İnsan olmaq hünərdəndir

 

Qadın gülərsə...

 

Dəfələrlə şahidi olmuşam ki, çox vaxt planlaşdırdığın bir iş öz axarı ilə getmir, amma hazırlıqsız olduğun, yəni ekspromt hallar daha maraqlı olur. Eynən bu müsahibə kimi. Özünə, xanımlığına, mədəniyyətinə dərin hörmət bəslədiyim bu masahibimlə eyni qurumda illərlə çalışmışıq. Müxtəlif yönümlü işimizin bir ünvanı olub – Azərbaycan Dövlət Televiziyası. Həmin dönəmlərdə də müsahibim olmuşdu bu xanım. O zaman bütün ölkəni silkələyən 20 noyabr vertolyot qəzası bizdən də yan ötməmişdi. Alı Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynzadə... Televiziya bu əməkdaşlarını itirmişdi. Kollektivdə dərin hörmət qazanan operator Fəxrəddin Şahbazovun xatirəsinə həsr etdiyimiz verilişdə üç xanım diktor müsahibim olmuşdu. Amma dünyanın gərdişinə bax ki, illər sonra onlardan biri ilə yenə də müsahibə üçün vədələşdik, lakin fərqli məkanda. Hər ikimiz artıq efir dünyasından uzaqda olsaq da, yaradıcılıq adlı qüvvə bizi tərk etməmişdi. Onunla müsahibə üçün vədələşəndə dedi ki, iyunun 17-si bacımın ad günüdü, bağda olacam, ondan sonra əlaqə saxlayarıq. Həmin tarixdən iki sonra zəng vuranda söylədi ki, bu gün həmkarım və çox yaxınım Nailə İslamzadə məni çay süfrəsinə dəvət edib. Gəlin elə orda da görüşək. Hazırlıqsız yaxalanan mən, təbii ki, razılaşdım, beynimdəki sualları sıralayıb vaxtın tamamında görüş yerinə yaxınlaşdım. Və  doğma olan iki sima məni çox uzaq və unudulmaz illərə apardı.

 

Əziz oxucu, düşünürəm ki, bu qədər intizarda qalmağın yetər. “Qadın gülərsə” bu gün qapılarını respublikanın Əməkdar artisti, ali dərəcəli diktor Tamilla Ələkbərovanın üzünə açıb. Maraqlı o oldu ki, söhbətimizə kənardan qulaq asan Əməkdar artist Nailə İslamzadə arada fikirlərini bildirməkdən özünü saxlaya bllmədi. Ekspromt halların özəlliyi bax, elə budu. Keçək mətləbə...

 

ADDIM

 

1944-cü ilin isti yay günlərinin birində İçərişəhərdə ziyalı ailəsində bu dünyanı salamlamışam. 1961-ci ildə134 saylı orta məktəbi, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki N.Tusi ad. Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya-biologiya fakültəsini bitirmişəm. Tanrı taleyimi 17 yaşından televiziya adlı bir məkanla bağladı və mənim yalnız bir iş yerim oldu – Azərbaycan Dövlət Televiziyası. Həyatımın gözəl anları, xatirələri, acılı-şirinli çağları yalnız televiziya ilə bağlıdı.

 

OCAQ

 

Atam Ağasəlim Rəsulov Böyük Vətən Müharibəsinin alovlu yolunu keçib. Bədənində qalan qəlpələrdən xeyli müalicə alıb. Uzun müddət Mərkəzi Komitədə şöbə müdiri vəzifəsində çalışıb. Çox ziyalı olan atamın əsl bakılı xasiyyəti vardı. Biz üç bacıya qarşı hədsiz mühafizəkar idi. Ona söz deməyə qorxardıq. İstəyimizi ya anam, ya da böyük qardaşım vasitəsilə çatdırardıq. Lakin bu xasiyyətin arxasında çox səmimi və isti bir ürək döyünürdü.

