Mənən zəngin adamlar

belə hərəkət edə bilərlər

 

(Esse)

 

Allah-təala insanların hərəsini bir cür yaradır. Oxşarlıq varmı? Fiziki baxımdan hə, insanın bədən quruluşu, dili, şüuru, hərəkəti və sair. Lakin onun gözəgörünməyən mənəvi dünyası da var. Həmin dünyaya baş vurmaq olarmı? Bunu insanın özündən savayı heç kim bilmir, təəssüflər olsun ki, heç çoxları özləri bunun nə olduğunu anlamırlar.

Daxilən zəngin adamlara çox rast gəlmişəm. Biri haqda qısa da olsa danışmaq istərdim. Həkimdir. Təkcə həkim deməklə kifayətlənmək olmaz. Bu, adam vunderkinddir, desəm, yanılmaram. Mənən o qədər zəngindir ki, çox vaxt ona qibtə edirsən. Həyatı ilə bağlı bir epizodu danışmaq istəyirəm.

Adi günlərin biridir. Axşamdır. Gün qüruba enir. Günəş üfüqdə öz şəfəqlərini səxavətlə paylayır. Hamı tələsir, maşınlar şütüyür. Yaşıllığa bürünmüş ağacların yarpaqları xışıldayır, tək-tək quşların səsi eşidilirdi. Camaat dayanacaqda dayanıb qırmızı işığın yaşılla əvəz olunmasını gözləyirdilər. Budur bu da yaşıl işıq. İlk addımını atan qəhvəyi saçlı, badamı gözlü, təxminən 13-14 yaşlarında bir qız iti addımlarını irəli atdı. Bu vaxt hansısa bir naşı sürücü, bəlkə də sərxoş qırmızı işığa məhəl qoymayıb yolu keçəndə qızı vurdu. Bunun şahidi olanlar dərindən ah çəkərək sanki öz balalarına dəyən zərbədən bərk sarsıldılar. Sürücünün dalınca müxtəlif söyüşlər yağdırıldı. Qıza ilk yardım edən həkim oldu. O, dizlərini yerə qoyub hüşunu itirmiş qızı qucağına aldı. Bu qızcığazın gözləri yumulmuş, sifəti isə ağarmışdı. Həkim taksi saxlatdırıb təcili olaraq onu xəstəxanaya çatdırdı. Vəziyyətdən hali olduqdan sonra belə qərara gəldilər ki, qız təcili əməliyyat olmalıdır. Əməliyyatı uğurlu keçirmək üçün isə qıza qan köçürmək lazım idi. Xəstəxanada tərslikdən qan olmadı, həkim öz qanını qıza verdi və sonra onun üzərində əməliyyat apardı. Bir neçə saat reanimasiyada yanında oturdu. Qız gözlərini ehmalca açdı və zəif baxışlarla qarşısında əyləşmiş ağxalatlı həkimi gördü, asta, yalvarışlı səslə dedi:

-Anamı istəyirəm.

Həkim otaqdan çıxdı, bir nçə saniyədən sonra bir qadınla geri qayıtdı. Bu, qızın anası idi.

-İndi söhbət edə bilərsiniz, - həkim inamla dedi.

Ananın gözlərindən yaş sel kimi axdı, o, balasını duz kimi yaladı. Həkimin otaqdan çıxmaq istədiyini görəndə onu bir anlığa saxladı.

-Eşitdim qızıma qanı siz vermisiniz.

-Bu, hər bir həkimin borcudur.

-Siz heç demədiniz kimsiniz, adınızı, soyadınızı bilmədim.

-Buna ehtiyac varmı?

-Var. Axı, mən biləməliyəm, mənim qızımı ölümdən kim xilas edib.

Həkimin sifətinə xoş bir təbəsüm çökdü və o astadan dedi:

-Hümbət Həsənoğlu.

 

Eyruz MƏMMƏDOV,

Əməkdar jurnalist

 

Azad Azərbaycan.- 2020.- 23 iyun.- S.7.