Böyüklərin gözü,
uşaqların sözü ilə
(Miniatürlər)
NİYƏ
ÖZÜM YEMƏYİM?
- Ah bu uşaqlar, uşaqlar... Necə də bədzaddılar.
Vallah bəzən elə sözlər deyir, elə əməllər
eləyirlər ki, adamın matı-qutu quruyur, qalır mat - məətəl.
Bilmir nə cavab versin? İnanmırsız? Onda qulaq asın
görün bizim uşaqlar başımıza nə oyunlar gətirirlər.
O
gün həyat yoldaşım birinci sinfə gedən
oğluma hesab dərsini öyrədir. Ona çıxma,
üstəgəlmə əməliyyatına aid suallar verir.
- Qəşəng
oğlum, de görüm, yeddidən üç
çıxanda neçə qalar?
Uşaq maddım-maddım anasının
üzünə baxır. Bilmir nə cavab versin. Anası bir də
soruşur. Sonra da barmaqları ilə göstərərək
deyir:
-
Oğlum, qəşəng balam, bax bu yeddi, indi bundan
üçünü çıx. Çıx də,
çıx! Neçə qaldı?
Uşaq
yenə də anasının üzünə key kimi baxır. Bilmir nə cavab versin. Anası
yavaş-yavaş hirslənir:
- Ay bala,
burda nə var ki, cavab verə bilmirsən? Axı
sən ki, qanmaz, key deyilsən. Qanmazsan?
- Qanmaz
niyə oluram, e?
-
Yaxşı, onda mənə de görüm dördün
üstünə üç gələndə neçə eləyər?
Uşaq
yenə də anasının üzünə key kimi baxır və
susur.
Arvadım
tamam əsəbləşir:
- Ay
uşaq, diqqətlə mənə qulaq as! Bax, mən sənə
yeddi dənə alma verirəm.
Barmaqlarınla say, say də! Barmaqların
çolaq olub bəyəm? Say demədim! Say!
Uşaq
barmaqları ilə birdən yeddiyə qədər saymağa
başlayır:
- Bir, iki,
dörd, yox ey üç, dörd, dörd, yeddi, yox ey, beş, altı…
Anası
sevinclə:
- Afərin,
mənim balam. Mən bilirəm axı, mənim
uşağım biliklidi, ağıllıdı. Lap anasına oxşayıb. Yoxsa,
on bir illiyi on üç ilə qurtaran atasına yox. Mənim
kimi də ali təhsilli olacaq. Yaxşı? Balası, bax indi bu
yeddi almanın sən üçünü verirsən
böyük bacına. Yerdə neçəsi
qaldı, hə? Üçünü
verdin bacına. Böyük bacındır
də. Axı hərdən sənə dərs
öyrədir, səni məktəbə aparır, gətirir.
Hə... Onda sənin neçə alman qaldı?
Uşaq bu vaxt barmaqları ilə altı göstərir. Anası bir az
da əsəbləşir və qışqırır.
- Ay bala,
ay qanmaz uşaq... Niyə sən bizim yox,
atangilin nəslinə oxşadın?! Sən
o almaların üçünü bacına verirsən, birini
yox. Hə. Üç almanı verdin
bacına.
Uşaq yenə də altı göstərir. Anası lap əsəbləşir.
Əlini qaldırır ki, uşağı
vursun. Uşaq kövrəlir. Başlayır ağlaya-ağlaya
danışmağa.
- Axı
mən bacıma üç alma vermək
istəmirəm. Onsuz da o, gonbuldur. Sənə oxşayır. Ona bir alma
da bəsdi. Onsuz da ata nə alırsa
hamısını siz ikiniz basıb, yeyirsiz. Mənə heç nə qalmır. Altı
almanı da mən özüm yemək istəyirəm,
özüm...
ANAM NECƏ YADINDA SAXLASIN?..
Üç gün bundan qabaq səhər işə tələsirəm. Evdən
çıxmaq istəyəndə balaca qızım kəsib
qapının ağzını, məni bayıra buraxmaq istəmir.
Yastı-yastı deyir:
- Ata , yadına gəlir sən mənə nə
söz vermişdin?
- Nə?
-
Yadına sal də...