 

Anam Firuzə Rəsulova evdar xanım idi. Beş övladının hər birinin üstündə əsərdi. Anam maarifpərvər  bir qadın olub. O zaman Hacı Zeynalabdin Tağıyevin qız məktəbinə daxil olsa da, orada bir il oxuya bilib, çünki valideynləri onun ailə qurmasını daha münasib hesab edib. Və beləliklə oxuyub təhsil almaq arzusunu anam biz övladlarında gerçəkləşdirib.

 

Böyük bacım indiki Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini əla qiymətlərlə bitirib. Hüquq fakültəsini bitirən kiçik bacım hazırda universitetdə çalışır. Hüquq elmləri namizədi, dosentdir. Hər iki qardaşım bu gün Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universiteti adlanan ali məktəbi bitirib. 43 yaşında dünyasını dəyişən böyük qardaşım Əmənulla Rəsulov orada dərs deyirdi. Çox yaraşıqlı, boylu-buxunlu qardaşım vardı. Ədil İsgəndərovun təkidi ilə “Əhməd haradadır?” filmində tikinti idarəsinin rəisi roluna çəkilmişdi. Kiçik qardaşım Tibb İşçiləri Mədəniyyət Evinin rəhbəri olub. Və beləliklə, anam öz arzusuna çatıb. Biz övladlar da valideynlərimizə hər zaman layiq olmağa çalışmışıq.

 

DİKTOR

 

