Ölüb qalacağım yerin adı Vətəndir
Qadın gülərsə...
Tanışlığımız
qısa zaman kəsiyinə söykənir, təqribən
iki-üç ay ya olar, ya olmaz. Amma bu iki-üç ay nə
az, nə çox düz 23 illik bir yol gəlib. Demirəm bu
illər ərzində daimi ünsiyyətimiz olub, lakin
ara-sıra zəngləşib hal-əhval tutan vaxtları
xatırlayıram. Həqiqət naminə onu da deyim ki, axtaran
da elə mən olmuşam. Özünə, xarakterinə,
yaradıcılıgına, ən əsas zəhmətkeşliyinə
böyük hörmətim var, bu xanımın. Onunla
danışanda hər zaman mənə elə gəlib ki, bu
insan tükənmək bilməyən bir güc-qüvvət
sahibidi. Buna bir daha əmin olmaq üçün onu
rubrikamızın qonağı etmək qərarına gəldim.
Di gəl ki, bi fikrim məni xeyli gözlətdi.
Pandemiya adlı bir fəlakət bizi hər tərəfli iflic
etdi. Lakin istək
güclü olarsa, ona heç nə mane ola
bilməz. Axır ki, bu xanım tutduğumu buraxmadığımı
görüb, vaxtı təyin etdi. Görüş
yerimiz qocaman və nəhəng bir ocaq olan Azərbaycan Milli
Elmlər Akademiyası oldu. Bu məkana gəlməkdən
hədsiz zövq alan mən, müsahibə gününü səbirsizliklə
gözlədim və sonda ədəbiyyatşünas,
yazıçı-publisist, AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələr” şöbəsinin müdiri, Filologiya
üzrə elmlər doktoru, Özbəkistan Respublikası
Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru Almaz
Ülvini oxucularımızla görüşdürə bildim.
ADDIM
60 il əvvəl yayın oğlan
çağında İrəvanın qədim Göyçə
mahalının Kəsəmən kəndində müəllim
ailəsində anadan olmuşam. 1977-ci ildə
doğma kəndimdə orta məktəbi, 1984-cü ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini
bitirmişəm. Tanrı qismətimə həm
məktəbi, həm universiteti fərqlənmə ilə
bitirməyi nəsib edib. Daha sonra indiki Azərbaycan Dillər
Universitetinin nəzdində ikiillik fars dili
şöbəsini də başa vurdum. Əmək fəaliyyətim
bir neçə müxtəlif qurumları əhatə edib:
“Ədəbiyyat və incəsənət” qəzeti (1984-93),
Dövlət Əmlak Komitəsində mətbuat xidmətinin
rəhbəri (1993-96), “Xalq” qəzeti (1996-2006). Lakin
həyatımda iki ocaq var ki, onlardan ayrı qala bilmərəm.
Məzunu olduğum doğma universitetim və elm
beşiyi Milli Elmlər Akademiyası.
Ali təhsili
bitirdikdən sonra dissertant kimi gəldiyim Milli Elmlər
Akademiyasına necə bağlandımsa, bu gün həyatımın
bir üzvünə çevrilən bu ocaqda Nizami adına
Ədəbiyyat İnstitutunun professoruyam, eyni zamanda Bakı
Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində
dərs deyirəm. 1995-ci ildə namizədlik,
2010-cu ildə doktorluq dissertasiyalarımı müdafiə
etmişəm. Müxtəlif vaxtlarda
BDU-nun Biblioqrafiya kafedrasında Dissertasiya şurasının
üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasında ekspert olmuşam. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda Dissertasiya şurasının üzvüyəm.
OCAQ
On bir uşaqlı böyük bir ailəmiz olub Kəsəməndə.
Mənim sıra nömrəm doqquzuncudu. 90 il
ömür sürmüş atam Qasım Binnətov
Göyçə orta məktəbində fizika-riyaziyyat müəllimi
olub. Bu gün onun yetirmələrinin
sorağı hər yerdən gəlir. Onlardan
«Qasım müəllimin şagirdi olduğumuz
üçün fəxr edirik» sözlərini eşidəndə,
bu, biz övladlar üçün hədsiz qürurdu.