-
Yadımda deyil. Nə vaxt? Nə
söz vermişdim? Yadıma sal.
- Yox. Sən özün yadına sal. Üç
gün qabaq mənə nə söz vermişdin?
-
Yadımda deyil, ay qızım, yol ver keçim.
-
Yadına salmasan səni qapıdan buraxmayacam.
Uşağın bu tərsliyindən özüm də
görürəm ki, əsəbləşirəm. Amma
çalışıram ki, səbrimi boğum, hirslənməyim.
Uşaqdır də. Özü
də çox istədiyimiz sonbeşiyimiz. Anamın adını qoymuşam. Nə vura bilirəm, nə söyə bilirəm, nə
danlaya bilirəm. Dəqiqələr də
gedir. Xidməti maşınım da həyətdə
məni gözləyir. İşə
gecikirəm. Uşaq da tərs kimi
qapını möhkəm tutub. Bir az
da səbrimi basıb, çalışıram ki,
özümü mehriban göstərim.
-
Yaxşı, qəşəng qızım. Sən
özün mənim yadıma sal nə demişəm. Axı atanın o qədər işi var ki, hər
şeyi yadda saxlaya bilməz. O boyda idarəyə rəhbərlik
eləmək asan iş deyil axı... Sən mənim
yadıma sal axşam gələndə sənə üç
dənə bax bu boyda, yekə şokolad alacam. Nədi o şokoladın adı?
Uşaq tərs-tərs
üzümə baxır:
- İstəmirəm sənin şokoladlarını. Axşam anamın
üstünə qışqırırdın ki, bir həftə
bundan qabaq sənə demişdim ki, ağ
köynəyimi yu. Niyə yumamısan? Deyirdin? Hə soruşuram səndən,
deyirdin?!
- Deyirdim.
-
Özün üç gün bundan qabaq verdiyin vədəni,
dediyin sözü yadda saxlaya bilmirsən, bəs anam bir həftə
bundan qabaq dediyin sözü necə yadında saxlasın? Hə? Necə yadda saxlasın?..
NADİNC, TƏRS UŞAQ
Oğlan uşaqlarının çoxu nadinc olur. Bax mənim
oğlum da çox nadincdi. Özü də
ağlına nə gəldi, ağına-bozuna baxmadan,
yanımda kənar adam oldu, olmadı
soruşur. Bir sözlə, kəsik baş kimi hey
danışır... Dəhşətdi vallah.
Tamam dəhşətdi. Əşi
heç deyiləsi deyil. Dörd
yaşlı uşaq da belə baməzə, belə bədzad,
belə hər şeylə maraqlanan olar? Biz də
uşaq olmuşuq də... Yoxsa indikilər kimi... Nə başınızı ağrıdım.
Keçən həftə bazar günü
axşamçağı xəta oldu onu özümlə
bulvara gəzməyə apardım. Yay günü ola, bizim bulvar, bizim adamlar ola...
Bir gizli
kamera ilə bunların bütün əməllərini, hərəkətlərini
çəkəsən, sonra da təzədən göstərəsən
özlərinə... Vallah belə başa düşürəm
ki, heç birinə, heç cürə sübut eləyə
bilməzsən ki, bu sənsən... Nə isə... Bu, onların öz işidi. Bizim xalqla nə
işimiz, hökümətlə nə sözümüz... Elə
bil adamların beyni çönüb...
Evdən çıxıb, oğlumla gəzə-gəzə
gəlirik bulvara. Bizim evimiz bulvardan elə də uzaqda deyil.
Dörd yaşlı oğlum ağlına gələn,
qarşısına çıxan epizodlarla bağlı sualları
verir, mən istəsəm də istəməsəm də onun
suallarına cavab verməliyəm... Çünki
cavab verməsəm, bir sualı on dəfə verəcək.
Bu vaxt qarşıdan iki nəfər gəlir.
- Ata.
-
Eşidirəm oğlum.
- Bu
qabaqdan gələn kök, balaca xala, ucaboy arıq əmidən
niyə belə sallanıb?
-
Sallanmayıb qoluna girib.
- Elə
qola girmək olar?
- O
ucalıqda əmi az qalır xalanın
üstünə yıxılsın. Ata, əgər
o uzunluqda, o yekəlikdə əmi balaca xalanın üstünə
yıxılsa nə olar?
