Öz dəsti-xətti olan sənətkar
Ağalar
İDRİSOĞLU-70
(Portret cizgiləri)
Azərbaycan ədəbiyyatının, rejissurasının, jurnalistikasının tanınmış simalarından biri, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 70 yaşı tamam olur. Ömrünün müdrik çağını yaşayan və böyük məhsuldarlıqla işləyən Ağalar İdrisoğlu həyatdakı uğurlara özünün istedadı, böyük zəhmətinin, yuxusuz gecələrinin, dərin biliyinin, təxəyyülünün, səbrinin və yaxşı təşkilatçılığının hesabına nail olub. Onun həyat tarixçəsinin qısa məzmunu ilə tanış olduqda bunun tam şahidi oluruq.
Ağalar İdrisoğlu (Mehdiyev) 1950-cı ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. İlk əmək fəaliyyətinə Masallıdakı Maşın Traktor Stansiyasında dispetçer kimi başlayıb. Sonra iki il ordu sıralarında xidmət eləyib. Hələ orta məktəbdə oxuduğu illərdə Adil Səfərov və Şakir Həsənovun Masallı şəhər Mədəniyyət Evində yaratdıqları Miniətür Teatrında Ağalar İdrisoğlunun həvəskar aktyor kimi çalışması onu 1971-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə gətirib. Dörd il SSRİ Xalq artisti Mehdi Məmmədovun sinifində təhsil alıb. O, 1975-ci ildə həmin fakültəni bitirib. Təyinatla Şəki Dövlət Dram Teatrına getsə də altı aydan sonra Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyinin təklifi ilə bu teatra gəlib və aktyor kimi öz işini burada davam etdirib. 1981-ci ildə Moskvadakı A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsinə daxil olub və 1986-cı ildə həmin ali məktəbin musiqili teatrlar rejissorluğu fakültəsini əla qiymətlərlə bitirib.
Ağalar İdrisoğlu 16 yaşından bədii yaradıcılıqla və jurnalistika ilə məşğul olur. İlk miniətürləri və məqalələri 1966-67-ci illərdən “Azərbaycan pioneri” və Masallıda çıxan “Çağırış” qəzetlərində çap olunub. O, 50 ildən çoxdur ki, ədəbiyyat və peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor kimi 40-dan artıq rollarda oynayıb və rejissor kimi 120-dən çox bir-birindən maraqlı tamaşalara orijinal üslubda, yüksək peşəkarlıqla quruluş verib.
O, 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Estrada Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, İdarə Heyətinin üzvü və Sumqayıt Bölgə şöbəsinin sədri olub.
Harada işləməsindən asılı olmayaraq, həmişə çalışıb ki, öz işini yüksək peşəkarlıqla yerinə yetirsin. Məhz buna görə də rəhbərlik elədiyi teatrlar Ağalar İdrisoğlunun sayəsində həmişə respublikanın aparıcı teatrlarından olub.
Ömrünün 50 ilindən çoxunu bədii yaradıcılığa həsr edən Ağalar İdrisoğlu nasir, dramaturq, publisist, jurnalist kimi “Ramiz İslamoğlu sorağında”, “Sərhədsiz dünyamız”, “Ömrün akkordları”, “Şahidin şahidləri, şəhidləri”, “Qaranlığı yaran işıq, “Bir alim ömrünün salnaməsi” pomanlarının, “Vicdan mühakiməsi”, “Ulu Tanrı və ağ gəmi əhvalatı”, “Bura Vətəndir”, “Kəfənini geymiş qoca”, “Ömür yolları”, “Teatr sənətinin aşiqi” povestlərinin, “Həyatın astanasında”, “Qonaq”, “İnan mənə”, “Məhkəmədən əvvəl məhkəmə”, “Şah İsmayıl”, “İmam Şamil”, “Çarəsiz oyun”, “Öz qanunları olan şəhər”, “Hörümçək toru”, “Qibləgahım Xocalı”, “Azadlığa gedən yol” və başqa pyeslərin, 20-dən artıq teatrlaşdırılmış tamaşalar üçün ssenarilərin, 150-dən çox hekayələrin, esselərin, elegiyaların, pritçaların, novellaların, 1000-dən çox publisist yazıların, məqalələrin, oşerklərin, ressenziyaların, portret yazıların, müsahibələrin müəllifidir.