Atam övladlarının hamısının ali
təhsil almasına şətait yaratdı. Bu gün
aramızda üç həkim, iki müəllim, beş iqtisadçı və bir filoloq var. On
bir uşağı boya-başa çatdıran, evdar qadın
olan anam Güləbətin xanım övladlarının əhatəsində
93 il yaşadı. Atam tək
oğul olduğundan nənə-babamla yaşayırdıq.
Hər ikisi 100 il – tam bir əsr
ömür sürdü. Nənəmizə
“ana”, anamıza “cici” deyərdik. Kənddə
çox hörmət bəslənən bir ailəmiz olub.
Nənəm Qızbəs ana axund yanında təhsil
almışdı, dini bilgisi yüksək idi və bizə
çox şey öyrətmişdi. Bizim
ilk müəllimimiz nənəm olub. Evimizdə
bir dolab vardı. Onun siyirməli
gözündə ancaq sənədlər olardı. Bir dəfə orada bir kitabça gördüm.
1936-cı ildə atama verilmiş o
kitabçanın üstündə “Allahsızlar cəmiyyəti”
yazılmışdı. Bundan necə təsirlənmişdimsə,
atamın yanında Qızbəs anamın bizə öyrətdiyi
“Kəlmeyi-şəhadət”i, imamların ardıcıl
adını, usuliddini ucadan birnəfəsə söyləməyə
başladım. Ürəyimdə də ona
üsyankarcasına dedim ki, sənsə, dolabdakı
kitabçanı qoru. Təbii ki, sonralar bunun o
zaman məcburi verildiyini bildim. Biz uşaq olanda
“Güləbətin” adlı bir xalq mahnısı vardı.
Elə bilirdik ki, o mahnını atam anam
üçün yazıb. O mahnı indi də səslənəndə
mənə elə gəlir ki, atam yenə deyəcək:
“Oğlun cicisi, görürsən sənə nələr
etmişəm”. Amma bütün bunlar Kəsəməndə
qalıb. Tanrı valideynlərimə 27 nəvə,
30 nəticə görməyi nəsib etdi. Nəvələrin
hamısı ali təhsilli mütəxəssislərdi.
Onu da deyim ki, aralarında jurnalist çoxdu, yəqin
məni çox istədiklərindəndi. Bu gün
Qasım müəllimin ailəsində nəvələr də
daxil olmaqla, üç elmlər doktoru, dörd elmlər namizədi,
bir AMEA-nın müxbir üzvü var. Düşünürəm
ki, torpaq və nəvə itkisi ağrısından savayı,
valideynlərimin gözü arxada qalmadı.
KƏSƏMƏN
1988-ci ilin avqust ayında məzuniyyətimi
götürüb doğma kəndimə getdim. Mənim
üçün Kəsəmən dünyanın ən
gözəl istirahət bucağı idi, elə indi də belədi.
16 il qoynunda boya-başa
çatdığım kəndimi görmək
üçün bir ay nə idi ki... Biz tərəfdə
qış uzun olur deyə, azuqə tədarükümüzü
çox görürdük. 150-yə qədər
balon bağladıq – kompot, şoraba, mürəbbə, bir
sözlə - hər şey. Amma hardan biləydim
ki, bu, Kəsəmənlə son görüşümdü.
