Müstəsna qabiliyyətə malik görkəmli alim

 

Xalqlar həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”

 

                                                                                                    Heydər Əliyev

 

 

Bəşəriyyətin hazırkı inkişaf səviyyəsinə çatması məhz elmin, bu sahədə çalışan tarixi şəxsiyyətlərin, görkəmli alimlərin sayəsində mümkün olmuşdur. Bu mənada dünyaya bəxş etdiyi övladlarına görə Azərbaycan xalqının da qürur duymağa haqqı vardır.

Bütün sahələrdə olduğu kimi, tibb elmləri sahəsində də Azərbaycan xalqının çox böyük alimləri olmuş, var və gələcəkdə də olacaqdır. Onların xalqımıza göstərdikləri xidmətləri nəticəsində minlərlə insanlar vaxtsız ölümün cəngindən xilas olmuş və həyata qayıtmışlar. Yaxın keçmişdə yaşamış böyük alim akademik Mustafa Topçubaşovdan tutmuş müasir dövrdə fəaliyyət göstərən tibb alimlərimizin adlarını burada göstərsək çox uzun bir siyahı alınacaqdır. Ona görə də bu yazıda ölkəmizin digər alimləri ilə bir sırada çalışan tibb elmləri doktoru, professor Qurbanxan Müslümov haqqında bəhs etmək istəyirəm.

Ulu öndər Heydər Əliyev göstərir ki, “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”.

 Bu sahədə xüsusi yeri olan görkəmli cərrah Qurbanxanın həyat fəaliyyətinə qısaca nəzər yetirsək, nə qədər şərəfli bir yol keçdiyinin şahidi oluruq.

...Dağlar qoynunda yerləşən Lerikin Buruq kəndi öz zəhmətkeş, müdrik ağsaqqalları ilə həmişə fəxr etməyə layiqdir. Onlardan biri də Fətəli kişinin ailəsində 10 uşaq böyüyürdü. Fətəli kişi çoxlu qayğılarla yaşasa da, övladlarının gələcəyi barədə həmişə düşünər və bəzən də dərd çəkərdi. Böyük filosof şair Bəxtiyar Vahabzadənin dili ilə desək daha yaxşı olardı:

“Ata o kəsdir ki, duraraq öndə,

Övladın hissiylə yaşaya bilsin,

Övlad o kəsdir ki, çiyinlərində

Atanın yükünü daşıya bilsin”.

Fətəli kişi övladlarının gələcək taleləri ilə düşünərək onların xilas yolunu yalnız elmdə görürdü. Böyük oğlu Xubəli atasının arzularını yerinə yetirərək Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub oranı bitirəndən sonra fizika-riyaziyyat elmləri doktoru professor rütbəsini qazandı. Bu o dövrdə çox böyük bir hadisə idi. O, əvvəl Respublika MEA-nın Mexanika Riyaziyyat İnstitutunda, sonralar isə daha irəli gedərək Rusiya Federasiyasının Nijnevartovsk Dövlət Humanitar UniversitetindəTətbiqi riyaziyyat fizika kafedrasınınmüdiri vəzifəsinə qədər yüksəldi. Burada tətbiqi riyaziyyat, ətraf mühitin mühafizəsi sairə sahələrdə elmi araşdırmalar aparan tanınmış alimlərdəndir. O, Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür.

Tanınmış alim Xubəli Müslümovun bu ilin yanvar ayında Rusiya Federasiyası alimlərinin iştirakı ilə 70 illik yubileyinin təntənə ilə qeyd edilməsi çox şey deyir.

Fətəli kişinin kiçik oğlu Qurbanxanın arzuları isə çox idi. Qurbanxan Fətəli oğlu Müslümov 2 mart 1968-ci ildə Lerik rayonunda anadan olub. Qurbanxan hələ orta məktəbdə oxuyarkən həkim olmaq arzusu ilə yaşayırdı. Bəzən xəyallara dalaraq şeirlər yazırdı. Nəhayət 1985-ci ildə orta məktəbi bitirdikdən sonra qəbul imtahanlarından yüksək bal toplayan Qurbanxan Müslümov Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub, 1992-ci ildə arzusuna çataraq Universiteti fərqlənmə diplomu ilə bitirir. (2017-ci ildə oğlu Ziya 700 balla həmin fakültənin tələbəsi adını qazanmaqla 35 il əvvəl atasının qazandığı rekordu təzələyib).

