında çap olunur.
Sumqayıt Onkoloji Xəstəxanasının
uzun illər baş həkiminin müavini və şöbə
müdiri işləyən Mirfazil Hüseynovun həkim-cərrah
kimi xəstələrin müalicəsində əvəzsiz
xidmətləri olub. Rəhmətlik Mirfazil Hüseynov elə
yaxşı mütəxəsis və gözəl insan idi ki,
onun yanına respublikanın bütün bölgələrindən
və hətta Bakıdan çoxlu xəstələr gəlirdi.
Müalicə olunurdular. O insan özü böyük bir məktəb
idi.
Sumqayıtda kardeoloq, cərrah, terapevt,
stomatoloq, nevropatoloq və başqa sahələr üzrə həmişə
yaxşı həkimlər çalışıb və bu
gün də onların işini davam etdirən yaxşı
mütəxəssilər çoxdur. Kardeoloqlar- Şamil Xələfov,
Sevinc Hacıyeva, Mir Cabir Məcidov yüksək peşəkar
mütəxəssislər olmaqla respublika səviyyəli həkimlərdir.
Tibb sahəsində böyük təcrübə
toplamış nevropatoloq Nazim Merdiyevin, travmatoloq, tibb üzrə
fəlsəfə doktoru Arif Mirzəyevin yaxşı və
peşəkar əməklərini kim dana bilər?
Sumqayıt səhiyyəsində
ilk tibb elmləri doktoru olan, uzun illər Bərpa Müalicəsi
Xəstəxanasının cərrahiyə şöbəsinə
rəhbərlik eləyən və cərrah kimi böyük
uğurlar qazanan Rəfiəli Novruzovun əməyini də mən
çox yüksək qiymətləndirirəm. Həmin şöbəni də bir vaxtlar o
özü yaratmışdı və oranı yüksək səviyyədə
təmir etdirmiş və oradakı tibbi avadanlıqların da
çoxunu özü almışdı. Sumqayıt səhiyyə
müəssisələrində ilk laparoskapik cərrahiyyəni
də o yaratmışdı. Həmin şöbənin klinik
materialları əsasında iki tibb elmləri üzrə
fəlsəfə doktoru və bir tibb elmləri doktoru
dissertasiyası icra edilmişdi.
Sumqayıt Səhiyyə
şöbəsində 48 il baş pediator vəzifəsində
çalışmaqla ana və uşaq tibb müəssisələrinin
işinə rəhbərlik eləyən Əməkdar həkim
Xalidə xanım Quliyevanın Sumqayıt səhiyyəsində
xidmətləri əvəzsiz olub. O, yeddi dəfə
tibb üzrə keçirilən ümumittifaq və iki dəfə
respublika üzrə keçirilən qurultaylarda və beynəlxalq
tədbirlərdə Sumqayıt şəhər səhiyyəsini
yüksək səviyyədə təmsil etmişdir. Onun həmin
tədbirlərdəki çıxışları çox
maraqla qarşılanmışdı.
Sumqayıtda həm də ölkə
başçımızın bilavasitə böyük diqqəti,
qayğısı sayəsində səhiyyə sahələrinin
təmirində də böyük işlər
görülüb. Bu şəhərdəki
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında, 1
Nömrəli Şəhər Xəstəxanasında, 2
Nömrəli Doğum Evində, 3 Nömrəli Poliklinikada, Vərəm
Dispanserində, Onkoloji Xəstəxanada, 1 Nömrəli
Doğum Evində, 1 Nömrəli Poliklinikada, Narkoloji Dispanserdə,
Uşaq Xəstəxanasının infeksiya şöbəsində,
Uşaq poliklinikalarında böyük təmir işləri
görülüb. Qısa bir vaxtın içərisində
200 şarpayılıq epidemiyaya qarşı xəstəxana
tikilib. Hal-hazırda 2 nömrəli xəstəxanada çox
böyük işlər gedir. Bu xəstəxana
sökülüb və yerində Avropa standartlarına
uyğun xəstəxana tikilir. Ölkə
başçısı cənab İlham Əliyev bu xəstəxananın
tikintisinə 5 milyon manat pul ayırıb. Sumqayıt apteklərində
də çox yaxşı təmir işləri gedib. Deməli,
Sumqayıt xəstəxanalarına diqqət həddindən
artıq çox böyükdür. Bütün bunlar da biz səhiyyə
işçilərini öz işlərimizə qarşı
daha ciddi olmağa və xalqımızın
sağlamlığı keşiyində daha məsuliyyətlə
dayanmağa səfərbər eləyir. Ulu önədr Heydər
Əliyev birinci dəfə hakimiyyətdə olduğu kimi,
ikinci dəfə də hakimiyyətə gələndən
sonra Azərbaycan səhiyyəsinə onun diqqəti,
qayğısı həddindən artıq çox olub. Azərbaycan
səhiyyəsi yenidən qurulub. Cənəb prezidentimiz
İlham Əliyev də bu kursu çox böyük uğurla
davam etdirir. Mən, ömrünün 58 ilini səhiyyəyə
xidmət eləyən insan kimi qətiyyətlə deyə bilərəm
ki, Azərbaycan səhiyyəsi bu gün dünyada ən
öndə gedən, müasir tibbi avadanlıqlarla təchiz
olunan səhiyyə sahələrindən biridir.
