Mən Vətən
üçün doğuldum: General-mayor Polad Həşimov
(Elegiya)
Azərbaycan xalqı həmişə öz Vətənini
sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər
cür mübarizəyə hazır olmuş, Vətəni
canından əziz tutmuşdur. Bunu ulu babalarımızın dediyi
hikmətli sözlər də sübut edir: “Vətənə
gəldim, imana gəldim. Vətən elin evi,
dayağıdır. Vətən viranə
də olsa cənnətdir. Vətənin
bir qışı qürbətin yüz baharından
yaxşıdır. Azadlıq, müstəqillik
hər bir xalq, hər bir millət ücün böyük nemətdir”.
Bütün xalqlar ona qovuşmağı özlərinin
əzəli və əbədi arzusu hesab edir, bu yolda qətiyyətlə
çarpışırlar. Qədim və şərəfli
tarixə malik Azərbaycan xalqı da öz azadlıq və
istiqlaliyyəti uğrunda əsrlərlə mübarizə
aparmış, onun naminə minlərlə oğul və
qızını qurban vermişdir. Azərbaycanı
ucaldan, onu şöhrətləndirən vüqarlı
oğulları, yenilməz qızlarıdır. Azərbaycan xalqının igid oğullarından
Cavanşirin, Babəkin, Koroğlunun yadelli
işğalçılara qarşı mübarizəsi tarixi
keçmişimizdirsə, bu günümüzün qəhrəmanlıq
tarixini bəzəyən oğul və qızlarımız isə
son dövrlərin - Qarabağ savaşının qəhrəmanları,
ölümləri ilə ölümsüzlüyə
qovuşan şəhidlərdir.
Şəhidlər - müqəddəs and yerimiz olan
Şəhidlər Xiyabanının zinətli, əbədiyaşar
sakinləridir.
Onlar hər zaman bizim fəxrimizdir. Bu məqaləmdə Azərbaycanın qəhrəman
oğullarından biri - 12 iyulda Tovuz istiqamətində gedən
ağır döyüşlərdə qəhrəmanlıqla
şəhid olan, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov
haqqında yazıram.
Mən də Sumqayıt sakiniyəm. Poladın ailəsi
Sumqayıt şəhərində yaşayan yüzlərlə
adi, zəhmətkeş ailələrdən biri olmuşdur.
Halal zəhmətləri ilə dolanan, heç
kəsdə gözləri olmazdı. Şəhərimizdəki
16 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı
müəllimiyəm. Həmişə
şagirdlərimə vətənpərvərlik hissləri
aşılayıram. Mən də Vətənimi,
vətən övladlarını çox sevirəm. Ona görə çalışıram ki, şəhidlərimizin
xatirəsini əziz tutaq, onların həyat və fəaliyyətini
dərindən öyrənək. Qarşıma
məqsəd qoydum ki, mütləq Poladın anası və
ailəsi ilə görüşüm. Mənim
üçün çətin idi. Çünki,
bu acı həyat hekayəsi çox üzüntülü
idi. Çox fikirləşdim, mütləq
ailə ilə görüşmək qərarına gəldim.
Axırkı, 25 iyulda kiçik qızım
Günellə və qardaşımın tələbə
qızı Maralla ailəyə baş çəkməli
olduq. Poladın ailəsi 13-cü
mikrorayonda yaşayır. Böyük
qızım Ayselin yaşadığı evə
yaxındı. Demək olar ki, üzbəüz
binada yaşayırlar. Ayselin oğlu
4-cü sinifdə oxuyur. Maşallah,
çox vətənpərvər uşaqdır. Mustafa özü, yatdığı otağın pəncərəsindən
dövlətimizin bayrağını asmışdı. Poladın cənazəsi yaşadığı evə
gətirilən zaman, yaşanan o böyük izdihamı
gözləri ilə görmüşdü. Poladgilin evinə də bizi Mustafa apardı. Fikir verdim, gördüm, uşaq da çox stres
yaşayır. Telefonunda Poladın şəkillərini,
onun haqqında olan məlumatları toplu halında saxlayıb.
