Şəkərəm, bir ömür
sürdüm…
(Şair, dramaturq, jurnalist, publisist
Şəkər Aslan haqqında düşüncələrim)
Bizi
yaxşı-yaxşı yandırsın deyə,
Ölüm də ən yaxşı dostları
seçir.
Şəkər
ASLAN
Xalq
şairi Nəriman Həsənzadənin, Azərbaycan
Yazıçılar Birliyindəki Natəvan klubunda Şəkər
Aslanın 80 illik yubileyindəki çıxışından:
“Şəkər Aslan 22 ildir, xoşbəxt şair
ömrünü yaşayır. Dərc olunur, mahnıları
səsləndirilir, yubileyləri, xatirə gecələri
keçirilir…”
Hörmətli
Şəkər Aslan!
Sizi ürəkdən salamlayıram. Sizə vəd
etdiyim kimi, “Dəniz sahilində yaşayıram” şeirlər
kitabınızı bir də oxudum. Kitab
uşaqlığınızdan həyatınızla
bağlı olan doğma torpağa, dənizə, gözəl
Lənkəran təbiətinə elə bir məhəbbətlə
doludur ki, bunu duymamaq, görməmək mümkün deyil.
Şeirlərdə kalorit, insanı mütəssir
edən poetik ahəng yaxşı alınıb.
Mən Lənkəranın gözəlliyinə və
füsunkarlığına sizin şeirləriniz vasitəsilə
vurğunam, onun təbii sərvətlərinə heyrət
edirəm və düşünürəm ki, buradakı
şeiriyyət bu qəribə diyar haqqında daha təsirli və
daha gözəl söz demək üçün şairləri
özünə cəlb edir. Sizin üçün
isə Lənkəran mövzusu bitib-tükənməzdir.
Sizə şeiriyyət yolunda yeni uğurlar, mənəvi
sağlamlıq, yeni axtarışlar arzulayıram. Məni
xatırlayan bütün lənkəranlı dostlarıma
salamlarımı yetirin.
Sizin Nikolay
Tixonov
26 sentyabr
1977-ci il
İyunun
12- də şair-dramaturq, jurnalist, publisist Şəkər
Aslanın dünyasını dəyişməsindən 25 il ötdü. 25 il əvvəl
haqqında xatirələrimi yazanda hansı hissləri
keçirmişdimsə, indi də həmin ovqatdayam. Xatirələrimi
qələmə alanda nədənsə Şəkər
Aslanın ömrünün son günləri gəlir gözlərim
önünə…
1995- ci ildə baharın öz yerini yaya verməyinə
düz on gün qalmış qəlbimizə soyuq və qəmli
bir qar yağdı. İliyimizə qədər bizi donduran,
sarsıntıdan nitqimizi qurudan bir qar…
Hələ Xəlil Rza yaramız
qaysaqlanmamışdı, Hüseyn Arif haqqında yeni xatirələr
yazmaq barədə düşünürdü. Nə qədər
arzuları, planları vardı. Yaşamaqdan, həyatdan,
yaxşılardan, yaxşılıqlardan zövq alan adama da
ölüm qıyarmı?.. Günortaya
qədər başım iş-gücə
qarışdığından zəng vura bilmədim onlara.
Onlardan da görünməyən iş – mənimlə bu
vaxtadək maraqlanmayıblar. Saat üçdən
keçir. Nömrəni
yığıram. Sonbeşik – Lənkəran Dövlət
Universitetinin tələbəsi Aytelin kədərli səsini
ömrüm boyu unuda bilməyəcəyəm… Heç
nə danışa bilmir. Dəstəyi
anasına verir. Anası Gülarə
xanım da beləcə. Dili söz tutmur.
Nigarançılığım artır. Şəkər müəllimin ağır xəstə
olduğunu söyləyir.
- Bu dəqiqə
gəlirəm, - deyə bildirirəm.
- Yox, gəlmə,
həkimlərdən başqa heç kimi yanına qoymur, -
deyir.
- Bəs
həkimlər nə deyir?
-
Ağırdır vəziyyəti…
- Axı,
soyuqdəymədən vəziyyət belə
ağırlaşa bilərmi?
- …
Hövsələm daralır. Dünya başıma
fırlanır. Şəkər müəllimi
ən əziz adamı kimi sevən qayınanam israr edir ki,
gedim kişinin özünü görüm, şad xəbərlə
evə qayıdım. Elə bil basaratım
bağlanıb. Gülarə xanımın
sözünü əsas götürüb getməyə can
atmıram. Həmişə
oturuşunda-duruşunda səliqə-səhman
gördüyüm Şəkər müəllimi yataqda
görmək mənə ağırdı. Axşama kimi birtəhər dözürəm. Tez-tez narahat etməyə ürəyim gəlmir.