Birinci kursda oxuyurdum. Bir gün auditoriyaya o zaman yeganə olan Azərbaycan televiziyasının nümayəndələri daxil oldu. Məlum oldu ki, diktor müsabiqəsi üçün gənc qızlar seçilir. Rejissor Nazim Zeynalov içəri girən kimi məni və daha bir qızı göstərərək, iki gündən sonra müsabiqəyə gəlməyimizi tapşırdı. Çox sevinsəm də, bunun narahat tərəfi də vardı ki, o da atama deməkdən ibarət idi. Qardaşım Əmənulla məsələdən xəbərdar olanda, bunu atama necə deməyin yolunu belə tapmadı. Bu zaman köməyimə əmim oğlu Tələt Rəsulov gəldi. İctimaiyyət arasında kifayət qədər tanınan bir insan idi və məni sakitləşdirib dedi ki, narahat olma, əmimlə mən danışaram. Sonda müsabiqəyə qatıldım. Əvvəldən bu işdə dəstək olan əmim oğlu məni tək qoymadı. Biz ünvana yaxınlaşanda, nəhəng bir izdiham gördük. Televiziyanın qapısından başlayan növbə indiki Şəhidlər Xiyabanındakı məscidin yanınadək yol almışdı. Yenicə növbəyə dayanmışdıq ki, bir nəfər Tələtə yaxınlaşıb çox hörmətlə görüşdü və məsələdən hali olandan sonra bizi içəri apardı. Sonra bildim ki, bu, baş redaktor Tofiq Axundovdu.  Məni balaca bir studiyaya gətirib dedi ki, indi yoxlamaq üçün səsini yazacaq, görünüşünü çəkəcəyik. Bunu deyib getdi. Studiyada bir mən, bir operator, bir də kamera qaldı. Bu zaman bir səs dedi ki, qızım, stolun üstündə iki mətn var, onları oxu. Naşı olduğumdan səs gələndə qorxdum. 18 yaşlı bir qız nə rejissor pultu tanıyırdı, nə studiya, nə də kamera. Rus təhsilli olduğum üçün əvvəl rus dilində olan mətni götürdüm və çox rahat oxudum. Digər mətn Azərbaycan dilində olduğundan onu bir təhər başa vurdum. Səsimi də, görünüşümü də çox bəyəndilər. Musabiqəyə gələn 500 nəfərdən mərhələləri keçə-keçə sona dörd nəfər qaldıq. Üç ay mənə sınaq müddəti verildi, eyni zamanda Azərbaycan dili üzərində işləməli idim. Mən televiziyaya gələndə sədr Teymur Əliyev, onun müavini isə bu gün də dərin hörmətlə andığım rəhmətlik Ənvər Əlibəyli idi. Amma «sən saydığını say, gör fələk nə sayır» deyib atalar. Bu ərəfədə mənə elçi çıxdı və ailə qurmalı oldum. Çox alicənab, mədəni, ziyalı, iki ali təhsili, lakin hədsiz qısqanc bir ömür-gün yoldaşım oldu. Ailə qurandan sonra bildirdi ki, işləməyimi istəmir və mən də məcburiyyət qarşısında işimdən ayrıldım. Birinci övladımızdan sonra şirin dilimə salıb yoldaşımı yola gətirdim. O, özü də respublikada hörmətli, tanınan bir insan idi, İdman Komitəsində sədrin birinci müavini vəzifəsində çalışırdı. Beləcə, sevinə-sevinə işə başladım, lakin yenə də bir ildən sonra mənə işdən ayrılmaq xəbərini verdi. İşimi o qədər sevirdim ki, bu ayrılıq mənə bir dərd oldu. Yuxuda qışqırır, hamını köməyə çağırır, televiziyaya qayıtmaq üçün dəridən-qabıqdan çıxırdım. Bunu görən rəhmətlik qayınanam oğluna dedi ki, belə getsə, bu gəlin xəstələnəcək, qoy gedib işləsin. Elə həmin ərəfədə o zaman