Nə işin...nə işim var?
Felyeton
Bu pandemiya var ha,
ay camaat, ayrı bir şey oldu. Cəmiyyəti,
toplumu az
qalırdı xalqa, millətə çevirsin,
dövləti daha da sevdirsin, onu
möhkəmlətsin. Amma,
bir sıra parazit adamlar var ki, vəziyyətdən
sui- istifadə edib daha çox qamarlamaq, daha çox varlanmaq,daha
çox pul qazanmaq həvəsinə düşdülər. Özü
də elə həyasızlıq edib, elə şayiələr yayırlar ki, adamın barmaqları az qalır
əl atıb üzünü cırmaqlasın.
Cavanlar bilməz, köhnələrdə belə
bir adət vardı: Birinin yaxını öləndə
qohum qadınlar əl atıb üzlərini cırmaqlayar,
qan çıxarardılar.
Əgər bunu hansısa
qadın etmirdisə, deməli ölü yiyəsinin kədərinə
şərik olmur, ürəyində sevinir.
Odur ki, qohum-qonşu qadınlar hökmən üzlərini cırıb
qan çıxarardılar.
Yaxşı ki, bu vəhşi adətlər
çəkilib gedir.
Ancaq bəzi adamlarda bu hələ instinkt olaraq qalır, özü də pul qazanmaq
həvəsində olanlar
daha da çoxdur.
Ən çox da küçə
ticarətilə məşğul
oldunsa deməli, bunların cırmaqlı sözlərini dinləməlisən,
inanmalısan.
Nə isə... Deməli hər səhər
köşkdən qəzet
almağa gedirəm.
Evdən
səkkiz yüz metr aralıda "İnşaatçılar" metrosunun
yanına qədər
piyada irəliləyirəm.
Ortada avtobus dayanacağı var. Bir az gözləyirəm
ki, avtobus gəlsin, baxıb görüm şanlı xalqımız xəstəliyə
qarşı necə vuruşur, insanlar maska (bəzi yerlərdə buna burunatax deyirlər) taxıb, yoxsa yox. Bah, nə görsəm yaxşıdır?
Avtobusda otuz-qırx adamdan cəmi iki nəfər
maska taxıb. Yaxınlaşıb sürücüdən soruşuram ki, niyə maskasız sərnişin götürürsən?
Deyir:
-Nə işim var? Mən plan doldururam. Oturur, otursun. - Sonra
qıyqacı baxır.
- Müfəttişsən? - Başımı "yox"
şəklində yelləyirəm.
- Onda sənin nə işin var? Get getdiyin yerə. Bu zaman
səsini də qaldırır ki, sərnişinlər onun dediklərini eşidib dəstək versinlər.
Elə də olur. Etirazlar başlayır:
"Sür gedək, işə tələsirik".
Əlqərəz, bundan aralanıb
"Qələbə dairəsi"ni keçirəm. Yol boyu küçə ticarəti, elə bil İkinci Dünya müharibəsindən
çıxmısan. Kimin əlinə
hansı ərzaq düşür, istədiyi
qiymətə satır.
Satıcıların biri
də maska geyinməyib...
Axşam evdə "qəməndir"
demişdi ki, qəzet almağa gedəndə iki kilo sarımsaq alarsan. Bir göyərti satandan sarımsağın qiymətin
soruşdum, dedi beş manat.
Yenə
soruşdum:
- Qiymət nə vaxt ucuzlaşacaq?
Əvvəl əlimdəki qəzetlərə,
sonra üzümə çəpəki baxandan sonra dinləndi:
- Dayı, sabah
gələrsən, sənə
dördə verərəm...
Sabah gəldim, dedim ki, ə bacıoğlu, dünən demişdin bu gün sarımsağı
dördə verəcəksən.
Gədənin üzü bozardı:
- Nə danışırsan,
altı manatdan bir manat da
aşağı düşmərəm.
Əlim üzümdə qaldı. Düşündüm ki, yəqin yenə virus güclənəcək,
bunlar da hardansa xəbər tutublar, indidən hazırlıqlarını görürlər.
Bir söz demədim. Qırx metr aralıda başqa meyvə-tərəvəz
satana yaxınlaşdım.