Bir müəllim kimi onu alqışladım. Doğrudan da,
12 iyulda gedən döyüşlər çox ağır
oldu. 12 şəhid verdik. Allah onlara rəhmət
eləsin! Qəbirləri nurla dolsun!
Həyətə çatdıq, qonum-qonşular çox
idi. Hamısı bilirdi ki, Poladgilə gedirik. Başımızı qaldırdıq, binaya
baxdıq. Dördüncü mərtəbədə,
balkonda dörd bayraq asılmışdı. Dalğalanırdı. Çox
üzüldük. Birtəhər evin
qapısını döyüb, icəri daxil olduq. Qapını açan kimi iki otaqda Poladın xatirəsinə
düzəldilmiş guşə və yerdə əyləşmiş
anası Səmayə xalanı gördük. Çox təəssüf hissi keçirdik. Ana çox təmkinlə bizi qarşıladı.
Ətrafında qadınlar vardı. Hamısı ağlayırdı. Bizi görcək sakitləşdilər. Mən də özümü təqdim etdim, nə
üçün gəldiyimin səbəbini bildirdim.
Baxdım ki, bir az sakitləşdi və
Poladın acı həyat hekayəsini danışmağa
başladı.
Məlum
oldu ki, Polad 1975-ci il yanvar ayının 2-də
Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Polad 6 aylıq olanda ailəliklə Sumqayıt şəhərinə
köcmüşlər. Atası
Alüminium zavodunda mühəndis, anası da həmin zavodda fəhlə
işləyiblər. Bir müddət sonra
anası işləməyib. Poladgil ailədə
dörd övlad olublar; iki oğlan, iki qız. Övladlarının
dördü də ali təhsil alıb. Poladın böyük bacısı Arzu xanım
Sumqayıt şəhərindəki 33 nömrəli tam orta məktəbdə
müəllim işləyir. Bütün
şagirdlərin, müəllimlərin, valideynlərin həmişə
sevimlisi olub.
Səmayə
xanım gözləri dola-dola dedi ki, Polad körpəlikdən
çox ağıllı, düşüncəli olub. Düzdü, çox dəcəl idi. Ancaq onun dəcəlliyi də şirindi. Bağçada çox nadinclik etsə də, müəllimləri
onu çox sevirdilər. Polad əvvəlcə
28 nömrəli tam orta məktəbdə təhsil alsa da,
sonradan təhsilini 34 nömrəli tam orta məktəbdə
davam etdirir. Həmişə dərslərinə
hazırlıqlı gedərdi. Ancaq oxumaqla məşğul
olardı: «Mən həmişə istəyirdim ki, Polad
hüquqşünas olsun. Özü də mənimlə
razılaşmışdı. Onuncu sinfi bitirməyə az qalmışdı. 1992-ci il
idi. Bir gün dərsdən gələndə mənə dedi
ki, ana, incimə, mən sənədlərimi Ali Hərbi Məktəbə
verəcəm. Əgər qəbul olmasam, sonra
hüquqa verəcəm. Doğrusu, pis
oldum. Dedim yox, hərbçilik çox çətindir,
ailə də, uşaqlar da əziyyət çəkir, mən
razı deyiləm. Danışdı ki, bu gün tarix müəllimimiz
Ramin müəllim dedi ki, əsl kişi
ona deyərəm ki, hərbçi olsun. İndi
Vətənimiz dardadır, bizə güclü hərbçilər
lazımdır. Mən də
uşaqların içində söz verdim ki, hərbçi
olacağam. Belə də oldu. Sənədlərini
Ali Hərbi Məktəbə verdi, qəbul
oldu. Çox böyük həvəslə təhsil
alırdı. Evə gəlmək istəmirdi.
İkinci kursda oxuyurdu. Türkiyəyə
hərbi kursa göndərildi. Çox
sevincək olmuşdu. Sonralar, kursant ola-ola
Murova getdi. Orda çox əziyyət cəkdi.
Çox çətin vaxtlar idi. Mən də burda çox əziyyət çəkirdim.