sədr müavini olan mərhum Elşad Quliyev evimizə gəldi. Yoldaşımla yaxın, səmimi münasibətləri vardı. Dedi ki, Həsən, orda mənim kimi qardaşın var, gözüm həmişə Tamilla xanımın üstündə olacaq. «Xəbərlər» proqramını oxuyan diktora ehtiyacımız çoxdu. Beləliklə, bu, mənim televiziyaya son dönüşüm oldu. Və beləcə illəri yola sala-sala püxtələşdim, təcrübə qazandım, mənə göstərilən etimadı doğrultdum. Ali dərəcəli diktor, Əməkdar artist adını qazandım. Ulu Öndər səhhəti ilə bağlı Türkiyəyə gedən ərəfədə bir neçə diktora Xalq artisti fəxri adının verilməsi üçün televiziya rəhbərliyi prezidentə təqdimat vermişdi. Siyahıda adımı görməyən Heydər Əliyev sədrə iradını bildirərək dedi ki, «Tamilla qızımın adı niyə yoxdu Sonra tapşırıq verdi ki, «Mən qayıdan kimi onun adı olan təqdimat stolumun üstündə olsun». Təəssüf ki, ömür vəfa etmədi, biz dahi bir şəxsiyyəti itirdik. Mən televiziyanın ən parlaq, məhsuldar dövrünü yaşamış bir diktoram. Səviyyəli, bir-birindən məzmunlu verilişlərin, efir mədəniyyəti yüksək olan televiziyanın salnaməsini yazanlardan olmuşam. Heç kəsin xətrinə dəyməsin, amma bu günün aparıcıları əsasən tanınmaq, məşhurluq, sosial rifahını təmin etmək üçün çalışır. Uzun illərin diktoru kimi Əməkdar artist adından savayı televiziyadan heç nə əldə etmədim. Bu gün nəyə sahibəmsə, həyat yoldaşımın qazanaraq qoyub getdiyidi, vəssalam. Bizim üçün işimiz əzəl olub. Ekran qarşısında oturan tamaşaçıya hər şey asan görünə bilər, amma kadr arxasının o qədər çətinliyi, ağırlığı, məsuliyyəti var ki, bunu yalnız televiziya işçisi bilir. İndi geri boylananda görürəm ki, televiziyaya rəhbərlik edənlərdən 10 sədrin dövründə efirdən insanları salamlayan simalardan biri idim. Nə yazıq ki, 11-ci sədrdən birmənalı şəkildə imtina edən mən və Nailə İslamzadə adımızı, mənliyimizi hər şeydən üstün tutaraq üzümüzü çevirib, ərizə belə yazmadan, bizə doğma olan məkanı tərk etdik. Televiziyaya sədrlik edən insan şəxsiyyət olmalıdı. Bunu heç kəs artıq vəzifədən çıxarılan birinin arxasınca danışmaq kimi qəbul etməsin. Televiziyanın şinelindən çıxan bir adam sədr kreslosuna oturan kimi simasının necə dəyişdiyini görən vaxtdan inam adlı hiss məndən uzaq düşüb. İllərin peşəkarlarına qarşı kəskin münasibət, yaşına, iş təcrübəsinə belə baxmadan, insanlarla amansızcasına rəftar bir anda necə yarandı görəsən? Bunu indiyə qədər anlaya bilmirəm. Və bu gün çox rahatam ki, belə bir adamın mənə qapını göstərmək kimi bir istəyini qursağında qoya bildim. 10 sədrin dövründə nümunəvi işi, təcrübəsi ilə seçilən bir diktor və onun kimi yüzlərlə peşəkarlar maliyyə sferasının mahir bilicisi olan 11-ci rəhbəri niyə qane etməyə bilərdi ki??? Amma hər şeyin ən yaxşısını bilən Tanrıdı. Vaxtı çatanda hər kəs əməlinin cavabını alır. Bir də ki, insan olmaq hünərdəndi, bunu isə bacarmaq lazımdı.