- Nə
olacaq, heç nə.
-
Heç nə? Onda de görüm o əmi, o
xalanın üstünə yıxılsa, sonra xala nəfəs
ala bilər?
-
Baxır o əmi, o xalanın üstünə necə
yıxılır. ..
- Axı,
əmi necə yıxılsa xala nəfəs ala bilər? De də...
Bu vaxt
qabaqdan gələn və biədəb formada bir-birinə
suvaşan kök qadınla, uzun, yekə kişi
gəlib yanımızdan keçib gedirlər. Oğlum isə
diqqətlə arxadan onlara baxıb, yenə də dil qəfəsə
qoymayıb soruşdu:
- Ata, bəs
o xala əminin üstünə yıxılsa necə olar?
Əmi nəfəs ala bilər?..
- Ay
uşaq gic-gic danışma! Gəl gedək
karuselə minək. Bayqdan karuselə minmək
istəmirdin? Böyüyəndə o suallara özün
cavab tapacaqsan...
Deyəsən cavabım xoşuna gəlmir. Burnunu
sallayır. Bir az keçmir ki, yenə
də suallar başlayır sualları yağdırmağa:
- Ata ora
bax. O, ağ saçlı əmi öz
cavan qızını niyə elə qucaqlayıb öpür?
- O, onun
qızı deyil...
- Bəs
nəyidi?
Küncdəki
oturacaqda bir-birinə suvaşan yaşlı kişi
ilə cavan qıza baxıram. Hayasızlığa, tərbiyəsizliyə
bax ki, burdan, yanlarından keçib gedən adamlara məhəl
belə qoymurlar… Gör nə günlərə qaldıq də…
Bilmirəm oğluma nə cavab verəm.
Beynimə gələn birinci sözü deyirəm:
-
Tanışı...
- Adam
tanışını elə möhkəm öpər?
-
Baxır necə tanışdır də...
- Bax indi
də qız onu öpür. Tanışlar elə
öpüşər? Eh, səndə... Bax, bax... Kişi
o qıza pul verdi. Kişi o qıza niyə
pul verdi?
- Pul verdi ki, qız nə isə alsın.
- Deməli,
qız əmini acından öpürdü. Əmi də
acdı?..Ata ...
- Nədi?
- Birdən
o əminin arvadı onları burda gördü?
Hə. Görürüəm ki, oğlum məni dalana
dirəyib. ..
Bu sual-cavabdan qutarmaqçün
çalışıram onun fikrini dağıdam. Fikirləşirəm ki, onu bu düşüncədən
yayındıram. Ona görə də bir
tutarlı cavab fikirləşmək istəyirəm. Aha. Deyəsən tapdım.
- Yəqin
o əminin arvadı yoxdur. Pulu da qıza ona görə verir
ki, qız gedib yemək alıb gətirsin, əmi
üçün bişirsin...
- Bəs
həmişə bazara yemək almağa sən özün niyə
gedirsən? Bəs anamı niyə qoymursan bazara
getməyə? Deyirsən arvad bazara getməz.
Arvadın işi evdi, mətbəxdi... Onda belə
çıxır ki, o qız kişidi, o kişi də
arvaddı?..
- Yox. Mən demək istəyirəm ki, o qız o
kişinin arvadıdı.
- Bah... Sən də məni aldatma. Elə
qoca kişinin belə cavan arvadı olar? Onda
elə sən də anamın əvəzinə gedib elə mən
yaşında bir qız alardın də.
- Ay
uşaq bu nə sözdü sən danışırsan?
- Bəs
sən özün nə danışırsan? Niyə
mənim başımı aldadırsan? Mən
səninçün bəbəyəm?
-
Yaxşı kəs. Gəl gedək karuselə.
Bir də səni heç yerə aparmayacam.
-
Heç aparma. Guya harasa aparırsan? Evə gələn kimi deyirsən işdə
yorulmuşam. Nə iş görürsən ki?.. Bütün günü stolun
arxasında oturub, çay içirsən də.
- Onu kim
deyib sənə?
- Anam. Sən evdə olmayanda deyir. Deyir ki, atan işdən
gələndə yalandan tənbəllik eləyir,
özünü yorğun kimi göstərir ki, evdə iş
görməsin.