Demək olar ki, gecəm-gündüzüm yox
idi. Yarıcanım üzülüb, onun
yanında qalmışdı. Çox
darıxırdıq, onsuz... Ancaq, o, öz
işinə o qədər bağlanmışdı ki, evə
gəlmək istəmirdi. Gücüm ancaq yalvarmağa
çatırdı ki, bala, özünü qoru
. Demək olar ki, oxuyanda da, işləyəndə
də evə çox az-az gəlirdi. Gedəndə,
həmişə arxasınca su atırdım. O isə
baxıb gülürdü və mənə deyirdi ki, ana, bu
köhnə adətlərdən əl cəkin, lazım deyil.
Pis olurdum. Bir-iki pilləkən
düşürdü getsin, sonradan qayıdıb, məni bərk-bərk
qucaqlayıb öpürdü. Deyirdi ki
darıxma, hər şey yaxşı olacaq. Bilirəm, sən məni çox istəyirsən, mən
də səni çox istəyirəm. Ancaq,
incimə, mən getməliyəm. Mənim
orda işlərim çoxdur. Oğlum
çox vətənpərvər idi. Vətənimizi,
əsgərlərini, dövlətimizi çox sevirdi».
Səmayə
xanım sözlərinə davam edərək bildirdi ki, Polad
orta məktəbdə oxuyanda, hər yay məktəb
bağlanan kimi doğulduğu kəndə, babasıgilə
gedirdi: «Babası Mikayıl kişi Böyük Vətən
Müharibəsi iştirakçısı idi. O da
güclü hərbçi olmuşdu. Çoxlu
orden və medalları var idi. Polad həmişə
babasına müharibədən suallar verərdi. Hər bir orden və medalı nə zaman, nəyə
görə aldığını öyrənərdi. Babası da onun suallarından yorulmazdı, bircə-bircə
hamısına cavab verərdi. Hətta, bir neçə
dəfə gördü ki, bu yaşda kişi
yıxılıb yerə, sürünür ki, bax, meyidlərin
üstündən belə keçirdik. Sonra həmin
hərəkəti Polad da təkrar edərdi. Mənə elə gəlir ki, babasının da təsiri
oldu ona, o, belə güclü bir hərbçi oldu.
Allah hər ikisinə rəhmət eləsin! Polad
oxudu. Ali Hərbi Məktəbi bitirdikdən
sonra müxtəlif bölgələrdə - Bərdədə,
Murovda, Tovuzda, Hacı Zeynalabdin qəsəbəsində,
Daşkəsəndə, Şəmkirdə yerləşən
Hərbi Hissələrdə komandir işləyirdi. Bu illər ərzində üc dəfə Türkiyəyə
hərbi kursa göndərildi. Başı
hərbi işə o qədər qarışmışdı
ki, ailə qurmaq belə istəmirdi. Dostları,
yaxınları, özümüz bir təhər onu dilə
tutmaqla razılaşdırdıq. Hamı
kimi biz də elçi getdik, öz kəndimizdən Ofelya
adlı bir gözəl qızı Polad üçün
nişanladıq. Çox ağıllı
və tərbiyəli, savadlı bir qızdır. Riyaziyyat müəllimidir».
Ana bu
fikirləri səsləndirəndə, onun sağ tərəfində
oturmuş, orta yaşlı, gözəl bir xanım
ağlaya-ağlaya dedi ki, Səmayə, icasə ver, indi mən
danışım. Məlum oldu ki, bu xanım Poladın 11 il bir sinifdə oxuduğu, həmişə
möhkəm dost olduğu sinif yoldaşı Vüqar Cəfərovun
anasıdır. Həm də 30 ildən
çoxdur qonşudurlar. Danışdı ki, doğrudan
da, Poladın ailə qurmasında bizim də təsirimiz olub:
«Poladı qətiyyən işdən, hərbdən ayırmaq
olmurdu. Zorla razılaşdırdılar. Axır ki, 2003-cü ilin sentyabr ayının 5-də
Poladın toyu oldu. Danışırdı
ki, Səmayə xanım Polad uşaq olanda Gürcüstandan
iki ədəd qırmızı şərf
almışdı. Toy günü birini
Poladın, birini isə Vüqarın qoluna bağladı.