Əlim əsə-əsə nömrəni
yığıram. Gülarə
xanımın səsi bayaqkından fərqlənir.
- Bir az yaxşıdır, - deyir.
Rahat nəfəs alıb tanıdığım həkimlərə
zəng vururam.
Hamı məni sakitləşdirib arxayın edir
ki, heç nə olmaz.
Səhər açılan kimi yenə onlara zəng
vururam. Aman
Allah, dəstəyt götürən yoxdur…
Bəzən
fikirləşirik, insan ömründə bir ay, bir gün, bir
saat nədir ki?.. Amma elə
anlar olurmuş ki, dəqiqə qədər insan
ömrünün uzanması lazım olurmuş. Ürəyi bircə saat vədə xilaf
çıxmasaydı, mən çatacaqdım, üç
saat dözsəydi, Bakıdan sevimli Ayseli, bir gün dözsəydi.
Kiyevdən ciyərparası Qaya gəlib çatacaqdı…
“Kənddə dəfn olunmalıdır. Anasının
yanında” – ağsaqqalların qərarı belədir. Kənddən gəldiyi ikicə gün idi. Onu
da əcəllə çarpışmada… Lənkəranda
idim. Ayın beşində işə
getmişdim. Mayın 28-də bizə gəlişinin
xoş təsirindən danışdı. Dedim, videokasetə
baxmışıq, gözəl danışmısınız.
Dedi ki, bilirsən də, bir yaxşı
çıxışım da alim Sultanağa Əhədovdur. Xəlil Rzayla görüşümüzdə
çəkilib. Onu da al, birləşdir,
sağlıq olsun, mənim haqqımda bir şey hazırlasan,
sənə lazım olar. Bir kaset də
şair Ziyafətdədir. Füzulinin 500
illiyinə həsr olunmuş poeziya axşamı onun evində
təşkil olunmuşdu. Tədbiri mən
aparırdım.
Əhval-ruhiyyəsi son vaxtlar gördüyümdən
çox yaxşı idi. Dedi, təkcə Ayseldən nigaranam, universitet (BDU)
diplomunu bu gün-sabah alır, Tibb Universitetinin isə hələ
üçüncü kursunu bitirir. Oranı da
bitirsəydi, dərdim olmazdı. (Aysel BDU-nun III kursunda
oxuyanda Azərbaycanda ilk dəfə test sistemi tətbiq olundu. Aysel də özünü sınamaq
üçün sənədlərini Tibb Universitetinə
vermişdi. Uşaqlıqdan həkim olmaq
arzusunda olan Aysel ən yüksək balla Tibb Universitetinin
müalicə-profilaktika fakültəsinə daxil olmuşdu.)
Əlavə etdi ki, yaxşı ki, sən
Bakıda olursan. Hər adamı qız
uşağının yanına göndərə bilmirəm.
Qayadan nigarançılığım yoxdur.
Aspiranturanı gələn il bitirəcək.
İşi də pis deyil. Bizə
ehtiyacı yoxdur. Yayda gələcək.
Razı salıb evləndirə bilsəydik,
arzuma çatardım. Anası da
qayınana olmağa tələsir. Aytel də
ki, bizimlədir. Lənkəranda
universitetin açılması çox yerinə
düşdü. Bakıda oxusaydı,
çatdırmaq olmazdı.
Sonra bir
şeir oxudu:
Hər
vaxtın öz dərdi varmış,
İndi bildim, indi bildim.
Sayı
yüz yox, iki yüz yox,
Mindi bildim, mindi bildim.
Bu fələyin fikri nəymiş?
Bizi
bükmüş, bizi əymiş…
Fəryad
edə içimdəymiş,
Dindi bildim, endi bildim.
Şəkərəm,
bir ömür sürdüm,
Misralardan
çələng hördüm…
Dost-düşməni
seçdim, gördüm,
Kimdi bildim, kimdi bildim.
Bu onun mənə oxuduğu və yazdığı son
şeir olacaqmış.
“Söz”
jurnalını Bakıdan yoldaşım sabah
göndərməliydi… Dedi, məhərrəmlikdir, kəndə
gedib Aşura günü ehsan verməliyəm, jurnala görə
qalmışam.
