Qocaman
jurnalist, əsl ziyalı
Teymur Əhmədov
- 90
Tanınmış,
qocaman jurnalist “Respublika” qəzetinin baş redaktoru Teymur
Əhmədovun 90 yaşı tamam olur. Teymur Əhmədov 25
dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan
olub. 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə
deportasiya olunduğu İrəvana köçüblər.
1949-cu ildə
Qərbi Azərbaycanın Zəngibasar rayonunda orta məktəbi
qızıl medalla bitirib, təhsilini Bakı Dövlət
Universitetinin filologiya fakültəsində davam etdirib.
Teymur
Əhmədov sonradan AEA-nın Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda aspirantura təhsili alıb, "Nəriman Nərimanovun
dramaturgiyası" mövzusunda namizədlik, "Nəriman Nərimanovun
yaradıcılıq yolu" mövzusunda doktorluq işi
müdafiə edib.
1984-cü
ildə nəşr edilən "Nəriman Nərimanov"
kitabı rus, ingilis, fransız və ərəb dillərində
kütləvi tirajla nəşr edilib.
1965-ci illərdə
"Azərbaycan" jurnalı redaksiyasında şöbə
müdiri, sonra isə AEA Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsində müdir müavini, 1988-ci ildən
aparıcı elmi işçi olub.
Azərbaycanda
bir neçə qəzetin baş redaktoru kimi fəaliyyət
göstərib. 1995-ci ildən isə "Respublika" qəzetinin
baş redaktorudur.
2007-ci ildən
başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş
"Füyuzat" jurnalının 100 il sonra yenidən təsisinə
başlayan Teymur Əhmədov həm də
"Füyuzat" jurnalının baş redaktorudur.
T.Əhmədovun
hələ İrəvanda ikən dərc etdirdiyi məqalə
və kitablarda Azərbaycanın zəngin ədəbi və mədəni
sərvətə, soydaşlarının yüksək intellektə
malik olmalarından gələn qürur hissi həmin milli-mənəvi
keyfiyyətlərlə rus, erməni, gürcü, ukrayn və
digər xalqların kifayət qədər savad və nüfuz
sahibi olan nümayəndələrindən ehtiramla bəhs
edirdi. O, Azərbaycan şair və ədiblərinin bədii
irslərindən bəhrələnmələrini həm də
sözdə təsdiqləmələrindən də güc
alır. Ona görə bu cür tarixi və ədəbi
faktları öz yazılarında - məqalə və
kitablarında diqqət mərkəzində saxlayıb
xüsusi vurğulayır. Sovetlər Birliyinə daxil olan
xalqların həm ziyalı elitasının, həm də
sıravi nümayəndələrinin Azərbaycanın ədəbiyyat
və mədəniyyət təmsilçiləri,
ayrı-ayrı nümayəndələri ilə yaranıb
formalaşan qarşılıqlı dostluq və əməkdaşlıq
duyğularının kökündə daha çox Azərbaycanın
intellektual zənginliyi, mənəvi- əxlaqi kamil, istedad və
səmimiyyəti dayandığını görür və
vurğulayırdı.
Professor
Teymur Əhmədov elmi kadrların hazırlanması işində
də səmərəli fəaliyyət göstərir. Onun
elmi rəhbərliyi ilə iyirmidən çox adam müxtəlif
mövzularda dissertasiya müdafiə edib. O, onlarla gənc tədqiqatçının
rəsmi opponenti olmuş və ya dissertasiyanın
avtoreferatına rəy verib. Otuzdan artıq kitabın (elmi və
ədəbi) redaktoru və ya rəyçisi olub. Respublikada ədəbiyyatşünaslıq
elminin təşkilində Əlaqələndirmə
Şurasının elmi katibi kimi səmərəli fəaliyyət
göstərib.
Teymur
müəllim elmi-nəzəri və təcrübi toplama və
tərtibat işini digər sahələr və istiqamətlər
üzrə də aparmaqdadır. Onun səbrlə, elmi-metodiki
səriştə ilə toplayıb tərtib etdiyi hər biri
iki və üç cilddən ibarət "XIX əsr Azərbaycan
ədəbiyyatı müntəxəbatı", "XX əsr
Azərbaycan ədəbiyyatı müntəxəbatı",
"Azərbaycan uşaq ədəbiyyatı
antologiyası", Nəriman Nərimanovun,
X.R.Ulutürkün, Əndəlib Qaracadağinin
seçilmiş əsərləri və bu kimi digər nəşrlər,
həmçinin "Jurnalist olmaq istəyirsənsə..."
kitabı səriştəli, təcrübəli, zəhmətkeş,
alim əməyinin qiymətli bəhrələridir.
Təsadüfi
deyil ki, onun hərtərəfli səmərəli fəaliyyəti
mətbuatda və ictimai-elmi mühitdə yüksək qiymətləndirilib,
müxtəlif mükafatlara, o cümlədən, dövlət
tərəfindən "Tərəqqi medalına" layiq görülüb.
Teymur Əhmədova səmərəli elmi, ictimai fəaliyyətinə
görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
də təyin edilib.
Ömür
yolunun şüurlu həyat və fəaliyyət tarixinə nəzər
salanda bütün hallarda adamda onun həmin tələblərə
uyğun gəldiyi qənaəti hasil olur; orta məktəbi
qızıl medalla bitirəndə də, ali məktəbdə
təhsil alanda da, İrəvanda, Bakıda jurnalist, publisist,
alim və yazıçı kimi fəaliyyət göstərəndə
də, Teymur müəllim birinci növbədə vətəndaş
olaraq qalıb.
Yubilyarın
jurnalistikasına nəzər saldıqda görürük ki,
“Sovet Ermənistanı” qəzetində
çalışdığı dövrdən onun amalı Ermənistanda
Azərbaycan ədəbi mühitinin formalaşmasına
hesablanıb. Yubilayırımız bu gün jurnalistikada
hamımıza nümunə olmağı bacaran ictimai xadimdir.
Ağsaqqal, müəllim, ən əsası gözəl insan
Teymur müəllimi təbrik edir, ona can sağlığı
arzulayırıq.
Azad Azərbaycan.-
2020.- 24 dekabr. S. 3.