 

Düzdü, yeni rəhbərlik tərəfindən təklif gəlsə də, gəldiyi kimi də dondu. Mən televiziyada çox dolğun və mənalı bir dövr yaşadım, bu da mənim bəsimdi. Gözəl diktor kollektivimiz vardı. Həmişə bizi radio diktorlarına nümunə göstərərdilər. Artıq o mehriban kollektiv yoxdu, aramızda dünyasını dəyişənlər də var və o günlər yaddaşımızın tarixinə çevrilib. İki il əvvələ qədər İçərişəhərdə sevdiyimiz bir məkan vardı, orda yığışardıq, xatirələr çözələnərdi, gülərdik, kövrələrdik. İndi ünsiyyətimizin körpüsü bayramdan bayrama telefon zəngi ilə təbriklərdir, vəssalam. Bu gün tez-tez yanımda olanlar Nailə, Kəmalə və Sevdadı. Necə deyərlər, karvan artıq köç edib...

 

TAMİLLA XANIM

 

İslam peyğəmbərinin bir kəlamı var: “Beşikdən qəbrədək öyrənmək”. Mən müsabiqədən keçəndən sonra var gücümü doğma dilimdə səlis danışmağa yönəltdim. Qəzet, jurnal əlimdən düşmürdü, mütaliəni artırdım, çünki bunu mənim işim tələb edirdi. Bizim nəsil bu gün tənqidə məruz qalan bir dövrün yetirmələridi, amma mən yetişdiyim zəmanədən çox məmnunam. Diqqətlə fikir versək, görərik ki, bu gün müstəqil Azərbaycanı təmsil edənlərin böyük qismi elə sovet dövrünün yolunu keçib. İndi ağına-bozuna baxmadan, bilən də, bilməyən də 70 il dünyaya meydan oxuyan bir dövlətin müsbət tərəflərini dilinə gətirmək istəmir. Bu çox böyük yanlışlıqdı. O zamanlar SSRİ adlanan respublikalar birliyi Moskvadan idarə olunurdu. 4-5 dəfə mərkəzi televiziyada proqram aparıcısı olmuşam. Onların dəvəti ilə mərhum diktorumuz Rafiq Hüseynovla Ümumittifaq Yaradıcılıq Mərkəzində veriliş apardıq. Bütün respublikaların diktorları arasında bizim aparıcılığımız daha yüksək qiymət aldı və Mərkəzi Komitəyə ünvanımıza təşəkkürnamə göndərildi. O dövrün canlı tarixləri bizlərik. Artıq ölkəmiz müstəqildi, gənc respublika olmasına baxmayaraq, sözünü deyib, kifayət qədər özünü tanıdıb. Buna hədsiz sevinirəm. Tam açıq deyirəm ki, bu gün bilməyənlər bilənlərə dərs keçməyə yaman həvəslidi, çünki hər kəsi öz səviyyələrində görməyə çox çalışırlar. Bu gün efirə çıxmaq imkanı qazanan hər kəs özünə hörmət qoymaq bacarığının sahibi olmalıdı. Özündən razılıq kimi səslənməsin, biz xoşbəxtik ki, bunu bacara bilmişik. Bu gün bizi harada görürlərsə, yaxınlaşıb hal-əhval tutur, bağrına basıb səmimi görüşənlər də olur,  təkrar efirdə görmək istəmək arzusunda olanlar da. Mən yetişməkdə olan nəslə bax, belə bir gələcək arzulayıram. Bu gün telekanalların sayı artıb, təbii ki, bu, müsbət haldı. Lakin heç kəs unutmasın ki, efir qalmaqal, pərakəndə, məzmunsuz verilişlər, sirk arenası, nalayiq ifadələr məkanı deyil. Hər bir aparıcı ona ayrılan vaxt ərzində efirin güzgüsüdü. Onun nitq qabiliyyəti, efir mədəniyyəti, daxili aləmini, əsl siması bu güzgüdə öz əksini tapır. Heç kəs dünyanı tutub dayanmır, nə qədər ki, varıq, bizdən bir örnək kimi istifadə etsinlər. Haqq naminə demək lazımdı ki, bu gün razı qaldığım, bizim məktəbimizdən öyrənən aparıcılar var. Ən azından bundan təsəlli tapmaq olar. Təbiət etibarilə mülayim biriyəm, insanlara tez inanıram, qarşımdakının haqsızlığını biruzə verməməyə çalışıram, üzümə olanları bağışlayıram. Qızlarım da, həmkarım Nailə də həmişə bunu mənə irad tutur. Amma nə edim ki, mən buyam. “Qurani-Kərim”də yazılıb ki, siz yaxşılıq edin, amma mərhəmət ən yüksək dərəcədə olmalıdı. İstəyirəm ki, sağ çiynimdə oturan mələyin yazdıqları əməl dəftərimdə daha çox olsun. Rəhmətlik anam deyərdi ki, «sən yaxşılığını et, at dəryaya. Balıq bilməsə də, Xaliq biləcək». Qulağımda sırğa olan bu sözlər ömür yolumda mənimlə bərabər addımlayıb. Nalayiq bir adamla qarşılaşanda, üzümü çevirib ordan getmişəm. Olub ki, yanımda olan Nailə İslamzadə hisslərini cilovlaya bilməyərək deyib ki, «ay Tamilla xanım niyə cavabını vermirsiz axı Elələrinə cavab vermək onun səviyyəsinə enmək deməkdi. Mən isə nə elə mədəniyyətin, nə də tərbiyənin sahibiyəm. Həm də ki, Allah hər şeyi görür, bu, mənim bəsimdi. Mənim keçdiyim həyat yolu xalqın gözü önündə olub. Ağrı-acısı az olmayıb bu yolun. 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri respublikanın gərgin vaxtları biz diktorlar heç vaxt unuda bilmərik. Rəhmətlik həmkarım Davud Əhmədovla “Günün ekranı” aparırdıq. Bu zaman redaktor mənə tərəf bir mətn uzatdı. Bildim ki, yeni xəbərdi. Oxuyanda efirdə huşumu itirmək həddinə çatdım. Bunu görən Davud tez mətni götürüb oxumağa başladı. Bu, jurnalist Salatın Əsgərovanın ölüm xəbəri idi. Onunla yaxın münasibətimiz vardı. Bir gün əvvəl gecə mənə zəng edib cəbhə bölgəsinə gedəcəyini bildirəndə, sanki ürəyimə nəsə dammış kimi onu yolundan saxlamağa çalışdım. Dedim ki, sənin körpə oğlun var, hara gedirsən? Və səhəri günü axşam bu xəbərin qəfildən mənə oxumaq üçün verilməsi bütün vücudumu sarsıtdı.