Jurnal əslində aprel ayından hazır idi. Maliyyə
çətinliyi ilə əlaqədar üz qabığı
üçün kağız tapmadığımıza
görə adi kağızda çap etdirmişdik.
Bu da Şəkər müəllimi bərk narazı
saldı. Onu qınamalı deyildi. Kağızın
növündən tutmuş, hərflərə qədər hər
şey dəyişmişdi. Yoldaşım
Şəkər müəllimə olan böyük ehtiramı
naminə onun istədiyi təbaşirli kağızdan
tapıb öz vəsaiti hesabına jurnalın üz
qabığını təzədən çap etdirdi. Və indi həmişə deyir ki, əgər Şəkər
müəllimin arzusunu yerinə yetirməsəydim,
özümü ömrüm boyu bağışlamazdım.
Jurnalları makinaçımız, Şəkər
müəllimin xətrini çox istədiyi Təranə
apardı. Təranə deyir ki, onu kabinetdə gözləməyə
səbri çatmamış, çıxıb pilləkəndə
gözləyirmiş. Əlinə alan
kimi sevincək – bax bu oldu jurnal – deyibmiş.
Axşam bizə kənddəki evindən zəng vurdu. Dedi, eynəyim işdə
qalıb. Nə yaza bilirəm, nə oxuya. Və kəndə gedəndə maşında dəniz
tərəfdə oturubmuş. Küləkli havada pəncərə
açıq olduğundan bərk soyuqladığını da
dedi.
Kənd telefonları yaxşı işləmədiyindən
orda qaldıqları müddətdə zəngləşmədik. Şəhərə
qayıdan kimi Gülarə xanım bizə zəng vurdu.
Kənd məscidinə mənim
üçün nəzir qoyduğunu söylədi. Sonra
Şəkər müəllimə verdi dəstəyi.
Kənddə qaldığı üç
günü ömründən saymırdı. Dedi, həm
temperatur məni dilxor etdi, həm eynəyi unutmağım məni
kor qoydu. Jurnala görə mənə də,
yoldaşıma da təşəkkürünü bildirdi.
Gələn saylar üçün maliyyə çətinliyini
özümüz aradan qaldırmalıyıq, dedi. Ertəsi gün şənbə idi. Zəng vurub
dedi ki, birinci gün işdə ol, maaş
alacağıq.
Axşam televiziyada hansısa veriliş gedirdi. Nəsə təsirlənib
zəng vurdum. Adətim idi, yaxşı nə
vardısa, ona çatdırmalıydım. Səsi yorğun idi. Zəngimə
utandım ki, deyəsən, yuxudan elədim. Və bu bizim son söhbətimiz oldu.
Ertəsi gün Gülarə xanımın təkidlərinə
baxmayaraq onlara getdim. Həyətdəki kişilərin qəmli
baxışlarından hər şey aydın oldu mənə… Üçüncü mərtəbəyə
qalxıram. Dünya başıma
fırlanır. Ömrü boyu uzaqlaşa
bilmədiyi Boladiyə aparacaqlar. Dəfn səhər
saat on birdədir. Evimizə
qayıdırdım. Yaxın dostu həkim-stomatoloq
Mirsayad Babayevə zəng vururam. Əhval-ruhiyyəsini bəd
xəbərlə zəhərləyirəm… Səhər
də açılmaq bilməzmiş. Başıma
yığışanların danlaqlarına baxmayaraq dəfnə
getmirəm. Ölümlə, torpağa
tapşırmaqla barışmaq istəmirəm. Oturub Bakıdakı dost-tanışlarına zəng
vururam. Heç nə məni ovundurmur.