Bilsəydim, vallah torpağına
qarışıb orda da qalardım. İki
aydan sonra valideynlərimdən xəbər gəldi ki, burda gərgin
vəziyyət yaranıb, üzdəniraqlar bizdən kəndi
boşaltmağı tələb edirlər. Cavab göndərdim ki, yerinizdən tərpənməyin,
gəlirəm. Səhəri gün bilet
aldım. O vaxt bir il olardı ki, kəndimizə
birbaşa avtobus xətti açılmışdı. Bir sutka yolu vardı. Axşam evdə dedim ki, sabah kəndə gedirəm və bu vaxt xəbərlər
proqramında gördük ki, vertolyotlar kəndləri
boşaldır. Qardaşım Hüseyn dedi ki, heç yerə
getmirsən. O zaman işi ilə əlaqədar Daşkəsəndə
yaşayan Ülvinin atası Yusif qardaşım da Bakıda
idi. Səhəri gün qardaşlarım yola
düşdü, lakin sərhəddən onları kəndə
buraxmadılar. Və sonda ata-anam ahıl
çağında yurd-yuvasından deportasiya olub Bakıda məskunlaşmağa
məcbur oldu. Kəndimizə getmək üçün
aldığım son biletin üstündə 18 oktyabr 1988-ci il yazılıb. Məni
ünvana çatdıra bilməyən bu son bilet 32 ildi kəndimizdən
mənə qalan son yadigardı. 16 il
kənddə yaşadım, 44 ildi Bakıdayam. Qəribə
də səslənsə, bir qərib kimi hiss etmişəm
özümü bu illərdə. İndi kəndimiz
yuxularımın daimi qonağına çevrilib, hər
gün röyalarımda gəzirəm o yerlərdə. Yazılarımı orda qələmə alıram,
alimlərlə orda görüşürəm, dostlarımla
arxın qırağında əkdiyimiz söyüd
ağaclarının altında söhbətləşib
zarafatlaşırıq. Hər işimi
orda görürəm. Sonda bu ağrı-acım, unuda
bilmədiyim xatirələrim qələmin ucundan
süzülüb “Göyçə mahalı Kəsəmən:
bir kəndin tarixindən səhifələr” adlı kitaba
çevrildi. Kitabı əlinə alanlara bir müraciətim
oldu: “Əziz oxucum, əziz kəsəmənlilər! Vərəqləmək
istədiyiniz bu kitab dağılmış - viran qalmış
kəndimizdən – onun yerləşdiyi ərazidən, tarixindən,
etnoqrafik detallarından, adət-ənənələrindən,
havasından, suyundan, ziyalılarının portretlərindən,
səhiyyəsindən, ictimai-siyasi vəziyyətindən, dini
görüşlərindən və s. bəhs edir”. Və nə
qədər buna nail ola bildim, bu oxuculara məlumdu.
Bir dəfə İrəvan kanalında kəndimizdəki
evimizi gördüm. Bir zamanlar mehriban bir
ailənin yaşadığı, hörmətli böyükləri
olan evin inzibati bir binaya çevrildiyini görmək
ağırdan da ağır oldu. Atam, anam və
kəndimiz üçün çox darıxıram.
ÜLVİ
Torpaq
itkisi azmış kimi, 90-cı il bizə
elə bir ağrı, elə bir acı yaşatdı ki, hələ
də qovruluruq. Bu ağrının adı
Ülvi oldu. Ülvi ilə aramızda 9 il
yaş fərqi vardı və mən onun təkcə bibisi
deyildim. Biz yaxın dost, sirdaş, məsləkdaş idik və
mən bu itkini çox pis yaşadım. Qışın
soyuğunda Şəhidlər Xiyabanına gedib mərmərin
üzərində yalın ayaqla dayanardım ki, görüm
Ülvi məzarda nə dərəcədə
üşüyür. Saatlarla otururdum, amma
üşümürdüm, düşünürdüm ki, deməli
Ülviyə soyuq deyil. Həmin vaxtlar həm
də namizədlik dissertasiyamın müdafiə ərəfəsi
idi, hər şey bir-birinə qarışmışdı,
gözüm heç nə görmürdü. İçimdəki yaradıcılıq
tüğyan edirdi. Həm “Ədəbiyyat
və incəsənət”, həm də “Xalq” qəzetində
dayanmadan yazırdım, ən çox da Ülvidən
yazırdım. O, 20 yaşında gözünü belə
qırpmadan sinəsini milləti üçün sipər
edib, ölümündən 3 ay əvvəl yazdığı
andına sadiq qaldı: “Əgər vədimə xilaf
çıxsam, qoy anamın südü, elimin çörəyi
mənə haram olsun, vətən üzü görməyim”.
Ülvi yazdığı kimi Vətən üzü
görmədi, amma onun adını bütün dünya
tanıdı.