Bizim bölgədə adət idi, kim bəyin
sağdışı olsa, bəyin qoluna bağlanan
qırmızı parçadan - şərfdən biri də
sağdışın qoluna bağlanmalı idi. Ofeliya xanımgil Vəndamda yaşadığı
ücün, onu toy günündən bir-iki gün qabaq gətirib
Poladın bacısı Arzu xanımgildə qoyublarmış.
Bir azdan gəlini toyxanaya gətirmək lazım
olanda, Polad zarafatla Vüqara deyir ki, «Vüqar, mən hardan
bilim ki, gəlin hansıdır, gülü kimə verim,
axı, gəlini mən çox görməmişəm».
Vüqar da ona deyir ki, «bax gör, kimin başında fata varsa,
gəlin paltarında kim olsa, ona ver». İçəri daxil olurlar. Polad
gülü də gəlinə hərbçi kimi təqdim
edir. Hamı gülür. Çünki, xoşlarına gəlir».
Söhbət əsnasında mən də həmin
söhbəti danışan xanımı tanıdım. Onun
danışdığı, Poladla bağlı bu xatirə
çox kövrəltdi bizi... Bu ailədə Poladı öz
balası kimi sevirmişlər... İndi oğlu Vüqar
ağır stres yaşayır, sakitləşə bilmir... Doğrudan da, belə bir dostu birdən-birə itirmək
çox çətindir.
Poladın gözəl bir toyu olur. Qohumlar,
qonşular, dostlar, onun hərbçi yoldaşları toyu
çox şənləndirdilər, oynadılar, əyləndilər.
Bu evlilikdən Poladın üç
övladı - bir qızı və iki oğlu dünyaya gəldi.
İndi qızı Aybəniz on birinci,
böyük oğlu Teymur səkkizinci, kiçik oğlu Davud
isə beşinci sinifdə oxuyacaqlar. Çox
ağıllı, tərbiyəli, savadlı uşaqlardı.
Səmayə xanım danışır ki, Poladın
toyunun sevincini çox da yaşamadıq. Qəflətən
atası xəstələndi. Çox
müalicələr olundu, xeyri olmadı. 2005-ci il oktyabr ayının16-da vəfat etdi. Atasının ölümü Poladı çox
sarsıtdı. Günlərlə
özünə gələ bilmirdi. Allah rəhmət eləsin,
çox gözəl ata idi... Hamımız
çox üzüldük. Neyləmək olar... Birtəhər
dözdük... Polad hansı hərbi hissədə
çalışırdısa, həmişə ailəsini də
ora aparırdı. Polad əsgərlərini
çox sevirdi. İşində çox
ciddi və tələbkar idi. Əsgərlərinə
“balam” - deyirdi. Harda olsa, hansı əsgərin
hansı ehtiyacı olsa, ona qayğı göstərirdi.
Yas məclisində iştirak edən “Hədəf”
hazırlıq kursunun təsisçisi Şamil Sadıq
otağa girən kimi, Səmayə xanımın əllərindən
öpdü və uca səslə: - Poladı doğan belə
anaya alqışlar olsun! - dedi - Ana, ağlama! Sən başını həmişə
dik tut! Sənin oğlun hamımızın fəxrimiz,
qürurumuz oldu. Polad hamımızın qəlbində
özünə bir əbədi heykəl yapdı. Sən fəxr elə ki, sənin belə qəhrəman
oğlun var.
Şamil
müəllim daha sonra qeyd etdi ki, o əvvəllər
Poladın xidmət etdiyi hərbi hissədə olub: «Məqsədim
əsgərlər, onların həyatı barədə kitab
yazmaq idi. Bunun üçün orda çoxlu
sayda əsgər və zabitlərlə görüşüm
oldu, onlarla söhbətlər apardım. O, Turqut adlı
bir əsgərin xatirəsini söylədi. Danışdı
ki, “Turqut komandiri haqqında o qədər ürək dolusu
danışırdı ki... Onu sona qədər
dinlədim. Axırda, Turqutdan soruşdum: Oğlum, onunla
bir şəklin varmı? Əsgər dedi ki, Siz nə
danışırsınız, biz ona Allah kimi baxırdıq. Allahla şəkil çəkdirmək olurmu ki,
onunla da biz şəkil çəkdirək? Komandirimiz çox ciddi və tələbkar idi”.