Ölümün adiləşdiyi, hər gün
şəhid verdiyimiz bir vaxtda Şəkər müəllimin
itkisinə heç cür təsəlli tapmıram. Həmin gün qonşu gəlin
danışırdı ki, göydə bir işıq
ildırım kimi çaxıb getdi. Mən dedim, təyyarədir,
işığını söndürdü. Qayınanam dedi
ki, ulduz axdı. Heç vaxt belə
parıltılı ulduz görməmişdim. Səhər eşitdik, Şəkər Aslan
dünyadan köçüb. İş yoldaşım
Ceyran Bayramova zəng vurdu ki, şəhərə
çıxmışdım, elə bil gözümə
heç kim görünmür, hər yer
bomboş idi…
Axşam
Lənkəran televiziyası ilə dəfn mərasiminin lent
yazısına baxırıq. Dəfn
komissiyasının sədri Yaşar Rzayev sözü şəhər
İcra Hakimiyyətinin başçısı Dilruba Camalovaya
verir. Dilruba xanım Şəkər müəllim
haqqında xatirələrini söyləyir, onun Lənkəran
üçün çox iş gördüyünü deyir. Əlavə edir ki, biz Şəkər Aslanı
çox tez itirdik. O, bizimləydi, yer üzünün
incisiydi, indi dünyasını dəyişir, torpağın
incisi artır… Hər gün kəndə
hüzn məclisinə gedirik. Ayselin dediyi
kimi, özümüzü ona layiq aparmağa
çalışırıq. Elə bilirik, kişi məclisindədir, hər hərəkətimizi
görür… Bir göz qırpımında
qırx gün tamam olur. İyul
ayının iyirmi ikisidir. Təsadüfdür, yoxsa zərurət,
deyə bilmərəm, düz iyirmi beş
il Lənkəranda mətbuatda başçılıq edən
(iyirmi iki il qəzet, üç il jurnal) Şəkər
müəllimin qırxı Milli Mətbuat günümüzə
düşməliymiş. Dilruba müəllimə
jurnalistləri qəbul edib təbrikdən sonra Şəkər
müəllimin məzarı üstünə
yollanırıq. Qırxa şairin
dostlarından Vahid Əziz, Fikrət Sadıq, Ələkbər
Salahzadə də gəliblər. Ürək
sözlərini söyləyirlər.
***
Orta məktəbi bitirib, onun zəmanətiylə ADU-nun
(BDU) jurnalistika fakültəsinə qəbul olunmuşam. Tale elə gətirib
qayıdıb onunla işləməli olmuşam. On il “Lənkəran” qəzetində, sonra
“Söz” jurnalında birgə çalışmışıq
və deyərdim ki, bu gün də birgə
çalışırıq. Ondan əxz etdiklərim
köməyimə gəlir. Hətta onu sevməyən
iş yoldaşlarım da qeyd edir ki, Şəkər Aslan qədər
işgüzar, prinsipial, məsuliyyətli və
qayğıkeş ikinci bir redaktor tanımırlar. İstedadsıza qarşı amansızdı. İstedadlı bir səs görən kimi o adamı
arayıb-axtarardı. Çox şahidi
olmuşam, üzünü görmədiyi müəllifin
üç-dörd bəndlik şeirində bir uğurlu misra
görsəydi, həmin şeiri hazırlar, çox vaxt həmin
müəllifə uğurlu yol da yazardı. Bəs niyə sevimli, doğma qəzetindən
uzaqlaşdırıldı? Canından
artıq sevdiyi işindən. Bu elə-belə
gəlişigözəl söz deyil. Sözün
həqiqi mənasında işini, qəzetçiliyi
canından artıq sevirdi. Tanıyanlar
bilirlər onun zahiri görkəmi, yüksək mədəniyyəti,
intellektual səviyyəsi hər bir insana örnək olan
xüsusiyyətlərdəndi.
Şəkər müəllimi qəzetdən
uzaqlaşdırandan sonra mən də etiraz səsimi
qaldırdım. Döymədiyim qapı qalmadı. Məni xoş sözlə yola salır, Şəkər
müəllimin isə işindən xəbər yox idi. “Müxalifət” qəzetində “Demokratiya budurmu”
adlı yazıyla çıxış etdim. Yazını çətinliklə dərc etdirdim.
Redaktor etiraz edib deyəndə ki, bu bizim əleyhimizədir,
mümkün olan iş deyil, sual verdim ki, bəs niyə
“Müxalifət”siniz? Dedi, hakimiyyətə gələnə
kimi müxalifətdəydik. İndi isə… Əslində
o yazıda kiminsə xətrinə dəyməli bir şey yox
idi. Sadəcə olaraq həqiqəti
yazmışdım. Yazı belə qurtarırdı:
“Yaponlardan soruşurlar: - Sizi niyə bütün dünya
ağıllı, sivil xalq kimi qəbul edir? Cavab verirlər: -
Çünki bizdə hər kəs öz yerindədir. Bizdə isə məhz öz yerində olan
kadrları dəyişirlər”.