Tək şəhid kimi yox, incə ruhlu bir qələm
əhli kimi də tanındı Ülvi. Ondan 200-dən
çox şeir, Əfqanıstanda döyüşən azərbaycanlılara
həsr olunan “Ömür yolu” poeması, “Qansızlar” povesti,
40-a qədər hekayəsi, 5 pyesi, 20-dək dünya ədəbiyyatından
ingilis və rus dillərindən olan orijinal tərcümələri,
ədəbi və ictimai məzmunda olan 7 məqaləsi, mənə
və dostlarına yazdığı məktublar qaldı. Partbiletini ovcunun içində
yandırmışdı. Yanıq ovcunun
sümüklərinə qədər işləmişdi.
Ona dedim ki, belə niyə etmisən, atardın yerdə
yanardı. «Lazım gələrsə, cismimizi də
yandırmalıyıq» deyərək köks ötürdü
və nəticədə dediyi kimi də etdi. Ülvinin cəsədini
dostları, müəllimləri, tələbə
yoldaşları yanvarın 20-si axşamüstü Semaşko adına xəstəxanadan tapdılar və həmin
an özümə söz verdim ki, nə qədər
yaşayıram, yazılarındakı arzuları, xəyalları
sənin ömrün kimi yaşadacam. Bu səbəbdən
də iki əlimin biri Ülvinindi, biri özümün.
Mən eyni zamanda Azərbaycanın müstəqilliyi
uğrunda canını fəda verən bir mübarizin də
ömrünü yaşayıram və bunu özümə bir
vəzifə borcu bilirəm. Onun əsərlərini
toplayıb, tərtib edib Azərbaycan, türk, ingilis, rus və
gürcü dillərində çap etdirmişəm, təhsil
aldığı indiki Azərbaycan Dillər Universitetində
“Ülvi Bünyadzadə Xatirə Muzeyi”ni
yaratmışam.
Ülvi son illər babası Qasım Binnətovun evində
yaşayıb.
İndi onun adını daşıyan həmin
küçədəki evin divarına onun barelyefi vurulub.
Bu gün “20 Yanvar şəhidi” fəxri
adını daşıyan Ülvi təpədən
dırnağadək istedad idi. 12-13
yaşından qələmlə dostlaşan Ülvinin tar, saz,
kamança, qarmon və piano kimi musiqi alətlərində ifa
etmə bacarığı da vardı. Mən
tək qardaşım oğlunu yox, ruhən bir-birinə
çox bağlı olan əqidə dostumu da itirdim. “Məni
belə aciz görmə qəbirdə, Qəbirdə də
Qarabağın özüyəm”... Bu Ülvinin
misralarıdı, şəhadətindən sonra belə,
düşmənə kimliyi ilə dağ çəkən
bir ruhun nərəsidi. Türkiyədə ədəbiyyat,
mədəniyyət, tarix və sənət sahəsini əhatə
edən “Telmih” adlı böyük bir jurnal var. İldə
dörd dəfə çap ounan bu jurnalın 2020-ci il iyun buraxılışı özəl olaraq
Ülvinin xatirəsinə həsr olunub. Jurnalın üz
qabığında onun: “Mən Ülviyəm, ülvi sözə
aşiqəm, Saf ürəyə, billur gözə aşiqəm”
misraları yer alıb.
ALMAZ
Gözümü açandan evimizə abunə olaraq
xeyli sayda qəzetin gəldiyini görmüşəm. Hamısını
mütaliə edən atam qəzetin kənarına həmişə
nəsə yazardı. Sonradan mən də
onun qeydləri altından özümünküləri
yazmağa başladım. Hər dəfə
nəsə yazanda sanki yüngülləşirdim və mənə
elə gəlirdi ki, insan yazanda rahatlıq tapır. Sonra içimdə saxladıqlarımı
kağız üzərinə köçürməyə
başladım və düşünürdüm ki, bir gün
yazdıqlarımı gündəlik kimi çap etdirəcəyəm.
Lakin həyat bizə çox sərt
üzünü göstərdi. 1988-ci il
dekabr ayının 5-də ata-anamı bir əyin-baş belə
götürməyə imkan vermədən isti ocağından
didərgin saldılar. İki il sonra isə
Ülvinin faciəsini yaşadıq. O dəhşətli
günlərdə bütün Azərbaycan yanımızda
olsa da, ağrı-acımı insanlara yükləmək istəmədim.