Polad kimi generalın, belə yenilməz anası olar! Ana doğrudan da çox təmkinli və məğrur
qadın idi. Dedi ki, düz deyirsən, bala. Allah hamınızı qorusun. Bütün
şəhidlər mənim balalarımdır. Onlar Vətəni bizdən üstün tutdular.
Mənə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev
özü şəxsən başsağlığı verdi. Mənim üçün
böyük dəstək oldu. Ancaq,
oğlum, mənim də bütün analar kimi arzularım var
idi. Bala böyütdüm, barını görmədim,
balaları atasız qaldı... Polad özü də atasız
qalmışdı, indi isə onun balaları... Polad
həmişə rəşadət göstərib, qəhrəmanlıqla
vuruşub. 2016-cı il Aprel
döyüşlərində iştirak edib. Döyüşə
gedəndə nə ailəsinə, nə də anasına
bildirməyib. Dörd gün
döyüş olub. Döyüş
qutardıqdan sonra həyat yoldaşı Ofelya xanıma zəng
edərək deyib ki, qətiyyən narahat olmayın, hər
şey yaxşıdır. Düşməni
kilometrlərlə geri oturtmuşuq. Ancaq, zəngdən
20 gün sonra evə gəldi. Evdə
gördülər ki, Poladın ayağında, yerişində
problem var. Demə, yaralanıbmış. 20
gün də xəstəxanada müalicə alıb. Aprel döyüşlərində göstərdiyi
igidliklərə görə dövlətimiz tərəfindən
mükafatlandırılıb. Hətta,
Prezidentimiz onu evlə təmin edir. Polad isə
ona verilən evi Aprel döyüşlərində həlak
olan bir şəhid ailəsinə bağışlayır.
Poladdakı ürəyə, qəlbə heyran olmamaq olmur... Heç zaman əlindən gələni kimsəyə
əsirgəməzdi. İmkansızların,
dara düşənlərin əlindən tutardı. Xeyirxah, mərd, cəsarətli bir insan idi. O,
insani əməli, səxsi ləyaqətilə
özünü təsdiqləmiş cəsur bir General idi. Belə adamlar gözəllik qanunları ilə
qurub-yaratmağı sevir, həyat həqiqətinə
güclü inamı, nəcibliyi, mənəvi zənginliyi,
saflığı ilə həmişə seçilir. Ananı sakitləşdirmək olmurdu. Səmayə
ana danışırdı:
-
Çox heyif ki, Poladın illər boyu ürəyində bəslədiyi
arzuları param-parça oldu. İstəyirdi
ki, tezliklə Qarabağ torpağı o mənfur düşmənlərdən
azad olsun. Köckün, qacqın
adlandırılan soydaşlarımız öz əzəli dədə-baba
yurdlarımıza qayıtsınlar. Lakin,
12 iyulda Tovuz istiqamətində düşmənin təxribatı
nəticəsində Milli Ordumuzin General-mayoru Polad Həşimov
və 11 nəfər əsgərimiz qəhrəmanlıqla həlak
oldular. Hamısının da bir həsrəti, bir amalı
var idi - Qarabağ həsrəti... Neyləmək olar...
Müharibənin belə sərt qanunları var... General-mayor Polad Həşimovun itkisi çox
ağır oldu. Respublikamız üçün də, Vətənimiz
üçündə, elimiz, obamız üçün də...