Bu yazıya görə Şəkər müəllim məni
xeyli danladı. Dedi, ailəli adamsan, niyə başını
ağrıdırsan? Əvvəl-axır mənə bir iş
verəcəklər. Amma sonralar həm ciddi, həm
zarafatla deyərdi ki, qurd ürəyi yeyibmişsən. Bir də “Müxalifət”in yeganə demokratik ruhlu
yazısı elə səninki oldu. Yazının
mahiyyətini anlayanlar Şəkər müəllimi də, məni
də alqışlayırdılar.
O
vaxtkı icra hakimiyyətinin başçısı və
müavini etiraf edirdilər ki, Şəkər müəllimi
dəyişməklə heç nə dəyişmədi.
Deyirdilər, çalışacağıq, ona elə iş
verək, əvvəlkindən də yaxşı olsun. Mən də xatırladırdım, vaxt keçir.
Böyük Firdovsinin də qiyməti veriləndə
cənazəsi şəhərin o biri qapısından
çıxarılırmış. Nəhayət,
iş tapıldı Şəkər Aslan üçün.
1992-ci ildə Prezident Administrasiyasına jurnal təsis
olundu. Jurnalın təsis olunmasında şair-dramaturq, o
zaman Milli Məsələlər üzrə Dövlət
müşaviri işləyən Hidayət Orucovun xüsusi səyi
oldu. Şəkər müəllim onun bu
xidmətini yüksək qiymətləndirirdi. Bu iş
doğrudan da, onun ürəyincə oldu. deyirdi
ki, kaş bizim əvvəldən belə bir jurnalımız
olaydı. Materialların əksəriyyyətini
özü yazdı. “Xatirələr
cığırıyla” rubrikasını da özü
seçmişdi. Heç kəsi unuda
bilmirdi. Elə bil borclu qalmaqdan qorxur,
jurnalın hər sayında iki-üç nəfər
haqqında xatirə yazırdı. Rəsul
Rza, Tofiq
Bayram, Hüseyn Arif, Mədinə Gülgün, Maqsud
Şeyxzadə, Sabir Almazov, İslam Səfərli, Vaqif
Hüseynov, Məmmədhüseyn Əliyev, Hacırza
Əliyev…
Türkiyənin
“Şeir dəftəri”ndə (“Söz” jurnalını da həmin
jurnalın formatına uyğunlaşdırmışdı)
çap olunmuş şeirin aşağıdakı bəndini
Şəkər müəllim tez-tez deyərdi:
Zaman
ömrümüzü illərə bölür,
Axırda əvvəli salırıq yada.
Dünyadan
nə alsaq bizimlə ölür,
Nə versək dünyaya, qalır dünyada.
Şəkər
müəllim dünyaya çox şey verdi.
Xüsusilə Lənkəran adlı bir diyar üçün
çox iş gördü.
Başqaları kimi paytaxtda yaşamağa can atmadı. Lənkəranda yaşaya-yaşaya onu şöhrətləndirdi.
Onun nəzərində hətta günəş
də Lənkəranda doğur, Lənkəranda gecələyirdi.
Lənkəranda heç zaman olmayan hər bir
oxucu Şəkər Aslanın şeirlərini oxuyub bu cənub
şəhərinə vurulurdu. Sevimli Xalq
şairi Məmməd Araz onun haqqında yazdığı “Sən
bölgə şairi deyilsən, ölkə şairisən”
sözləri bu gün dillər əzbəridir.
***
Yazılarımı oxuyanda irad tutardı ki, zaman deyilən
şey yoxdur.
Sonra əlavə edərdi ki, belə
yaxşıdır, yaxşı formadır. Onu bilirəm
ki, Sizin haqqınızda keçmiş
zamanda danışmaq mənə çətindir. Yenə çox yerdə Sizinlə
razılaşdım, məsləhətlərinizə qulaq
asdım. Ürəyim döyünür,
görən nəyi ixtisar edəcəkdiniz? Bu yazıya
nə vida sözü dedim, nə xatirə.
Haqqında dost-tanışlarınla,
oxucularınla, ordan-burdan söhbət etdim. Söz-söhbətimiz isə bitib-tükənən
deyil. Biz Sizi sevirdik, Şəkər müəllim.
Bir şair, bir redaktor kimi öz yerində.
Biz Sizi səmimi, uşaq qəlbi tək saf,
istiqanlı bir Şəkər müəllim kimi sevirdik.
Elə vaxtsız ayrıldınız, inana
bilmirik bu yoxluğa. Sizdən ayrılanda
baharın son günləriydi. Yayı da
yola saldıq. Payız bir az sərinliklə
yanaşı, bir az həzinlik, bir az kövrəklik də gətirdi
özülyə. Ən çox sevdiyiniz fəsildi.