Düzü indiyə qədər bilmirəm ki,
qələm məni tapıb, yoxsa mən ona
sarılmışam. Tələbə
vaxtı Tamilla adlı bir rəfiqəm vardı, çox
yaxın idik. Mənim maddi
sıxıntımı görürdü. Atası
o vaxt “Bakı-Baku” qəzetində sürücü idi.
Bir gün gəlib dedi ki, Almaz, əgər yazmağı
bacarırsansa, atam yazılarının qəzetdə çap
olunmasına kömək edəcək. Ürəklənib
yazmağa başladım. Halallıq olsun
deyə, məqalənin sonunda birinci onun sonra öz
adımı yazırdım. Beləcə,
qəzetin yerini-yurdunu belə tanımadan 10-a qədər məqaləm
çap olundu. Onun etirazına baxmadan, bu, tək
mənim haqqım deyil deyə, yazılan qonorarı da Tamilla
ilə bölürdüm. Həyatda belə
halların yaşanması gözəldi. Sonralar
bildim ki, qəzetin baş redaktoru Nəsir İmanquliyevdi.
Tam olaraq isə məni ədəbi mühitlə tanış edən şəxsiyyətinə dərin
hörmət bəslədiyim, gözəl insan Nəriman Həsənzadə
olub. Məni baş redaktoru olduğu “Ədəbiyyat
və incəsənət” qəzetinə dəvət edəndə
tələbə idim. Və mən birdən-birə
tamam başqa bir mühitə düşdüm. Xalq yazıçıları, şairlərin əhatəsində
idim. Onlar məndən nəsə istəyəndə o qədər
sevinirdim ki... Burada
çalışdığım illər ərzində mən
ikinci bir universiteti bitirdim. Onların mənə
böyük kimi baxmağı təbiətimdə bir xarakter
kimi formalaşdı və bu gün mən də hər kəslə
bu xarakter üzərindən unsiyyət yaradıram. Onların öyrətdiyi prinsip üzrə hərəkət
edirəm – mənə öyrədiblər, mən də
öyrətməliyəm. Həyat kredom
budu. İşimin fəhləsiyəm,
yazmaqdan, mütaliə etməkdən zövq alıram. Qeyri-təvazökarlq kimi səslənməsin 900-ə
yaxın məqaləm, 50-dək kitabım var. Bununla belə,
hələ görüləcək işlərim çoxdu.
Hər səhər pəncərədən
günəşin çıxdığını görəndə,
mənə daha bir gün nəsib etdiyinə görə
Tanrıma sonsuz şükrlər edirəm. Hər bir valideynin ən həssas nöqtəsi onun
övladıdı. Mənim də bir ana
kimi Atillanın qarşısında öhdəliklərim var.
Əgər onları tamamlaya bilməsəm, özümü
günahkar sayaram. Bunun üçün hər
gün Tanrıdan möhlət istəyirəm. Əfqanıstanın Herat şəhərində Nəvainin
qəbrini ziyarətə gedirdik. Avtobusa
mindik, şüşələr qara pərdə ilə
örtülü idi. Bizi mühafizə edən
silahlılar dedi ki, pərdələri tərpətməyin. Bir yerdə avtobus dayandı və xeyli gözlədik.
Səbrim çatmadığından pərdəni
azca araladım. Gördüm ki, saqqallı
silahlılar mühafizəçilərə deyir ki, çəkilin
avtobusdakıları qıraq. O anda ilk
düşündüyüm övladım oldu. Çantamda
“Ayətəl-kürsü” duası vardı. Onu çıxarıb oxumağa və Allaha
yalvarmağa başladım ki, ya Rəbbim, oğlumu yetim qoyma.
Həssas, kövrək və narahat xarakterli bir
insanam. Yazılarıma görə də
narahatam, istəmirəm ki, yarımçıq nəsə
qalsın. Elm adamı olmaqdan savayı, bu
gün həm də müəllim kimi zəmanəmizin gəncliyindən
çox razıyam, baxmayaraq ki, aralarında səbrsiz olanlar da
var. Bu da təbiidi. Bu günün uşaqları
ağır stress yaşamış valideynlərin
övladlarıdı və bu da ondan irəli gəlir. Amma bütövlükdə bu günün gəncliyi
bilikli, savadlı, dünyagörüşü geniş, istənilən
hadisəyə anında ağıl və məntiqlə
reaksiya verməyi bacaran bir nəsildi. Düzdü,
hamı belə olmasa da, əksəriyyət çoxluq tərəfdədi.