 

1991-ci ilin əvvəlində keçirdiyim bu sarsıntını  ilin sonunda bir  daha yaşadım. Yenə də axşam xəbərlərinə hazırlaşıram. Xəbər gəldi ki, vertolyot partlayıb. Orada ailəmizin dostları İsmət Qayıbov, Tofiq İsmayılov, əməkdaşlarımız həlak olub və bunu oxumaq yenə də mənim öhdəmdədi. Halım necə pisləşdisə, təcili yardım gəldi və o gün efirə çıxa bilmədim. Bir gün gördüm hamı təlaşla yuxarı mərtəbəyə qalxır. Maraqlanıb mən də getdim. Gördüm ki, montaj otağında saçları düm ağ bir yaşlı qadın oturub və yerində dayanmadan yırğalanır. Məlum oldu ki, vəhşi üzdəniraqlar insanları gülləyə tutaraq qovanda, bu qadın uşağını yorğana büküb qaçmağa başlayıb. Qaça-qaça salamat Azərbaycan torpağına çatdığından sevinən qadın, yorğanı açanda görüb ki, uşaq yoxdu, bir anda saçları ağarıb, özü də havalanmışdı. Həmin an elə bildim ki, ayağımın altından yer qaçdı. Biz belə ağrıları yaşamış insanlarıq. Televiziyanın enerji bloku partlayanda, sandım ki, dünyam dağıldı. Bütün bu həyəcanı, nigarançılığı, qorxunu yaşayanlar məni yaxşı anlayar.

 

İndi haqq dünyasında olan sədr müavini Nahid Hacıyevin otağında saatın əqrəbləri 19.26-nın üzərində dayanaraq durdu. Həmin saatı Nahid müəllim işə salmadı, partlayışın zamanı orada donaraq qaldı. Bir sözlə, televiziya ömür hekayəm xatirələr beşiyimdi.

 

İşimin gərginliyinə baxmayaraq, ailəm həmişə birinci yerdə olub. “Ailəmi işimə qurban vermişəm” deyənləri əsla qəbul etmirəm. Qəhrəman ona deyərəm ki, həm ailəsini, həm də işini tənzimləməyi bacarır. Ailəsinə, ata-anasına, övladlarına qarşı hədsiz diqqət və qayğı göstərən bir insanla ömür sürmüşəm və bununla fəxr edirəm. Çox gözəl iki qız övladı böyüdə bildik. Bu qızlar ondan mənə qalan əmanət, xatirə və yadigardı. Onlarla birlikdə bu gün üç nəvəm və bir nəticəm mənim yaşam mənbəyimdi. Böyük qızım Nərminə Azərbaycan Dillər Universitetini əla qiymətlərlə bitirib, bir müddət İnşaat Mühəndisləri İnstitutunda həm fransız, həm də ingilis dillərindən dərs deyib. Hazırda Moskvada yaşayır. Kiçik qızım Naidənin iki ali təhsili var. Bakı Dövlət Universitetinin filologiya və Beynəlxalq Universitetin hüquq fakültələrini bitirib. Nəvəm Aysel Neft Akademiyasını əla qiymətlərlə bitirib, daha sonra İngiltərədə iki magistr təhsili alıb, hazırda orada yaşayır və çalışır. Daha bir nəvəm Musa həm orta, həm ali təhsilini Londonda alıb, iki magistr pilləsini başa vurub və fəaliyyətini də orda davam etdirir. Sonbeşik nəvəm Fatimə 9-cu sinif şagirdidi, yoldaşımın adını yaşadan nəticəm Həsən artıq məktəbə gedir. Mən çox arzu edirəm ki, hər bir valideyn mənim kimi övladları ilə qürur duysun.