Qurbanxan Müslümov 1992-ci ildə Tibb Universitetini bitirəndə Qarabağda müharibə gedirdi. O, hiss edirdi ki, cəbhə bölgəsində tibb işçilərinə böyük ehtiyac var. Vətənpərvər gənc Qurbanxan beş nəfər tələbə yoldaşları ilə Füzuli rayonuna könüllü olaraq işləməyə getdi. Döyüşlərin qızğın vaxt idi. O vaxt Füzuli rayon Mərkəzi Xəstəxanası Qaraxanbəyli kəndinə köçürülərək hərbi hissənin tabeliyinə verilmişdi. Təcrübəli cərrah Asəf Hüseynov burada cərrahiyyə xidmətinin rəisi idi. Qurbanxan onunla bir yerdə yaralı əsgərlərin üzərində əməliyyat aparır, öyrənir, təcrübə toplayırdı. Bu dövrdə o qədər həyəcanlar keçirirdi. Qısa vaxtda işgüzarlığı ilə kollektivdə hörmət qazandı, onu tibb evakuasiya hospitalının komandiri təyin etdilər.

O, 1993-cü ildə xidmətini başa vurub Bakı şəhərinə qayıtdı. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ovaxtkı direktoru, tanınmış alim, gözəl səmimi insan, professor Nurəddin Rzayevin qəbulunda oldu. Gənc həkimi diqqətlə dinlədikdən sonra onu işə qəbulu ilə bağlı Səhiyyə Nazirliyinə məktub göndərdi. Qurbanxan Müslümov 1993-1995-ci illərdə həmin mərkəzdə cərrahlıq ixtisası üzrə kliniki ordinatura keçdi. Sonra mərkəzin mədə-bağırsaq sərrahlığı şöbəsində kiçik elmi işçi vəzifəsində çalışdı. 1997-ci ildə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi vəzifəsinə təyin edildi və bu vəzifəni 21 il icra etdi. Qurbanxan Müslümov elmdə həmişə yeniliklər axtarır ən çətin cərrahiyyə əməliyyatlarına can atırdı.

1999-cu ildəÖd yollarının çapıq strukturalarının cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. O, bununla kifayətlənmədi. Qabaqcıl ölkələrin bu sahədəki təcrübələrini öyrənmək məqsədilə 2005-2009-cu illərdə elmi işi ilə bağlı Almaniyanın Haydelberq Universitetinin Mannhein Cərrahlıq klinikasında çalışdı. Klinikanın rəhbəri, dünya şöhrətli tibb alimi, professor Stefan Postun apardığı çətin cərrahi əməliyyatlarda iştirak etdi. Sərbəst şəkildə ilk əməliyyatı da orada apardı. Mədəaltı vəzini cərrahi yolla götürməklə cərrahiyyədə ilk addımını atdı. Burada doktorantura keçib, cərrahlığın sirlərini öyrəndi. Klinikada 5 il ümumi visseral və laparoskopik cərrah kimi işlədi. Burada pankreas cərrahlığı, qaraciyər, öd yolları cərrahlığı, minimal invaziv cərrahiyyə, onkoloji cərrahiyyə, kolorektal və torakal cərrahiyyə üzrə ixtisaslaşıb və visseral cərrah kimi yetişdi.

Yaxşı məlumdur ki, elmdə, xüsusi ilə tibb elmində asan yol yoxdur, burada çətin yollar keçməli və onun zirvələrinə qalxmalısan. Qurbanxan həkim də belə etdi və gərgin anlar yaşadı.

2010-cu ildəMədəaltı vəzinin xərçənginin cərrahi müalicəsi zamanı bəzi gen faktorlarının müalicəsinin nəticəsinə təsiri” mövzusunda doktorluq dissertasiyasını həm Azərbaycanda, həm də Almaniyada müdafiə edərək tibb elmləri doktoru adına layiq görüldü. Vətən oğlu Almaniyada çalışan özü kimi neçə-neçə gənclərə də köməkliyini əsirgəmirdi.

Almaniyadan Azərbaycana qayıtdıqdan sonra burada müasir pankreas və biliar cərrahiyyənin təşəkkül tapmasında əvəzsiz xidmətlər göstərdi. İlk dəfə böyük seriya Traverso əməliyyatları, drenajlanma rekonstruktiv biliar əməliyyatlar, yoğun və düz bağırsaq patalogiyaları zamanı mürəkkəb laparoskopik əməliyyatlar aparmaqla yanaşı müasir irəli laparoskopik cərrahiyyənin əsasını qoydu. Beləliklə, respublikamızda ilk torako-laparoskopik ezofaqektomiya, ilk total laparoskopik Vipple əməliyyatı, laporoskopik total qastrektomiya, laparoskopik total MRE ilə düz bağırsaq əməliyyatları, düz bağırsağın anal kanala yaxın törəmələri zamanı laparoskopik çox aşağı intrasfinkter rezeksiyalar, laparoskopik pankreatektomiyalar professor Qurbanxan Müslümov tərəfindən icra edilib. O, ölkəmizdə və onun hüdudlarından kənarda minimal-invaziv cərrahiyyə, qida borusu cərrahlığı, hepato-pankreato-biliar cərrahiyyə, kolorektal cərrahiyyə sahələrində böyük təcrübəsi olan və tibb sahəsində sayılıb-seçilən, nüfuzlu cərrah kimi tanınır.