-
Yaxşı! Qutar ay uşaq, qutar!
O yenə
də burnunu sallayır. Ağız-burnunu
büzüşdürür. Bir az
keçəndən sonra başqa bir oturacaqda tək oturan
qıza diqqətlə baxıb, gözlənilmədən
deyir:
- Ata, bir
söz desəm acığın gəlməz?
- Yenə
nə söz demək isləyirsən?
- Onda o
qızı da mənimçün al də.
- Nə qız
ay uşaq?
-Bax, o,
oturacaqda oturan qəşəng qızı.
- O
qız səndən çox böyükdü. Ən azı
on beş yaş.
- Nə
olsun? Bayağkı qız da əmidən ən
azı otuz yaş kiçik idi də.
- Ay
uşaq, ayıbdı. Kəs səsini!
-
Xahiş eləyirəm ata, o qızı al də mənə. Xoşum gəldi ondan. Al də nə
olar.
Uşağın bu təkidi məni çox
maraqlandırdı. Məcbur oldum ki, ona bir sürüşkən sual verim:
-
Yaxşı. Belə denyək ki, o, qızı
səninçün aldım. Hə. Sonra nə
olacaq?
- Sonra nə
olacaq ki? Mən onu təmir eləyəcəm.
- Kimi təmir
eləyəcəksən, ay bala?
- O qızı...
- O
qız məkər evdi, maşındı, ya stol-stuldu ki, sən
onu təmir eləyəsən?
- Bəs
onda bizim baxça müəlliməmiz dünən bizim
yanımızda o biri qrupun müəlliməsinə
nazlana-nazlana niyə bu sözləri deyirdi. “İki gün
bundan qabaq evə usta gəlmişdim. Həm evi təmir elədi,
həm də məni”... Sonra da müəllimənin
qulağına nə isə dedi, hər ikisi ucadan
güldülər.
- Nəcə,
necə?
- Hə. Sonra da biz tamam yaddan çıxdıq. O biri müəllimənin
qulağına nə isə pıç-ha-pıç,
pıç-ha-pıç dedi... Sonra o biri müəllimə
də dərindən ah çəkdi və dedi: “Mən də
neçə vaxtdı pas atıram. Allah elə bir usta mənimçün
də yetirsin, gəlib məni də təmir eləsin.
Pasımı təmizləsin”... Yaxşı,
adamı təmir eləmək olmursa, müəllimələr
bizim yanımızda o sözləri niyə deyirdilər?
Mən həm
müəllimələrin qarasına, həm də oğluma əsəbləşdim:
- Ay
uşaq, ay bala, bu nə gic-gic sözləri sən deyirsən?
Ayıbdı. Bir də heç yerdə bu
sözləri demə!
-
Heç yerdə deməmişəm ki. Anaya
demişəm, qonşu uşaqlarına, babaya, nənəyə,
bir də sənə deyirəm. Babayla nənəyə
deyəndə, nənə dedi ki...
- Nə
dedi?
- Babaya
dedi ki, gözüvə su vur ey. Görürsən
camaat necə ustalıq eləyir? Mən neçə illərdi
burda pas atıram, sənin əlindən isə heç nə
gəlmir...
- Kəs
ay uşaq, kəs! Bir də belə danışma! Belə qələt
eləmə! Bu nə sözdü sən
danışırsan? Sən artıq
böyük oğlansan. Dörd yaşın var…
- Mən
demirəm ki, nənə deyirdi də... Buna bax
ey. Öz anasına gücü
çatmır, məni söyür. Məni
daqlayır. Belə ata olar?..
Bu sözlərdən sonra yenə də burnunu salladı
və karuselə doğru getməyə başladı. Amma yenə də
gözü o yan, bu yanda idi.
Nə… İndi gəl bu uşaqa söz çatdır,
görüm necə çatdırırsan.
Bunun hələ
dörd yaşı var. Allah bizi sonrasından saxlasın... Bu
böyüyəndə nələr danışacaq?..
Sumqayıt şəhəri
Ağalar İDRİSOĞLU
Azad Azərbaycan.- 2020.- 9 iyun.- S.7.