 

VƏTƏN

 

Əgər Vətənə ana deyirlərsə, burda artıq sözə lüzum yoxdu. Mərhum yoldaşım yaxşı idmançı idi. Bir gün gəlib dedi ki, məni Moskvaya yaxşı vəzifəyə dəvət edirlər. Ata-anamı burda qoyub getmək çətindi, lakin karyeram üçün bu lazımdı. Gedərsən? Dedim ki, yox!  Bir-iki həftəlik istirahətə harasa gedəndə, Bakı üçün burnumun ucu göynəyir. İçərişəhəri iki ayda bir dəfə görməsəm, nəfəs ala bilmərəm. Mənim Vətənim üstündə gəzdiyim torpaq, başım üzərindəki səma, şəhərimin dəli küləyidi. Bunları mənə yaşadan başqa bir məkan ola bilməz.

 

QADIN GÜLƏRSƏ

 

Söhbətinizlə məni çox uzaq illərə apardız, sanki ömrümü bir daha yaşadım. Buna görə qəzetinizə minnətdarlığımı bildirirəm. Bir qadının üzü gülürsə, deməli ailədə ona diqqət, qayğı, nəvaziş var. Bir qadının üzü gülürsə, deməli övladı sarıdan arxayındı. Bir qadının üzü gülürsə, o, yaxşı olan nə varsa, hamısına qadirdi. Belə olan halda, qadının çöhrəsindən təbəssümün itməsinə imkan verməyək. Bu gün dünyamız çox həyəcanlı, deyərdim ki, vahiməli bir dövr yaşayır və bu dəhşətdən qurtulmaq üçün yollar axtarışındadı. Yenə də yaxşısını bilən Allahdı deyirəm. Haqq yolundan çıxmayaq ki, Tanrı dualarımızı qəbul edib, rəhmini bizlərə çox görməsin.

 

SON SÖZ

 

Bu dəfə yazının son sözünü müsahibə boyu bizi diqqətlə dinləyən, Tamilla xanımın sədaqətli həmkarı olan Əməkdar artist Nailə İslamzadəyə həvalə etdik:

 

- Söyləyəcəklərim tam səmimi, ürəkdən gələn fikirlərimdi, çünki Tamilla xanımın nə tərifə, nə də gəlişi gözəl sözlərə ehtiyacı var. Tamilla xanım həmişə fərqlənməyi, seçilməyi bacarıb. Yox, bunun üçün məxsusi olaraq çalışmayıb, sadəcə o, belə doğulub. Mədəniyyət, təvazökarlıq, mülayimlik, yaşından asılı olmayaraq, qarşısındakına hörmət və bir də böyük səbr sahibi olmaq onun yaşam tərzi olub. Mən ona baxanda, əsl Azərbaycan xanımını görmüşəm. Çox qonaqpərvər, gözəl evdarlığı olan bir xanımdı. Onun bişirdiyi yeməklər, hazırladığı şirniyyatları bəh-bəhlə dadardıq. O zaman sosial şəbəkələr yox idi. Biz həvəsi olan gənclər bir dəftər tutmuşduq, ora Tamilla xanımın mətbəx yaradıcılığının məhsulu olan nə vardısa, hamısının reseptini yazırdıq. O da həvəslə, canla-başla bizə sirlərini öyrədərdi. Onun peşəkarlığı bizim üçün indi də məktəbdi. Amma təəssüf edirəm ki, bəzən həyatda yeri səhv düşənlər indi də var. Bu gün zamanında televiziyanın siması, peşəkar, savadlı, ziyalı bir xanım nə yüksək fəxri ada, nə də Prezident təqaüdünə layıq görülüb. Tamilla xanım bir çoxları kimi bunun üçün dəridən-qabıqdan çıxanlardan deyil. Və mən əminəm ki, layiq olan layiqli qiymətini mütləq alacaq. Onu da xatırladım ki, zaman gözləyənlərdən deyil.

 

Tamilla TEYMURQIZI

 

Azad Azərbaycan .- 2020 .- 2 iyul – S. 3 .