Qiymət soruşdum, dedi üç manata. İki kilo sarımsaq alıb
qayıtdım bu gədənin yanına.
Gördü ki, torbada sarımsaq var. Əlimdəki torbaya baxıb soruşdu:
- Nə olub, dayı?
Dedim:
- Allah ölüb...
Gədə təəccübləndi:
- Allah niyə ölür, ay dayı?
- Allah ölməsəydi, sən
bu qədər Allahsızlıq etməzdin.
Səndən qırx metr
aralıda üç
manata satılanı sən altıya verirsən. Deməli, sənin üçün
Allah ölüb.
Məsələnin nə yerdə olduğunu duyan kimi oğlan dilləndi:
- Ölüb-ölüb də.
Sənin
nə işin var? Bizim Allahımız puldur.
Heç
bilirsən nə qədər xərcimiz çıxır, ona ver, buna ver,
axşam hesablayırıq
ki, ortada heç nə yoxdur. - Nəsə düşünüb əlavə
etdi. - yaxşı
yadıma saldın, dayı, gedib, elə onlardan üç manata alım, burda altıya sataram.
Bir neçə
dəfə "Allah ölüb"
sözlərini təkrar
edə-edə oradan uzaqlaşdım. Öz-özümə deyirəm ki,
sənin nə işin var belə
işlərdə? Bunlar üçün
xalq, dövlət yoxdur. Qazanmaq, varlanmaq üçün
kimi və nəyi desən satarlar.
Çox vaxt özümü danlayıram ki, ictimai, illah da iqtisadi məsələlərə
qarışmayım. Nə işim var, e...? Amma özümü saxlaya bilmirəm. O gün bir dostuma deyirəm:
- Aşna, xəbərin var? Bizim TV-lər axır
vaxtlar şeypur çalanları daha çox göstərirlər.
Belə getsə şeypur çalanlar ölkəsinə
çevriləcəyik.
Gülə-gülə cavab verir:
- Ə, zurnadı dana,
qoy çalsınlar da. Milli musiqimizi ölməyə
qoymurlar. Yenə sağ
olsunlar. Nə işin
var?
- Aşna, mən zurnanı nəzərdə
tutmuram. Şeypur deyəndə saksafonu
nəzərdə tuturam.
Bir az duruxub
cavab verir:
- Onda belə işlərlə mənim
nə işim var?
Gülüşürük.
Sosial şəbəkədən oxuyuram
ki, jurnalist gənc, bərkgedən rejissora sual verir:
- Şah İsmayıldan
film çəkmək fikrindəsən?
O da soruşur:
- Şah İsmayıl
kimdir? Təzə aktyordur?
Jurnalist etməyib tənbəllik bunun böyüyünə
zəng edib. Böyüyü də belə cavab verib.
- Sənin nə işin var, özümüz bilərik.
Get işinlə məşğul
ol.
Di get, ay gözəl jurnalist, düz deyir də "Nə işin var?" Ona Şah İsmayıl
lazım deyil ki, ondan film də çəksinlər.
Yenə də deyirəm nə işin var? Aptekə girirəm, deyirəm
ki, beş-on dənə maska ver. Yavaş səslə deyir və barmağını
göstərir, yəni
bir dənə.
Soruşuram:
- Niyə, indi özümüzün maska
zavodumuz var, indi də bir
dənə?
Çiyinlərini çəkir:
- Nə işim var, belə şeyləri öyrənim?
Nə isə istədim Milli Məclisimizin maska taxmayanlar üçün
cərimə haqqında
verdiyi qərardan yazım ki, bu vəzifəli şəxs nədir, hüquqi şəxs nədir. Elə hesab et ki, polis bir
hüquqi şəxsi
küçədə saxlayıb.
Polis nə biləcək
bu adam,
bu fərd kimdir...
Yox, sonra dedim ki,
nə işim var? Qoy deputatlar özləri
bilsinlər. O gün
neçəsi iclasda maskasız oturmuşdu. Qoy onlardan başlasınlar.
Nə işin var, axı?
Hər kəsin
öz işi var. Başqa ictimai işlərə qarışmır.
Mənim də işim yazmaqdır.
Nə işim var, e...?
YUNUS OĞUZ
Azad Azərbaycan.- 2020.- 5 iyun.- S.3.