Ağalar İdrisoğlunun özünün
yazdığı pyesləri və tərcümə elədiyi
pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə
Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət
Musiqili-Dram Teatrında, Dövlət Gənclər
Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə
Teatr-Studiyalarında tamaşaya qoyulub. Onun “İnan mənə”
pyesi 1985-ci ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində
48 pyes arasında 3-cü dərəcəli mükafata layiq
görülüb. “Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi)
2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin
içərisində 2-ci dərəcəli mükafata layiq
görülüb (Birinci dərəcəli mükafat isə
heç bir pyesə verilməyib). “İnan mənə” pyesi
1986-cı ildə SSRİ dramaturqlarının “Məhəbbət
və başqaları” adlı antalogiyası kitabında
çap olunub.
Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun “Yanmış evin nağılı” Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
1980-cı ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadıqları Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşası 15 respublikanın kollektivləri arasında ən yaxşı tamaşa kimi “Qızıl” medal qazanıb. Bu tamaşanın quruluşçu rejissoru kimi Ağalar İdrisoğlu da “Qızıl” medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Xalq Teatrına bu maraqlı tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhənəsində yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivin bir neçə üzvünə də “Qızıl”, “Gümüş” medallar verilib. 2005-cı ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər rejissoru kimi “Avropa Mətbu Evi”nin təsis etdiyi “Qızıl” medala layiq görülüb.
O, 50 ildən artıq yaradıcılığı dövründə həmişə çalışıb ki, birinci olsun və gedilməyən yollarla getsin. Belə ki, Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və teatr sahəsində ilk Əməkdar incəsənət xadimidir. Məhz onun böyük təşkilatçılığının, ideyasının sayəsində Sumqayıt Dövlət Dram Teatrı, Musiqili-Dram Teatrı olub və Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrilə bu teatra əlavə 80 ştat verilib.
Gənc dramaturq kimi ilk dəfə Azərbaycanı Riqada, Minskdə, Ukraynada, Moldovada və başqa yerlərdə seminarlarda məhz o, təmsil eləyib. Ağdam və Sumqayıt Dövlət Teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olsa da, Ağalar İdrisoğlu bu teatrdan işdən çıxandan sonra teatr Musiqili-Dram Teatrı kimi işləyə bilmədiyinə görə həmin 80 ştat Azərbaycan Maliyyə Nazirliyinin əmrilə geri alınıb.
1977-ci ilin mart ayının 16-da Sumqayıt şəhərinin və Azərbaycan respublikasının tarixində “Ümid” adlanan Teatr-Studiyanı da məhz Ağalar İdrisoğlu yaradıb. 14 il bundan qabaq Şabran rayonunda Mədəniyyət və turizm şöbəsinin nəzdində yaradılan “Şabran” Teatr-Studiyası da məhz onun ideyası və təşkilatçılığı ilə yaradılıb. 2018-ci ildə bu kollektivə Xalq Teatrı adı verilib. Hər iki Teatr-Studiyaya uzun illər Ağalar İdrisoğlu özü rəhbərlik eləyib. Orada bir-birindən maraqlı tamaşalara quruluş verib və çoxlu istedadlı gəncləri kəşf eləyib. Onların peşəkar teatr sənətinə, incəsənətin başqa növlərinə, ədəbiyyat aləminə gəlməsində böyük işlər görüb.