Bu fəslin saralan yarpaqlarına,
pıçıldaşan xəzəlinə, qürbətə
gedən quşlarına, şıdırğı, narın
yağışına, gəlin köçən
qızlarına nə qədər şeir yazıb, nəğmə
qoşmuşdunuz. Sizsizlik qəlbimizi
didib-dağıdır. Yaşınızın
altmışı haqlaması hamımıza qəribə gəlirdi.
Əslində hələ əlli səkkiz tamam
olurdu. Amma yaş kağızında iki il
artıq verilmişdi. Artıq yaş verən adam
yəqin bilirmiş ki, Siz yaşıdlarınızdan çox
böyüksünüz, ucasınız. Yanlışlar
çox vaxt naxış olur axı.
Sözün yaşınızdan söhbət düşəndə
Lənkəran şəhər sovetinin sədr müavini, bir
ziyalı kimi hörmət etdiyiniz Hacıbala Əbilov (indi o
da haqq dünyasındadır) danışdı ki, İstiqlal
günü teatrda qoşa oturubmuşsunuz. Ömürdən-gündən
söhbət düşüb. Söz əhlinin
tamam unudulduğunu söyləyibmişsiniz. Hacıbala
müəllim Sizin altmış illik
yubileyinizi öz boynuna götürüb.
İclasdan sonra Gülarə xanımla bizə gəldiniz. Ailə
qurmağımızın on beşinci ilində dünyaya gələn
Toğrulun görüşünə. Hamıdan
əvvəl gəlib, axırda getdiniz. Bu
hamımıza qəribə gəldi. Çünki
hövsələsizliyinə bələddik. Qonaqların çox olduğu bir məclisdə sanki
hamı Sizə vurulmuşdu. Sanki bir məbədgah
idiniz, hamı Sizə səcdə edirdi. Qonaqlıq
mənəvi bir məclisə çevrilmişdi. Evə çatan kimi Gülarə xanım bizə zəng
vurdu. Sonra dəstəyi Sizə verdi.
Hər şeyin – həyətin, stolun,
adamların gözəl olduğunu söylədiniz. Və əlavə etdiniz ki, o gözəl həyətə
tez-tez gələcəyik. Mən həmin dəqiqə ərköyünlük
edib, şeirin qısa olduğunu dedim. Güldünüz.
Şeir məclisdə bədahətən
deyildi. Mən Toğrula on səkkiz şeir yazacağam,
- dediniz.
Qəribə rəqəmdir. Niyə on, iyirmi, yüz demədi, on
səkkiz dedi.
Qalar illərin
izi,
Unutmaz bu məclisi.
Yada
salacaq bizi
Toğrul,
Sevda, Mükafat.
İlk dəfədir Şəkər müəllimin vədinə
xilaf çıxdığını görürük.
Yenə məhəbbətlə
könlüm çağlasın,
Hardadır
dünyanın əvvəli-sonu!
Elə
vaxtında gəl hamı ağlasın:
“Vaxtsız ölüm gəlib apardı onu”.
Vaxtsız ölüm onu aramızdan aparsa da, qəlbimizdən
apara bilməz.
Elə birlik, yenə doğma kəndinə qonaq
gedib.
P.S. Bu
ilin oktyabr ayının 10- da Şəkər Aslanın anadan
olmasının 85 illiyi tamam olur. Bütün
ömrünü, həyatını Lənkəran rayonuna və
Lənkəran camaatına, bu royunda ədəbiyyatın,
jurnalistikanın, mədəniyyətin inkişafına sərf
eləyən, Lənkəranı keçmiş Sovetlər Birliyində
layiqincə tanıdan şair, dramaturq, jurnalist, ictimai xadim, dəyərli
ziyalı Şəkər Aslanın yəqin ki, bu yubileyi Lənkəran
rayon rəhbərliyi tərəfindən layiqincə
keçiriləcək. Əgər belə olsa, onda bu, elə
bütün Lənkəran yazarlarına böyük bir
töhfə ola bilər. Axı
Lənkəran Cənəb bölgəsində tarixlər boyu
ədəbiyyatın, incəsənətin müqəddəs
və aparıcı beşiyi olub. Bu
beşiyi qorumaq, layiqincə təbliğ eləmək rayon rəhbərliyinin
də müqəddəs borsu olmalıdır.
Sevdi ƏLİBƏYLİ,
Jurnalist, publicist
525-ci qəzet.- 2020.- 23 iyun.- S.7.