Vətən sevgisinin ilahi gücü

 

Astara rayonu, Səncərədi kəndindən olan  Arif İsmayıl oğlu Qeybiyevin torpaq sevgisi, vətən məhəbbəti  Uca Tanrıdan gəlirdi.  Bu vətən övladının  ürəyi qurub-yaratmaq, cəmiyyətdə  yenilik həvəsi ilə  çırpınırdı.  Yaxşılıq gözündə ucala-ucala  ömrünü yaşayırdı  Arif.  Artıq orta məktəbi bitirəndə  yaxşı idmançı kimi də tanınırdı. Dəfələrlə  idmanın atletika növü üzrə  rayon, respublika  yarışların birincisi olmuşdu.  Astara Pedaqoji  Kollecinin  İdman fakültəsi” ni  bitirəndə beynəlxalq yarışlarda da respublikamızı layiqincə təmsil  etmişdi. 2015-ci ildə keçirilən Avropa yarışları Arifin həyatında daha əlamətdar səhifələr aşır. Rayonda yarışların məşəlini o, yandırır.

 

2016-ci ildə  Arif  həqiqi hərbi xidmətə çağırılır, Bakıda Daxili Qoşunlarda xidmətə başlayır. İlk gündən Arif  olduqca cəsur, yüksək nizam-intizamlı bir vətən övladı kimi  hərbi hissədə tanınır, sevilir. Doğma Azərbaycana olan  oğulluq borcunu  ləyaqətlə,  mərdliklə  yerinə yetirir.  Bir müddət keçəndən sonra   Arif  Naxçıvan  Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrinə gedir. Burada da  vətəninin müqəddəsliyini canından əziz tutur, onun şərəfini qorumaq üçün  hər an yolunda qurban getməyə   hazır olur,  erməni dığalarına qarşı  nifrəti daha da alovlanır.  Məqsədi, amalı müqəddəs Qarabağ torpaqlarını  dığalardan  təmizləmək olan Arif  həyatını artıq  tam hərbiyə bağlayır.  Və Ağcabədi rayonu, Yeni  Qaradolaq   kəndindəki  hərbi hissəsində  tankçı MAXE olaraq işləməyə başlayır. Namuslu, vicdanlı  xidməti adəti üzrə  yenə də Arifə sonsuz sevgi qazandırır.

 

Günlər, aylar ötür, Qarabağ torpaqlarını işğal etmiş  erməni cəlladlardan qisas almaq məqamı gəlir. Arif  vətəni öz canı bahasına qoruyan oğulların sırasında   doğma yurdunun hər qarışının azadlığı  uğrunda  özünü odun, alovun içinə atır, cəsarət göstərir, düşmənin   qat-qat  artıq qüvvəsini  mərdliklə məhv edir. Dığalar itki verib məğlub durumda  Azərbaycan   torpaqlardan qaçmağa başlayır.  Füzuli  döyüşlərində  vətən naminə ölümün gözünə dik baxan  igid Arif düşmənə sözün əsl mənasında qan uddurur. Öldürdüyü dığaların sayı bilinmir.  Vətənə olan  məhəbbətini  döyüş meydanında son nəfəsinədək qəhrəmancasına  vuruşaraq  şəhidlik zirvəsinə yüksəlməklə sübut edir.  Elə  bu hünərə, qeyrətə görə adı tarixin  səhifələrinə qızıl hərflə yazılmaqla  Astara torpağında dünyaya göz açan Arifin keçdiyi 23 illik ömür yolu Azərbaycan kimi qüdrətli bir  ölkədə əbədi ürəklərə köçməklə  örnək olur.

 

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən A. Qeybiyev  ölümündən sonra “ Vətən uğrunda”, eləcə də “ Füzulinin  azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Zəfər Orucoğlu

Azad Azərbaycan.- 2021.- 22 dekabr. S. 4.