Azərbaycan peşəkar teatrları içərisində ilk dəfə məhz onun rəhbərlik etdiyi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Qazaxıstanın Cambul və Çimkənt vilayətlərində, Gürcüstanın Qabal, Telavi rayonlarında, Vladiqafqazda və bütövlükdə Dağıstan respublikasında çox böyük uğurla qastrol səfərlərində olub. Bu kollektiv həmin yerlərdə Azərbaycan mədəniyyətini ilk dəfə yüksək peşəkarlıqla təmsil edib və Fəxri Fərmanlarla respublikamıza qayıdıb.
Azərbaycan peşəkar teatr sənətinə dünyanın tanınmış dramaturqları, Nobel mükafatı laureatları Albert Kamyunun, Slavomir Mrojekin, dramaturqlar Aleksandr Suxovo-Kabılınin, Vasili Şukşinin, Georgi Xuqayevin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Leonid Juxavitskinin, Kiril Obalenskinin, Oskar Ualydın və başqalarının gəlişi də məhz Ağalar İdrisoğlu ilə bağlıdır. O, həmin dramaturqların bəzilərinin pyeslərini dilimizə tərcümə edib və bəzilərinin pyeslərinə Azərbaycan teatr səhnəsində ilk dəfə quruluş verib. Eləcə də bir neçə cavan Azərbaycan dramaturqlarının pyeslərinin peşəkar teatr səhnəsinə gəlişində də Ağalar İdrisoğlu az iş görməyib.
2013-cü
ildə ona yazıçı kimi Prezident mükafatı
verilib. Elə həmin ilin iyun ayının 25-də isə ədəbiyyat
və incəsənət sahəsindəki xidmətlərinə
görə, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu
(Ağalar İdris oğlu Mehdiyev) Əməkdar İncəsənət
Xadimi fəxri adına layiq görülüb.
Ağalar
İdrisoğlu hal-hazırda quruluşçu rejissoru
olduğu Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Tetrında bir-birindən maraqlı
tamaşalara quruluş verir. 2019-cu ilin sentyabr və dekabr
aylarında Mingəçevir Dövlət Dram Teatrında
quruluş verdiyi Qənbər Şəmşiroğlunun
(eyniadlı roman əsasında səhnələşdirənlər
Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) “Caninin
etirafı” iki hissəli faciə-məhəbbət odası və
Nobel mükafatı laureatı Redyard Kiplinqin “Mauqli” əsəri
əsasında Nicat Kazımovun və Ağalar
İdrisoğlunun səhnələşdirdikləri “Mauqlinin
yeni il arzuları” müzkl tamaşası çox böyük
uğurla qarşılanıb.
Azərbaycanın
ən çətin dövrlərinə 1988-1993-cü xaos, hərcmərclik,
anarxiya illərinə, ulu öndər Heydər Əliyevin gəlişilə
vətəndaş qırğınının
qarşısının alınmasına həsr olunan, dövlət
və dövlətçilik ənənələrinin təbliği
əsas prioritet olan “Caninin etirafı” tamaşası 17 və
18 fevral 2020-ci ildə Azərbaycan Milli Akademik Dram
Teatrının səhnəsində çox böyük
uğurla, yüksək peşəkarlıqla
tamaşaçılara göstərilib.
Ağalar
İdrisoğlu uzun illər şöbə müdiri işlədiyi
“Azad Azərbaycan” qəzetinin səhifələrində tez-tez
maraqlı hekayələri, məqalələri, esseləri,
elegiyaları, ressenziyaları, problemli məsələlərə
həsr olunan məqalələri, portret yazıları ilə
çıxış edir.
Biz də
çoxminli oxucularımız adından, Respublikanın Əməkdar
İncəsənət Xadimi, dəyərli ziyalı, uzun illər
həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə
sərf eləyən, bu mövzularda çoxlu maraqlı
yazılar yazan Ağalar İdrisoğlunu ad günü
münasibəti ilə təbrik edib, ona həyatda can
sağlığı və yaradıcılığında
yeni-yeni uğurlar arzu edirik. Və hamının adından
deyirik: “ Ağalar müəllim 70 yaşın mübarək”!
Gülnar TACLI
Azad Azərbaycan.- 2020.- 5 mart.- S.7.