- Səmayə
xanım, Siz ilk xəbəri necə eşitdiniz? - deyə sual verdim. Fikrə dalıb,
ağır-ağır danışmağa başladı: -
Çox narahat idim, heç dincələ bilmirdim. Tovuzda vəziyyət pisləşən andan
Poladın özünə, dostlarına, qohum-əqrəbalara
zəng eləyirdim. Heç kim
telefonu açmırdı. Dəhşətə
gəlmişdim. Ayın 14-ü idi. Axşamüstü, səs-küyə balkona
çıxmışdım. Gözlərimə
inana bilmədim. Baxdım ki, həyət,
binaların araları millətlə doludur. Hamının da əllərində bayraqlar
dalğalanırdı. Hər tərəfdə,
“İgidlər ölməz, Vətən bölünməz!”
- deyə, qışqırırdılar. O
dəqiqə anladım ki, Poladım şəhid olub. Hamı bilirmiş, mənə isə deməyiblər.
Bu sözləri deyəndə, bir anlıq ananın səsi
gəlmədi.
Gözləri, yaxınlıqda qoyduğu Poladın şəkillərinə
sataşanda, uca səslə dedi: - Qızım, Polad Vətəni
ailəsindən, bizdən üstün tutdu. Vətən
yolunda da şəhid oldu. Allah bütün şəhidlərimizə
rəhmət eləsin! Oğlumla birlikdə həlak olan
polkovnik İlqar Mirzəyev də həmişə onunla birlikdə
olub, çox yaxın dost idilər. Türkiyəyə,
hərbi kursa bir yerdə getmişdilər. Mən də, bütün şəhid anaları kimi
oğlumla fəxr edirəm. Onda rahat olaram
ki, oğlumun da, bütün şəhidlərin də
qisası alınsın, qanları yerdə qalmasın. Qarabağımız düşməndən azad
olunsun. Mənim oğlum fərqli bir
oğul idi. Elə bir Vətəni
üçün dünyaya gəlmişdi. İllər boyu Vətəni ailədən,
uşaqdan - hamıdan üstün tutdu. Çox
əzab-əziyyət çəkib, yüksək hərbi ad
aldı. Ancaq, o adın sevincini
yaşamadı. Çox tez itirdik onu... Polad
yaşasaydı, çox işlər görəcəkdi...
Düz deyirdi ana, onun sözlərində böyük həqiqət
vardı.
Poladın bacı-qardaşı da çox
üzüntülü idilər. Onun yarımçıq
qalmış arzuları onları da rahat buraxmırdı.
Nə qədər qəmgin olsalar da, Poladın
xatirəsini əziz tutur, onlara baş çəkən
adamları çox təmkinlə qarşılayıb, təmkinlə
yola salırdılar. General-mayor Polad Həşimovun
cənazəsi minlərlə sumqayıtlıların çiyinləri
üstündə, onun yaşadığı binanın həyətinə
gətiriləndə, ətrafı bir uğultu
götürdü. İzdihamı sakitləşdirmək
olmurdu. Ətrafı ” Şəhidlər
ölməz, Vətən bölünməz!”,
“Başını dik tut, şəhid anası!”, “Qarabağ
bizimdir, bizim olacaq!” şüarları
bürümüşdü. Sumqayıt Şəhər
İcra Hakimiyyəti başçısının birinci
müavini Teymur Səmədov izdihamı sakitləşməyə
çağırdı. Mərasimi, generalın adına layiq keçirməyə səslədi.
Mərhum generalımızın bacısı Arzu xanım uca səslə
izdihama müraciət etdi:
- Eyyy...
damarlarında azərbaycanlı qanı axan cavanlar, sizdən
Poladıma yaraşan hörmət istəyirəm! Nə olar,
imkan verin Polad sonuncu dəfə anası ilə
görüşsün! İzdiham sakitləşdi.
Dalğalanan bayraqların sayı-hesabı yox
idi. On minlərlə sumqayıtlılar
öz generalı ilə vidalaşdı. Həmin
gün qəhrəman generalımız öz doğma Vəndam
kəndi və qəbələlilərlə də sonuncu dəfə
görüşdü.