Adlarını çəkdiyim bu əməliyyatların hər biri asanlıqla başa gəlmir, bunları sərrast aparmaq üçün həkimdən nə qədər gərgin çalışmaq, öyrənmək və istedad tələb olunur.

Qurbanxan Müslümov 2013-cü ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Hakimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq kafedrasının professoru, 2016-cı ilən Səhiyyə Nazirliyinin elmi-tibb şurasının sədr müavinidir.

Hər bir alimi xarakterizə edən müsbət amillərdən biri də onun öz davamçılarını yetişdirməsi məsələsidir.Avropada və yaxın xarici ölkələrdə tanınan azərbaycanlı alim Qurbanxan həkim Dağıstanda, Özbəkistanda və Qazaxıstanda mürəkkəb əməliyyatlar icra etməyə, mühazirə deməyə və həkimlər üçün ustad dərsləri təşkil etməyə dəvət olunur. Bu sahədə səmərəli fəaliyyətinə görə o, 2017-ci ildə Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutunun və Buxara Dövlət Tibb Universitetinin fəxri professoru seçilmişdir.

Professor Qurbanxan Müslümov 2008-ci ildən başlayaraq sədri olduğu Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində ilk Tibbi Treyninq Kursları və Cərrahi Simulyasiya Mərkəzi yaradaraq azərbaycanlı həkimlərə və tələbələrə açıq və laporoskopik cərrahiyyənin incəliklərini öyrədir.

Onun tələbə-müəllim münasibəti nümunəvidir. Öz mədəni davranışları ilə xəstələrin, həmkarlarının qəlbinə yol taparaq, ona müraciət edən hər kəsi diqqətlə dinləməyi bacarır, onlara məsləhət, tövsiyə verməkdən zövq alır. O, boya-başa çatdığı doğma kəndini də heç vaxt unutmur, həmişə ora baş çəkir, köməkliklər göstərir.

Qurbanxan həkim deyir ki, həyatında görkəmli tibb alimlərinin, tanınmış şəxsiyyətlərin rolu çoxdur. O, uzun illər Azərbaycanda cərrahiyyə məktəbinin yaradıcılarından biri olan gözəl və alicənab insan akademik Böyükkişi Ağayevin rəhbərliyi altında işləmişdir.

- Ölkəmizdə səhiyyə çox sürətlə inkişaf edir,- deyə professor Qurbanxan Müslümov söhbətə başlayır. Möhtərəm prezidentimiz cənab İlham Əliyev səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, peşəkar, təcrübəli tibbi kadrların hazırlanmasına böyük önəm verir. Göstərilən dövlət qayğısının nəticəsində səhiyyə sistemində də Azərbaycan standartları həyata vəsiqə qazanıb. Bəzi xarici ölkələr bizim səhiyyənin yeniliklərindən, uğurlarından, nailiyyətlərindən bəhrələnirlər. Xaricdə təhsil almış həkim kimi deyə bilərəm ki, onlar bizdən çox şey öyrənirlər. Görkəmli alman professoru Stefan Post mənimlə Nəsirəddin Tusinin, Məhəmməd Füzulinin tibb haqqında fikirləri barədə çoxlu söhbətlər edib.

Görkəmli tibb alimi 90-a yaxın elmi məqalə və tezisin, bir dərsliyin, üç metodik vəsaitin müəllifidir. Akademik Azad Mirzəcanzadə və tanınmış alim Xanbaba Hüseynovla birlikdə yazdığı “Həkimlik və təbabət haqqında etüdlər” kitabı həmkarlarının stolüstü kitabına çevrilib.

Professor Qurbanxan Müslümov çətin cərrahi əməliyyatları uğurla aparmaqla yüzlərlə xəstəni həyata qaytarır. O, həm də Azərbaycan tibb elminin nailiyyətlərini, uğurlarını xarici dövlətlərdə fəal şəkildə tətbiq və təbliğ etməklə vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

Müstəsna istedad sahibi olan görkəmli alim Qurbanxan Müslümov hələ həyatının ən çiçəkləndiyi dövrünü yaşayır. Biz inanırıq ki, o, hələ bundan sonra çoxlu uğurlara imza atacaq. Bu çətin, şərəfli yolda ona daha böyük uğurlar arzu edirik…

 

İmran ƏBİLOV,

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü

 

Azad Azərbaycan.- 2020.- 20 iyun.- S.4.