Mən elə burada bir məsələni də
qeyd etmək istəyirəm ki, aptek işi sahəsində mənim
yolumu özüm qədər inandığım nəvəm
Tural Valeh oğlu Orucov davam etdirir. O, vaxtsız
dünyasını dəyişən Arzu qızımın
oğludur. Anası vəfat eləyəndə Tural bir yaş
yarımlıq idi. Sonra onu mənim həyat yoldaşım, yəni
nənəsi Şərqiyyə xanım böyüdüb.
Tural Ukraynanın Xarkov şəhərində Tibb Universitetinin
əczaçılıq fakültəsini və elə orada
magistraturanı əla qiymətlərlə bitirib. Mən, əvvəllər
özüm rəhbərlik elədiyim 415 saylı apteki indi ona
təhvil vermişəm və inanıram ki, Tural nəvəm,
mənim işlərimi daha böyük uğurla davam etdirəcək.
Sumqayıt özünün ikinci intibah
dövrünü yaşayır
- Möhtərəm prezidentimiz İlham
Əliyev də bu gün dahi rəhbərin kursunu davam etdirməklə
Sumqayıtın müasir zavodlar, texnologiyalar parkı
olması üçün bu şəhərə çox
ciddi fikir verir. Sumqayıtlıların bir də bəxti onda gətirib
ki, öz kadrları olan cənab Zakir Fərəcov bu şəhərə
rəhbərlik edir. Zakir müəllim sumqayıtlıları
yaxşı tanıdığından kimin hansı potensial
gücə, ağıla, təşkilatçılığa
malik olduğunu bildiyindən ətrafına çox
yaxşı və işlək komanda toplayıb. Məhz buna
görə də Sumqayıt az bir vaxtda köklü surətdə
dəyişdi. Artıq Sumqayıt özünün ikinci
intibah dövrünü yaşayır. Heç kimin
ağlına gəlmirdi ki, Kamal Axundovdan sonra Sumqayıtın
dənizkənarı bülvarı belə möcüzəli
şəkildə qurula bilər. Bunu ölkə
başçımızın bilavasitə diqqəti,
qayğısı sayəsində məhz Zakir Fərəcov
reallaşdırdı. Prezidentin özü deyən kimi
Sumqayıt dənizkənarı parkı həqiqətən bir
möcüzə oldu.
Mən və mənim həmyaşıdların
məhz buna görə sevinirik ki, Sumqayıt
günü-gündən gözəlləşir. Artıq
şəhərə girişdən Sumqayıt hamını
öz gözəlliyi ilə qoynuna alır. Xarici qonaqlar ilk
baxışdan bu şəhərə vurulurlar. Bəli,
Avropa standartlarına cavab verən belə bir şəhərdə
yaşamaq, hər bir sumqayıtlı üçün
böyük fəxarətdir. Əvvəllər
sumqayıtlılar buradan köçüb Bakıya gedirdilər.
İndi təkcə həmin insanlar yox, elə bakılılar
da Sumqayıtda yaşamağa can atırlar. Çünki
Sumqayıt əsl kurort və müasir üslubda qurulan bir
şəhərdir. Son vaxtlar tikilən çoxlu inzibati və
yaşayış binaları, salınan rahat yollar, parklar şəhərə
böyük gözəllik verir. Elə bunun özü də
böyük intibahdır. Şəhərin indiki quruculuğu
foto, video lentlərə alınır. Bax bunlar da bir vaxtlar
danışan şəkillər olacaqlar. Necə ki, biz bir
vaxtlar bu şəhəri quranlara rəhmət diləyirik, gələcək
nəsillər də bugünkü xarüqələrə
görə indi burada, başda Zakir Fərəcov olmaqla əməyi
olanlara rəhmət diləyəcəklər. Axı
yaxşılıq elə bir uca, nəhəng və
yaşıl ağacdır ki, heç vaxt itmir və undulmur. Həmişə
də hər yerdən möhtəşəm
görünür. Biz, səhiyyə sahəsində
çalışan və insan psixologiyasını dərindən
bilənlər, bunu daha yaxşı görür və dərk
edirik. Ümumiyyətlə insan, yaşa dolduqca nəyin pis, nəyin
yaxşı olduğunu görür və daha yaxşı dərk
eləyir. Mən, ömrünün 80 ilini qeyd etməyə
hazırlaşan ağsaqqal kimi xalqımıza yalnız və
yalnız xoş günlər arzulayıram. Bu
gün həyatda yeganə bir arzum var, tezliklə,
torpaqlarımızı geri qaytaraq və mən
doğulduğum Qubadlı rayonunu, dünyanın ən gözəl
yeri bildiyim Qarabağı bir də görüm. Çünki
bir vaxtlar orada çəkdirdiyim şəkillər, qəlbimin
sarı siminə toxunur və məni kövrəldir...
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Azad Azərbaycan.-
2020.- 13 avqust.- S.8.