Səhərisi gün general Polad Həşimov və
polkovnik İlqar Mirzəyev Bakıda İkinci Fəxri Xiyabanda
yaylım atəşinin səsləri altında, yan-yana dəfn
edildi. Uzun illər dostluq etdikləri cəsur hərbçilərin
məzarları da, eyni vaxtda torpağa
tapşırıldı. Tabutlarına
bürünən bayraqlar qəhrəmanların
övladlarına verildi. Hər iki zabitin
övladları ataları ilə fəxr etdiklərini və
atalarının qanının yerdə qalmayacağına and
içdilər. Onların gözlərində bir inam,
bir məğrurluq vardı!
Əlbəttə, müharibə itkisiz olmur. Şəhid
olan bütün hərbçilərimiz bizim fəxrimiz,
qürur mənbəyimizdir. Prezident, Ali
Baş Komandan İlham Əliyev hər iki hərbçinin ailəsini
Bakı şəhərində evlə təmin etdi. Ana torpaqda uyuyan general-mayor Polad Həşimov,
doğrudan da, qeyri-adi xarakterə malik bir hərbçi
olmuşdu. Bütün bunlar haqqında onun
ömür-gün yoldaşı Ofelya xanım “Real TV”-yə
verdiyi müsahibəsində deyir:
- Mən Polad kimi insanlar haqqında həmişə bədii
əsərlərdə oxumuşam. Onlar mənə
çox şablon kimi gəlirdi. Elə
bilirdim ki, belə insanlar yoxdur, yaşamır. Poladla biz
17 il bir yerdə yaşadıq. Gördüm ki, o, həqiqətən, bütün
canı-qanı ilə Vətənə bağlı insan idi və
bunu dildə yox, əməllərində göstərirdi.
Övladlarını da elə böyüdürdü.
Əsgərlərini çox sevirdi. Hər zaman əsgərləri ilə birgə,
onların yanında olurdu. Bizim evdəki
şəkillərə baxsanız, ad günlərində,
bayramlarda - heç birində o, yoxdur. Hamısında
biz təkik. Çünki, ancaq o, səngərlərdə,
əsgərlərinin yanında olardı. Aprel
döyüşlərində yaralandığını bizdən
gizlətmişdi.
Ofelya
xanım 12 iyul hadisələrini belə xatırlayır:
- Biz həmin
vaxt Şəmkirdə idik. Axırıncı dəfə
Poladdan iyunun 29-da ayrılmışdıq. Bizi Qəbələyə yola saldı, işə tələsirdi.
Bir neçə dəfə telefonla
danışmışdıq. Ancaq, 12
iyuldan sonra onunla danışa bilmədik. Çünki
o, telefon işlətmirdi. Dostları,
tanışları da danışırdılar ki, heç
vaxt telefon götürməzdi. Xoşu gəlmirdi
telefondan, ancaq öz işi-gücü ilə məşğul
olardı. Doğrudan da, adam fikirləşəndə,
dəhşətə gəlir. Elə bil, ancaq Vətən
üçün, cəbhə üçün
doğulmuşdu Polad... Cəbhədə Vətəni
qoruya-qoruya şəhid oldu. Onun
ölümü hamının qəlbini kövrəltdi.
Şairlərimiz, yazıçılarımız, sadə vətəndaşlarımız
rahatlıq tapa bilmir, onun xatirəsini əbədiləşdirmək
üçün, kim nəyi bacarır, onu
eləməyə çalışır. Cənab
Prezident İlham Əliyev Qəbələ şəhərindəki
küçələrdən birinə General Polad Həşimovun
adının verilməsinə qərar vermişdir. Tələbə heykəltaraşımız isə
onun büstünü hazırlamışdı. Qəhrəmanlar
heç vaxt unudulmur! Mən də bir müəllim
olaraq, bu yazını yazmaqla ona olan məhəbbətimi
bildirməyə çalışdım.