Biz böyüklər də çoxluğu nəzərə
alıb nəticə çıxarırıq. Gənclərdə, xüsusilə də
oğlanlarda qəti bəyənmədiyim və ikrahla
qarşıladığım onların qucaqlaşıb səmimi
görüşməkləridi. Mən kənd
uşağıyam, yadımdadı orda həmişə deyərdilər
ki, kişi kişi ilə səmimi
görüşməz, çünki burda qürur hər
şeydən uçadı. Bu gün
baxışları, düşüncəsi valideynlə
üst-üstə düşməyən, fikrini sərbəst
deyə bilən gənclik var. Bu baxımdan onlara çox həssas
yanaşmaq lazımdı. Sərbəstliyin
tərəfdarıyam, bir şərtlə ki, cızıqdan
çıxmasın. İnsan nə işlə
məşğul olsa da, onun ailə adlanan bir yuvası var və
bu yuva həmişə öndə olmalıdı.
Əvvəllər çox gözəl biş-düş edərdim,
lakin valideynlərim məcburi köçkün olandan sonra mənə
iş qalmadı və bu, vərdiş halına çevrildi. Lakin artıq ailəmin, sevdiklərimin xatirinə bu
işləri sevə-sevə görürəm. Qonaq getməyi heç sevmirəm, qarşılamaq
üçün ürəyim gedir, bir şərtlə ki, iki
saat əvvəldən xəbərim olsun. Demirəm
5-6 növ yemək bişirim, yox. Bir yemək
olsun, dadlı olsun və süfrə başında onu ləzzətlə
yeyib zövq alaq. İnsanları
bağışlaya bilirəm, lakin sonra çəkilib kənarda
dayanıram. Münasibətlərə aydınlıq gətirməyi
sevmirəm, sadəcə bir salam verib-alacaq
qədər məsafə saxlamağa üstünlük verirəm.
Günlərimi bircə dəfə də olsa,
evimizi görmək arzusu ilə yola salıram.
VƏTƏN
Mənim üçün Vətən Kəsəməndi. Mənim
üçün Vətən ölüb qalacağım məkandı.
Mənim üçün Vətən şəhidlərimizin
qanı quruyan torpaqlardı. Mənim
üçün Vətən Ülvi adlı bir gəncin sadiq
qaldığı andıdı.
QADIN GÜLƏRSƏ
Ən əvvəl bu pandemiya şəraitində mənimlə
ünsiyyət yaratdığınıza görə qəzetinizə
təşəkkür edirəm. Həyatın
nizamlayıcı tərəzisi qadındı. Qadının üzü güləndə, hamı
xoşbəxtdi. Evə qanıqara gələn
kişinin belə, üzünü güldürməyə
qadının gücü yetir. Cəmiyyət bir-birini
tamamlayan iki varlığın – kişi ilə
qadının çiynindədi. Bununla belə
Tanrı ən güclü dözümlülüyü
qadına verib. Ən məğrur başlar qadın
önündə əyilib, susan dillər
qadın qarşısında açılıb, ana olmaq
qüdrəti qadına verilib. Vətənin
özünə belə ana deyilir. Heç kəs inciməsin,
qadına ən yüksək qiyməti elə dahi Cavid
özü verib: “Qadın gülərsə, şu izsiz
mühitimiz güləcək”.
SON SÖZ
Müsahibənin
sonunda Almaz xanım bir xahişdə bulundu: “Nə
özümü, nə işimi, nə söylədiklərimi
çox tərifləyib qabartmayın. Mən hələ elə
bir iş görməmişəm”. Vallah, Almaz
xanım, siz danışdız, mən də eşitdiklərimə
bir balaca sığal çəkib söylədiklərinizi
bacardığım qədər çatdırmağa
çalışdım. Məndən bu qədər,
son söz sizin və oxucuların olsun.
Tamilla TEYMURQIZI
Azad Azərbaycan.-
2020.- 25 iyun.- S.3.