Azərbaycan xalqının qəhrəmanlıq
dastanı XXI əsrdə də davam edir. Azərbaycan
torpaqlarını işğal edən Ermənistana
qarşı bu gün də bütün cəbhə boyu mərd
oğullarımız mənfur düşmənlə
üz-üzə durub və qəhrəmancasına mübarizə
aparır. Ata-babalarımızdan əmanət
olaraq aldığımız, üzərində xoşbəxt
və firavan yaşadığımız, yer üzünün
cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində
atalarımızın qurduqları sivilizasiya və mədəniyyət
xəzinələrini, dilimizi, mənəviyyatımızı
qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə
ötürmək üçün onu müdafiə etməyə
hər an hazır olmalıyıq. Mübariz İbrahimov kimi, Fərid
Əhmədov kimi, Raquf Orucov kimi qəhrəman
oğullarımızın yolunun davamçısı və
torpaqlarımızı işğaldan azad edənlərin
sırasında olmaq gənclərimizin ən böyük
arzusudur. Müharibədə döyüş də var, şəhidlik
də. Ancaq Vətənə görə döyüşmək
lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar
Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov,
polkovnik-leytenant Raquf Orucov kimi oğullarımız şəhidliyi
özləri seçmişdi. Vətən üçün
seçmişdi, xidmətdə olan əsgərlərə,
çağırışçılara nəsiyyət kimi
seçmişdi. Onların şəhidliyi əsgərlərə
nümunədir. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz
və generallarımız Vətən uğrunda, birliyimiz
uğrunda, Azərbaycan dövlətinin əbədi
yaşaması uğrunda gözlərini belə qırpmadan
şəhidlik mərtəbəsinə yüksəlirlər.
Bunun son nümunəsini 12 iyulda Azərbaycan-Ermənistan sərhədinin
Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs
müqaviləsini pozaraq hücuma keçməsi zamanı da
gördük. Bu döyüşlər Silahlı Qüvvələrimizin
bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın
Milli Ordumuzun şanlı tarixində öz yeri olacaq. Erməni işğalçılarına
qarşı döyüşlərdə qəhrəmanlıqlar
göstərərək şəhidlik zirvəsinə yüksələn
hərbçilərimiz - general-mayor Polad İsrayıl
oğlu Həşimov, polkovnik İlqar Anzor oğlu Mirzəyev,
mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu
Əhmədov, Baş leytenant Rəşad
Rəşid oğlu Mahmudov, Baş əsgər Elşad
Dönməz oğlu Məmmədov, Baş əsgər
Elçin Arif oğlu Mustafayev, Baş əsgər Nazim
Əfqan öğlu İsmayılov, əsgər Xəyyam Məhəmməd
oğlu Daşdəmirov, gizir Yaşar Vasif oğlu Babayev, gizir
İlqar Ayaz oğlu Zeynallı və çavuş Vüqar Lətif
oğlu Sadıqovun xatirəsi xalqımız tərəfindən
daim xatırlanacaqdır.
14 iyulda Bakı, Sumqayıt və
digər şəhərlərdə Silahlı Qüvvələrə
və Ali Baş Komandana çoxminlik dəstək
yürüşünün həyata keçməsi onu
göstərdi ki, xalq, ordusunun və Ali Baş
Komandanının yanındadır və onu ən yüksək
səviyyədə dəstəkləyir. Bütün
Dünya Azərbaycanlıları öz vətənlərinə
dəstəklərini göstərib, erməni
işğalçılarını lənətləyirlər.
Ordumuz Ali Baş Komandanın əmri ilə hər an Vətən
torpaqlarını azad etməyə qadirdir. Günlər,
aylar bir-birini əvəz etdikcə, həyatı dərindən
duyduqca general Polad Həşimovda olan bu Vətən sevgisi daha
da şirinləşir, əbədiləşir və insan daha
qırılmaz tellərlə öz elinə, obasına, Vətəninə
bağlanır. Şair Abbas Səhhətin «Vətənimdir»
şeirində vəsf etdiyi kimi:
Südüdür kim, dolanıb qanım olub,
O mənim
sevgili cananım olub.
Saxlaram
gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə Vətən.
Rüxsarə
SÜLEYMANOVA,
Sumqayıt şəhərindəki
16 nömrəli tam orta məktəbin müəllimi
Azad Azərbaycan.-
2020.- 13 avqust.- S.4.